İntiqam Zairov: “Qələbə idmançıda arxayınlıq yaratsa, bu hiss onu uçuruma apara bilər”

İntiqam Zairov: “Qələbə idmançıda arxayınlıq yaratsa, bu hiss onu uçuruma apara bilər”


Xəbər verdiyimiz kimi, ağırlıqqaldırma üzrə milli komandamız aprelin 8-dən 14-nə qədər Albaniyanın paytaxtı Tiranada keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatında iştirak edib. Valentin Xristov, Zülfüqar Süleymanov (hər ikisi 62 kq), Sərdar Həsənov (69 kq), İntiqam Zairov (94 kq), Silviya Angelova (48 kq) və Alyona Kiriyenko (69 kq) ilə təmsil olunan millimiz "köhnə qitə”də yeni bir uğur ilə diqqət çəkdi. 2 qızıl (Valentin Xristov və İntiqam Zairov, 2 gümüş (Silviya Angelova və Sərdar Həsənov) və 1 bürünc (Zülfüqar Süleymanov) medal qazanan yığma komandamız sayca 92-ci dəfə keçirilən Avropa çempionatında 35 ölkə arasında 2-ci yerə layiq görüldü. Milli komandamızın heyətində yer alan idmançıların çıxışları "Olimpiya dünyası” qəzetinin səhifələrində geniş işıqlandırıldı. Hər zaman idmançılarımızın uğurlarını diqqətdə saxlayan qəzetimizin bu sayında ağırlıqqaldırma üzr yığmanın üzvü İntiqam Zairovun müsahibəsini oxucularımıza təqdim edirik. Avropa çempionu tituluna yiyələnən və hələ də bu uğurun təəssuratları ilə yaşayan gənc atletimiz ona ünvanlan suallara səmimi cavablar verdi.




- İntiqam, Tiranada Avropa çempionu adını qazandın. Çıxış etdiyin çəki dərəcəsində güclü rəqiblərin var idi. Bununla belə, sübut etdin ki, 94 kq çəkidə hamıdan üstünsən ...?
- Budəfəki çempionatda ən güclü rəqibim rusiyalı Rinat Kireyev oldu. O, mənə tanış rəqib sayılır. Belə ki, Rinatı Tiranadan əvvəl - 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatından tanıyıram. Həmin yarışda hər ikimiz 85 kiloqram çəki dərəcəsində mübarizə aparırdıq. Həmin vaxt qitə çempionatında mən birdənqaldırmada qızıl medal əldə etsəm də, iki hərəkətin cəmində mübarizəni gümüş medalla başa vurdum. Birinci yeri isə Renat tutmuşdu. O, məni cəmi 1 kiloqram fərqlə qabaqlamışdı. Bu hal məni çox narahat edirdi. Revanş üçün məqam gözləyirdim. Tiranada mənim üçün böyük imkan yarandı ki, rusiyalı rəqibimə öz yerini göstərim. Mənim kimi, Renat da, çəki dərəcəsini dəyişmişdi. Biz eyni çəki dərəcəsində, yəni 94 kq çəki dərəcəsində çempionluq uğrunda mübarizə aparmalı idik. Buna görə də yalnız bir şey haqqında düşünürdüm: Renata qalib gəlməliyəm. Mən onu udmalıyam. Ona təkrar uduzmaq fikrini belə özümə yaraşdırmırdım. Bilirdim ki, belə olsa, yəni yenidən ona uduzsam, çox sarsıntı keçirərəm. Renata ikinci dəfə təslim olmaq istəmirdim. Qeyd edim ki, 2006- ci ildən, hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif beynəlxalq yarışlarda iştirak etmişəm. Amma Avropa çempionu titulunu ilk dəfə, bu il Albaniyada qazandım. Özü də Buxarestdə məni cüzi fərqlə üstələyən rus idmançısını Tiranada böyük fərqlə geridə qoymaqla arzuma çatdım.
İdmansevərlər də bilir ki, qızıl medala dəfələrlə çox yaxın olmuşam. Bundan əvvəl də şanslarım var idi, ancaq, görünür, hazırlığım uğurların qazanılması üçün kifayət etməyib. Bura idmançının həm fiziki, həm də psixoloji hazırlığı aiddir. Baxmayaraq ki, Tiranada zədəli idim, ağrı hiss edirdim, amma dözürdüm. Daha doğrusu, dözmək məcburiyyətində idim. Eyni zamanda, mənə göstərilən etimadı doğrultmalı idim. Qarşıma məqsəd qoymuşdum: "Qalib gəlməliyəm!”.



