Klublarımızın avrokuboklardakı rəqibləri bəlli oldu

Klublarımızın avrokuboklardakı rəqibləri bəlli oldu


İyunun 23-də UEFA Avropa Liqasında 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Avropanın 119 klubunun nümayəndəsi iştirak edib.
2 Azərbaycan klubu - "İnter” və "Qəbələ” yarışa I təsnifat mərhələsindən başlayacaq 78 komanda sırasındadır. Təmsilçilərimizin ilk rəqibləri münasib komanda sayılır. Bakılılar Moldovanın "Tiraspol”, əyalət təmsilçisi isə Bosniya və Herseqovinanın "Şiroki Briyeq” klubu ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
II təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Neftçi” klubu da, "Qəbələ” kimi, Balkan yarımadasının təmsilçisi ilə qarşılaşacaq. "Ağ-qaralar” Sloveniyanın "Koper” və Çernoqoriyanın "Çelik” cütünün qalibi ilə üz-üzə gələcək.
"İnter” ilə "Qəbələ” klubları isə, mərhələ adlasalar, çətin sınaq qarşısında olacaqlar. "Bankçılar” İsveçin "Elfsborq” klubu ilə qarşılaşacaqlar. Qəbələlilər isə Çexiyanın "Mlada Boleslav”ı ilə qarşılaşa bilər. II təsnifat mərhələsində hər iki klubumuz ilk görüşü səfərdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 3-də və 10-da keçiriləcək. "İnter” ilk görüşünü səfərdə, "Qəbələ” isə evdə keçirəcək. II təsnifat mərhələsində isə "”Neftçi”nin ilk matçı evdə olacaq. Matçlar iyulun 17-də və 24-də təşkil olunacaq.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi
"Tiraspol” (Moldova) - "İnter” (Azərbaycan)
"Qəbələ” (Azərbaycan) - "Şiroki Briyeq” (Bosniya və Herseqovina)

II təsnifat mərhələsi
"Neftçi” (Azərbaycan) - "Koper” (Sloveniya)/”Çelik” (Çernoqoriya)
"Mlada Boleslav” (Çexiya) - "Qəbələ” (Azərbaycan)/”Şiroki Briyeq” (Bosniya və Herseqovina)
"Elfsborq” (İsveç) - "Tiraspol” (Moldova)/”İnter” (Azərbaycan)