Hansı komandanın Braziliyada yolu daha uzun ola bilər?
2 gündən sonra bütün diqqətlər Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına yönələcək. Planetin ən güclü 32 milli komandası 12 şəhər və stadionda qalib adı uğrunda mübarizə aparacaq. Qeyd edək ki, DÇ-2014-ün qrup mərhələsində hansı ölkələrin komandalarının bir-birilə qarşılaşacağı hələ ötən ilin sonlarından məlum idi. Çempionatın çox gərgin və maraqlı keçəcəyi gözlənilir. Çünki Braziliyaya gələn milli komandaların hər biri öz gücünə, bacarığına güvənir. Bəs görəsən, qrup mərhələsində nələr baş verəcək? Hansı komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar?
"Olimpiya dünyası” qəzeti qruplarla bağlı araşdırma aparıb və öz proqnozlarını verib. Həmin araşdırmanı oxuculara təqdim edir və proqnozlarımızın özünü doğruldacağına ümid edirik.
A qrupu
Braziliya, Xorvatiya,
Meksika, Kamerun
Meydan sahibləri Braziliya millisinin asan qrupa düşdüyünü demək olmaz. Luis Felipe Skolarinin yetirmələri qrupdan çıxmaq üçün əziyyət çəkməlidirlər. Qrupda yer alan Xorvatiya millisi ənənəvi olaraq güclü rəqib sayılır. "Damalılar”ın futbolçuları emiosiyalı oyunçulardır. Ola bilsin ki, məhz bu amil Xorvatiya millisinin qrupdan çıxmasına əngəl törətsin. A qrupunun digər üzvü Meksika yığması DÇ-nin final mərhələsinə çox çətinliklə vəsiqə qazanıb. Bəlkə də, bu komanda qrup mərhələsində lazımi oyun nümayiş etdirəcək. Amma bunun üçün əzmkarlıq tələb olunur. Migel Erreranın yetirmələri əzmkarlıq göstərə biləcəklərmi? Bu sualın cavabını DÇ-nin final mərhələsinin görüşləri verəcək. Kamerun komandası qrupun favoritlərindən biridir. Afrikalılar son illər yüksəliş dövrlərini yaşayırlar və komandada lider futbolçular çoxluq təşkil edir. Bununla belə, futbol mütəxəssisləri Afrika təmsilçisinin şanslarını Fransa millisinin DÇ-2010-dakı şansları ilə eyniləşdirirlər. Xatırlayırsınızsa, fransızlar CAR-da keçirilən qrup mərhələsindən uzağa gedə bilməmişdilər.
"Olimpiya dünyası” qəzetinin proqnozu: Hesab edirik ki, meydan sahibləri qrup mərhələsində 7 xal qazana biləcəklər. Digər xallar uğrunda əsas mübarizə Xorvatiya və Meksika komandaları arasında gedəcək. Bizim fikrimizcə, avropalılar daha şanslı görünürlər. Qrupda sıralanma belə ola bilər: 1. Braziliya; 2. Xorvatiya; 3. Meksika; 4. Kamerun.
B qrupu
İspaniya, Hollandiya,
Çili, Avstraliya
Hazırkı dünya çempionu İspaniya millisi heç də asan qrupda yer almayıb. Bununla belə, ispanlar bu qrupun aşkar favoritidirlər. Əsas məsələ Çili yığması ilə oyunda xal itirməməkdir. Latın amerikalıların son oyunları göstərir ki, onlar istənilən komandaya problem yarada bilərlər. Avstraliya yığmasının şansı o qədər də böyük deyil. Sanki avstraliyalılar bu qrupa digərlərinə xal qazandırmaq üçün düşüblər. İspaniya və Hollandiya komandalarının qarşılaşması azarkeşlər tərəfindən maraqla gözlənilir. Özü də bu oyun qrupun ilk matçı olacaq. Hər iki komanda pley-off mərhələsində meydan sahibləri ilə qarşılaşmamaq üçün qrupda mütləq 1-ci yeri tutmalıdır. Məsələ burasındadır ki, A qrupunun lideri B qrupunda 2-ci yer tutan milli ilə qarşılaşacaq.
