"Qarabağ” klubu ilk transferini reallaşdırıb. Portuqaliyanın "Maritimu” komandası ilə müqaviləsi başa çatan braziliyalı futbolçu Danilo Dias Ağdam təmsilçisi ilə razılığa gəlib.
Baş məşqçi Qurban Qurbanovun qış "transfer pəncərəsi”də komandada görmək istədiyi hücumçu növbəti mövsümdən son Azərbaycan çempionunun şərəfini qoruyacaq. O, komanda ilə 2 illik müqaviləyə imza atıb.
Yeni transfer müqavilə imzalayandan sonra klubun rəsmi saytına fikirlərini bildirib: "Çempion komandaya gəlmişəm. Üstəlik, klub bu titulu qazandıqdan sonra ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən çox şey gözləyirlər. Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəyəm. Komandanın 1 parçası olmaq çox vacibdir. Çünki uğurları fərdlər deyil, komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada 3 braziliyalı var. Həmvətənlərimin olması, əlbəttə ki, uyğunlaşma baxımından üstünlükdür. Qarşıdan UEFA Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdır. Azarkeşlərimizə sözüm odur ki, onlar sona qədər meydanda "Qarabağ” üçün "döyüşən” futbolçu görəcəklər”.
Qeyd edək ki, 29 yaşlı Danilo Dias peşəkar karyerasına 2005-ci ildə Braziliyanın "Qoyas” klubunda başlayıb. İlk klubunda 8 oyun keçirən hücumçu qol vura bilməyib. 2006-cı ildən icarəyə verilən futbolçu 3 il müxtəlif klublarda forma geyinib. O, müvafiq olaraq, ölkəsinin "Bendaryente”, "Qama”, "Ateltiko Qoiyaniense”, "Qoiyania”, "Noroeste” klublarında top qovub. Lakin icarədə olduğu klublarda daha çox ehtiyatda oturmaqla vaxt keçirib.
2009-cu ildən Braziliya C Seriyası təmsilçisi olan "Betin”ə keçən hücumçu 7 oyuna 2 qol vurub. 2010-cu ilin yanvar ayında "Uberaba”ya icarəyə verilən Dias elə həmin ilin yayında "Maritmu”ya transfer olunub. Karyerasının ən yaxşı dövrlərini də elə Portuqaliyada keçirib. "Maritimu”nun heyətində 103 dəfə meydana çıxan braziliyalı hücumçu 12 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.