“Anamın sözləri heç yadımdan çıxmırdı”

“Anamın sözləri heç yadımdan çıxmırdı”

Ən qədim idman növlərindən biri olan güləş respublikamızda öz populyarlığı ilə seçilir. Bu növ ölkəmizdə kütləvi şəkildə inkişaf edir. Pəhləvanlarımız Azərbaycanın idman şərəfini daim uca tuturlar. Müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazanılan medallar belə deməyə əsas verir.
Şübhəsiz ki, nailiyyətlərin əldə olunmasında məşqçilərin rolu böyükdür. İdman məktəblərində, klublarda, idman cəmiyyətlərində çalışan təlimatçı-metodistlər də qələbəyə aparan yolda xüsusi paya sahibdirlər. Bu insanlar güləşin təlim metodikasının taktiki, texniki və fiziki hazırlıq prosesinin hansı formada hıəuyata keçirilməsinin tədrisi ilə məşğuldurlar. Təlimatçı-metodistlərın tövsiyə və məsləhətləri gənc məşqçi- müəllimlərin işini xeyli asanlaşdırır. Güləşin təlim metodikasını dərindən bilən, böyük təcrübəyə malik olan, öz bilik və bacarıqlarını gənc məşqçilərə həvəslə öyrədən təlimatçı-metodistlərdən biri Hümbət Cavadovdur. Sərbərt güləş üzrə SSRİ idman ustası olan Hümbət müəllim 12 ildir ki, 6 saylı uşaq-gənclər güləş idman məktəbində çalışır. "Olimpiya dünyası” qəzeti ilə müntəzəm əməkdaşlıq edən təcrübəli mütəxəssislə onun iş yerində görüşdük. Hümbət müəllim idmana gəlişi, güləşdə əldə etdiyi nailiyyətlər və diğər məsələlərlə bağlı suallarımızı ətraflı cavblandırdı.

