Milli mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Bu gün Azərbaycan dövlətinin ən başlıca məqsədlərindən biri uşaq və gənclərin milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasıdır. Çünki, milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir bu və ya digər hadisələrə öz münasibətlərini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Belə ki, mütəxəssislərin qeyd etdiyi kimi, bu, insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Mütəxəssislər hesab edirlər ki, sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, milli şüur, milli hisslər, milli mənlik şüuru millətin özünü dərk etməsi prosesinə təsir edir. "Vətənpərvərlik” məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etməkdir. Həmçinin bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Mütəxəssislərin fikrincə, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Milli mənlik şüuru da insanda uşaqlıq illərindən formalaşır və möhkəmlənir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə ifadəsidir. Burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Danılmaz faktdır ki, vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilir və bu hissi digərlərinə aşılamağa səy göstərir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, ənənənəsi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri, həmçinin digər milli atributlar güclü təsirə malikdir. Məhz milli mənlik şüuru sayəsində hər bir milllət, xalq, o cümlədən hər bir fərd tarixin inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edir.
Tədqiqatçıların fikrincə, milli mənlik şüuru olan hər bir kəs mənsub olduğu xalqın, vətəndaşı olduğu ölkənin təəssübünü çəkir. Belə ki, hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın milli şüurunun formalaşmasında görkəmli şəxsiyyətlərin, mütərəqqi fikirli insanların böyük təsiri vardır. Mənlik hissinə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. keyfiyyətlər daxildir.
Hər bir millətin gələcəyi uşaqlara və gənclərə bağlıdır
Müstəqil dövlət quruculuğu yolunda da gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Sevindirici haldır ki, respublikamızın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəallıq göstərirlər. Bu gün torpaqlarımızın bir qismi işğal olunub. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır. Təbii ki, hər bir millətin gələcəyi uşaqlara və gənclərə bağlıdır. İnsanın mənəvi və fiziki sağlamlığında, milli mənlik şüurunun inkişafında, vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı gənc nəslin mənəvi saflığını təmin edir. Gənc nəslin sağlamlığının təmin edilməsi, intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, onların əməyə və vətənin müdafiəsinə hazır olan mərd, cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir.
Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olub. Xalqına bağlı olan dahi siyasətçi gənclərin milli mənlik şüurunun və onlara vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət ayırırdı. Azərbaycanın uşaq və gənclərinin sağlamlığı, sağlam nəslin yetişməsi üçün bu, vacib idi. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim gənclərin problemləri ilə maraqlanır, onların fiziki və mənəvi inkişafı üçün lazım olan şərait yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan əsas məsələlərdən biridir.
Hərbi biliklərə yiyələnən məktəblilər öz bacarıqlarını
"Şahin” hərbi idman oyunlarında sınayırlar
Azərbaycan hərbi idman oyunları vasitəsilə uşaq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin inkişaf etdirilməsi orta məktəblər üçün hazırlanan xüsusi metodik vasitələrlə həyata keçirilir. Metodik vasitələrdə hərbi idman oyunlarının məzmunu, elmi praktik əhəmiyyəti və onların həyata keçirilməsi metodikası öz əksini tapıb. Əsas məqsəd milli idman oyunlarının köməyi ilə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin imkanlarını tədqiq etmək və orduda xidmət zamanı zəruri olan keyfiyyətlərin ayrı-ayrı milli oyunlar vasitəsilə şagirdlərə aşılanması metodikasını tətbiq etməkdir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olub. Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Hazırda orta məktəblərin dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklərə daha çox yer ayrılır. Bu, şüurlu surətdə edilir ki, gənclər vətənpərvərlik duyğularını, milli hissləri daha yaxından dərk etsinlər.
Orta ümumtəhsil məktəblərində hərbi biliklərə yiyələnən məktəblilər öz bacarıqlarını "Şahin”hərbi idman oyunlarında sınayırlar. Hər il ənənənəvi olaraq respublikamızın ayrı-ayrı bölgələrində bu idman oyunları üzrə zona yarışları keçirilir. Həmin yarışlarda qalib adını qazanan komandalar respublika final mərhələsinə vəsiqə əldə edirlər. Burada ən güclülər müəyyənləşir. Bu ilin əvvəllərində başlayan "Şahin” hərbi idman oyunlarının final mərhələsi may ayının 10-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirildi. Açılış mərasimində liseyin rəisi, general-mayor Mirzə Almasov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov və başqaları iştirak etdilər.
