Heydər Əliyev: “Bizim gənclərimiz ona görə sağlam olmalıdırlar ki, ordumuz güclü olsun”

Heydər Əliyev: “Bizim gənclərimiz ona görə sağlam olmalıdırlar ki, ordumuz güclü olsun”


Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya siyasətinin nəhəng simalarından biri Heydər Əlirza oğlu Əliyev ömrünü doğma Vətəni Azərbaycanın çiçəklənməsinə, inkişafına, müstəqil, demokratik dövlət kimi beynəlxalq münasibətlər sistemində özünəlayiq yer tutmasına sərf edib. Dünya şöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin vəfatından 11 il ötür. Bu gün Azərbaycan xalqı müasir dövlətçiliyimizin təşəkkülündə və inkişafında misilsiz rolu olan unudulmaz tarixi şəxsiyyətin dühası və parlaq zəkası qarşısında bir daha ehtiramla baş əyir.
Ümummilli liderin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişaf hökm sürmüşdür. Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı Azərbaycanın zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duymuşdur. Ulu öndər deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Ümummilli lider gələcək nəsillərin taleyi üçün doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və çətin sınaqlarından üzüağ çıxarmışdır.
Müstəqil Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının zirvələri fəth etməsinin əsasları da ulu öndərimiz tərəfindən qoyulub. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı, göstəriş və tövsiyələrinin bəhrəsi olaraq, Azərbaycan idman ölkələsinə çevrilib.
İdmanı dövlət siyasətinin mühüm qollarından biri kimi ayıran, onu ümummilli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə bu sahənin inkişafına misilsiz töhfələr verib. Respublika idmançıları, idman ictimaiyyəti dahi rəhbərimizin bu sahənin inkişafı üçün etdiklərini böyük ehtiram hissi ilə və məhəbbətlə yad edirlər.

Ümumilli liderin idman və bədən tərbiyəsinin, Olimpiya Hərəkatının mahiyyəti, funksiyaları, cəmiyyətdəki rolu haqqında fikirləri, gördüyü işlər zaman-zaman təhlil və tədqiqatların mərkəzinə çevriləcəkdir. Ulu öndərin Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı, eləcə də Olimpiya Hərəkatının genişlənməsi istiqamətində gördüyü işlər mahiyyətinə və miqyasına görə son dərəcə fərqlənir. Müdrik rəhbər deyirdi: "Bizim məqsədimiz bütün Azərbaycan xalqının sağlamlığını - həm fiziki, həm də mənəvi, əqli sağlamlığını təmin etməkdir”.
Heydər Əliyev 1995-ci ildə idman tədbirlərinin birində çıxışı zamanı bu sahənin daha da inkişaf etdirilməsi üçün tövsiyələrini verərək demişdir: "İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaradılmışdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Biz indi müstəqil dövdət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının müxtəlif beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir”.
Ulu öndər həmişə Azərbaycan gəncələrinin potensialını yüksək qiymətləndirir, idmançılarımızın yüksək nailiyyətlər qazanmağa qadir olduğunu qeyd edirdi: "Çox narahat olurdum ki, niyə bizim idmançılar yüksək adlar ala bilmirlər. Bizə cürbəcür izahat verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin idman ənənəsi zəngin olmadığına görə, böyük olmadığına görə, böyük tarixi olmadığına görə bizim azərbaycanlılar yüksək adları ala bilmirlər.
Düzü, o illər mən bu fikirlə daxilən razı deyildim və açıq da deyirdim ki, bunlar doğru fikirlər deyildir. Bizim xalqımız, millətimiz fiziki cəhətdən, genetik cəhətdən çox sağlam millətdir. Buna görə də ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər qazana bilməsinlər”.
Ulu öndərimiz idmanın hər bir ölkə üçün beynəlxalq miqyasda da böyük siyasi əhəmiyyət kəsb etdiyini həmişə ön plana çəkərək ölkənin xoşbəxt gələcəyini gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsində görürdü. Ümummilli lider öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd idi və bu xüsusiyyətlər arasında idmana meylliliyi yüksək qiymətləndirirdi: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fizki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”.
Azərbaycan gəncliyinə həmişə yüksək qiymət verən ümummilli lider onları mütamadi olaraq idmanla məşğul olmağa çağırırdı: "İdmanla məşğul olan hər bir gənc potensial çempiondur. Əgər onun fiziki hazırlığı yüksək səviyyədə olarsa, əgər o, əzmlə çalışarsa, öz fiziki keyfiyyətlərini inkişaf etdirə bilərsə və yüksək mənəviyyatla bu işə yanaşarsa, təbiidir ki, çempion olacaq və çempionlar daha da çox olacaqdır”.
Heydər Əliyev beynəlxalq yarışlar sırasında Olimpiya oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkirdi. Ümümmilli lider qeyd edirdi ki, Olimpiya oyunları dünyanın bütün ölkələrini maraqlandırır, hər bir ölkə Olimpiya oyunlarında təmsil olunmağa çalışır.
İdmançının Olimpiya oyunlarında iştirak etməsini böyük nailiyyət kimi dəyərləndirən ulu öndər 1996-cı ildə Atlanta Olimpiadasına yola düşməzdən əvvəl keçirilən görüşdə ölkəmizin olimpiadada iştirakın vacibliyini xüsusi vurğulamışdı: "Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti nə qədər çalışsa, o nailiyyəti əldə edə bilməyən idmançı yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikasının komandasının XXVI Yay Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu məsələnin ikinci tərəfidir”.