- Artıq 50 ildir ki, güləşdəsiniz. Öz təcrübənizdən yararlanaraq, gənc məşqci-müəllimlərə tövsiyələr verirsiniz. Amma bu barədə sonra daha ətraflı danışacağıq. İstərdim ki, əvvəlcə güləşə gəlişinizi, əldə etdiyiniz nailiyyətləri yada salasınız.
- 1947-ci ildə Şamaxıda anadan olmuşam. 14-15 yaşlarımda güləşə həvəs göstərmişəm. İlk məşqlərə Azərbaycanın görkəmli məşqçilərindən biri, yüksək insanı keyfiyyətləri və təcrübəsi ilə fərqlənən Xankişi Hüseynovun rəhbərliyi altında başlamışam. Yeri gəlmişkən deyim ki, Şamaxıda sərbəst güləş məhz Xankişi müəllimin sayəsində inkişaf edib. Rayonda olarkən "Məhsul” idman cəmiyyətinin təşkil etdiyi yarışlarda mübarizə aparırdım. Uğurlarım az olmayıb. Yeniyetmələr və gənclər arasında dəfələrlə I yerə layiq görülmüşəm. Bir müddət sonra Sumqayıtda "Neftçi” idman cəmiyyətində məşq etmişəm. 1966-cı ildə Ukraynanın yığma komandası Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirmək üçün Bakıya gəlmişdi. Həmin görüşdən sonra qonaq komanda Sumqayıt yığması ilə görüşdü. Həmin vaxt mən də Sumqayıt yığmasının heyətində idim. Ukraynalı rəqiblərim ilə keçirdiyim bütün qarşılaşmalarda böyük üstünlüklə qalib gəldim. Qonaq komandanın baş məşqçisi mənə yaxınlaşaraq dedi ki, sən mütləq Ukraynaya gəlməlisən. Düzü, bu təklif məni təəccübləndirdi. Həm də tərəddüd etdim. Fikirləşdim ki, rayonda doğulub-böyüyən 18 yaşlı uşaq yad bir ölkədə necə baş çıxara bilər?
- Valideynləriniz bu məsələyə necə baxdılar?
- Sözsüz ki, bu mənim tək başıma verəcəyim qərar deyildi. Valideynlərimlə məsləhətləşdim. Anam Ukraynaya getməyimə razılıq vermirdi. Xeyli müzakirələrdən sonra, nəhayət, anam mənimlə razılaşdı. Beləliklə, Odessa şəhərinə yola düşdüm.
- Yəqin ki, yeni mühitə, yad şəhərə uyğunlaşmaq asan olmadı...
- Bir müddət çətinlik çəkdim: tanımadığım şəhər, yad insanlar, üstəlik dil problemi... Bütün binlara baxmayaraq, fikirləşirdim ki, doğma respublikamızı, xalqımızı ləyaqətlə təmsil etməliyəm. Məni Odessaya yola salanda anam dedi: "Oğul, gedirsən, amma bunun qayıtmağı da var. Elə et ki, başımız aşağı olmasın”. Anamın sözləri heç yadımdan çıxmırdı. Nə isə... Başladım gərgin məşqlərə. İlk dəfə çıxış etdiyim Odessa vilayət birinciliyində qızıl medala layiq görüldüm. SSRİ-nin qəhrəman şəhərlərinin cempionatında da birinci oldum. Ukrayna komandası Bolqarıstanın Varna şəhərində iki yoldaşlıq görüşü keçirdi. Hər iki yarışda qələbə qazandım. Yeri gəlmişkən deyim ki, Varnada əldə etdiyim uğur udman karyeramda təkan rolunu oynadı. Bu qalibiyyət mənə lazım idi: özümü təsdiqləməli idim. Sonra Ukrayna birinciliyi keçirildi. Həmin turnirin çempionu oldum. Yarışdan sonra bir nəfər mənə yaxınlaşdı və dedi ki, məni Kiyevə aparmaq istəyir. Sonradan öyrəndim ki, bu adam sərbəst güləş üzrə Ukrayna yığmasının baş məşqçisi, SSRİ yığmasının isə ikinci məşqçisidir. Xeyli söhbətdən sonra Kiyevə getməyə razı oldum. Məşqlərimi burada daxam etdirir, paralel olaraq, qəbul imtahanlarına hazırlaşırdım. Sənədlərimi Ukrayna Dövlət Bədən Tərbiyəsi İnstitutuna verdim və qəbul olundum. Həmin dövrlərdə SSRİ idman ustası normasını yerinə yetirdim.
- Tələbəlik dövründə yarışlarda iştirak edirdiniz?
- Əlbəttə. O vaxt gənclər arasında güləşirdim. Kiyev şəhər birinciliyində, "Burevestnik " cəmiyyətinin keçirdiyi yarışlarda, həmçinin Ukrayna birinçiliyində qızıl medala layiq görüldüm. Məni Ukrayna yığmasına dəvət etdilər. 1970-ci ildə Azərbaycana qayıtdım.
- Təhsiliniz yarımçıq qaldı?
- Xeyr, Təhsilimi Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda davam etdirdim. Ali məktəbi bitirdikdən sonra təyinatla Şamaxıya göndərildim və Pedaqoji Texnikumda işə başladım. Rayonda həm özüm güləşir, həm də uşaqlara bu növün sirlərini öyrədirdim. Tez-tez " Məshul” İC-in yarışlarında çıxış edirdim. 1973-cü ildə milli güləş üzrə respublika çempionu oldum. Güləşə olan bağlılığım 30 yaşıma qədər güləşməyimə imkan verib.
- Eşitdiyimizə görə , sonralar yenidən Ukraynaya qayıtmısınız...
- 1987-ci ildə Xarkova getdim. 13 il orada məşqçi kimi fəaliyyət göstərdim. 2000-ci ildə Bakıya gəldim. Bir ildən sonra 6 saylı Uşaq-Gənclər Güləş İdman Məktəbində təlimatçı-metodist kimi çalışmağa başladım. Yeri gəlmişkən deyim ki, məktəbimizdə hər cür şərait var. Direktor Vüqar İsmayılov işə yanaşma tərzi ilə fərqlənən bir insandır. O, tələbkarlığı ilə seçilir və etiraf edim ki, məhz bu xüsusiyyət işimizə müsbət təsir göstərir. Bizim əsas vəzifəmiz bir güləş məktəbi kimi uşaqlara bu növün sirlərini dərindən aşılamaq, onları 18 yaşına qədər yüksək səviyyədə hazırlamaqdır. Belə demək mümkünsə, bizim məktəbimiz, bir növ, tramplin rolunu oynayır. Yəni, burada məşğul olan uşaqlar 18 yaşından sonra idman klublarına, idman cəmiyyətlərinə qəbul olunurlar.
- Hümmət müəllim, danılmaz faktdır ki, ölkəmizdə güləş yüksək şəkildə inkişaf edib. Hazırda respublikamızda ən populyar idman növünün güləş olduğunu desək, yanılmarıq. İstərdik ki, təcrübəli bir mütəxəssis kimi sizin də bu sahə ilə bağlı fikirlərinizi öyrənək.



