Çingiz Şamilov: “Ömrümü idmana həsr etmişəm”

Çingiz Şamilov: “Ömrümü idmana həsr etmişəm”

Çingiz Şamilov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi, idman gimnastikası üzrə ümumittifaq kateqoriyalı hakim, Azərbaycan bədən tərbiyyəsi və idmanı əlaçısı, SSRİ bədən tərbiyəsi və idmanı əlaçısıdır. O, Olimpiya çempionu Valeri Belenkinin məşqçisidir. Ömrünün ən gözəl illərini idmana həsr edən Çingiz müəllim keçmişə boylananda ürəyi fərəhlə döyünür. Bu gün də gümrah görünən veteran idmançının deməyə sözü çoxdur.
70 illik yubileyini qeyd etməyə hazırlaşan Çingiz Şamilov bugünlərdə redaksiyamızın qonağı oldu. Söhbət zamanı yubilyar idmana gəlişi, keçdiyi ömür yolu və karyerası ilə bağlı maraqlı məqamaları, xatirələri bizimlə bölüşdü.

- Çingiz müəllim, idman sizin üçün nə deməkdir?
- İdman hər bir insanın həyatında böyük rol oynayır. İdman həm də sağlamlıq deməkdir. Sağlamlıq təbiətin bizə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Bu nemət bizə məqsədimizə çatmağa, istənilən çətinliyin öhdəsindən gəlməyə kömək edir. Belə bir deyim var: "Sağlam bədəndə sağlam ruh olar”. Bir sözlə, idman mənim həyatımdır. Əldə etdiyim uğurlara və nailiyyətlərə görə, məhz bu sahəyə borcluyam.


- Uşaqların, gənclərin fiziki və mənəvi inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Valideyinlərə tövsiyə edirəm ki, övladlarını körpə yaşlarından idmana yönəltsinlər. Çünki idmanla məşğul olmaq uşağa nəinki fiziki güc verir, həmçinin özünə əminlik hissi yaradır. Uşaqların erkən yaşlarından gimnastika ilə məşğul olması onlarda düzgün qamət formalaşdırır, hərəkətlərinə elastiklik və çeviklik verir. Gimnastikadan sonra isə istənilən idman növündə yüksək nəticə əldə etmək mümkündür. Düşünürəm ki, idman həm də uşaqlarda və gənclərdə vətənə, torpağa məhəbbət hissinin formalaşmasında mühim rol oynayır. Vətənpərvərlik hissi olmayan idmançı heç vaxt ölkəsini layiqincə və şərəflə təmsil edə bilməz.

- Niyə məhz idmanın gimnastika növünə üstünlük verdiniz?
- Düzünü desəm, uşaqlıqda gimnast olacağımı düşünmürdüm. Xatırlayıram ki, kiçik yaşlarımda qohumlar, qonşular mənim mühəndis olacağımı deyirdilər. Mən uşaqlıqdan taxtadan müxtəlif oyuncaqlar düzəldirdim. Belə şeylərə böyük həvəsim var idi. Gimnastikaya gəlişim isə təsadüfi olub. İdman müəlliminin tövsiyəsi ilə bu sahəyə gəlmişəm. Mən Oktyabr rayonundakı (indiki Yasamal rayonu) yerləşən 16 nömrəli orta məktəbdə təhsil almışam. Həmin məktəbdə Nikolay Rayev adlı bədən tərbiyəsi müəllimimiz var idi. İdmana gimnastikadan gələn Nikolay Rayev çox istedadlı insan idi. O, dərs dediyi məktəbdə bacarıqlı, fiziki imkanları yüksək olan uşaqları seçir, "Burevestnik” cəmiyyətinə yazdırırdı. O dövrdə "Burevestnik” cəmiyyəti məktəblərdə idmana həvəsi və istedadı olan uşaqların həmin cəmiyyətə cəlb olunması üçün böyük işlər görürdü. Maraqlıdır ki, orta məktəb müəllimlərinin seçdiyi 20-30 şagirddən cəmiyyətin peşəkar mütəxəssisləri tərfindən yalnız 5-6-sı seçilirdi. Yaşımın kiçik olmasına baxmayaraq, məni "Burevestnik” cəmiyyətinə qəbul etdilər. İlk məşqçim Miri Vahabov olub. Sevindirici haldır ki, indi uşaqları idman gimnastikasına altı, bədii gimanstikaya isə dörd yaşından qəbul edirlər.

