Paytaxt sakinləri çempionatla bağlı nə düşünürlər?

Paytaxt sakinləri çempionatla bağlı nə düşünürlər?

"Olimpiya dünyası” qəzeti sorğu keçirdi

Futbol üzrə dünya çempionatı ölkəmizdə maraqla izlənilir. Bəs görəsən, paytaxt sakinləri DÇ ilə bağlı hansı fikirdədirlər? Onlar hansı komandalara üstünlük verirlər? Bu suallara cavab almaq üçün şəhər sakinləri arasında sorğu keçirdik. Sorğunun nəticələrini oxuculara təqdim edirik.

Zəka Nur (tələbə):
- Dünya çempionatının bir sıra oyunları geridə qaldı. Bu yarışda gözlənilməz nəticələr qeydə alındı. Heç vaxt məğlubiyyətinə inanmadığım komandalar mundialda çox zəif təsir bağışladılar. Son dünya və Avropa çempionu İspaniyanın ardıcıl məğlub olması və qrupda qalması inandırıcı deyildi. İspanların ən azından turnirin yarımfinalına qədər irəliləyəcəyini düşünürdüm. Lakin bu olmadı. Hollandiya, Almaniya və Fransa komandaları inamlı oyunları ilə seçilirlər.

Belə komandalar dünya çempionatının gözəlliyinə rəng qatırlar.Hollandların çempion olacağına inanıram. Düzdür, Hollandiya millisinin aparıcı oyunçularından olan Robin Van Persi zədələndi. Lakin inanıram ki, bu onların uğurlu oyununa təsir etməyəcək. Çünki heyətdə onu əvəz edə biləcək kifayət qədər güclü oyunçular var. Çempionatın sürpriz komandası isə Meksika komandasını hesab edirəm. Meksikalıların yarımfinala qədər irəliləyəcəyinə şübhə etmirəm. Braziliya və Meksika komandaları arasında keçirilən oyun mənim üçün ən yadda qalan oyun oldu.

Nicat Əhmədov (kompyuter mütəxəssisi):
- Dünya çempionatının oyunlarını böyük maraqla izləyirəm. Azarkeşlik etdiyim komanda Almaniya millisidir. Çempionata Portuqaliya üzərində 4:0 hesablı inamlı qələbə ilə başlayan "bundestim” növbəti oyunda Qana yığması ilə heç-heçə etdi. Amma bu heç-heçəyə baxmayaraq, inanıram ki, Almaniya yığması 1 aylıq marafonun sonunda 4-cü dəfə dünya çempionu adını qazanacaq. Almaniya ilə yanaşı, Argentina və Çili komandalarının da çempion olmaq şansları var. Turnirdə bəzi oyunlarda sürpriz nəticələr qeydə alındı. Əsasən, Kosta-Rika və Çili komandalarının gözəl oyunlarını qeyd edə bilərəm.

Mənim üçün ən gözlənilməz nəticə isə İspaniya və İngiltərə miillisinin çox zəif təsir bağışlayaraq qrupda qalmaları oldu. Heyətində Kriştianu Ronaldu, Pepe, Raul Meyreleş kimi güclü futbolçuları olan Portuqaliya millisi də potensialından aşağı səviyyədə çıxış edir. Oyunların gecə saatlarında keçirilməsi bir qədər problem yaradır. Məsələn, gecə saat 03:00 da başlayan oyunları izləmək iş rejimimlə əlaqədar çətindir. Qarşıda hələ oyunlar var. İnanıram ki, futbol azarkeşləri maraqlı və gərgin idman mübarizəsində keçən oyunlara şahidlik edəcəklər.

Anar Sadıqov (dizayner):
- Futbol üzrə dünya çempionatı maraqlı qarşılaşmaları və bol qollu oyunları ilə azarkeşlərə bayram sevinci yaşadır. Artıq hər komanda çempionatda iki dəfə oyun keçirib və kifayət qədər məhsuldar nəticələr qeydə alınıb. Bu, çempionata olan marağı bir qədər də artırır. 2010-cu ildə keçirilən dünya çemptonatı ilə müqayisədə, mundialda əsasən gənc oyunçulara daha çox şans verilir. Yəni CAR-da keçirilən dünya çempionatında iştirak edən tanınmış oyunçuların əksəriyyəti bu turnirə gətirilməyib. Fikrimcə, gənc oyunçular bu fürsətdən istifadə edərək öz təcrübələrini artıra biləcəklər. Çempionatda azarkeşlik etdiyim komanda meydan sahibləri olan Braziliya yığmasıdır. Builki dünya çempionatında güclü komandalar olsa da, Braziliyanın şanslarını yüksək qiymətləndirirəm. Fikrimcə, finalda Braziliya və Hollandiya komandaları qarşılaşacaqlar.

