Azərbaycan dövləti vətəndaşlarının uğurlu gələcəyini təmin etmək üçün onların milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir. Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr və onun reallıqları xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur. Heç şübhəsiz, bunlardan biri, bəlkə də, ən vacibi gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət gənclərin sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürüb. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması Azərbaycan dövlətini ciddi düşündürür. Məhz buna görədir ki, bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz dərindən öyrənilir. Gənc nəsil vətənə, yurda məhəbbət ruhunda tərbiyələndirilir. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Araşdırmalar göstərir ki, doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsl insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Öz xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insanda milli mənlik şüurunu inkişaf etdirmək mümkün deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz. Sirr deyil ki, vətənpərvərlik tərbiyəsinin əsası ailədə qoyulur. Sonra bu proses məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir.
Araşdırmalar sübut edir ki, vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni əsirgəməməkdir.
Şübhəsiz, milli mənlik şüuru da elə-belə yaranmır. Bu hisslər insanda lap körpəlikdən formalaşır və möhkəmlənir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır.
Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun formalaşması və inkişafına, həmçinin onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsinə rəvac verir. Bu baxımdan, hər bir yeniyetmə və gənc bütün varlığı ilə vətənini sevməli, ona ürəkdən bağlı olmalıdır. Əgər doğulduğun torpağa bağlısansa, yaşadığın ölkənin sədaqətli vətəndaşısansa, doğma vətəninin keşiyində ürəklə dayanırsansa, onun rifahı naminə var gücünü səfərbər edirsənsə, deməli, sən əsl vətənpərvərsən.
İdman vətənpərvərlik və mübarizlik hisslərinin formalaşmasında
əvəzsiz vasitədir
Hər bir fərdin şəxsiyyət kimi formalaşmasında, onun əsl insan kimi yetişməsində fiziki tərbiyə və idmanın böyük rolu var. İdman yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və mübarizlik hisslərinin formalaşmasında xüsusi rol oynayır. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Doğulduğu torpağa, elə-obaya bağlı olan hər bir gənc vətənini ürəkdən sevir,ona bağlı olur. "Vətənpərvərlik” böyük məfhumdur. "Vətənpərvərlik” deyəndə biz anaya, torpağa, təbiətə, məhəbbət, bağlılıq hisslərini başa düşürük. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun, dünya görüşünün formalaşması və inkişafına, həmçinin, onun, onun həyat hadisələrini düzgün dərk etməsinə imkan verir. Mütəxəssislərin qeyd etdiyi kimi, mənlik hissi insanın özünün fikir və hisslərinin mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Milli mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini ifadə edir. Ölkəmizdə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ümummilli lider Heydər Əliyevin əsas diqqət mərkəzində olan ən vacib məsələlərdən biri olmuşdur. Ulu öndər gənclərin milli mənlik şüurunun və onlara vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi diqqət ayırırdı. Azərbaycanın müstəqilliyi, gələcək müqəddəratı üçün uşaq və gənclərinin sağlamlığı, sağlam gənc nəslin yetişməsi üçün bu, son dərəcə vacib məsələ idi.
Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar
Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra xalqımızın qarşısında duran əsas vəzifələrdən biri uşaq və gənclərin sağlam və vətənpərvər ruhda böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyəsi məsələsi oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcəyimiz olan gənc nəslin inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Bu gün ulu öndərin uzaqgörən siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən mütəşəkkil şəkildə davam etdirilir. Ölkə rəhbəri daim gənclərin problemləri ilə maraqlanır, onlar üçün müvafiq şərait yaradır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, fesivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqları nəslin yetişdirilməsi həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
İndi Azərbaycan gəncləri dünyanın ən qabaqcıl gəncləri sırasındadırlar. Müxtəlif sahələrdə, o cümlədən idmanda gənc nəslin nümayəndələri özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya bəyan ediblər. Müstəqil Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar, uşaq və yeniyetmələrimizin sağlamlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Azərbaycanın nüfuzunu günbəgün artıran, onu dünyaya geniş miqyasda tanıtdıran amillərdən biri də idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərdir. Ümumiyyətlə, idman hər bir ölkənin dünya miqyasında tanınmasında, onun beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayan amillərdən biridir. Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qazandıqları qələbələrdən sonra ölkəmizin bayrağının qaldırılması, Dövlət himnimizin səsləndirilməsi ölkəmizin beynəlxalq aləmdə daha da yaxından tanınmasına zəmin yaradır. Dünya arenasında bayrağımızın yüksəklərə qaldırılması, himnimizin səsləndirilməsi həm də ölkənin yeniyetmə və gənclərinin vətənə olan məhəbbətini təcəssüm etdirir.
Gənc nəslə dövlət səviyyəsindəgöstərilən diqqət və qayğı onların
vətənpərvər ruhdaböyümələrinə şərait yaradır
Təqdirəlayiq haldır ki, bu gün ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi ölkəmizin nüfuzunu daha da artırır. Bu gün Azərbaycan dövlətinin əsas məqsədlərindən biri də uşaq və gənclərin milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi priniplər əsasında formalaşmasıdır.