- Gərginlik hiss etmirdik ki?
- Beynəlxalq yarışlarda gərginlik həmişə olur. Əlimdən aldığım zədə məni çox incidirdi. Doğrusunu desəm, özümlə ağrıkəsici də götürmüşdüm. Məşqçim Zlatan Vanev vəziyyətdən çıxış kimi mənə ağrıkəsici adı ilə adi vitamin verdi. Doğrudur, mən bunu bir qədər gec bildim. Həmin vitamini ağrıkəsici kimi qəbul edib, qızıl uğrunda mübarizəni davam etdirdim. Şükür Allaha, yanaşmaların hamısının öhdəsindən gəldim. Nəticədə, Avropa çempionu adını qazandım.

- Ümumiyyətlə, hər bir idman növündə incə məqamlar var. Həmin məqamlara biganə yanaşmasan, uğur qazanmaq mümkündür. Ağırlıqqaldırma idman növündə necə, mükafat qazanmaq üçün əsas nə tələb olunur?
- İlk növbədə, hər bir incəliyə ciddi yanaşmalısan. Kiçik bir yanlışlıq, ehtiyatsızlıq zədə ilə nəticələnə bilər. Gərək hər şeyə ciddi yanaşasan, ona ötəri baxmayasan. Bilməlisən ki, bu, sənin işindir. Qəti arxayınlaşmaq olmaz. Bundan sonra da, demək olar ki, hər il Avropa çempionatı keçiriləcək. "Bir dəfə çempion olmuşam, bəsimdi”, - deyib rahatlaşdınsa, sən idmançı deyilsən. Mən bunu məhz elə bu cür düşünürəm. Hər sahədə olduğu kimi idmanda da daim öz üzərində işləməlisən, çalışmalısan ki, uğurların davamlı olsun. Axı, hər bir uğur baş ucalığıdır. Beynəlxalq yarışlarda dünyanın hər yerindən nümayəndələr olur. Biz qızıl medal qazananda Azərbaycanın himni səslənir, üçrəngli bayrağı dalğalanır. Bu, çox qürurverici hisslərdir. Bu uğuru qazanmaq biz idmançıların başlıca vəzifəsi və müqəddəs borcudur. Ölkəmizdə idmanın inkişafı, eləcə də idmançılar üçün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev hər bir şərait yaradıb, biz idmançılara da böyük diqqət göstərir. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov da ağır atletikanın inkişafı üçün əlindən gələni əsirgəmir. Bizim üçün yaradılan şərait, nəinki postsovet, hətta Avropa ölkələrinin əksəriyyətində yoxdur. Biz bunun müqabilində göstərilən bu etimadı doğrultmalıyıq. Tiranada Avropa çempionu oldum. Bu, o demək deyil ki, mən bununla kifayətlənməliyəm. Mənim üçün bu, yeni bir başlanğıcdır. Çalışmalıyam ki, uğurlarımın sayı artsın, medal kolleksiyam zənginləşsin. Ümumiyyətlə, hər bir idmançı titullarının sayını artırmağa can atmalıdır. Bunun üçün isə məşqləri davam etdirmək lazımdır. Uğur qazanmaq üçün məşq birinci şərtdir. Özü də, məşqçinin qoyduğu tələbləri yerinə yetirərək məşq etmək lazımdır.

