Müsahibim Kazım Əliyev 1951-ci ildə Bakı şəhərində anadan olub. Güləşçidir. 1971-ci ildə təşkil edilən ölkə birinciliyində qalib gələrək idman ustası normasını yerinə yetirib. Kazım müəllim Bakı Dövlət Universitetinin məzunudur. 1978-ci ildə İxtisaslaşdırılmış Uşaq Güləş Məktəbində məşqçi-müəllim kimi fəaliyyətə başlayan təcrübəli mütəxəssis 1993-cü ildə peşəkar güləş məktəbini təsis edib. Onun yetirmələri ölkə birinciliklərində və beynəlxalq yarışlarda mükafatlayiq yerlər tuturlar.
Kazım Əliyev həm də respublikamızda bacarıqlı psixoloq kimi tanınır. Məhz buna görə də onunla söhbətimizdə idmançıların psixoloji hazırlığına xüsusi yer ayırdıq.
- İdmanda psixoloji amil sizin üçün nə deməkdir? - Psixoloji amil idmanda əsas şərtlərdən biridir. Yəni idmançının yüksək səviyyədə psixoloji hazırlığı onun qələbəyə aparan yoluna işıq saçır. Şübhəsiz ki, digər amillər də əhəmiyyətli rol oynayır. Məsələn, idmanda tədris prosesi, psixoloji hazırlıqla paralel həyata keçirilir. Hesab edirəm ki, tədris prosesi iki mərhələdə aparılmalıdır. Birinci mərhələdə idmançının mənəvi təlim prosesi, ikinci mərhələdə isə peşə tədrisi ön mövqedə olmalıdır. Mənəvi təlim və tədris prosesi elə psixoloji hazırlıq deməkdir. Təcrübələr göstərir ki, psixoloji hazırlıq olmadığı halda idmançı karyerasından söhbət gedə bilməz. Bu bir faktdır ki, hər bir insan hansı peşə sahibi olmasından asılı olmayaraq, etik davranış qaydalarına riayət etməlidir. Etik davranış qaydaları dedikdə, idmançının mənəvi aləmini, onun zənginliyini əks etdirir. Əlbəttə burada onun milli mənlik şüuru, vətənpərvərliyi də ön plana çəkilir. Bəlkə də başqalarına qəribə gələr: Mən bir mütəxəssis kimi idmançılarda nitq və dil mədəniyyətinə çox yüksək əhəmiyyət verirəm.
- Siz fikirləşirsiniz ki, idmançı mütləq nitq mədəniyyətinə malik olmalıdır?
- Mənim düşüncəmə görə, insan hisslərini, duyğularını dillə ifadə etməyi bacarmırsa, çətin və mürəkkəb fiziki hərəkətləri də yerinə yetirə bilməz. Bir də idmançıda əmək mədəniyyətini tərbiyə etmək çox vacibdir. Belə bir gözəl deyim var: «Əgər insan həyatla ahəngdə yaşamağı bacarsa, o, dilsiz daşı da dilləndirmək qabiliyyətinə malikdir».
- Kazım müəllim, bu günün gəncləri sabahın qurucularidır. Onlar bizim gələcəyimizdir...
- Dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdən biri də gənclərin fiziki cəhətdən inkişafına, onların xalq üçün dövlət üçün faydalı, savadlı yetişməsinə yönəldilib. Bu gün ölkəmizdə sağlam düşüncəli gənclərin, fiziki cəhətdən sağlam nəslin formalaşması üçün vacib işlər görülür. Çünki bu, Azərbaycan xalqının genofondunun qorunması baxımından son dərəcə əhəmiyyətli məsələdir. Sağlam nəsil sağlam gələcək deməkdir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, idman yalnız uğurlar, nailiyyətlər demək deyil, idman həm də xalqın genofondunun qorunmasıdır.
- Elə idmançı var ki, vaxtlı-vaxtında məşq edir, amma yarış zamanı nəticə göstərə bilmir. Maraqlıdır ki, bəzi idmançılar isə, mütamadi məşq etməsələr də, yarışlarda uğur qazana bilirlər...
- Belə hallar olur. Bu, hər şeydən əvvəl, idmançının psixoloji durumu ilə bağlıdır. Qeyd etməliyəm ki, burada idmançının xüsusi özünü idarəetmə bacarığı əsas götürülür. Psixoloji hazırlıq idmançı üçün çox vacib şərtdir. İdmançı bununla sanki özünü təsdiq edir. Belə anlarda özünəinam böyük rol oynayır. Tibet daşlarında tarixi bilinməyən belə bir yazıya rast gəlinib: «Sən çətinliklərlə üzləşəndə onu sevinclə qarşılamağı öyrənə bildinmi?» İdmançılarımız da çətinliklərlə üzləşəndə ruhdan düşməməli, onları dəf etməyi bacarmalıdırlar. Bunun üçün də psixoloji hazırlıq prosesi birinci və əsas şərtdir.
- İdmançının formalaşmasında məşqçi əsas rol oynayır, yoxsa onun dərs aldığı tədris məktəbi?
- Kimliyindən asılı olmayaraq, hər bir insan seçdiyi peşəyə yaxşı yiyələnmək üçün yaxşı tədris məktəbi keçməlidir. Əks halda o, yaxşı mütəxəssis kimi yetişə bilməz. İnsan bioloji varlıqdır. İnsan istedadsız və bacarıqsız doğulmur. İnsan tənbəl ola bilər. Bu, idmançılara da aiddir. Əgər tədris prosesi müəyyən proqram əsasında düzgün qurularsa, idmançı (və ya adi insan) nəinki tənbəlliyin daşını atar, həmçinin yüksək nəticələr əldə edə bilər.
- Kazım müəllim, təcrübəli mütəxəssis kimi, şagirdlərinizi yarışa hazırlayarkən onlara nəyi təlqin edirsiniz?
-İdmançının yarışdan qələbə və ya məğlubiyyətlə qayıtması onun düşüncə tərzindən də çox asılıdır. Mən şagirdlərimə həmişə onu təlqin etməyə çalışıram ki, əslində sən, yarışa gedəndə rəqibini yıxmağa və özün yıxılmağa getmirsən. Sən, sadəcə, öz hünərini, bacarığını, öyrəndiklərini təsdiq etməyə gedirsən. Mən təcrübəmdə belə bir üsuldan istifadə edirəm: yarışa 30 gün qalmış divardan belə bir löhvə asıram: «Yarışa cəmi 30 gün qalıb». Onların diqqətini hər gün bu löhvəyə cəlb etməyə çalışıram. Təcrübəmdən yararlanaraq deyə bilərəm ki, bu üsul şagirdlərdə məsuliyyət hissini daha da artırır.
- Fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişməsi, onun vətən üçün, xalq üçün faydalı, gərəkli insan kimi böyüməsi ailədən başlayır. Elə deyilmi?
- Əlbəttə. Hər bir insan fərddir. Burada xarakter və gen əsas amillərdir. Daha doğrusu, hər bir fərdin vətənpərvər ruhda döyüməsində, əsil insan kimi formalaşmasında ən vacib şərt ailə tərbiyəsidir. Belə bir ifadə var: «Toxum münbit torpaqda daha tez cücərir». Bu, reallıqdır. Yəni ailədə böyüyən uşaq valideynlərindən yaxşı tərbiyə alırsa, deməli həmin ailənin təməli möhkəmdir, bu ailə əxlaqi cəhətdən sağlamdır. Bu günün gəncləri sabahın qurucularıdır, vətənin müdafiəçiləridir. Sağlam gənclik, sağlam dövlət, sağlam millət deməkdir.
Səadət Zifiqızı