İdmanda əldə olunan uğurlar gənc nəslin vətənə sədaqət hisslərini yüksək şəkildə inkişaf etdirir, onlarda milli mənlik şüurunu formalaşdırır.
Gənc nəslə dövlət səviyyəsində göstərilən diqqət və qayğı onların vətənpərvər ruhda böyümələrinə, formalaşmasına şərait yaradır. Uşaqlarda vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuz üçün güclü əsgər kimi yetişməsinə zəmin yaradır. Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi erməni təcavüzkarları tərəfindən işğal edilib. Bu baxımdan gənclərimizin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması günümüzün aktual məsələlərindəndir. Bu gün ölkəmizin fiziki cəhətdən sağlam, çevik, cəsur, iradəli, mətin, idman vərdişlərinə yiyələnmiş gənclərə böyük ehtiyacı vardır. Təcrübə göstərir ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, layiqli vətəndaş kimi yetişməsində fiziki tərbiyənin və idmanın böyük rolu var.
Sirr deyil ki, vətənin keşiyində yalnız fiziki cəhətdən sağlam gənclər dayana bilərlər. Ordu sıralarına çağırılan hər bir azərbaycanlı gənc, eyni zamanda, mənəvi cəhətdən də sağlam olmalıdır.
Ordu sıralarına çağırılan gənclər, mənəvi cəhətdən də sağlam olmalıdırlar
Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, onların vətənin sadiq keşikçilərinə çevrilmələrinə şərait yaradır. Gənclərin vətənpərvərlik, vətənə, dövlətə sədaqət və onun ərazi bütövlüyünün qorunması ruhunda tərbiyə olunması müharibə şəraitində yaşayan ölkəmizdə günümüzün vacib məsələlərindəndir.
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı, onların sağlam həyat tərzi keçirməsi, zərərli vərdişlərdən uzaq olması məhz idmanla tənzimlənir. İdmanın imkanları genişdir. Müşahidələr göstərir ki, ömrünü idmana həsr edən insanlar fiziki cəhətdən sağlam, enerjili olur, gözəl bədən quruluşu ilə fərqlənirlər. Uşaq və gənclərdə cəldlik, mənəvi saflıq, özünəinamın yaranması məhz idmanla bağlıdır.
Bu gün ölkəmizdə tədris olunan idman növləri gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayır. Dünya təcrübəsi göstərir ki, ekstremal şəraitdə özlərini sınayan gənclər fiziki cəhətdən daha sağlam olur və öz yaşıdlarından mətinliyi, çevikliyi, cəsarətli olmaları ilə fərqlənirlər. Həmin gənclər vətənə qırılmaz tellərlə bağlanır və onun hər qarış torpağı üçün canlarını fəda etməyə hazır olurlar.
Uşaqlarda kiçik yaşlarından vətənpərvərlik hisslərinin formalaşması onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, milli ordumuza güclü əsgər kimi yetişməsinə əlverişli şərait yaradır. Məhz bu amil Azərbaycan Milli Ordusunun inkişafına, onun sıralarının mətin, dözümlü və cəsur əsgərlərlə təmin olunmasına xidmət edir.
Mütəxəssislər ekstremal idman növlərinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, onların məhz hərbi vərdişlərə yiyələnmələrində böyük rola malik olduğunu bildirirlər. Bu idman növləri gənclərdə daxili inam hissini artırmaqla yanaşı, onların psixoloji cəhətdən güclənməsinə də böyük təsir göstərir. Bu idman növləri ilə məşğul olan gənclərin təkcə fiziki hazırlıqlı olması kifayət deyil, idmançı mənəvi cəhətdən də güclü olmalı, qarşısına məqsəd qoyaraq ona doğru irəliləməlidir. Ekstremal idman növləri idmançılarda sağlamlığın möhkəmləndirilməsi, orqanizmin daim gümrah vəziyyətdə qalması, özünəinam hisslərinin yaranması, psixoloji gərginliyin aradan qaldırılması və s. kimi müsbət keyfiyyətləri formalaşdırır. Danılmaz faktdır ki, bugünün fiziki cəhətdən sağlam yeniyetməsi sabahın əsgəridir. Bu baxımdan, gənclərin hərbi-vətənpərvərlik hisslərini gücləndirən idman növləri ilə məşğul olmaları vacibdir. Unutmaq olmaz ki, yalnız mənəvi cəhətdən güclü olan insan hər bir çətinliyə qatlaşır, o, vətənini, doğma torpağını ürəkdən sevir.
Ekstremal idman növləri orduda xidmət etməyə hazırlaşan gənclərimizin fiziki sağlamlığında mühüm rol oynayır
Ekstremal idman növləri orduda xidmət etməyə hazırlaşan gənclərimizin fiziki sağlamlığında mühüm rol oynayır. Bəllidir ki, orduda əsgərlər müxtəlif vaxtlarda-qışda, kəskin hava şəraitində hərbi təlim keçirlər. Müharibə şəraitində olan Azərbaycan dövlətinin əsgərləri isə belə hallarla daha tez rastlaşa bilərlər.