Ağanatiq Cəfərov (mühafizəçi):
- Braziliyada keçirilən dünya çempionatı əvvəlki yarışlarla müqayisədə daha maraqlıdır. Çünki hələ çempionatın əvvəlindən sensasiyalı nəticələr qeydə alındı. Fikrimcə, braziliyalılar bu yarışa daha güclü hazırlaşıblar. "Sambaçı”ların daha bir üstün cəhəti isə onların doğma azarkeşlər qarşısında oynamasıdır. Təbii ki, hər bir komanda öz vətənində çempion olmaq istəyər. Buna görə də, Braziliyanı turnirin favoriti hesab edirəm. Almaniya, Fransa və Hollandiya komandalarınında şanslarını yüksək qiymətləndirirəm. Azarkeşlik etdiyim komanda Hollandiya millisidir. Bundan əvvəlki dünya çempionatında Hollandiya millisinin çempion olmasına İspaniya yığması mane olmuşdu. Lakin bu dəfə "narıncı”ların dünya çempionu tituluna yiyələnəcəyinə inanıram. Fikrimcə, İspaniya, Portuqaliya və Rusiya yığmaları DÇ-nin ən zəif komandalarıdır. Azarkeşlər bu komandalardan yüksək nəticələr gözləsələr də, onlar hələ ki, zəif çıxışları ilə yadda qalırlar. Meksika, Kosta-Rika və Belçika komandalarını isə turnirin sürprizləri hesab edirəm.

Nurlan Ağayev (hotel işçisi):
- Dünya çempionatının qarşılaşmalarını səbirsizliklə gözləyirdim. Braziliyada təşkil olunan dünya çempionatı təşkilatçılıq baxımından çox xoşuma gəlir. İnanırdım ki, biri-birindən gözəl oyunlar olacaq. Təbii ki, gözlənilməz nəticələr də qeydə alındı. Heç kimin ağlına gəlməzdi ki, İspaniya millisi belə zəif təsir bağışlayar və turnirlə erkən vidalaşar. Heyətində güclü futbolçularının olmasına baxmayaraq, onların oyunları bu dəfə alınmadı. Bu isə o deməkdir ki, futbolda maraqlı məqamlar və nəticələr çox olur. Yəni qabaqcadan hansı komandanın çempion olacağını söyləmək çətindir. Çünki ən çox qələbə gözlədiyin komandalar məğlub olurlar. Bu da dünya çempionatında iştirak edən 32 komandanın hər birinin güclü olduğundan xəbər verir. Fikimcə, bu yarışda Avropa komandalarından heç biri çempion adını qazanmayacaq. Yeni çempion Cənubi Amerika təmsilçisi olacaq. Braziliyalıların 6-cı dəfə dünya çempionatının qalibi olmaq üçün çox yaxşı şansları var.

Babək Miriyev (təqaüdçü):
- Futbol bir nömrəli idman növüdür. Dünya çempionatının bir sıra maraqlı qarşılaşmalarını izlədim. Düzdür, qabaqcadan hansı komandanın çempion olacanı deyə bilmərəm. Amma bir neçə komandanı dünya çempionatının favoriti hesab edirəm. İspaniya, Portuqaliya, Rusiya və İngiltərə isə çempionatda zəif təsir bağışlayırlar. Bu yığmaların heyətində yetərincə güclü futbolçular var.

Onların heyətlərinə nəzər salsaq görərik ki, bu futbolçular Avropanın ən məşhur klublarında çıxış edirlər. Onların hər biri ayrılıqda çox güclü futbolçulardır. Lakin bu futbolçuların bir yerdə oyunları nədənsə alınmadı. Komanda şəklində bir-birlərini başa düşmədilər. Almaniya komandasının şanslarını yüksək qiymətləndirirəm.