Həmin ikinci tərəf də həmişə müdrik və uzaqgörən rəhbərin diqqət mərkəzində olmuşdur. Ümummilli liderimizin idmanın inkişafı sahəsində yürütdüyü siyasətin uğurlu olmasının əsaslarından biri də onun idmançı psixologiyasını yaxşı bilməsində idi. Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, idmançı beynəlxalq yarışlarda qazandığı mükafatlar müqabilində xalqın məhəbbəti, dövlətin qayğısı ilə mükafatlandırılmalıdır. Bu fikrin təsdiqi kimi uzun fasilədən sonra idmançıların əməyi dövlət tərəfindən qiymətləndirildi.
Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük rezonans yaratdı. Təsadüfi deyil ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti idman və Olimpiya Hərəkatı sahəsində böyük xidmətlərinə görə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın Reykyavik şəhərindəki keçirilən Baş Məclisində "Olimpiya ləyaqəti” mükafatı ilə təltif olundu.
Elə həmin ildən Azərbaycanda idman və Olimpiya Hərəkatının yeni dövrü başlandı. Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra ölkədə idmanın və Olimpiya Hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində qətiyyətli addımlar atıldı. Milli Olimpiya Komitəsinin səmərəli fəaliyyətini yüksək qiymətləndirən ulu öndər demişdir: "Biz sevinirik ki, Milli Olimpiya Komitəsi idman sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə edibdir. İdmanın madii-texniki bazasının yaradılması və genişləndirilməsində çox işlər görübdür və bu gün də görür və gələcəkdə də görəcəkdir”.
1998-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidentinin "XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” imzaladığı Sərəncam Olimpiya oyunlarının hazırlıq işinə güclü təkan verdi.
Heydər Əliyev XXVII Yay Olimpiya Oyunlarına yollanan idmançılarla Zuğulbadakı "Gənclik” kompleksində görüşü zamanı olimpiyaçılara xeyir-duasını, tövsiyələrini verdi, onlara uğurlar arzuladı. Avstraliyanın Sidney şəhərində keçirilən olimpiadada Namiq Abdullayev və Zemfira Meftəhətdinova yüksək səviyyədə çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Boksçumuz Vüqar Ələkbərov bürünc medal qazandı. İdmançılarımız ümumilikdə, iki qızıl, bir bürünc medal qazanaraq 199 ölkə arasında 34-cü yeri tutdular. Sidney Olimpiadasından sonra olimpiyaçıları qəbul edən ulu öndər idmançılarımızın nailiyyətlərini müstəqil Azərbaycanın ən böyük uğuru kimi dəyərləndirdi: "Bu gün eyni zamanda bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”. Olimpiadada yüksək nəticələr əldə edən idmançılar və onların məşqçiləri Prezidentin Sərəncamı ilə Azərbaycanın yüksək orden və medalları ilə təltif olundular.
2002-ci ildə Azərbaycan idmanının inkişafına böyük töhfələr verən Milli Olimpiya Komitəsinin on illik yubileyi qeyd olundu. Yubiley tədbirində iştirak edən ümummilli lider öz çıxışında ölkə idmanının sürətlə inkişaf etdiyini, Olimpiya Hərəkatının gündən-günə genişləndiyini vurğulayaraq belə demişdi: "İnanıram ki, bizim yüksək nəticələr əldə edən idmançılarımızın sayı artacaqdır. İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır. İnanıram ki, Azərbaycan gəncliyi, fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır”.
Ulu öndərimizin öyüd və nəsihətlərini, tövsiyələrini həmişə uca tutan idmançılarımız Heydər
Əliyevin bu etimadını ləyaqətlə doğrultdular. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil Azərbaycanın idmançıları dünya arenalarında keçirilən ən mötəbər yarışlarda böyük nailiyyətlər əldə edirlər. Onlar, dünyanın ən möhtəşəm idman hadisəsi olan Olimpiya oyunlarında parlaq qələbələr qazanırlar. 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarında iştirak edən atletlərimiz 1 qızıl, 4 bürünc medal əldə etdilər. 2008-ci ildə Çinin paytaxtında keçirilən XXIX Yay Olimpiya Oyunlarında isə idmançılarımız 1 qızıl, 2 gümüş, 3 bürünc (7 medal) qazandılar. Bununla da, Azərbaycan yığması 204 ölkə arasında medalların sayına görə 27-ci yeri tutdu. Pekin Olimpiadasından sonra ötən müddət ərzində həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə böyük nailiyyətlər əldə edilib. London-2012-də Azərbaycan idmançıları 10 medala (2 qızıl, 2 gümüş, 6 bürünc) layiq görülüblər. Komandamız 204 iştirakçı ölkə arasında 30-cu pillədə qərarlaşıb. Əldə olunan bu nailiyyətlər respublikamızda idmanın və Olimpiya Hərəkatının yüksək səviyyəli inkişafının bariz nümunəsidir.