"Olimpiya dünyası” qəzetinin proqnozu: İspaniya millisi qrupda 1-ci olacaq. Bu fikir ispanların göstəricilərinə əsaslanır. Çili yığması çempionata istedadlı futbolçularla gələcək. Bu komandanın liderləri Avropanın məşhur komandalarında çıxış edirlər. Bununla belə, unutmaq olmaz ki, Hollandiya komandası hər zaman yaxşı və sürətli oyunu ilə azarkeşlərin diqqətini cəlb edə bilir. Qrupda sıralanma belə ola bilər: 1. İspaniya; 2. Hollandiya; 3. Çili; 4. Avstraliya.
C qrupu
Kolumbiya, Yunanıstan,
Kot-d İvuar, Yaponiya
Bu qrupun şəriksiz lideri Kolumbiya yığmasıdır. Komandanın böyük potensialı var. Lakin startda Yunanıstan millisinə məğlubiyyət kolumbiyalılara psixoloji təsir edə bilər. Digər rəqiblərinə nisbətən Kolumbiya millisinin qrup mərhələsində 7 xal qazanmaq imkanı daha yüksəkdir. Yunanlar darıxdırıcı futbol oynayır və müdafiəyə daha çox fikir verirlər. Bunu başa çatmış DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarında da görmək mümkün idi. Onların qrupda yüksək yer tutması inandırıcı deyil. Əvəzində Kot-d İvuar komandası azarkeşlərini sevindirmək imkanına malikdir. Hazırda bu komandanın tərkibində ulduz futbolçular daha çoxdur. Fikrimizcə, "fillər” bu heyətlə DÇ-2018-də iştirak edə bilməzlər. Çünki komandanın heyətində yetərincə veteran futbolçu var. Yaponiya yığmasını heç bir perspektivi olmayan komanda kimi xarakterizə etmək olar. Yəni, asiyalıların qrupdan çıxması qeyri-mümkün görünür.
"Olimpiya dünyası” qəzetinin proqnozu: DÇ-2014-ün ən maraqlı qruplarından biri məhz C qrupu sayıla bilər. Çünki burada olan, ən azı, 3 komanda eyni gücə malikdir. Bu isə qrupa olan marağı daha da artırır. Qrupda sıralanma belə ola bilər: 1. Kolumbiya; 2. Kot-d İvuar; 3. Yaponiya; 4. Yunanıstan.
D qrupu
Uruqvay, Kosta-Rika,
İngiltərə, İtaliya
Futbol mütəxəssisləri D qrupunu "ölüm qrupu” adlandırırlar. Dünya çempionu olmuş 3 yığma - Uruqvay, İtaliya və İngiltərə komandalarının bu qrupda yer alması proqnozları alt-üst edə bilər. Kosta-Rika millisi qrupun aşkar autsayderidir. Onlar yalnız oyunun sonunda rəqib futbolçularla köynəklərini dəyişməklə kifayətlənəcəklər. Uruqvay yığmasının hücum oyunu göstərən futbolçuları italiyalıların müdafiəsini, ingilislərin isə yarımmüdafiəsini "topa tutmağa” qadirdirlər. Çempionların qrupunda İngiltərə ilə İtaliya milliləri arasında qarşılaşma I tura təsadüf edəcək. Bəlkə də, məhz bu oyun qrupda kimin lider olacağına aydınlıq gətirəcək.
"Olimpiya dünyası” qəzetinin proqnozu: Futbolun yaradıcıları olan ingilislər bu "3-lük”də zəif həlqə hesab oluna bilərlər. Çünki təkcə Ueyn Runinin köməyi ilə qrupdan çıxmaq asan deyil. Uruqvay və İtaliya yığmaları ingilislərdən daha güclü görünürlər. Yəqin ki, liderlik uğrunda mübarizə bu komandalar arasında olacaq. Qrupda sıralanma belə ola bilər: 1. Uruqvay; 2. İtaliya; 3. İngiltərə; 4. Kosta-Rika.
