Eduard Məmmədovu ölkəmizdə uşaqdan böyüyə hamı tanıyır. O, kikboksinq üzrə dünyada yeganə ən yüksək titullu idmançıdır. Məşğul olduğu idman növünə qəlbində bəslədiyi sevgi, vətənə bağlılıq hissi onu dəfələrlə ən yüksək titulları qazanmağa həvəsləndirib. Hazırda "Neftçi” İSM-də məşqçi kimi çalışan döyüşçü 5 Mart-Bədən Tərbiyəsi Günündə Əməkdar məşqçi adına layiq görülüb. Bugünlərdə kikboksçumuzu redaksiyamıza dəvət edərək müsahibə aldıq.
- İlk növbədə, səni Əməkdar məşqçi adı almağın münasibətilə təbrik edirik.
- Gənc yaşımda Əməkdar məşqçi adına layiq görülməyim məni çox sevindirir. 35 yaşım var. Hələ ki, idmançı kimi karyeramı davam etdirirəm. Xatırladım ki, 10 il bundan əvvəl Əməkdar idman ustası adına layiq görülmüşəm. Sevindirici haldır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmana yüksək səviyyədə diqqət və qayğı göstərir. İdmançılarımız mənzillə, fəxri adlarla və s. təltif olunurlar. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bizə diqqət və qayğı göstərir. Federasiya rəhbərliyi tərəfindən bizim əziyyətimiz yüksək qiymətləndirilir.
- Eduard, uzun illərdir ki, peşəkar idmandasan. Hər il müxtəlif yarışlardan vətənə medallarla dönürsən. Daim belə yüksək idman formasında qalmağının sirri nədədir?
- Bu sualı mənə bir çox yaxınlarım, dostlarım verir. Qeyd etdiyim kimi, 35 yaşım var. Bu yaşda daim yüksək idman formasında qalmaq o qədər də asan deyil. Mütəmadi məşqlər etməklə öz idman formamı hər zaman qoruyub saxlayıram. Bu, sözsüz ki, ilk növbədə, mənim vətənpərvər olmağımdan irəli gəlir. Yarışlara hazırlaşarkən, əsasən, ölkəmizin bayrağını yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək barədə düşünürəm. Bu gün dünyada ən titullu kikboksçuyam. Həvəskarlar arasında 15 dəfə, peşəkarlar arasında bir dəfə dünya çempionu adını qazanmışam. 15 dəfə ölkə çempionu olmuşam. Bu, nəticəni, hələ ki, kikboksçular arasında təkrarlayan olmayıb. Bugün uğurlar qazanmağımda şəxsi məşqçim, Əməkdar məşqçi Çingiz Eyvazovun böyük rolu var. Biz onunla neçə illərdir ki, çiyin-çiyinə çalışırıq. Bir dəfə çempion olmaq olar. Amma həmin titulu dəfələrlə qoruyub saxlamaq çox çətindir. Çünki sənin güclü olduğunu bilən rəqib idmançılar sənə qarşı daha da ciddi hazırlaşırlar. Rəqibə qalib gəlmək üçün hər dəfə yeni taktika, yeni texnika nümayiş etdirməli olursan. Həftədə 5 dəfə olmaqla gündə bir dəfə məşq edirəm. Bu məşqlərdə, əsasən, fiziki hazırlığa üstünlük verirəm. Yarışqabağı isə, sözsüz ki, hazırlıq prosesi daha gərgin olur. Qeyd edim ki, daha çox yarışda iştirak etdikcə idmançının təcrübəsi də artır. Məhz illərlə qazandığın təcrübə sayəsində daha peşəkarcasına döyüşür, döyüş zamanı artıq hərəkətlərə yol vermirsən. Uzun illər öz üzərimdə işləmişəm. Buna görə də hazırda fiziki hazırlıq, dözümlülük, nəfəsalma, texniki hazırlıqla bağlı heç bir problemlə üzləşmirəm.
