Turizm, idman və mədəniyyət: imkanlar, problemlər, perspektivlər

Turizm, idman və mədəniyyət: imkanlar, problemlər, perspektivlər

Zoopark. Poninin üstündə oturmuş uşaq. Poninin yüyənini tutub qabaqda gedən kişi, atla yanaşı addımlayan ana. Kişinin üzündə yorğunluq, qayğı. Ananın sifətində fərəh, gözlərində bir azacıq qorxu. Uşağın yerə-göyə sığmayan sevinci və bir də ətrafdaklara yuxarıdan aşağıya baxışı. Poniyə minmək arzulu uşaqların analı-atalı növbəsi. Fotoqrafin əlindəki "Paloroid”. Min bir yozumu var bu mənzərənin. Baxır, kim və hansı yöndən yozacaq. Zoopark Ceyranbatan tərəfə köçəndən sonra da poni öz işini davam etdirsə, gedib-qayıdacağı yol indikindən, yəqin ki, uzun olacaq. Hələ ki, poni üst-üstə aşağı-yuxarı getdiyi cəmi 50 metr olmalyan yola görə bir manat qazanc gətirir.
... Uşaqların at minmək istəyi böyüklərdə olduğundan çox deyil. Di gəl ki, şəhərin böyüklərə belə bir təklifi yoxdur. Olsa da, fərdi səciyyəlidir. İndi atı olan kəndlərimizi barmaqla saya bilərik. Yadıma dağ rayonlarımızdan birində yaşayan tanışımın danışdığı bir əhvalat düşdü. Birisi atını satmaq üçün hər altı-bazar şəhərə gətirirmiş. Ancaq alanı yoxmuş. Atı almaq istəyənlər, bir qayda olaraq, onun dişlərinə baxırlar. Yazıq atın ağzını açıb dişlərinə o qədər baxıblarmış ki, ona adam yaxınlaşar-yaxınlaşmaz ağzını açırmış. At alan, at satan, at saxlayan çoxdumu görəsən? O da yadıma düşdü ki, Xəzər qalxanda Neftçalada Mayak qəsəbəsində Kürün iki qolu arasındakı adada yaşayan vəhşi atları süpürüb aparmışdı. Onda Xəzərin qalxması ilə bağlı sorğu aparırdıq. Fokusqrupda söhbət zamanı qəsəbə sakinlərindən biri bunu demişdi. Sonra moderatorun "Ora vəhşi atlar haradan gəlmişdi?” sualına cavab vermişdilər ki, burada bir vaxtlar at saxlayan çox idi. Sonralar at saxlamaq sərf eləmədiyindən atları buraxmışdılar adaya. Artıb ilxı olmuşdu.
Turizm, idman və mədəniyyətdən danışmaq istədiyimiz yerdə atdan bu qədər yazmağa nə hacət? Görəsən, dəxli nədir?
Düşünürəm ki, dəxli var. Turizmin növlərini araya-ərsəyə gətirsək, görərik ki, "at turizmi” termini ilə adlandırılan bir anlayış vardır. At turizmi fəal istirahət və idman turizminin bir növüdür. Bu növ at, poni, uzunqulaq, dəvə, it, maral, fil və s. heyvanlardan istifadə edərək bir məntəqədən digərinə hərəkət etməklə bağlıdır. At turizminin beş əsas növü vardır. Onlardan biri atla gəzintidir. At turizmində marşrutdan asılı olaraq, gəzinti müddəti bir saatdan bir neçə günə qədər davam edə bilər. Əgər uşağı məmnunluq hissi ilə poniyə mindiririksə, özümüz bir az at sürməyi niyə isməyək ki! Fəal istirahət zamanı buna bir manat deyil, bir qədər çox pul xərcələmək də mümkündür. Elə burda başqa bir məsələ - at saxlamaq, at satmaq, belə bir idman turizmini yaratmaq nə qədər sərfəli olacaqdır? sualı meydana çıxır. Cavab üçün tələb və təklifi aydınlaşdırmaq lazım gəlir. Hər halda bu ideya ondan ötrü deyil ki, at turizmi mütləq inkişaf etdirilsin. Ancaq belə hesab etmək olar ki, sahənin müəyyən potensialı vardırsa, onun üzərində düşünməyə dəyər. Onu da qeyd edək ki, biz məhz bu məsələni qaldırmaq niyyətində deyildik. Sadəcə, yazı belə başlandı, bizi öz axarına alıb apardı.
