MBA-ulduzların assosiasiyası

MBA-ulduzların assosiasiyası

Basketbol klubları haqda maraqlı məlumatlar

Basketbol bütün dünya populyar olan idman növlərindəndir. Bu növ üzrə keçirilən yarışlar minlərlə azarkeş tərəfindən həvəslə izlənilir. Heç şübhəsiz ki, basketboldan söhbət açılanda, ilk növbədə, Milli Basketbol Assosiasiyası (MBA) yada düşür. Çünki ən maraqlı, zövqləri oxşayan oyunlar məhz MBA-da keçirilir. Dünyanın ən məşhur basketbol ulduzları və komandaları da bu assosiasiyada toplaşıblar. Oxuculara həmin ulduzlar və komandalar barədə məlumat verməyi qərara aldıq.


"Memfis Qrizlis” klubu
"Memfis Qrizlis” klubunun əsası 1995-ci ildə qoyulub. Komanda oyunlarını 18-19 min nəfərlik "Fedex” arenada keçirir. Gənc komanda olduğuna görə, "Memfis”in "əbədiləşdirilmiş oyunçular” siyahısı boşdur. 2008-ci ildə "Memfis”in sahibi Maykl Xeysli kasıb komandanı pley-off-un iştirakçısına çevirəcəyini bəyan etmişdi. Həmin vaxt onun bu sözlərini bir çoxları istehza ilə qarşılaşmışdı. Ancaq 3 il keçdikdən sonra Xeyslinin sözünün üstündə durduğu məlum olub. Belə ki, "Memfis” qərb konfransından pley-off-da iştirak etmək hüququ əldə edib. Baş vermiş tərəqqinin əsas səbəbkarlarından biri kimi klubun baş meneceri Kris Uolles göstərilir. Belə ki, məhz o, 2007-ci ildə Xeyslidən komandanın tanınmış üzvü Po Qazolun dəyişdirilməsini tələb etmişdi.
Xatırladaq ki, Qazol Xeyslinin sevimli basketbolçusu sayılırdı. O, "ispaniyalı ulduzlar” görüşünün iştirakçısı olmaqla "Qrizlis”in adını məşhurlaşdırdı. Qeyd edək ki, NBA-da hər bir komanda müəyyən bir müddəti yeni heyətin qurulmasına sərf edir. Məsələn "Çikaqo” 6 il, "Portlend” 5il, "Atlanta” isə daha uzun müddət yenidənqurma işlərinin gedişinə vaxt ayırıb.
Po Qazolun satılması "Memfis”ə yeni basketbolçuların gəlişinə şərait yaratdı. Mark Qazol, Zek Rendolf, Həmid Həddadi, Sem Yanq, Darrel Artur və Qreyvis Vaskes heyətə qayıtdı. Bu, demək olar ki, indiki heyətin yarısıdır. Bir sözlə, yeni komanda məhz Po Qazolun gedişi sayəsində formalaşıb. Bundan əlavə, draftın ilk seçim imkanları komandanın yeni basketbolçularla güclənəcəyindən xəbər verirdi. Əvvəlcə "Memfis” Rudi Qeylə müqavilə imzaladı. Növbəti draftda Mayk Konli komandaya dəvət edildi. Nəticədə gənc, prespektivli və rəqabətə davamlı komanda yarandı. Baş məşqçi vəzifəsinə isə daim əssistent olan Xollins gətirildi.
Daha bir faktı qeyd edək ki, "Memfis”in sahibi Maykl Xeysli MBA-da ən səxavətli prezidentlərdən sayılır. O, xoşuna gələn basketbolçuya lazım olan müqaviləni təklif etməkdən çəkinmir. Məhz bu xüsusiyyəti nəticəsində o, vaxt ilə Po Qazolla maksimal müqavilə imzalamışdı. Rudi Qeyl də yüksək məvacib alanlar sırasındadır. Gənc olmasına baxmayaraq, onunla 5 illik (84 milyonluq) müqavilə imzalanıb.
Şübhəsiz, hər şey birdən baş vermədi. "Memfis” pley-off mərhələsinə düşmək yolunda uzun müddət uğursuzluqlara düçar olmaq məcburiyyətində qaldı. Lakin sonra bütün bu yenidənqurma işləri öz bəhrəsini verdi. 3 il ərzində "Memfis” autsayderdən pley-off iştirakçısına çevrildi.

"Qolden Steyt
Uorriors” klubu
Bu klubun əsası 1946-cı ildə qoyulub. İlk vaxtlar bu komanda "Filadelfiya Uorriors”, 1962-ci ildən 1971-ci ildə qədər isə "San Fransisko Uorriors” adlanıb. Nəhayət, 1971-ci ildə komanda "Qolden Steyt Uorriors” adlandırılıb. 19 min tamaşaçı tutumu olan "Orakl” arenada ev oyunlarını keçirən klub 2 dəfə - 1956 və 1975-ci illərdə NBA çempionu olub. Onu da qeyd edək ki, komanda 1947-ci ildə də NBA-da çempionluq zəfərini yaşayıb. "Uorriors”un əfsanəvi basketbolçuları haqqında söz açdıqda, heç şübhəsiz, Uilt Çemberlinin adını çəkmək lazımdır. Onun 13 nömrəli forması əbədi olaraq "Orakl” arenanın tavanında dalğalanır. Çemberlindən əlavə, Tom Meşeri, El Ettls, Rik Berri və Neyt Turmondun da komandanın tarixində silinməz izləri var.

"Qolden Steytin” rəhbərliyində baş verən dəyişikliklər azarkeşlərin sevincinə səbəb olub. Hazırda komandanın sahibi Kris Koen yox, Co Lekobla Piter Quberdir. Koenin rəhbərliyi dövründə komanda öz oyun üslubundan da imtina etmişdi. "Uorriors” hər zaman digər komandalardan sürətli oyunu ilə seçilib. Koenin rəhbərliyi zamanı isə cansıxıcı müdafiə taktikasına üstünlük verilirdi. Məşqçi Don Nelsonun gedişi isə azarkeşlər üçün ürəkaçan olmadı. Məhz məşhur məşqçinin vaxtında "Qoldan Steyt” son illərin ən uğurlu mövsümlərini keçirmişdi.

Draft zamanı bir neçə gözlənilməz seçimlər edildi. Hiss etmək olurdu ki, rəhbərliyin əsas məqsədi perspektivi düşünmək və yaxın 5-6 il ərzində rəqabətə davamlı bir komanda yaratmaqdır. Düzdür, "Qolden Steyt” cari mövsümdə konfransda pley-off-a düşə bilmədi. Lakin bunu fəlakət saymaq olmaz. Nəticələrin pis olmasının əsas səbəbi daha güclü konfransda oynamaqla bağlıdır.
(ardı var)
Hazırladı:
Leyla Əsədova