- Çəki sifarişi yarışda əsas sayıla bilərmi?
- Bəli, çəki sifarişi əsasdır. Tiranada rus idmançısı Rinat Kireyevin məşqçiləri mənə çox əziyyət verdilər. Beş dəqiqənin içində üç yanaşmaya çıxdım. Özü də, ağır çəkilərdə. Təsəvvür edinki, axırıncı dəqiqələr idi və onlar məni yorurdular. Belə edirdilər ki, rusiyalı idmançı məni məğlub etsin. Buxarestdə olduğu kimi, 1 kiloqram fərqlə də olsa, qalib gəlsin. Xatırladım ki, Tiranada mən 210 kq çəki ilə başladım. Bu çəkinin öhdəsindən uğurla gəldim. 210 kq bir az ağır olsa da, təşəbbüsü əldən vermədim. Rəqiblərim düşünürdü ki, İntiqam Zairov 210 kq-dan artıq ağırlığın öhdəsindən gələ bilməz. Bütün rəqiblrimin ehtimallarını alt-üst edib, podiuma çıxdım və 215 kq qaldırdım. Onlar isə 216 kq sifariş verdilər. Yenə də çəki üçün mən gəlməli oldum. 1-2 dəqiqədən sonra yenə də ştanqa yanaşmalı idim. Ağırlığı ram edib, onları məyus etdim. Həmin vaxt arada bir dəqiqə söhbəti var idi. Yenə də mənim növbəm çatdı. Dincəlmək üçün vaxtım olsa idi, axırıncı 3-cü yanaşmamda 220 kq-da qaldıra bilərdim, məşqçim isə 216 kq sifariş verib mənə bunları dedi: "Bizə qızıl medal lazımdır. Birdən nəsə oldu, 220 kq-ı qaldıra bilmədin. Qoy 1 kiloqram fərq olsun, amma, qızıl alaq”. Mən Renatdan çəkidə yüngül idim. Bu, orada çox böyük rol oynadı. Bəlkə də həmin an yarışı izləyənlər bilmirki, sifariş verdiyin çəkini bir dəqiqə ərzində qaldırmalısan. Bir dəqiqə tamam olandan sonra isə qaldırsan da sayılmır. Tiranada axırıncı yanaşmada nəfəsim çatmırdı. 10 saniyə qalmışdı. Baxırdım saniyəyə, gördüm az qalıb, onda qaldırdım. Sonra demək olar ki, uzandım yerə, nəfəsim gəlmirdi. Tamamilə taqətsiz idim. Ağır çəki idi. İstər istəməz beş dəqiqə ərzində üç yanaşma böyük güc tələb edirdi. Amma bu əziyyəti çəkməyə dəyərdi. Onun sevinci nəyə desən dəyər. Qələbəmlə xalqıma, ailəmə minnətdaram.

- Yeri gəlmişkən, 94 kq çəki dərəcəsində çıxış edirsən. Çıxışlarını uğurlu saymaq olar. Necə düşünürsən əvvəlki çəki dərəcəsində rəqiblərin güclü idi, yoxsa indi?
- İdman da bir sıra gözlənilməz hadisələrlə rastlaşmışam. Demək olar ki, həlledici məqamlarda həmişə qızıla çox yaxın olmuşam. Hətta deyərdim ki, bütün çıxışlarım uğurlu olub. London Olimpiadasında 6-cı yeri tutdum. Antalyada büdrədim, amma bir il sonra Tiranada qələbə qazandım. Demək qismət, Albaniyada idi. London Olimpiadasında birinci yanaşmanı qaldırdım, amma saymadılar. Səbəbini indi də bilmirəm. Orada bir jurnalist məndən soruşdu ki, "niyə nəticəni saymadılar?”, dedim ki, onu hakimlərdən soruşmaq lazımdır. Vətənə qayıdandan sonra Prezident İlham Əliyev biz idmançıları qəbul etdi. "Buta Place”də keçirilən tədbirdə məni yanına çağırdı. Dedi ki, mən sizin çıxışınızı gördüm, haqsızlıq oldu, amma siz ruhdan düşməyin. Cənab Prezident London Olimpiadasında Azərbaycan idmançılarına qarşı olan hakim haqsızlığını çıxışında da qeyd etdi və biz idmançılara ruhdan düşməməyi tövsiyə etdi. Federasiyamızın prezidenti Cahangir Əsgərov da bizə lazımi şərait yaradır. Olimpiadada üzləşdiyim haqsızlıqlardan sonra mən ruhdan düşmədim, məşqlərimi davam etdirdim.
O ki qaldı rəqiblərimə London Olimpiadasında mənim çıxış etdiyim çəki dərəcəsində çox güclü idmançılar var idi. Qazaxıstan, Rusiya, Moldova, İran ağırlıqqalıdranları ilə mübarizə asan keçmədi. Dünya çempionatındakı rəqiblərim də çox güclü idi. Doğrudur, Avropa çempionatını dünya çempionatı ilə müqayisə etmək olmaz. Medalçılar sırasına düşmək üçün, haradasa, 10-15 kiloqram fərq olur. Amma Tiranada da Rusiya idmançıları medala köklənmişdilər. Azərbaycan iki qızıl götürdüsə, ruslar 8 çəki dərəcəsində beş qızıl qazandılar. Nəticədə medal sayına görə, Azərbaycan Rusiyadan sonra ikinci oldu.