Müasir dünyada turizm ən gəlirli sahələrdən biridir. Dünya kapitalının 7%-dən istifadə edən beynəlxalq turizmin illik gəliri, BTT-nin məlumatına görə, 1995-ci ildən artmaqdadır. Əgər 90-cı illərin əvvəllərində mal və xidmət ticarətində turizmin payı 10% olubsa, indi bu rəqəm xeyli yüksəlmişdir. Turizmə qoyulan investisiyaların illik artımı da yüksəkdir və 30% -i aşmışdır. Turizmdə Azərbaycanın da rəqabət qabiliyyəti ildən-ilə artır. Ümumdünya İqtisadi Forumunun yaydığı "Turizm sahəsində rəqabət-2013” (The Travel & Tourism Competitiveness Report 2013) adlı hesabatda bu qeyd olunmuşdur. İki ildən bir nəşr olunan hesabatda Azərbaycan 83-cü pillədən 78-ci pilləyə qalxmışdır. Bu, bir daha onu göstərir ki, ölkəmizdə turizmin inkişafına xüsusi diqqət verilir. Biz məlum sənədləri, fərman və sərəncamları sadalamaqla oxucunu yormaq istəmir və məqalənin başlığında qoyulan məsələyə qayıdırıq. Hər şeydən əvvəl, turizm, mədəniyyət və idman arasındakı sıx bağlılığı və qarşılıqlı təsirı aydınlaşdırmağa çalışaq.
Turist istirahət, sağlamlıq, tanışlıq, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir. Turistin maraq dairəsi genişdir. Turizm növlərinin rəngarəngliyinin bir səbəbi də budur. Müasir dövrdə ilk və başlıca olan mədəniyyəti öyrənməkdir. Başqa ölkələrə getməyi stimullaşdıran əsas vasitə tanış olmayan mədəniyyət haqqında yerində biliklər almaqdır. Tarixi-mədəni abidələr insanları çox cəlb edir. Lakin bu sahədə ayrı-ayrı ölkələrin potensialları fərqlidir. Abidələrin qədimliyi, mötəşəmliyi, tanınma səviyyəsi vacib amildir. Bu baxımdan, Azərbaycanda Qobustan yazılı abidələri, Gəmiqaya rəsmləri, atəşpərəstlik məbədləri, sirri bu günə qədər tam açılmamış "Qız qalası” və bir sıra digər abidələr daha rəqabət qabiliyyətlidir. Yalnız bu abidələrlə turizm sənayesində çox önə getmək mümkün deyil. Deməli, turizmin başqa növlərinin də imkan və potensialı qiymətləndirilməli və onların bir-biri ilə vəhdətdə istifadə edilməsinə diqqət artırılmalıdır.
İdman turizminə iki aspektdən yanaşmaq olar. Onun fəal və passiv növləri vardır. İdman turizmi müxtəlif kateqoriyalı maneə və çətinlikləri olan marşrutu, məsafəni dəf etməyi nəzərdə tutursa, bu, fəal idman turizmidir. Zirvəyə, dağa qalxmaq, mağaraları gəzib keçmək, dərə və dolambacları dolaşmaq, atla, velosipedlə, qayıqla, piyada gəzintilərdə iştirak etmək, dağa dırmanmaq və s. fəal idman turizmi sayılır. İdman turizmi ekstremal şəraitlə əlaqəlidir. İnsan ekstremal şəraitdə çətinlikləri, təbii və süni maneələri dəf etməklə marşrutu başa vurmalıdır. İdman turizmi idman növlərinə görə aşağıdakı kimi təsnif edilir: 1) piyada turizmi; 2) xizək turizmi; 3) dağ turizmi; 4) su turizmi; 5) speleoturizm; 6) yelkən turizmi; 7) velosiped turizmi; 8) at turizmi və s. İdman turizmində istifadə olunan hərəkət vasitələrinə görə velosiped, at və avtomototurizm növləri fərqləndirilir. Bu növlərin hər biri müvafiq şərait və vasitələri tələb edir. Fikrimizcə, bu imkanların hər biri respublikamızda vardır.
İdmanla bağlı turizmin həm də mahiyyətinə görə işgüzar turizmə yaxın növü vardır. Bu turizm yarışlarda həm idmançı, həm də azarkeş, rəsmi nümayəndə, jurnalist və b. iştirakını nəzərdə tutur. Mötəbər yarışlara hazırlıq məqsədilə təşkil olunan, adaptasiya prosesini özündə birləşdirən təlim-məş toplanışları, eləcə də oyunlarqabağı yoxlama yarışlar parallel olaraq turizm xidmətlərinin həyata keçirilməsi ilə də reallaşa bilər. Bu zaman otellərdə yerləşdirmə, qidalanmanın təşkili, həmçinin gəzməli yerlərlə tanışlıq, ekskursiya xidmətləri bilavasitə turizm təşkilatlarının xətti ilə yerinə yetirilir. Təsadüfi deyildir ki, qitə və dünya səviyyəli yarışların təşkilinə yerli turizm agentlikləri cəlb edilir. Biz məsəlini məhz bu prizmadan diqqət mərkəzinə çəkməyi məqsədəuyğun sayırıq. Son illər Azərbaycanda idman böyük sürətlə inkişaf edir. Respublika mötəbər idman yarışlarının təşkil olunmasında böyük irəliləyişlərə nail olmuşdur. Bakı və regionlarda dünya və qitə səviyyəli yarışlar tez-tez təşkil olunur. Azərbaycanın, demək olar ki, bütün rayonlarında Olimpiya idman kompleksləri tikilmişdir. Belə komplekslərin sayı artıq əlliyə çatmaqdadır. Tikilmiş komplekslər çoxfunksiyalıdır, onları idman və turizm mərkəzləri də adlandırmaq olar. Belə komplekslərin hər birində idmanın müxtəlif növləri üzrə yalnız respublika deyil, beynəlxalq səviyyəli yarışlar da keçirmək mümkündür. Naxçıvan, Quba, Gəncə, Şəki, Lənkəran rayonlarındakı komplekslərin beynəlxalq yarışların keçirilməsi ilə bağlı təcrübələri vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının, demək olar ki, bütün rayonlarında tikilmiş Olimpiya idman kompleksləri həm də turizm təyinatlıdır. Yəni bu komplekslərdəki mehmanxana və kotteclər idmançıların təlim-məşq və yarışlarda olmadığı dövrlərdə turist xidmətləri göstərir. Hələlik bu turist xidmətləri yerli səciyyəlidir. Bununla belə, bəzi rayonlarda mehmanxanalar artıq xarici turistlərə də xidmət göstərir.