- Bir çox idmançılar müəyyən yaş dövründən sonra karyeralarını başa vurmaq qərarına gəlirlər. Bəs sən necə, idman karyeranı başa vurmaq barədə fikirləşmirsən ki?
- Mən idmana çox bağlıyam. Bu sahənin vurğunuyam. Hələ uşaq yaşlarımdan üzgüçülük, futbol, voleybol, atletika ilə məşğul olmuşam. 13 yaşımda şəxsi məşqçim Çingiz Eyvazovla tanış oldum. Sonradan kikboksinqə olan həvəsim daha da artdı. Necə deyərlər, özümü kikboksinqdə tapdım. Uşaq olarkən Brüs Li idmançıdır, Jan Klod Van Dam kimi kino aktyorlarının iştirak etidkləri filmləri izləməkdən doymurdum. Mən də onlar kimi güclü idmançı olmağı arzulayırdım. Düzdür, sonralar başa düşdüm ki, onlar idmançı deyil, sadəcə kino aktyorlarıdır. Onu da deyim ki, istənilən idmançı uduzmağı bacarmalıdır.
Mən də nə vaxtsa idman karyeramı başa vuracağam. Amma düşünürəm ki, stabil məşq edən, daim formada qalan idmançı uzun müddət idman karyerasını davam etdirə bilər. Təbii ki, əgər burada digər ciddi amillər rol oynamırsa. Ciddi zədə aldıqdan sonra idmana qayıtmaq və əvvəlki formamı bərpa etmək bir qədər çətin olur. Özümü güclü hiss etdiyim müddət ərzində karyeramı davam etdirməyi düşünürəm. Mən idmanla yaşayıram. İdman mənim həyat tərzimdir. Görsəm ki, məşq edəndə çətinlik çəkirəm, onda, yəqin ki, karyeramı başa vurmaq barədə düşünəcəyəm.
- İdmançı olmaqla yanaşı, sən həm də "Neftçi”İSM-ın məşqçisisən. Necə düşünürsən, məşqçi olmaq çətindir?
- Özüm kimi, yetirmələrimin də həmişə hazırlıqlı olmasını, uğurlar qazanmasını istəyirəm. Mən öz təcrübəmi yetirmələrimlə bölüşürəm. Məşqçilik, həqiqətən də, çətin sənətdir. Yaxşı məşqçi öz üzərində daim işləməlidir. Yüzdən artıq yetirməm, var. Onların arasında isə dünya və Avropa çempionları var. Özüm məşq edəndə o qədər yorulmuram, nəinki məşq keçəndə. İndiki uşaqların idmana həvəsi çox olsa da, öz üzərlərində işləmək istəmirlər. Fikirləşirlər ki, zamanla hər şey alınacaq. Amma əsl idmançı öz üzərində daim işləməlidir. Yaxşı yadımdadır ki, məşqdə mənim devizim belə idi: "Məşqə birinci gəl, axırıncı get”. Uğurun əsas sirri öz üzərində işləməkdən ibarətdir. İdmançılara əsas məsləhətim odur ki, boş vaxtlarında lazımi hərəkətləri yerinə yetirsinlər, zəif cəhətləri üzərində işləsinlər. Mən həmişə məşqdən sonra evdə də məşq edirdim. Özü də o vaxlar indiki kimi internet yox idi, müxtəlif döyüşçülərin çıxışını izləmək olmurdu. Nəyi isə öyrənmək üçün çətinlik çəkirdin. O vaxtlar ancaq döyüş filmlərini izləmək imkanı var idi. Mən bir zərbəni öyrənmək, döyüşdən nəsə götürmək üçün Van Damın çəkildiyi filmlərə dəfələrlə baxırdım. Bu gün ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Azərbaycanın bir sıra növlərdə dünyada kifayət qədər tanınmış idmançıları, Olimpiya, dünya və Avropa çempionlarımız var. Öz idmançılarımızın çıxışlarından çox şey öyrənmək olar. Mən yetirmələrimə həmişə deyirəm ki, siz sabahın əsgərlərisiniz. Siz hər zaman döyüşə hazır olmalısınız. Məni sevindirən məqam yetirmələrimin əsgərlik zamanı mənə zəng edib, təşəkkürlərini bildirmələridir. Onlar qeyd edirlər ki, siz bizə elə məşq keçmisiniz ki, əsgərlikdə heç bir çətinliklə üzləşmirik. Əsgərliyə gedən hər bir şəxs, ən azı, turnikdə 10 dəfə dartınmağı, qaçmağı bacarmalıdır. İdmanla məşğul olan gənclər pis vərdişlərdən uzaqlaşır, vaxtını səmərəli istifadə edir, güclü və sağlam olurlar. İdman insanı başqa cür tərbiyə edir. İdman insana özündən zəifə kömək etməyi öyrədir. Buna görə də mən deyərdim ki, idmançının dostluğu da başqa cür olur. Çətin anlarda idmançılar həmişə bir-birlərinə əl tuturlar.