 - Qitə çempionatı dünya çempionatından fərqlənir. Dünya çempionatında Asiya idmançıları daha uğurlu çıxış edirlər. Qarşıdakı yarışlarda asiyalılarla rəqabətə girib medal qazanmaq mümkündür?
- Əlbəttə, mümkündür. Gərək məşqləri buraxmayasan, davamlı hazırlaşasan. Eyni zamanda, çalışasan ki, zədən olmasın. Olsa da, müalicə edəsən. Yəni hər bir nüansa ciddi yanaşasan. Rəqibi də tanımaq vacib şərtdir. Tanıyanda bilirsən ki, rəqibin güclüdür, sən də istəyirsən güclü olasan. Tanımasan, yaxud özünə arxayın olsan, elə idmançı gəlib səni qabaqlayar ki, 1 kiloqram da həlledici ola bilər. Sifariş verdiyin çəkini qaldırmaq üçün 1 dəqiqə verilir sənə, 30 -32 saniyədə isə rəqib idmançının məşqçisi sifarişi dəyişə bilər. Təsəvvür edin, idmançı bütün fikrini kökləyib arenaya çıxır, onu qaytarırlar ki, sifariş dəyişib, başqa idmançı çıxır. Bu idmançını çox yorur. Tiranada Rusiya tərəfi məni iki dəfə podiuma qaldırdılar, sonra geri çağırdılar. Psixoloji təsir etmək üçün starta 32 saniyə qalmış sifarişi dəyişirdilər. Podiuma qalxmışam, özümü sifariş verdiyimiz çəkini qaldırmağa hazırlayıram, məni geri qaytarırlar ki, yox indi rus idmançısı gəlir. Bu çox ağır haldı. Məni orada çox sıxdılar. Mən onları birdənqaldırmada 7 kiloqram fərqlə udmuşdum. Ruslar istəyirdi ki, təkanla qaldırmada məni üstələsinlər. Amma...

- Qələbə sənin üçün nə deməkdir?
- Qələbə?! Çox idmançı istəyər ki, qələbə qazansın, mən də onlardan biri. Qələbədə hər şey var. Qələbə insana sevinc və qürur hissi yaşadır, daha da ruh verir. Ondan sonra özündə daha çox güc hiss edirsən. İnanırsan ki, bunu bacardın və sənin imkanların çoxdur. Bir daha əmin olursan ki, iradəsi olan insan çox şeyə qadirdir. Əslində, qələbə hər idmançıya lazımdır. O, bununla özünü təsdiqləyir. İnanır ki, daha çox məşq etsə, bundan da yaxşı nəticə qazana bilər. Amma əgər qələbə insanda arxayınlıq yaratsa, bu hiss idmançını uçuruma apara bilər. Ya da yerində sayar, çox uzağa gedə bilməz. Qələbə idmançıda həm də məsuliyyəti artırır. Tiranadakı Avropa çempionatı kimi. Mənə bu qələbə lazım idi. Mən udmalı idim. Mənə inanan və dəstək verən hər kəsə öz minnətdarlığımı bildirirəm.

- Uğursuzluğu və məğlubiyyəti həmin məqamda nə ilə sığortalamaq olur?
- Heç bir idmançı nə uğursuzluqdan, nə də məğlubiyyətdən sığortalanmayıb. Belə hallar nəinki idmanda, həyatda da olur. Belə bir uğursuzluğu mən keçən Avropa çempionatında yaşadım. Antalyaya getməyə hazır deyildim, getmək istəmirdim. Məsləhət gördülər, gedim. Amma çıxışım uğursuz oldu. Nə deyə bilərəm ki? Belə alındı. O vaxt keçirdiyim psixoloji sarsıntını indi də xatırlamaq istəmirəm. Əsas odur ki, öz üzərində işləyəsən və sözünü deyə biləsən.  