- Əmək fəaliyyətinə də idmandan başladınız...
- Ali məktəbi bitirdikdən sonra Bakı İdman Komtisəinə işə düzəldim. Təqribən 7-8 ay orada işlədikdən sonra Respublika İdman Komitəsinə dəvət olundum. Bir müddət sonra Azərbaycan SSR Nazirlər Sovetinin yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, respublika dərəcəli məşqçi Abbas Nəsirov məni yanına çağırdı. Abbas müəllim mənə dedi: "Məni başqa işə keçirirlər. Yerimə sənin təqdimatını vermişəm”. Mən ona: "Bacarmaram” - deyə etiraz etsəm də, o qərarında qəti idi. Demək istəyirəm ki, ömrümü idmana həsr etmişəm.

"Bayrağımızın yüksəldiyini görəndə göz yaşlarımı saxlaya bilmirəm”

- Çingiz müəllim, fəaliyyətinizlə bağlı bir çox xarici ölkələrdə və beynəlxalq yarışlarda olmusunuz. Təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Xarici ölkəyə ilk səfərim 1966-cı ildə yığma komandanın tərkibində Polşada keçirilən yarışda iştirakımla bağlı olub. Amma 1990-ci ildə İspaniyanın Alikante şəhərində keçirilən dünya çempiontı yaddaşımda daha xoş xatirələrlə qalıb. O vaxt mən Gimnastika Federasiyanın baş katibi, həm də Milli Olimpiya Komitəsində (MOK) aparıcı mütəxəssis vəzifəsində çalışırdım. Komandamızın dünya çempionatında iştirak etməsi üçün müəyyən məbləğdə vəsait tələb olunurdu. Dünya çempionatında iştirak etmək üçün bizim mailiyyə dəstəyinə ehtiyacımız var idi. Qismət elə gətirdi ki, belə bir adam tapıldı və komandanın maliyyə xərclərini öz üzərinə götürdü. Şirkət rəhbəri olan bu xeyirxah insanın aerobikaya, gimnastikaya böyük marağı var idi. Sevindirici hal idi ki, ölkənin üç telekanalının nümayəndələri də dünya çempionatını işıqlandımaq üçün bizimlə birgə İspaniyaya yola düşdülər. Yeri gəlmişkən deyim ki, peşəkar teleşərhçi Fikrət Adıgözəlov da onların arasında idi. Azərbaycan ilk dəfə komanda şəklində dünya çempionatında iştirak edirdi. Çempionatda idmançılarımızın Azərbaycanın bayrağı altında çıxış etmələri ən xoş xatirə kimi yaddaşıma həkk olunub. Həmin dövrdən illər keçib və çox şey dəyişib. Ölkəmiz dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan gimnastika sahəsində güclü inkişaf etmiş Rusiya, Ukrayna, Portuqaliya, Belarus və s. ölkələrlə rəqabətə girir və qızıl medala sahib olur. Bu, ölkəmizin gimnastika sahəsində böyük inkişaf və yüksəlişə malik olmasının əyani sübutudur. Bu, hamımız üçün gürurvericidir. Həmişə ekran qarşısında oturub gimnastlarımımzın çıxışlarını həvəslə izləyirəm. Qələbədən sonra bayrağımızın yüksəldiyini görəndə göz yaşlarımı saxlaya bilmirəm.