- Maraqlıdır, bu qədər titulların sahibi üçün örnək olan idmançı kimdir?
- Əvvəllər mənim kumirim Van Dam idi. Onu həm idmançı, həm də kinoaktyor kimi çox bəyənirəm. Amma hazırda mənim bənzəmək istədiyim idmançı yoxdur. Bəlkə də, artıq o dövrüm deyil. Amma elə idmançılar var ki, onların güclü hazırlıq formasında olmaları mənim çox xoşuma gəlir. Uzun illər idmanda yüksək nəticə əldə edən idmançılarla fəxr edirəm.
- Ötən il sənin üçün nə ilə yadda qaldı?
- Ötən il mənim üçün uğurlu illərdən oldu. Qeyd edim ki, Nəqliyyat Baş Polis İdarəsində Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili işləyirəm. Ötən il mayor rütbəsi aldım. Bu mənim üçün əlamətdar hadisə idi. Bundan başqa bir sıra güclü yarışlarda iştirak edərək, uğurlu nəticələr əldə etmişəm. Braziliyada keçirilən Dünya kubokunda 63,5 kq çəki dərəcəsində qalib adını qazandım. Azərbaycanda peşəkarlar arasında təşkil olunan yarışda dünya kəmərinə sahib çıxdım. Bu yarışda ispaniyalı idmançı üzərində qələbə əldə etdim. Qeyd edim ki, mən dünyada həm full kontakt, həm də lou kontakt növündə yeganə dünya çempionuyam. Bu il sentyabrda Braziliyada lou kontakt üzrə, oktyabr ayında isə Antalyada ful kontakt versiyası üzrə dünya çempionatları olacaq. Hər iki növ üzrə dünya çempionatlarında iştirak edərək çempion olmağı arzulayıram. Apreldə peşəkarlar arasında dünya kəməri uğrunda yarış olacaq. Bu yarışda çıxış edərək, dünya kəmərini qorumaq niyyətindəyəm. Bir neçə rəqibim var ki, onlar arasından seçim edəcəyəm. Dünya kəmərinin müdafiəsi uğrunda yarış Azərbaycanda keçiriləcək.
- Bildiyimizə görə, 2007-cı ildə Polis Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda” ordeni ilə təltif olunmusan. Sənin üçün vətənpərvərlik nə deməkdir?
- Mənə görə, vətənpərvərlik hansı sahədə çalışmağından asılı olmayaraq, öz ölkən uğrunda canını fəda etmək deməkdir. Hər bir şəxs vətən uğrunda canından keçməyə hazır olmasıdır. Məncə, böyük uğurlar qazanmaq üçün idmançı, ilk növbədə, vətənpərvər olmalıdır. Dəfələrlə yarışlarda qalib gəlmək üçün vətənə hədsiz sevgi bəsləməlisən. Adətən yarışlara gedəndə milli forma geyinirik. Xarici ölkələrdə milli forma ilə öz ölkəni təmsil edəndə adam idmançı olmağı ilə fəxr edir.
