Futbol veteranları çempionat barədə nə düşünürlər?

Futbol veteranları çempionat barədə nə düşünürlər?

DÇ-2014 yaxınlaşdıqca həyəcanlar da artır. Şübhəsiz, hamını düşündürən suallar da meydana çıxır: çempion titulunu hansı komanda qazanacaq? Favoritlər kimlərdir? Bu suallara cavab tapmaq üçün ölkəmizin futbol veteranları ilə görüşdük. Onların proqnozlarını bilmək, yəqin ki, oxucularımıza maraqlı olar.

Kazbek Tuayev:
- Dünya çempionatı planetin ən güclü futbol yığmalarının mübarizə apardığı bir turnirdir. Hansı komandanın çempion olacağını əvvəlcədən söyləmək çətindir. Ümid edirəm ki, turnir çox maraqlı və gözəl keçəcək. Şansı yüksək olan komandalar çoxdur. Məsələn, Braziliya, Almaniya, İtaliya, o cümlədən hazırkı dünya və Avropa çempionu İspaniya millisinin güclü oyun nümayiş etdirəcəyini düşünürəm. Rusiya millisi də yarışa yaxşı hazırlaşıb. Məncə, adlarını qeyd etdiyim bu komandalar qitə çempionu tituluna iddialıdırlar. Çempionatın sürpriz komandaları - Belçika və İsveçrə yığmalarına gəlincə isə, hesab edirəm ki, onların mükafatçılar sırasında yer alması heç də asan olmayacaq. Bununla belə, həm belçikalılar, həm də isveçrəlilər əllərindən gələni əsirgəməyəcəklər. Hesab edirəm ki, Braziliya millisi doğma azarkeşlər önündə dünya çempionu olmaq şansını əldən verməyəcək.


Səmədağa Şıxlarov:
- 4 ildən bir keçirilən dünya çempionatında ən güclülər yarışırlar. Hesab edirəm ki, turnir çox maraqlı olacaq, azarkeşlərin zövqünü oxşayan qarşılaşmaların şahidi olacağıq. Turnirin favoriti kimi Braziliya və Almaniya millilərini görürəm. Çünki "sambaçılar” və almanlar dünya futbolunda hər zaman liderlər cərgəsində yer alıblar. Eyni zamanda, hər iki komanda heyətində gənclərə daha çox üstünlük verib. DÇ-2014-də Xorvatiya millisindən sürpriz gözləyirəm. Unutmaq olmaz ki, İspaniya millisi də şanslılar cərgəsindədir. Məncə, Argentina yığması da mükafatçılar siyahısında yer alacaq. Necə deyərlər, qoy ən layiqli qalib gəlsin.



Valeri Hacıyev:
- Çempionatın maraqlı və gərgin idman mübarizəsi şəraitində keçəcəyinə inanıram. Çünki Cənubi Amerika qitəsinə dünyanın ən güclüləri toplaşıblar. Düşünürəm ki, yığma komandalar 4 ildən bir keçirilən bu turnirdə öz bacarıqlarını nümayiş etdirmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Çempionluq iddiasında olanlar çoxdur. Mənim fikrimcə, Almaniya yığması bu titulu əldə etməyə daha yaxındır. "Alman maşını”nın gücü hamıya bəllidir. Hamı diqqətini dünyanın aparıcı və öndə olan komandalarına yönəldib. Amma diqqət çəkməyən Belçika millisindən sürpriz gözləmək olar. Məncə, 5 qat dünya çempionu Braziliya millisi mükafatçılar sırasında olmağa ən layiqli namizəddir.



İsgəndər Cavadov:
- Məncə, dünya çempionatı maraqlı mübarizə şəraitində keçəcək. Hesab edirəm ki, ən yüksək pillə uğrunda iki komanda - Argentina və Hollandiya milliləri yarışacaqlar. Şübhəsiz, ispanları da unutmaq olmaz. Çünki onlar həm son dünya, həm də son Avropa çempionlarıdır. Bununla belə, düşünürəm ki, ispanların bəzi problemləri var. Onların fiziki cəhətdən çatışmazlıqları meydana çıxa bilər. Braziliya və Almaniya yığmalarını favorit sayıram. Hər iki milli güclü heyətə malikdir. "Alman maşını”, əsasən, gənclərdən təşkil olunub. Məncə, ev sahibi Braziliyanın budəfəki heyəti zəifdir. Çox istərdim ki, Türkiyə millisi də dünya çempionatında iştirak etsin. Təəssüf ki, "ay-ulduzlular” seçmə mərhələdə lazımi nəticə göstərə bilmədilər.

Nazim Süleymanov:
- Dünya çempionatının bütün iştirakçıları çempionluq uğrunda yarışacaqlar. Düşünürəm ki, gözəl qarşılaşmaların şahidi olacağıq. Mən Almaniya, Hollandiya, İspaniya və Argentina millilərini favorit sayıram. Həmçinin hesab edirəm ki, Braziliya millisi də yerli azarkeşlərin dəstəyindən yararlanmağa çalışacaq. Yeri gəlmişkən deyim ki, Rusiya komandasına azarkeşlik edəcəyəm. Ümumilikdə isə, keçmiş futblçu kimi, dünya çempionatından zövq almaq istəyirəm.