- Həyatınızda qürur verən anlar çox olubmu?
-1989 ildə SSRİ çempionatı keçirilirdi. Mən əvvəlcədən qələbəmizə əmin olduğum üçün Azərbaycanın bayrağını və dövlət himni yazılan kaseti özümlə götürmüşdüm. Final mərhələsində yarış təşkilatçılarına yaxınlaşaraq bayrağı və himni onlara təqdim etdim. Onlar çox təəccübləndilər. Çünki adətən belə yarışlarda Rusiya, Ukrayna və Belarus idmançılarının qələbəsi gözlənilən idi və məhz bu ölkələrin himni, bayrağı hazırlanırdı. Qeyd edim ki, həmin çempionatda ikiqat Olimpiya, dördqat dünya çempionları olan gimnastlar yarışırdılar. Mən zənnimdə yanılmamışdım: Valeri Belenki gərgin və maraqlı oyun nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Himnimiz oxundu, bayrağımız yüksəldi. Belenkini bu qələbədən sonra yığma komandanın tərkibinə daxil etdilər. Mən bununla gürür duyurdum.
Həyatımda mənə qürur verən hadisələrdən biri də SSRİ-nin süquti ilə bağlı ilə baş verib. Belə ki, mövcud sistem dağıldıqdan sonra idman sahəsində də müəyyən problemlər yaşandı. Rusiyanın yeni seçilmiş Prezidenti Boris Yeltsin Belenki də daxil olmaqla, digər ölkələri təmsil edən rusəsilli idmançıların Rusiya bayrağı altında çıxış etmələrini tələb edirdi. Mən təcili Moskvaya uçdum və Valeri Belenki ilə görüşdüm. Vəziyyət çox ciddi idi: idmançıların əksəriyyəti əvvəl təmsil etdikləri respublikaları tanımaq istəmirdilər. Təmsilçimizlə xeyli söhbət etdikdən sonra ona müəyyən mətləbləri başa saldım. Ruslara da öz iradımı bildirdim. Nəticədə, hər şey biz istədiyimiz kimi oldu. Valeri Belenki yarışlarda Azərbaycanın təmsilçisi kimi çıxış edirdi. Bir dəfə, heç yadımdan çıxmaz, Valeri Belenki böyük jest elədi. Yarışda çıxış edən idmançımızın formasının yaxalığındakı kiçik vımpel üzərində "Azərbaycan” sözü yazılmışdı. O, bu yarışda qalib gəldi. Mükafatlandırma mərasimində "Azərbaycan” sözü görünsün deyə boynundan asılan medalın lentini kənara çəkdi. Bu, Belenkinin Azərbaycanı təmsil etdiyinı görə qürur duyduğunu göstərirdi.


"İdmançının uğur qazanmasında, təbii ki, məşqçinin rolu böyükdür”

- Uzun müddət məşqçi işləmisiniz. Bir təcrübəli mütəxəssis kimi gənc məşqçilərə nə tövsiyə edərdiniz?
- Mən bir mütəxəssis kimi, əminliklə deyə bilərəm ki, gimnastika bütün idman növlərinin əsasında dayanır. Çünki gimnastika ilə məşğul olan atlet məşğul olduğu digər idman növündə müəyyən bacarığa sahib olur. Burada idmançının etdiyi gimnastik hərəkətlər mühim əhəmiyyət kəsb edir. Necə deyərlər, idmançı üçün gimnastika bir növ baza xarakteri daşıyır. Məsələn, güləşçilər döşək üzərində istər-istəməz gimanstika elementlərinə müraciət edirlər. Təbii ki, söhbət yalnız güləşdən getmir, bura həmçinin digər idman növləri də daxildir. Özünü qorumaq, bədənin elastikliyi sayəsində zədə almamaq məhz gimanstikanın köməyi ilə mümkündür. Əlbəttə, hər bir idman növündə olduğu kimi, gimnastikada da zədələr qaçılmazdır. Bu, məşq prosesində idmançının lazımı qaydada və yüksək səviyyədə hazırlıqlı olmamasından irəli gəlir. Tutaq ki, gimnast məşqdə lazım olan 10 hərəkətdən 9-nu yerinə yetirirsə, bu zaman ondan yarışda yüksən nəticə gözləmək mümkün deyil.
İdmançını uğur qazanmasında təbii ki, məşqçinin də rolu böyükdür. Əgər məşqçi müəyyən amillərin idmançıya təsir gücünü bilmirsə, o, həmin gimnastı istədiyi səviyyəyə çatdıra bilməyəcək. Məşqçi şagirdinə nəyi, necə və nə vaxt yerinə yetirməli olduğunu başa salmalı və ona səhvlərindən nəticə çıxarmağa şərait yaratmalıdır. Peşəkar və təcrübəli məşqçi istedadlı uşaqları erkən yaşlarından üzə çıxarmağı bacarmalıdır. Düşünürəm ki, hər bir insan seçdiyi peşəyə uyğun sahədə çalışmalıdır.

