
Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunan "İlin Qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirildi. Olimpnews.az saytının məlumatına görə, "Qafqaz Point" hotelində təşkil olunan mərasimdə 8 nominasiya üzrə qaliblər mükafatlandırıldılar.
Açılış sözü ilə çıxış edən İdman Araşdırmalar sədri Elşən Məmmədov tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi: "Təşkilatımız bir sıra layihələr həyata keçirib. Bütün əlamətdar tədbirlərlə bağlı layihələrimiz olub. Bu işdə bizə federasiya və qurumlar köməklik edib. İlk ildə sorğumuzda 34 KİV nümayəndəsi, bu dəfə isə 48 nümayəndə iştirak etdi. Biz bu layihəyə 7 nominasiya ilə başlamışdıq. İndi isə say artıb".
E. Məmmədov həm futbol, həm "Bakı-2015", həm də digər yarışlarda qazanılan uğurlardan danışdı.
Tədbir iştirakçılarına İAM-ın cari ildə həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş etdirildi. Sonra ilin qalibləri mükafatlandırıldı.
"İlin idman xadimi": Sadıq Sadıqov - "Neftçi" İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa Oyunlarında "Neftçi" İdman Klubunun digər klublardan çox - 16 idmançısı medal qazandığı üçün);
"İlin futbolçusu": Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün);
"İlin idmançısı" (digər növlər üzrə): Rəsul Çunayev - yunan-Roma güləşçisi ("Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu);
"İlin əcnəbi futbolçusu" (bütün növlər üzrə): Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə);
"İlin komandası" (futbol və digər növlər üzrə): "Qəbələ" futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün), Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün);
"İlin baş məşqçisi" (futbol və digər növlər üzrə): Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün);
"İlin mətbuat katibi" (futbol və digər növlər üzrə): Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası);
"İlin idman jurnalisti": İlkin Fikrətoğlu (ATV).
Media ilə sıx və səmərəli əməkdaşlığa görə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da İAM tərəfindən mükafatlandırıldı. Həmçinin, idman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə, tanınmış jurnalist Mehman Süleymanova "Həmrəylik Kuboku" təqdim edildi.