- Doğru deyirsiniz. Güləş Azəybaycanda çox populyardır və geniş yayılıb. Bütün idman növləri kimi, güləşə də yüksək qayğı göstərilir. Məhz buna görədir ki, pəhləvanlarımız beynəlxalq arenalarda uğur qazanırlar. Təkcə ötən il Londonda keçirilən Olimpiya oyunlarında qazandığımız medalları yada salmaq kifayətdir ki, güləşin respublikamızda hansı səviyyədə olması barədə təsəvvür yaransın. Azərbaycan Güləş Federasiyası (AGF) idmançılarımızın hər bir problemi ilə dərindən maraqlanır, bu növün kütləviliyinə çalışır. Federasiyanın "Hər ailədə bir güləşçi” adlı devizi çox şeydən xəbər verir. AGF-in baş katibi Əjdər Cəfərov məktəbimizin fəaliyyəti ilə tez-tez maraqlanır, qarşıya çıxan problemlərimizin həllində əlindən gələni əsirgəmir. Bütün bunlar isə, sözsüz ki, məsuliyyətimizi, həmçinin işə olan həvəsimizi artırır.
- Hümbət müəllim, güləşin metodikası ilə bağlı hazırda vəziyyət nə yerdədir? Təcrübəli metodist kimi bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- Etiraf etmək lazımdır ki, güləşin nəzəriyyəsinə və metodikasına aid Azərbaycan dilində kitablara böyük ehtiyac var. Çünki təlim metodikasını dərindən bilmədən uğur əldə etmək çətindir. Əlbəttə, respublikamızda bu istiqamətdə müəyyən işlər görülür. Az DBTİA-nın professoru Xanlar Qurbanovun da bu işdə əməyi böyükdür. Akademiyada çalışan Yaşar Cəlalov, Camal Yaqubov, Yaqub Abdullayev və Rafiq Hacıyev kimi mütəxəssislər güləşi dərindən bilən insanlardır. İnanıram ki, onların həyata keçirdiyi işlər, hazırladıqları nəzəri biliklər Azərbaycan güləşinə daha böyük töhfələr verəcək.
- Necə düşünürsünüz, əsl məşqçi hansı xüsusiyyətlərə malik olmalıdır?
- Məşqçilik çətin və məsuliyyətli bir peşədir. Bu peşənin sahibi səmimi, mehriban, öz yetirməsinin qayğısına qalan, yetirməsini öz övladı kimi sevməyi bacaran insan olmalıdır. Mən gənc məşqçi-müəllimlərlə söhbətlərimdə məhz bu amilləri vurğulayıram. Məşqçi həm də psixoloq olmalıdır ki, öz tələbələrini yarışlara psixoloji cəhətdən hazırlaya bilsin. Məşqçi bilməlidir ki, təlimin forması, vasitəsi, metodu və vəsait dəyişə bilər. Dəyişməz qalan yalnız təlimin prinsipləridir. Əsl məşqçi səmimiliyi, tələbkarlığı və insani keyfiyyətləri ilə bu prinsipləri daha da önəmli edir, yetirməsinin nailiyyətləri üçün çalışır. Gənc məşqçilər bilməlidirlər ki, kiçik yaşlıların məşqi böyüklərin məşqi ilə müqayisədə daha çətin və ağır bir proses kimi qiymətlədirilir. Xüsusilə baza texnikasında texniki fəndlərin öyrədilməsi və təkmilləşdirilməsi müqayisə olunmaz dərəcədə fərqli və çətindir. Məhz buna görə də ibtidai hazırlıq qrupları ilə işləyən gənc məşqçi-müəllimlər çalışmalıdırlar ki, ilk növbədə daha səbirli, uşaqlara qarşı daha diqqətli, qayğıkeş və mehriban olsunlar.
Məşqçi-müəllimlər unutmamalıdırlar ki, həmişə fiziki yükü uşaqların gücü çatdığı dərəcədə vermək lazımdır: onları yarışlarda qələbə qazanmağa məcbur etmək olmaz. Hər bir güləşçinin təməl hazırlığı mərhələsindən başlayaraq yüksək ustalığa qədər hazırlıq paralel və məqsədyönlü aparılmalıdır. Əlbəttə, güləşçinin bütün hazırlıq mərhələlərində baza texnikasının, baza fəndlərinin öyrədilməsinin və təkmilləşdirilməsinin özünəməxsus yeri var. Bütün idman növlərində olduğu kimi, güləşdə də texnika və taktika müərəkkəbliyi ilə bərabər, həmişə maraqlılığı ilə də diqqəti cəlb edir. Güləşmədə taktika həmişə texnika ilə əlaqəlidir və bunların biri digərini tamamlayır. Güləşçi texniki cəhətdən nə qədər hazırlıqlı olarsa, onun taktiki hazırlıq üsulları və taktiki kombinasiyaları da çoxşaxəli olar.
Mənim məşqçim - əməkdar məşqçi, Fəxri bədən tərbiyəsi və idman xadimi Xankişi Hüseynov məhz qeyd etdiyim keyfiyyətlərə malikdir. Hazırda Xankişi müəllimin 80 yaşı var. Etiraf edim ki, mən bu gün də məşqçimdən çox şey öyrənirəm. Çünki o, güləşin nəzəriyyəsini və təlim-metodikasını dərindən bilir. Güləşdə öyrəndiklərimə görə Xankişi müəllimə minnətdaram.
- Hümmət müəllim, heç ailənizdən danışmadınız. Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?
- İki oğlum, iki qızım var. Hamısı ali təhsillidir. Onlardan razıyam. Kiçik oğlum Azərbaycan Dillər İnstitutunu qırmızı diplomla bitirdikdən sonra İspaniyanın Valensiya şəhərində magistraturaya daxil oldu. Oranı müvəffəqiyyətlə başa vurdu. İndi doktoranturada təhsilini davam etdirir. Eyli zamanda, bir neçə xarici dil bilir. Bir sözlə, övladlarımdan tam razıyam. Onların bu səviyyəyə catmasında həyat yoldaşımın da əməyi çoxdur. Hesab edirəm ki, valideyn mehriban olmalı, eyni zamanda, tələbkarlığını qorumalıdır. Bu, xoşbəxt ailənin əsasını qoyan amildir.

Hürrü Abdullayev