E qrupu
İsveçrə, Ekvador,
Fransa, Honduras
Bu qrupun ən "xoşbəxt”i Fransa millisidir. Əslində, püşkatmadan əvvəl Fransa yığmasının 4-cü səbətdə yer alması müəmmalı idi. Bu qərarı UEFA vermişdi. Bəlkə də, UEFA prezidentinin fransız olması həmyerlilərinin yolunda "yaşıl işıq” yandırmışdı. Fransa millisi qrupdan çıxmamaq üçün 10-cu heyətlə oynamalıdır. Çünki digər komandalar - Ekvador və Honduras milliləri Braziliyaya turist kimi gələcəklər. Avropanın digər təmsilçisi İsveçrə yığması 2-ci yer uğrunda mübarizə apara bilər. Çətin ki, ona bu yolda ona mane olan tapılsın.
"Olimpiya dünyası” qəzetinin proqnozu: Aydın məsələdir ki, fransızlar hər 3 oyunda yüksək nəticə göstərmək gücünə malikdirlər. Qrupun son oyunu (Ekvador-Fransa) darıxdırıcı heç-heçə ilə başa çata bilər. Fransızlar qrupun son oyununda öz güclərini pley-off mərhələsi üçün qoruyacaqlar. Qrupda sıralama belə ola bilər: 1. Fransa; 2. İsveçrə; 3. Ekvador; 4. Honduras.
F qrupu
Argentina, Bosniya və Herseqovina,
İran, Nigeriya
Püşkün nəticəsini Argentina millisi üçün uğurlu saymaq olar. Messinin komandası qrup mərhələsində favorit sayılır. Argentinalılar, çox güman ki, növbəti mərhələdə E qrupunda 2-ci olan İsveçrə yığması ilə qarşılacaqlar. Argentina komandası uzun müddətdir ki, mötəbər yarışlarda çox da uzağa gedə bilmir. Hazırda isə bu komandanın hücumçuları ideal yaş həddinə malikdirlər. Onlar öz oyunları ilə komandanı arxasınca apara bilərlər. Bu qrupda 2-ci yer uğrunda mübarizə gərgin olacaq. Çünki Bosniya və Herseqovina ilə Nigeriya yığmaları eyni gücdədirlər. Maraqlı məqamdır ki, debütant olan avropalılar seçmə mərhələsindən finala birbaşa vəsiqə qazanıblar. İran komandası son oyunlarda çox zəif təsir bağışlayır.
"Olimpiya dünyası” qəzetinin proqnozu: Messi və Aquero DÇ-2014-də daha çox bombardir olmaq uğrunda mübarizə aparacaqlar. Elver Raximiçin vuracağı həlledici qollar isə bosniyalıların qrup ikincisi olmaq şansını artıracaq. Bosniya və Herseqovina millisi pley-off mərhələsində Fransa yığması ilə qarşılaşmaq imkanı qazana bilər. Qrupda sıralama belə ola bilər: 1. Argentina; 2. Nigeriya; 3. Bosniya və Herseqovina; 4. İran.
