XX dünya çempionatının təntənəli açılış mərasimi keçirildi

XX dünya çempionatının təntənəli açılış mərasimi keçirildi


İyunun 12-də Braziliyanın San-Paulu şəhərindəki "Korintians” stadionunda futbol üzrə XX dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
"Korintians” stadionu məhz dünya çempionatı üçün inşa edilib və 61 min 606 tamaşaçı yeri tutur. Mərkəzində Braziliya bayrağının dalğalandığı arenada məşhur müğənnilər Cennifer Lopez, Pitbul və Klaudiya Leytte çempionatın rəsmi mahnısını - "We are one”ı ifa ediblər. Sonra 6 min rəqqas və sirk ustasının ifasında xüsusi şou nümayiş olunub. FİFA-nın prezidenti Yozef Blatter və Braziliyanın Prezidenti Dilma Roussef sülh rəmzi olan ağ göyərçinləri səmaya buraxıblar.
Stadionda quraşdırılmış xüsusi ekranda Braziliya milli komandasının çıxışından bəhs edən videoçarx nümayiş olunub.
Çempionatın oyunları Braziliyanın 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvador, San-Paulu, Portu-Aleqri, Manaus, Fortaleze, Natal, Belu-Orizonti, Brazilia, Kuyaba və Kuritibada keçiriləcək. Çempionatın açılış matçında "Korintians” stadionunda Braziliya və Xorvatiya yığmaları "A” qrupu çərçivəsində qarşılaşmışlar. Yaponiyalı baş hakim Yuiti Nisimuranın idarə etdiyi oyun Braziliya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdır. Görüşdə Braziliya millisinin heyətində Neymar dubl etmiş, Oskar isə fərqlənmişdir. Braziliyalı futbolçu Mareselo isə avtoqolla yadda qalmışdır.
Mundialın final oyunu Rio-de-Janeyronun "Marakana” stadionunda keçiriləcək.
Braziliya dünya çempionatını ikinci dəfə qəbul edən beşinci ölkədir. Əvvəllər bu şərəfə Meksika, İtaliya, Fransa və Almaniya layiq görülmüşdür. Braziliya dünya çempionatını birinci dəfə 1950-ci ildə qəbul etmişdi. O vaxt Uruqvay komandası qələbə qazanmışdı.
2014-cü ilin dünya çempionatı Avropanın hüdudlarından kənarda keçirilən ikinci mundial olacaq.
2010-cu ildə CAR-da keçirilən dünya çempionatında qalib gəlmiş İspaniya yığması Braziliyada dünya çempionu titulunu saxlamaq uğrunda mübarizə aparacaq.