Ümummilli lider idman sahəsində böyük nailiyyətlərin əldə edilməsində idmanın maddi-texniki bazasının möhkəmləndirilməsini və inkişaf etdirilməsini xüsusilə qeyd etmişdir. Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi illər ərzində idmanın maddi-texniki bazası möhkəmlənmiş, bədən tərbiyəsi və idman kütləviləşmiş, ölkəmiz Olimpiya oyunlarında layiqincə təmsil olunmuşdur.
Sidney-2000 Olimpiya Oyunlarından bir qədər sonra Bakı Olimpiya İdman Kompleksinin açılışı zamanı çıxışında Heydər Əliyev ölkənin idman sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinin əhəmiyyətindən söz açmışdır: "Azərbaycanda idmana qısa bir zamanda yüz minlərlə gənc cəlb olunubdur. Ancaq bütün gənclər idmana həvəs göstərir, idmanla məşğul olmaq istəyirlər. Bunun üçün maddi-texniki baza lazım idi. İndi isə Milli Olimpiya Komitəsi öz imkanlarından istifadə edərək, dövlətdən bir vəsait almayaraq Azərbaycanda müxtəlif yerlərdə idman kompleksləri tikməyə başlamışdır. Mən indi burada, bu salonda onların bir neçə layihəsi ilə tanış oldum və İlham Əliyev məlumat verdi ki, o yerlərin hamısında tikintilər gedir. Hesab edirəm ki, bu, Milli Olimpiya Komitəsinin işinin başlanğıcıdır”. Bu, həqiqətən də, başlanğıc oldu. Qeyd edək ki, 2000-ci ildən indiyə qədər həm paytaxtda, həm də bölgələrdə çoxlu sayda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksləri, idman zalları, meydançalar tikilərək xalqın istifadəsinə verilmişdir. Artıq hər bir gənc, yeniyetmə istədiyi idman növü ilə hər bir yerdə məşğul ola bilər. Məhz bu sahənin maddi-texniki bazasının yüksək səviyyədə qurulmasının nəticəsidir ki, Azərbaycan artıq beynəlxalq yarışların keçirildiyi məkana çevrilib.
İndiyədək ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, beynəlxalq tədbirlər təşkil edilib. Mötəbər yarışların yüksək səviyyədə təşkili ölkənin idman sahəsində güclü maddi-texniki bazaya malik olmasından xəbər verir. Bunu ölkəmizdə səfərdə olan dünya idman qurumlarının rəsmiləri dönə-dönə qeyd ediblər. Buyaxınlarda paytaxtımız mötəbər idman tədbirinə-Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasına ev sahibliyi etdi. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsinin prezidentlərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etdilər. Tədbir çərçivəsində ölkəmizdə səfərdə olan beynəlxalq idman qurumlarının nümayəndələri ölkəmizdə idmanın inkişafı istiqamətində görülən tədbirləri yüksək qiymətləndirdilər. Təsadüfi deyildir ki, gələn il pataxtımız tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu tədbirin ölkəmizdə təşkili beynəlxalq idman təşkilatları tərəfindən Azərbaycana göstərilən yüksək etimadın nəticəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün sahələrdə ölkənin gələcək inkişafı istiqamətlərini müəyyənləşdirmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəni ulu öndərin müəyyən etdiyi xətlə irəliyə aparır. Bu, idmanda da əsas istiqamət kimi götürülüb. Ölkədə idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğı idmançılarımızı gələcəkdə daha böyük uğurlar qazanmağa sövq edir. Ümummilli liderin çıxışlarında səslənən "Azərbaycan Milli Olimpiya Komitəsinin qurub yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür”, "Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək, millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk”, "Biz quruculuq işlərini aparmışıq, apırırıq və gələcəkdə daha sürətlə aparacağıq”, "Gələcək Olimpiya oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da yüksək inkişaf edəcəkdir” kəlamları atletlərimizi gələcəkdə daha böyük qələbələrə ruhlandırır.


Dilqəm Quliyev,
AzDBTİA-nın prorektoru, professor