2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Hazırda respublikada hər iki tədbirin təşkili ilə bağlı ciddi hazırlıq işləri aparılır. Bu məqsədlə ölkənin idman infrastrukturunun möhkəmləndirilməsi ilə yanaşı, turizm imkanlarının artırılması da diqqət mərkəzinə çəkilmişdir. Oyunlar dövründə iştirakçılar, ölkəyə gələcək azarkeşlər üçün mədəni proqramlar da təşkil olunacaqdır. Bu cəhət respublikanın səfalı bölgələrinə turist səfərlərinin keçirilməsini də nəzərdə tuta bilər.
Ümumiyyətlə, son on il ərzində Azərbaycanın Olimpiya Hərəkatı, idmanı və turizmi eyni müstəvidə araşdırılarsa, onda bir həqiqət özünü aşkar göstərəcəkdir. Ölkədə hələ 2000-ci ildən başlayaraq idman, mədəniyyət və turizm sahələrinin ardıcıl, qarşılıqlı əlaqədə və harmonik inkişaf etməsinə xüsusi diqqət verilmişdir. Bu dövrdə Azərbaycan idmançılarının, ilk növbədə, beynəlxalq yarışlarda iştirakının, sonra Atlanta, Sidney, Afina, Pekin, London Olimpiya Oyunlarında idman nailiyyətlərinin ardıcıl artması müşahidə olunur. Paralel olaraq ölkədə idman infrastrukturu inkişaf etdirilmiş və bu infrastruktura daxil olan obyektlərin həm də turizmə xidmət etməsi qabaqcadan nəzərdə tutulmuşdur. Olimpiya İdman komplekslərimizin açılış mərasimlərində söylənilmiş nitqlərdə də bu məqsəd açıq şəkildə bildirilmişdir. İdman nailiyyətlərinin qazanılması ilə çiyin-çiyinə mədəniyyət sahəsində görülən işlər ölkənin tanınmasında müstəsna rol oynamışdır. Azərbaycan həm mədəniyyəti, həm də idmanı ilə daha sürətlə tanınmağa başlamışdır. Mədəni abidələrimizin YUNESKO-nun qorunan obyektləri sıyahısına salınmasında qazanılmış nailiyyətlər, olimpiyaçılarımızın uğurları son dərəcə yüksək tərtibdən olan hadisələrdir. Azərbaycan beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilmişdir. Bu da ardıcıl və məqsədyönlü siyasətin nəticəsində gerçəkləşmişdir. Onu da unutmaq olmaz ki, mədəniyyət və idman sahələri bu nailiyyətlər üçün həmişə vahid komandada çıxış etmişlər. Bakıda keçirilən hər bir yarış həm də turist xidmətlərinin göstərilməsi və bu vasitə ilə ölkə mədəniyyətini nümayiş etdirmək, onu sevdirmək məqsədi daşımışdır. Bu cür işlərin nəticəsidir ki, Bakı Avroviziya müsabiqəsini təşkil etdi və onun yüksək səviyyədə olması dünya mətbuatında dönə-dönə qeyd olundu. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına aparan yol bütün bu işlərdən, müxtəlif tədbirlərdən, beynəlxalq yarışlardan, forum və konqreslərdən, müsabiqə və seminarlardan keçir, onlardan qaynaqlanır. Şübhəsiz ki, statistik hesablamalar aparıb, son on ildə və son beş ildə idman yarışları və müxtəlif mədəniyyət tədbirləri çərçivəsində Azərbaycana gələnlərin artım dinamikasını qrafika və diaqramlarla göstərmək olar. Biz belə tədqiqat aparmaq niyyətindəyik. Hələlik isə onu qeyd edək ki, 2015-ci il bizə həm idman həyatımızda, həm də turizm sənayemizdə böyük dəyişikliklər və sıçrayışlı irəliləyiş vəd edir. Bu irəliləyişin daha yüksək səviyyədə təmin olunması ilə bağlı perspektiv işlər haqqındakı fikirlərimizi bu yazıya sığışdıra bilmədiyimiz üçün gələcək yazılarımıza saxlamaq qənaətinə gəldik.


Cəmaləddin Rəhmanov

Məqalə Mədəniyyət və Turizm Nazirliyinin 
elan etdiyi müsabiqəyə təqdim olunur.