Mərasimdə çıxış edən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov işitrakçılara uğurlar arzuladı və "Şahin” hərbi idman oyunlarının ənənəvi olaraq hər il yüksək səviyyədə keçirildiyini dedi. "Hərbi idman oyunlarının final mərhələsinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə üst-üstə düşməsi əlamətdar hadisədir. Ümummilli lider müstəqil Azərbaycanın şanlı ordusunun yaradıcısıdır. Ulu öndərimizin apardığı düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan hərbi qüdrətə malikdir. Şübhəsiz ki, ordumuzun əsasını gənclər təşkil edir. Ulu öndərimiz daima gənclərin fiziki və mənəvi inkişafına, onların hərbi vətənpərlik ruhunda tərbiyəsinə böyük önəm verirdi. Bu gün bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, gənclərimizin vətənin sadiq keşikçilərinə çevrilməsinə zəmin yaradır. Gənclərin vətənə və dövlətə sədaqət, respublikanın ərazi bütövlüyünün müdafiəsinə daim hazır olmaq ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir. Bu baxımdan, hərbi idman oyunları böyük əhəmiyyətə malikdir. "Şahin” hərbi idman oyunları gənc nəslin vətənpərvər ruhda yetişməsində, gənclərin həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında müstəsna rol oynayır. Respublikamızın bütün bölgələrində bu işə xüsusi diqqətlə yanaşılması hər birimizi sevindirir. Sevinirik ki, ordu sıralarında yer alacaq gənclərimiz fizik cəhətdən sağlam yetişdirilir, həmçinin onlar vətənpərvər ruhda tərbiyə olunurlar. Yeniyetmələrin fiziki hazırlığının daha da inkişaf etdirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi ilə bağlı orta məktəb şagirdləri arasında hərbi idman oyunları keçirilir. Hər il ənənəvi olaraq təşkil edilən "Şahin” hərbi-idman oyunları şagirdlərin ordu sıralarında xidmətə hazırlanmasını təmin etmək məqsədi daşıyır. Orta məktəbin son siniflərində təhsil alan şagirdlər arasında keçirilən "Şahin” hərbi idman oyunlarında əsas diqqət şagirdlərin məhz fiziki hazırlığının yüksəlməsinə və orduya hazırlanmasına yönəlib. Hər il bu yarışların yüksək səviyyədə təşkil edilməsi və oyunlarda kütləviliyin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu da təsadüfi deyil. Orta məktəbi bitirən və həddi-buluğa çatan gənclərimiz hərbi xidmətə çağırılır. Onların hər birindən yüksək fiziki hazırlıq, silahla davranış bacarığı və dözümlülük tələb olunur. Məhz bu baxımdan "Şahin” hərbi idman oyunlarına hazırlıq çərçivəsində gənclərin silahla davranış bacarığına yiyələnməsinə xüsusi diqqət ayrılır. Gənclərimizin vətənpərvər ruhda böyüməsində, xalqımızın, dövlətimizin sadiq keşikçisi kimi yetişməsində "Şahin” hərbi idman oyunlarının xüsusi rolu var. İnanıram ki, bu yarışda iştirak edən yeniyetmələrimiz sabahın layiqli əsgərləri olacaqlar”, - deyə general-mayor əlavə etdi.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında ulu öndərin dövlətimiz və xalqımız üçün əvəzsiz işlər gördüyünü xatırlatdı. O, Heydər Əliyevin gənc nəslin vətənpərvər ruhda tərbiyəsi üçün ələndən gələni əsirgəmədiyini, gənclərin orduya yüksək hazırlığı üçün böyük işlər gördüyünü bildirdi. "Sevindirici haldır ki, ulu öndərin həyata keçirdiyi işlər bu gün də ləyaqətlə davam etdirilir. Azərbaycan gəncliyi doğma vətəninə, xalqına sədaqət ruhunda tərbiyə alır. Gənclərimizin vətənpərvərlik tərbiyəsində orta ixtisas məktəblərinin rolu danılmazdır. Məktəblilərin, xüsusilə yuxarı sinif şagirdlərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində "Şahin” hərbi idman oyunlarının da müstəsna yeri var. Hesab edirik ki, şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, milli mənlik şüurunun formalaşmasını hərbi idman oyunları vasitəsilə həyata keçirmək daha məqsədəuyğundur. Hərbi idman oyunları gənc nəslə öz doğma vətəninə hədsiz sədaqət göstərmək, vətəni şüurlu və fəal tərzdə sevmək imkanı yaradır. Vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrədir. Eyni zamanda, məktəblilərdə vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, onların qəsbkarlıq hərəkətlərinə nifrət hissi ilə yanaşmaq, vətən uğrunda sona kimi döyüşmək kimi keyfiyyətləri tərbiyə edir. Hərbi-vətənpərvərlik tərbiyəsi tələb edir ki, gənc nəsil, xüsusilə yuxarı sinif şagirdləri vətənin xidmətində dayanmağa orta məktəb illərində hazırlansınlar. Bu istiqamətdə aparılan tərbiyəvi əhəmiyyətli işlər elə qurulmalıdır ki, hərbi xidmətə hazırlaşan hər bir gənc bunun üçün iftixar hissi duysun, döyüş ənənələrinə sadiq olmaq ruhunda formalaşsın. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaradır. Unutmaq olmaz ki, vətənin taleyi üçün məsuliyyət hissinə sahib olmaq, hərbi bilik və vərdişlərə yiyələnərək iradəlik, əzmlik, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərə yiyələnmək hər bir gəncin müqəddəs vəzifəsidir. "Şahin” hərbi idman oyunlarının final mərhələsində iştirak edən məktəblilərimizə uğurlar arzulayıram. İnanıram ki, onlar sabahın layiqli əsgərləri olacaqlar”, - deyə o sözünə davam etdi.