- Deyirlər, əsl çempion uğurunu, ən azı, iki dəfə təkrarlamalıdır.
- Bir dəfə çempion olmaq böyük qələbədir. Elə idmançılar var ki, onların qarşısında dayanan məqsəd, sadəcə, bir dəfə çempion adını qazanmaqdır. Onlar öz məqsədlərinə yetişdikdən sonra, necə deyərlər, sakitləşirlər. Amma bəzi insanlar var ki, idmansız yaşaya bilmir, dəfələrlə çempion adını qazanırlar. Dünya təcrübəsində belə idmançılar çoxdur.
- Yarışlara psixoloji cəhətdən necə hazırlaşırsan?
- Mən, adətən, döyüşə gülə-gülə, soyuqqanlı çıxıram. Əgər əsəbləşsəm, vaxtından əvvəl məğlub ola bilərəm. Bəzən kənardan baxıb deyirlər ki, rinqdə kim güclüdürsə, o da qalib gələcək. Amma, əslinbə, döyüş zamanı kim soyuqqanlı, ağıllı və prinsipialdırsa, o da çempion olur. Mən kikboksinqi həmişə şahmatla müqayisə edirəm. Şahmatda da gediş etməzdən əvvəl fikirləşmək lazımdır. Rinqdə də döyüş vaxtı düşünülməmiş zərbə vurmaq olmaz. Döyüşün taleyinin 60 faizini taktiki gediş, 40 faizini isə fiziki güclə həll etmək olar. Döyüşdə zərbə buraxmamaqla yanaşı, zədələnməmək də vacib məqamlardandır. Bundan başqa, nəfəsi tənzimləmək, dincəlməyə vaxt tapmaq da lazımdır. Elə idmançı var ki, birnəfəsə döyüşür və tez yorulur, döyüşü sonadək başa vura bilmir. Tez yorulan idmançı istədiyi kimi zərbə vura, ayıq başla düşünə bilmir. Elə idmançı var, rinqdə öz zəhmini nümayiş etdirir. Buyaxınlarda bir yetirməm döyüş zamanı rəqibi ona cavab qaytardığı üçün mübahisə etmişdi. Məhz bu mübahisəyə görə yetirməmi döyüşdən azad etdilər. Rəqib idmançı bu hərəkətilə öz istəyinə nail oldu. Buna görə də döyüşdə səbirli olmaq lazımdır. İdmançılar öz sözlərini rinqdə döyüşləri ilə deməlidirlər.
- Bir qədər də şəxsi həyatından danışaq...
- Üç ildir ki, ailəliyəm. 2011-ci il avqusun 10-da əkiz övladım dünyaya gəldi. Qızımın adını Belgiz, oğlumun adını Raul qoymuşam.
- Yəqin ki, oğlunun adını futbolçu Raulun şərəfinə qoymusan.
- Xeyr. Bu adın futbolla bir əlaqəsi yoxdur. Raul ispan adıdır. Mənası "canavarın dostu” deməkdir. Bu adın mənası haqqında çoxdan məlumatım var idi. Mənim idmanda ləqəbim "ağ canavar”dır. Məncə, oğlum da "canavarın dostu” olmalıdır. Belgiz isə "şahzadə” deməkdir.
- Övladlarının idmançı olmasını istərdinmi?
- Hər iki övladımı sağlamlıqlarını qorumaq üçün idmana qoyacağam. Düzdür, idman əziyyətli sahədir. Amma oğlumun idmançı olmasını istərdim. Əlbəttə ki, bununla bağlı seçimi övladlarımın öz öhdəsinə buraxacağam. Raul hələ təzə-təzə addımlar atmağa başlayır. Ona balaca əlcək almışam. Hərdən əlcəkləri geyinib mənə tərəf yumruq ataraq zərbələr endirir. Hiss edirəm ki, döyüşmək oğlumun qanındadır.
- Sənin üçün həyatın mənası nədədir?
