Şəhidin xatirəsinə həsr olunmuş turnir başa çatıb

Şəhidin xatirəsinə həsr olunmuş turnir başa çatıb


Xətai rayonu 269 saylı tam orta məktəbinin idman zalında 2003-2004-cü illər təvəllüdlü uşaqlar arasında şəhid Rüfət Məmmədovun xatirəsinə həsr olunmuş mini futbol turnirinin final oyunları keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş yarışın final oyununda "Kombinat” və Xətai komandaları qarşılaşıblar. Rəqiblərinin qapısından üç cavabsız top keçirən "Kombinat” komandası turnirin qalibi adını qazanıb.
III yer uğrunda görüşdə isə "Qafqaz” komandası "Xəzər” kollektivindən üstün olub - 4:2. Bu qələbə ilə Qafqaz komandası turnirdə üçüncü yerə sahib çıxıb.
Qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, idman geyimləri və kubokla təltif olunublar.

Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai Rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Baxşıyeva, şəhid Rüfət Məmmədovun qardaşı Samir Məmmədov və digər rəsmi nümayəndələr iştirak ediblər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini futbol turnirinin böyük rol oynadığını diqqətə çatdırıblar. Onlar respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildiriblər. Tədbirdə həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Rüfət Məmmədovun vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar verilib.