Təhsil nazirinin müavini Qulu Novruzov orta ümumtəhsil məktəblərində hərbi-vətənpərvəlik mövzusunun hər zaman diqqət mərkəzində olduğunu, bu mövzuda dərslər keçirdiyini qeyd etdi. "Azərbaycan dövlətinin müstəqillik uğrunda mübarizəsi kəşməkəşli yollardan keçib. Ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikamız özünün nicatını tapdı. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədi olması üçün xalqımızın qarşısına çıxan bütün problemlərin həlli istiqamətində əlindən gələni əsirgəmədi. Onun apardığı uğurlu siyasət nəticəsində ölkəmiz suveren bir dövlətə çevrilib. Suverenliyimizin toxunulmazlığı, sərhədlərimizin etibarlı şəkildə qorunması, torpaqlarımızın bütövlüyünün təmin edilməsi, hər şeydən əvvəl, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsindən başlanır. Azərbaycan gəncliyinin millli mənlik şüurunun inkişafı da bu yolda əvəzsiz rol oynayır. Milli özünüdərk amili vətənin müstəqilliyinin qorunmasına, yetişməkdə olan gənclərin mənəvi tərbiyəsinə müsbət təsir göstərir. Məhz milli özünüdərk amili gənclərin qəlbində vətən sevgisi oyadır. Özünü dərk edən, milli şüura sahib olan insanın doğma vətənini sevməməsi mümkün deyil. Belə məsuliyyətli işin yüksək səviyyədə təşkilinin əsas vəzifələrindən biri məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin rolunu yüksəltməkdən ibarətdir. Respublikamızın tanınımış elm xadimləri, tədqiqatçılar şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə dair kitab və metodik vasitələr hazırlamaqla bu məsələnin həllinə müəyyən qədər köməklik göstərirlər. Gənclərimizin hələ orta təhsil illərindən başlayaraq ordu sıralarında xidmətə hazırlanması, müasir döyüş təliminə bacarıqla yiyələnməsi Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək aktual məsələdir və xüsusi əhəmiyyət kəsb edir”, - deyə o əlavə etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov çıxış edərək iştirakçılara uğurlar arzuladı. O, bəzi hərbi idman oyunlarının gənclərin vətənpərvərlik ruhunda inkişafında önəmli rol oynadığını və onların hərbi biliklərə yiyələnməsinə müsbət təsir göstərdiyini qeyd etdi. "Hərb sənətinin incəliklərinə yiyələnən gənclərimiz Azərbaycan ordusunun qüdrətini, əzəmətini əks etdirir. Bu da onu göstərir ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində ölkəmizdə ən müxtəlif səviyyələrdə daim məqsədyönlü tədbirlər həyata keçirilir. Məktəblilərin cəlb edildiyi "Şahinlər” və "Cəsurlar” hərbi idman oyunları belə tərdbirlərdəndir. Bu hərbi idman oyunlarının ənənəvi keçirilməsi həm kütləvilik, həm də təsirli vasitə baxımından xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, sağlam gənclərin vətənpərvər ruhda tərbiyəsində idman başlıca əhəmiyyətə malikdir. Çünki fiziki və mənəvi cəhətdən sağlam olan hər bir gənc, eyni zamanda, sağlam düşüncəyə, güclü iradəyə malik, hər bir çətinliyə sinə gərməyi bacaran əsgərdir. Ənənəvi olaraq keçirilən "Şahin” hərbi idman oyunları da bu baxımdan böyük əhəmiyyətə malikdir. "Şahin” hərbi idman oyunlarının final mərhələsində iştirak edən komandaların üzvlərinin gələcəkdə vətənimizin sadiq keşikçiləri olacağına əminəm”, - deyə Novruzəli Orucov bildirdi.
Çıxışlar başa çatdıqdan sonra yarışa start verildi. Paytaxt və bölgələrdən X - XI sinif şagirdlərindən ibarət 18 komanda birincilik uğrunda mübarizə apardı. İki mərhələdən ibarət olan yarışın birinci mərhələsində komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər və onların sıra hazırlığının səviyyəsi yoxlanılıldı. Yarışın ikinci mərhələsində isə "şahinlər” müxtəlif sədlərdən keçmək və maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş etdirdilər.
Zaur Mehtiyev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.