Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında

Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında

Güləş 704-cü ildə Yay Olimpiya Oyunlarına daxil edilib. Olimpnews.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə dünya çempionatları 1904-cü ildən keçirilir. Sərbəst güləş üzrə Avropa çempionatı ilk dəfə 1929-cu ildə təşkil olunub. Keçmiş sovet idmançıları ilk dəfə 1953-cü ildə bu yarışlarda qüvvələrini sınayıblar. 2004-cü ildə qadın güləşi Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

1951-ci ildə SSRİ-də Olimpiya Komitəsi yarandı və tezliklə Beynəlxalq Olimpiya Komitəsinin üzvülüyünə qəbul edildi. Bundan sonra sovet idmançıları Olimpiya oyunlarınada iştirak etməyə başladılar. SSRİ yığma komandasının tərkibində Azərbaycan idmançıları da mübarizəyə qoşulduqlarından XV Yay Olimpiya Oyunlarından başlayaraq bu mötəbər yarışlar haqqında oxuculara daha geniş məlumat verəcəyik.

XV Yay Olimpiya Oyunları, Helsinki - 1952

Rəşid Məmmədbəyov 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə "İskra” cəmiyyətində SSRİ-nin əməkdar məşqçisi Rza Baxşəliyevin başçılığı altında sərbəst güləş bölməsində məşqlərə başlayıb. O, 1943-45-ci illərdə Bakı, Respublika çempionu, 1945-ci ildə milli güləş üzrə respublika çempionu adını qazanıb. 1947-ci ildə SSRİ çempionatında II yeri, 1948-ci ildə III yeri, 1949-cu ildə Ümumittifaq yarışlarında II yeri, 1952-ci ildə dünya birinciliyində II yeri tutub. 1952-ci ildə keçirilən XV Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

Helsinkidə Azərbaycan idmançıları arasında ən böyük müvəffəqiyyətə yüngülvari çəkidə (57 kq-dək) çıxış etmiş sərbəst üsulla güləşən 25 yaşlı Rəşid Məmmədbəyov nail olub. Bu çəki dərəcəsində 20 ölkənin pəhləvanı çıxış edirdi. Məmmədbəyov ilk görüşdə 32 saniyəyə iranlı pəhləvan Məhəmməd Yəqubinin kürəklərini yerə vurdu. İkinci dövrədə Rəşid İsveçrə nümayəndəsi Paul Henni ilə qarşılaşmalı idi. Lakin o, nədənsə döşəyə çıxmadı və qələbə həmyerlimizə verildi. Bu qələbələr Rəşidin medallar uğrunda mübarizə aparmaq imkanını xeyli artırdı. Üçüncü dövrədə Rəşid Amerika Birləşmiş Ştatlarının nümayəndəsi B.Bodreslə güləşdi. Bütün görüş ərzində üstünlüyə malik olan Azərbaycan pəhləvanı 11-ci dəqiqədə təmiz qələbə qazandı. Macarıstanlı Layoş Bentse də Rəşidin yüksək texnikası qarşısında aciz qalıb məğlubiyyətə uğradı. Yarımfinalda Rəşid Məmmədbəyov hindistanlı Xaşaba Yadav ilə görüşdə açıq güləş nümayiş etdirərək xal hesabı ilə qələbə qazandı.

Finalda Rəşid Yaponiya çempionu Soxati İşil ilə görüşdü. O, həmyerlimizi xal hesabı ilə məğlub edərək Olimpiya çempionu adını qazandı. Həmyerlimiz isə olimpiadanın gümüş mükafatını aldı. Beləliklə, ilk Azərbaycan olimpiyaçıları ailəsinə daxil olan Rəşid Məmmədbəyov vətənə medalla qayıtdı.

***

Digər məşhur Azərbaycan güləşçisi, dördqat ölkə çempionu, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi İbrahimpaşa Dadaşovun Helsinkidə bəxti gətirmədi. Yarımyüngül çəkidə (62 kq) çıxış edən İbrahimpaşa Dadaşov 1 dəqiqə 37 saniyə ərzində misirli Ə.Yassəvin üzərində qələbə qazandı. Bu çəki dərəcəsində Olimpiya Oyunlarında 21 ölkənin nümayəndəsi iştirak edirdi. Birinci dövrədə qalib gəlməsinə baxmayaraq, ikinci dövrədə İ.Dadaşov türk pəhləvanı Bayram Şitə xal hesabı ilə uduzdu. O, üçüncü dövrədə Fransa pəhləvanı Roce Byel ilə görüşdü. Görüş Azərbaycan pəhləvanının xeyrinə başa çatdı (3:0). Güləşçimizin Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Josiya Xensonla görüşü həlledici əhəmiyyət daşıyırdı. Qalib gələn finala çıxırdı. Mütəxəssislərin yekdil fikrincə, Dadaşov rəqibindən açıq-aşkar güclü idi, amma hakimlər üstünlüyü amerikalıya verərək Azərbaycan güləşçisini halal medalından məhrum etdilər. Bu çəki dərəcəsində İbrahimpaşa Dadaşov 8-ci yerlə kifayətlənməli oldu.

İbrahimpaşa Dadaşov 1925-ci ildə Bakı şəhərində anadan olub. SSRİ-nini əməkdar məşqçisi, əməkdar idman ustası, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi, 4 qat SSRİ çempionudur. O, 1945-ci ildə "Dinamo” cəmiyyətində sərbəst güləş üzrə məşqə başlamış, bir neçə aydan sonra Azərbaycanın, "Dinamo” idman cəmiyyəti Mərkəzi Şurasının, 1949-cu ildə Bakı şəhərində keçirilən SSRİ çempionatının (62 kq) qalibi olub. 1951-52-ci illərdə isə SSRİ birinciliyində ən yüksək pilləyə qalxıb. 1952-ci il XV Yay Olimpiya Oyunlarında 62 kq çəkidə güləşən 21 idmançı arasında VIII yer tutub. 1954-cü ildə Leninqrad şəhərində keçirilən SSRİ çempionatında, 1955-ci ildə isə Minskdə keçirilən ölkə çempionatında gümüş medal qazanıb. 1956-cı ildə SSRİ Xalqlarının I Yay Spartakiadasının ilk çempionu olub. İstedadlı güləşçi 1990-cı ildə 65 yaşında vəfat edib. Onun bir idmançı və məşqçi kimi əməyi yüksək hökumət mükafatları ilə -”Şərəf nişanı” ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə qiymətləndirilib.

Dilqəm Quliyev,
professor

(ardı var)