Yasamal rayonunda 2003-2004-cü illər təvəllüdlü uşaqlar arasında Milli Qəhrəman Çingiz Babayevin xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş yarışda Yasamal və "Şahdağ” komandaları birinci yer uğrunda mübarizə aparıblar. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən həlledici yarışda Yasamal komandası rəqibini 9:4 hesabı ilə məblub edərək birinci yerə layiq görülüb.
III yer uğrunda keçirilən görüşdə "Karvan” və "İnter” komandaları qarşılaşıblar. Oyunun əsas hissəsi 2:2 hesablı bərabərliklə başa çatdığından qalib 7 metrlik zərbələr nəticəsində müəyyən olunub. Qapılara təyin olunmuş zərbələri daha dəqiq yerinə yetirən "Karvan” komandası üçüncü yerə sahib çıxıb.

Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal Rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Babayevin atası Adil Babayev və digər rəsmi nümayəndələr iştirak ediblər. Natiqlər öz çıxışlarında ölkəmizdə futbolun inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını və uşaqlar arasında keçirilən məhəllələrarası mini futbol turnirinin əhəmiyyətinin vacib oluğunu vurğulayıblar. Sonra tədbir iştirakçılarına Milli Qəhrəman Çingiz Babayevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar verilib. Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, idman geyimləri və kubokla mükafatlandırılıblar.