- Ölkəmizdə idmanın inkişafını necə dəyərləndirirsiniz?
- Ölkəmizdə idman və Olimpiya Hərəkatı çox yüksək səviyyədə inkişaf edib. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə (MOK) prezident seçilməsindən sonra Azərbaycanın idman və Olimpiya Hərəkatında yeni dövrün başlanğıcı qoyulub. Ölkənin birinci xanımı, millət vəkili, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, gimnastika sahəsində böyük uğurlara nail olmuşuq. Atletlərimiz dünya və Avropa birinciliklərində, Olimpiya oyunlarında biri-birinin ardınca inamlı qələbələr qazanırlar. Sevindirici haldır ki, ölkəmizdə idmançı və məşqçilər üçün də hər bi şərait yaradılıb. Müasir standartlara uyğun inşa edilən Olimpiya idman kompleksləri, stadionlar, zallar əhalinin istifadəsinə verilib. Buyaxınlarda Avropa Oyunlarına sınaq xarakteri daşıyan gimnastika üzrə açıq ölkə çempionatı keçirildi. Maraqlıdır ki, bu çempionatda tamaşacılar dünya təcrübəsində ilk dəfə olaraq eyni vaxtda bir necə yarışı izləmək imkanına malik oldular. Sevindirici haldır ki, bu təcrübə məhz Azərbaycanda sınaqdan keçirildi. Yarışlar həm də Milli Gimnastika Arenasının böyük imkanlara malik olduğunu bir daha sübüt etdi.
Azərbaycan mühim və mötəbər idman tədbirlərinin mərkəzinə çevrilib. Sevindirici haldır ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına da ölkəmiz ev sahibliyi edəcək. İnanıram ki, Azərbaycan bu möhtəşəm idman tədbirini yüksək şəkildə keçirəcək. İlk Olimpiya Oyunlarının vətəni Afina olan kimi, Bakı da ilk Avropa Oyunlarının paytaxtı olacaq.

- Çingiz müəllim, övladlarınızdan yolunuzu davam etdirən varmı?
- İki qız övladım və iki oğlan nəvəm var. Onların heç biri idmanı seçməyib. Böyük nəvəm Rüfət Respublika Olimpiya İdman Liseyini bitirib. Milli Aviasiya Akademiyasının məzunu olan Rüfətin 24 yaşı var, təyyarəçidir. Qeyd edim ki, o, birinci kursu Türkiyədə oxuyub. Təhsilini magistratura pilləsində davam etdirən nəvəm hazırda hərbi xidmətdədir. İyun ayında evə qayıdacaq. Digər nəvəm Fərid isə 10-cu sinifdə oxuyur. Əlaçıdır. Mən övladlarım və nəvələrimdən çox razıyam.
Səadət Hakıyeva
Türkay Niftəliyeva