G qrupu
Almaniya, Portuqaliya,
Qana, ABŞ
Çoxları arzulayırdılar ki, Portuqaliya və Argentina yığmaları eyni qrupda yer alsın. Bu, Ronaldu və Messinin qarşıdurmasına növbəti dəfə şahidlik etmək imkanı verəcəkdi. Lakin indi azarkeşlər Ronaldunun öz komandasını Almaniya, Qana və ABŞ yığmalarının əlindən necə xilas edəcəyini izləməli olacaqlar. Hər 3 komanda güclü rəqib sayılır. Almanlar isə qrupun favoritidir. Almaniya və Qana komandalarının oyunu daha çox maraq doğuracaq, çünki müxtəlif komandalarda çıxış edən Boatenq qardaşları məhz bu oyunda üz-üzə gələcəklər. Almaniya millisinə yaxşı bələd olan Yurgen Klinsmanın rəhbərlik etdiyi ABŞ yığması onun yaxın dostu Yoahim Lövün yetirmələri ilə qarşılaşacaq. Xatırladaq ki, Yoahim Löv Bundestimə tarixində ən böyük uğur qazandıran mütəxəssisdir.
"Olimpiya dünyası” qəzetinin proqnozu: Adama elə gəlir ki, bu qrupda ilk iki yer Avropa təmsilçilərinə qismət olacaq. Lakin məntiq belə deməyə əsas verir ki, Qana millisi ilə oyun həm almanlara, həm də portuqaliyalılara asan başa gəlməyəcək. ABŞ yığmasını qrupun autsayderi saymaq olar. Bununla belə, amerikalılar sürpriz edə bilərlər. Qrupda sıralanma belə ola bilər: 1. Almaniya; 2. Qana; 3. Portuqaliya; 4. ABŞ.
H qrupu
Belçika, Əlcəzair,
Rusiya, Cənubi Koreya
İkinci dəfədir ki, rusiyalı azarkeşlər irimiqyaslı beynəlxalq turnirin püşkü atıldıqdan sonra rahat nəfəs alırlar. Onlar qrupdan çıxacaqlarına müəyyən qədər əmin olublar. Şimal qonşularımız 2010-cu ildə Polşa və Ukraynada keçirilən Avropa çempionatını yaxşı xatırlayırlar. Həmin vaxt Rusiya millisi qrupdan çıxmağı bacarmışdı. Bəs Braziliyada nə baş verəcək? Rusların yer aldığı H qrupunun autsayderi, sözsüz ki, Əlcəzair yığmasıdır. Düzdür, bu komandanın bəzi üzvləri Avropanın orta səviyyəli klublarında çıxış edirlər. Məsələn, Əlcəzair millisinin aparıcı futbolçusu Hassan Yebda İtaliyanın "Napoli” klubunda oynayır. Ümumilikdə isə, Əlcəzair komandası nizam-intizamlıdır. Futbolçular bir-birilərini yaxşı başa düşür, həm öz güclərini, həm də rəqibin gücünü dəyərləndirə bilirlər. Cənubi Koreya yığması "intizam və ciddi oyun hər şeydən vacibdir” devizi altında çıxış edir. Asiyalıların BƏƏ komandası ilə yoldaşlıq oyunu onların, doğrudan da, bu deviz altında çıxış etdiyini göstərdi. Rusiya yığmasının qrupda əsas rəqibi, yəqin ki, Belçika millisi olacaq. Belçikalıların heyətində Vitsel, Lomberts, Hazar, Kompani, Fellaini, Lukaku, Vermalen kimi ulduzlar yer alıblar və onlar Braziliyadan əliboş qayıtmağı düşünmürlər. Bu futbolçular bir-birilərini necə başa düşəcəklər? Elə ilk sınaqda bu sualın cavabına aydınlıq gələ bilər.
"Olimpiya dünyası” qəzetinin proqnozu: Rusiyalıların hazırda nümayiş etdirdiyi oyun əlcəzairlilər və cənubi koreyalıları məğlub etməyə imkan verir. Bununla belə, şimal qonşularımızın qrupu yalnız 2-ci komanda kimi başa vuracağı gözlənilir. Çünki futbol mütəxəssisləri H qrupunun aşkar favoriti kimi Belçika millisinin adını qeyd edirlər. Qrupda sıralanma belə ola bilər: 1. Belçika; 2. Rusiya; 3. Cənubi Koreya; 4. Əlcəzair.
Hürrü Abdullayev,
Rahib Səmədov