- Əldə etdiyim nailiyyətlərdə, idmanda. Bu gün idmanda mənim davamçım varsa, deməli, mənim əziyyətim hədər getməyib və mənalı həyat yaşamışam. Bu gün Qiyas Şahverdiyev, Qədim Məmmədov kimi yetirmələrim də mənim kimi idmanın vurğunudurlar.
- İdmandan kənar məşğuliyyətin var?
- Mən medallarımı kolleksiya edirəm. Müxtəlif ölkələrə səfərim zamanı tarixi yerlərə getməyi xoşlayıram. Bundan başqa, hər ölkəyə məxsus suvenirlər toplayıram.
- Maraqlıdır, kolleksiyanda neçə medal var?
- 100-dən çox. Bu günə kimi heç vaxt yarışdan medalsız qayıtmamışam.
- Ən böyük arzun nədir?
- Ən böyük arzum odur ki, torpaqlarımız qayıtsın. Bayrağımız daha da çox yüksəklərə qalxsın. İdmançılarımız Azərbaycanı dünyada tanıdanda, qürur hissi keçirirəm.
- Hər bir insan kimi, yəqin, sənin də həyatda çətin anların olub.
- Bəli olub. Amma bilirəm ki, çətinlik müvəqqətidir. İnsanın həyatında həmişə pis günlər ola bilməz. Amma bu çətinliklər də bizə nəyi isə mütləq öyrədir. Məncə, istənilən çətin vəziyyətdən çıxış yolu var. Sadəcə, ağıl işlədib onu tapmaq lazımdır. Hər şeyi pozub yenidən başlamaq olar.
- Həyatında ən yadda qalan an hansı olub?
- Övladlarım dünyaya gələndə. Özümü o qədər xoşbəxt hiss edirdim ki, heç təsəvvürünüzə gətirə bilməzsiniz. Övlad sevinci çox gözəl hissdir. İnanın ki, işdən sonra evdə uşaqlarla oynayanda bütün əsəblərim sakitləşir, yorğunluğum çıxır. İstirahət günlərimdə çalışıram, ailəmlə birgə gəzməyə çıxım.
- İdmanda sənin üçün ən böyük zirvə nədir?
- Çempionluq. Həmin zirvədə qalmaq isə çox ondan da çətindir. İdmançı çox vaxt müəyyən nəticələr əldə etdiyi müddətdə tanınır. Amma həmin zirvədə elə qalmaq lazımdır ki, sonralar da, səni yaxşı idmançı kimi xatırlasınlar.
- Hansı janrda musiqilərə qulaq asırsan?
- Ritmik musiqilərə qulaq asmağı xoşlayıram. "Roki Balboa” filmindəki "Roki” mahnısı uşaqlıqdan ən çox sevdiyim mahnılardandır. Uşaqlıqdan o musiqini eşidən kimi məndə məşq etmək həvəsi yaranır. Əcnəbi müğənnillərdən Şadenin mahnılarını xoşlayıram. Yerli şou-biznes nümayəndələrindən müğənnilər Ədalət, Samirə və Elnurla dostluq əlaqələrim var. Hətta bəzi müğənnilərə məşq keçmişəm.
- Ən yaxşı cəhətin hansıdır?
- Çox dəqiq adamam.
- Bəs ən pis cəhətin?
- Çox deyinirəm (gülür).
- Talismanlara inanırsan?
- Məncə, ilk növbədə, insanın uğur qazanmasına Allah kömək etməlidir. Allaha inanmasan, nailiyyət əldə edə bilməzsən. Amma bəzi əlamətlərə inanıram. Mənim bir papağım var. Onu özümlə həmişə yarışlara aparıram. Bu papaq mənə həmişə uğur gətirir.
- Yarışlar zamanı ailədə səni kim dəstəkləyir?
- Anam məni həmişə dəstəkləyir, mənə görə dua edir. Həyat yoldaşım da məni həmişə başa düşür və yarışlarda qələbə qazanmağımı arzulayır.
Aysel Sultanova