Arını qoruyaq – Dünyamızı qoruyaq !

Arını qoruyaq – Dünyamızı qoruyaq !


Son illərdə dünyanın bir çox yerlərində arıların kütləvi surətdə məhv edilməsinin şahidi oluruq. Bu hadisələrin əsas səbəbi insanların təbiətə qarşı səhlənkar münasibət bəsləməsi, arıların xəstəlikləri və arı ailələrinin immun sisteminin aşağı olmasıdır. Biz əminik ki, bu prosesi dayandırmaq üçün təkcə aliml, arı mütəxəssisləri deyil, bütün cəmiyyət öz qüvvəsini səfərbər etməlidir.
Arılar-sağlamlıq üçün təhlükəsiz və vacib olan arı məhsulları;
Arılar-təbiətlə sıx təmasda olmaq imkanı;

Dünya şöhrətli riyaziyyatçı Albert Eynşteyn arılar haqda deyib:
"Arılar -bol məhsul deməkdir”, "İnsanların gözəl gələcəyi üçün qoy həmişə günəş olsun, qoy həmişə səma olsun, qoy həmişə gül-çiçək və arılar olsun”, "Axırıncı arının məhvidən 4 il sonra yer kürəsində insanlar da məhv olacaq.”


ən-Nəhl ("bal arısı”) surəsi
68. Rəbbin bal arısına belə vəhy etdi:”Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
69. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər var.
Məhəmməd (ə.s) peyğəmbər balın qiyməti və vacib müalicəvi əhəmiyyəti olduğunu öz kəlamlarında qeyd etmişdir. "Bal - bütün dərdlərin dərmanıdır. Onu qəbul etmək belə insanlara uğur gətirir” – demişdir.


Balın tarixi
İnsan yer üzündə məskən salmamışdan qabaq arılar artıq yüksək təşkil olunmuş icma formasında yaşayırdılar. Qida axtarışında olan qədim insanlar şübhəsiz ki, bal ilə daha tez qarşılaşmışlar. Daş dövründəki insanlar üçün balın əhəmiyyəti böyük idi. İlk arıların nə vaxt yaranmasını təyin etmək mümkün deyil. Ola bilsin ki, onlar 70 min il bundan qabaq mövcud olmuş, heyvan və bitki aləminin inkişafından da əvvəl yaranmışlar. Ispaniyada Valensiya yaxınlığındakı La Arans mağarasındakı rəsm 16 min il bundan əvvəlki dövrlərə aid olunur.Buradakı təsvirlər onu göstərir ki, hələ daş dövründən qədim insanlar arı ovuna çıxıb bal axtarışı ilə məşqul olmuşlar. 1952-çi ildə Meksikanın cənubunda Çianasda,Yutlandiya və Zamlandiya sahillərində kəhrəba qatranının içərisində tapılmış arı 30-35 min il əvvəli əhatə edir və bu günki dövrümüzdəki arıların quruluşu ilə eynidir.
E.ə 3-cü minillikdə yaşamış qədim Şumerlərin mifologiyasında Allahın elcisi olan İzimund insanlara qida olaraq 8 cür bitki vermişdir. Bunlardan biri də "bal bitkisi”dir. Şumerlərin bir çox adətlərində bal istifadə olunub, hətta poeziyalarında,məhəbbət mahnılarında balın adı çəkilir. "Sənin gözəlliyin, füsunkarlığın bal kimi şirindir” sözlərinə rast gəlinir. Nepurda tapılmış gil lövhə üzərində qədim şumer təbiblərinin müalicə üçün baldan istifadə etdikləri reseptlərə rast gəlinmişdir.
Qədim Xetlər də bala böyük əhəmiyət vermişlər, çünki, onlar artıq arıçılıqla məşqul olur və arılar dövlət tərəfindən qorunurdu. Belə ki, arı ailələrini oğurlayanlar cəriməni gümüş ilə ödəməli idilər. Qədim Misirdə müxtəlif dövrləri əhatə edən divar rəsmlərində balın istehsalı, arılara qulluq kimi təsvirləri görmək olar. Papiruslarda yazılan reseplərdə həkimlərin sidikqovucu, möhkəmləndirici, göz xəstəliklərində, həmçinin yanıq və yaralarin sağalmasında baldan istifadə etdiklərini görürük. E.ə 3 min il əvvəl aid edilən Misir səltənətinin 24-cü sülaləsindən olan Pebes türbəsi üzərində pətəyin qarşısında dizi üstündə arıçı təsvir olunub.
Yunan mifologiyasında Homerə görə bal allahların sevimli qidası sayılırdı. Rəvayətə görə, Zevsi nimfalar mağarada bal və keçi südü ilə bəsləyirmişlər. Bal ilahə Demetranın töhvəsi hesab edilir, əhatəsindəki mələklər isə Melissa ( yəni arılar) idi.
Tibbin atası sayılan Hippokrat baldan ən geniş yayılmış dərman vasitəsi kimi istifadə edirdi. İlk növbədə bal ilə o, irinli yaraları, qızdırmanı müalicə edirdi. Onun tələbələri turş balı, ballı sirkəli suyu ən keyfiyyətli dərman kimi qiymətləndirirdilər. Onun baldan hazırlanan 300 resepti məlumdur. Bunlardan 60-ı məhlul halında hazırlanırdı. Bal və arılar qədim yunanlar üçün sirli və heyranedici ilahi gücə malik idi.
Mənbələr göstərir ki, əsrlər dəyişdikcə insanlar arılar haqda və bal hazırlanması sahəsində daha çox biliklər əldə ediblər.
Azərbaycanda da arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl lX-Vlll əsrlərdə bu qədim torpaqlarda arıçılıqla məşqul olublar. Qədim zamanlarda arılar ağac oyuqlarında, səbətlərdə saxlanılırdı.
X-Xll əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir. Hətta arıçılıq məhsulları Azərbaycandan xarici ölkələrə satılırdı. Dahi şair və mütəfəkkirlərimiz Nizami Gəncəvi və Xaqani Şirvani öz əsərlərində Azərbaycan balını ilhamla tərənnüm ediblər. Bütün bu arxeoloji materiallar onu sübut edir ki, arıların bu qədər mükəmməl hazırladıqları bal qədim insanlardan başlayaraq bu günkü günə kimi qida məhsulu və müalicə vasitəsi olaraq qalır.

14 sentyabr - ÜMUMDÜNYA ARILARIN QORUNMASI GÜNÜDÜR
WSBF – 14 sentyabr arıların qorunması günü kimi qeyd edilməsi təşəbbüsünü dəstəkləməyə çağırır. Bu tarix təsadüfü seçilməyib. Dünyanın müxtəlif yerlərində bu günkü gün arıçılıq mövsümünün bağlanması ilə əlaqədardır. Artıq beş ildir ki, Rusiya, Qazaxstan, Ukrayna, Qırğızıstan, Azərbaycan və digər MDB ölkələrində bu tarix qeyd edilir.


Sevinc Ağayeva,
Api Sağlamlıq Mərkəzinin apidietoloqu