- Hamı London Olimpiadasında səndən medal gözləyirdi. İndi də çoxları sənin çıxışını xatırlayır. Necə oldu ki,  Olimpiya oyunlarında da medalın bir addımlğında büdrədin?
- Hər bir idmançı Olimpiya medalı qazanmaq istəyir. Özü də Olimpiya medalı. Olimpiadaya dünyanın ən güclü idmançıları gəlir. Həmin vaxt ən güclü rəqibim qazaxıstanlı İlya İlin idi. O, çox istedadlı idmançıdır. Mən də istəyirdim Londondan Olimpiya medalı ilə qayıdım, amma birdənqaldırmada birinci yanaşmamı saymadılar. Bu da məni həm psixoloji cəhətdən sarsıtdı, həm də nəticəmə təsir etdi. Birinci yanaşmamı qeydə alsaydılar, mən rəqiblərimlə birlikdə irəliləyərdim. Londonda əvvəl 182 kq, sonra isə 185 kq qaldırardım. Birdənqaldırmada rəqibimdən 3 kilo gerilədim. Təkanla qaldırmada isə 220 kq, 223 kq mənə uyğun çəki idi. Demirəm, çempion olacaqdım, amma üçlüyə düşə bilərdim. Birinci yanaşmam sayılmadı, bu, nəinki nəticəyə, fikrimi toplamağa də mane oldu.
Olimpiada ərəfəsində çox sıxıntılarım var idi. Ümumiyyətlə, yarışa gedən istənilən idmançıya, sözün hər mənasında, dəstək lazımdır. Yığmada mehribançılıq, birlik, sağlam rəqabət olmalıdır. Mehribançılıq olan yerdə isə medal həmişə olacaq.

- İnsan məşhurlaşanda onun ətrafına düşmək istəyənlər çoxalır. Bu fikirlə razısan, daha doğrusu nə deyə bilərsən?
- Haradasa, razıyam. Avropa çempionu olandan sonra münasibətlərdə dəyişiklik hiss elədim. Bu dəyişiklik nə tamamən yaxşılığa, nə də ki, pisliyə doğrudur. Nə deyim, tanıyan da sağ olsun, tanımayan da. Bircə ailəmə əmin idim. Elə gözlədiyim kimi də oldu. Ailəm - anam, bacı-qardaşım sevincimə şərik oldular. Onlar da mənim kimi bu uğuru gözləyirdi. Hər dəfə qələbə ilə qayıdacağımı gözləyirdilər. Şükür Allaha ki, mən onları sevindirdim. Uğuruma sevinənlər məni təbrik elədilər, sevincimi bölüşdülər.

- Qazandığın medalı özünün özünə ad günü hədiyyəsi kimi qəbul etmək olar?
- Bilmirəm təsadüfdür, ya yox. İndiyədək iştirak etdiyim Avropa çempionatları da mənim ad günümə düşüb. Bir dəfə İtaliyada 12-ci yerə çıxmışdım, ad günümü də orada qeyd etdim. Tirana da onlardan biri idi. Əvvəlkilərdən fərqli olaraq bu dəfə ad günümü Avropa çempionu kimi qeyd etdim. Bu indiyədək aldığım ən gözəl ad günü hədiyyəsi idi. Bu qələbəni gözləyirdim.

- Hansı arzunun həyata keçməsi üçün tələsirsən?
- Arzum idmanda daha çox nailiyyətlər əldə etməkdir. Bir də vaxtında ailə həyatı qurmaq istəyirəm. Hər bir idman növündə olduğu kimi ağırlıqqaldırma ilə də məşğul olmağın öz müddəti var. İnanıram ki, tələsməklə deyil, vaxtı çatanda hər şey öz yerini tutacaq. Hazırdasa Dünya Çempionatına hazırlaşıram. Oradan da qələbə ilə qayıtmaq hələ ki, ən böyük arzumdur.

Anar Əhmədov