Bu növlər gənclərin sabahın əsgəri kimi formalaşmasını təmin edir. Məhz ekstremal şəraitdə özünü təsdiq edə bilmək, qarşıya çıxan maneələrin çətinliklərlə keçilməsi idmançıda mətinlik, dözümlülük, iradəlilik kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır. Bu ruhda formalaşan gənc heç bir çətinlikdən qorxmur, ekstremal vəziyyətlərdən çıxış yolu tapır.
Bu gün gənclərimizin orduya qədərki dövrdə dözümlülük keyfiyyətlərinin gücləndirilməsi, şübhəsiz ki, vacib amillərdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Sevindirici haldır ki, bu gün ölkəmizdə ekstremal idman növlərinə böyük maraq var. 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ölkəmizdə bu sahənin inkişafı istiqamətində bir sıra mühüm işlər həyata keçirir. Bu gün ölkəmizdə idman dırmanması, dağçılıq, paraşütizm, paraplan, motoparaplan,motodeltaplan kimi ekstremal idman növləri inkişaf etdirilir.
Federasiyanın qarşıya qoyduğu məqsədlərdin biri yeniyetmə və gənclərin sağlam həyat tərzi sürməsi, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsinin gücləndirilməsidir. Bununla bağlı federasiyada bir sıra mühüm layihələr həyata keçirilir.
Son 3 il federasiya üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Ötən il federasiyanın idman dırmanması üçün nəzərdə tutulan "Climbaku” adlı təlim-məşq bazası istifadəyə verilib, təmsilçilərimiz bu növ üzrə Dünya kuboku, dünya çempionatı kimi bir sıra mötəbər yarışlarda qüvvələrini sınayıblar. Avqust ayında FAİREX-in 8 idmançısının Pamir dağlarına ilk ekspedisiyası təşkil edilib.
FAİREX-in 2012-ci ilin yaddaqalan hadisələrindən biri də Beynəlxalq İdman Dırmanması Federasiyasının ölkəmizdə bu növ üzrə Dünya kubokunun mərhələ yarışının keçirilməsi ilə bağlı qərar qəbul etməsi olub.
FAİREX 2013-cü ilə də uğurla başlayıb. Belə ki, bu il təmsilçilərimiz buzadırmanma üzrə keçirilən Dünya kuboku yarışlarında və dünya çempionatında uğurla çıxış ediblər. Buzadırmanma üzrə Azərbaycan milli komandası Kirovda keçirilən dünya çempionatında Rusiyadan sonra ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, iyunun 22-23-də paytaxtımızda ilk dəfə olaraq idman dırmanması üzrə Dünya kubokunun mərhələ yarışı keçiriləcək.
Hər bir gənc təhlükəli vəziyyətdən sağ çıxmağı bacarmalıdır
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, respublikanın əməkdar məşqçi və müəllimi Valeri Bağırov ekstremal idman növlərinin ölkəmizdə inkişafının Azərbaycan gəncləri üçün vacib olduğunu bildirdi: "Respublikamızın üçdə iki hissəsinin dağlıq ərazi olduğunu nəzərə alsaq, ekstremal idman növlərinin ölkəmizdə inkişafının nə dərəcədə vacib olduğunu təsəvvür etmək çətin deyil. Bu gün ölkəmizdə qayayadırmanma ilə yanaşı, buzadırmanma və dağçılıq da inkişaf etdirilir. Orduda xidmət etmək hər bir gəncin şərəfli vəzifəsidir. Çox vaxt əsgərlərimiz hərbi xidməti sərhəd qoşunlarında, dağlıq ərazilərdə keçirlər. Qayayadırmanma, buzadırmanma, dağçılıq, ümumiyyətlə, dağ idman növləri ilə məşğul olan gənclər orduyaqədərki dövrdə ilkin hərbi hazırlıq, ekstremal vəziyyətlərdən çıxmaq kimi biliklərə sahib olurlar. Bu, onların hərbi-vətənpərvər ruhda formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, bu idman növləri ilə məşğul olmaq gündəlik həyatda da onların köməyinə çatır. Hər bir gənc xəritəni oxumağı, kompasdan istifadə etməyi, çöl şəraitində düşərgənin, çadırın qurulmasını, ocağın qalanmasını, naməlum yerdə istiqamətin müəyyən edilməsini, kəskin hava şəraitində, təhlükə anında düzgün addımlar ataraq həmin vəziyyətdən sağ çıxmağı bacarmalıdır. Hətta dərslərdə, seminarlarda tələbələrə zərər çəkmiş insana ilk tibbi yardımın göstərilməsi ilə bağlı biliklər də öyrədilir. Məhz bütün bunlar ekstremal idman növlərinin təbliği və tədrisinin nə dərəcədə vacib olmasından xəbər verir”.
Valeri müəllim ekstremal idman növləri ilə məşğul olan gənclər üçün vacib olan mənəvi keyfiyyətlərdən də söz açdı: "İlk növbədə, dağ idman növlərini digər idman növlərindən fərqləndirən amillərə diqqət yetirmək lazımdır. Məsələn, futbol, atletika, boks idman növündə iki saatdan sonra məşq bitir və idmançı formasını dəyişib evinə gedir. Bu növ üzrə yarışlarda idmançıları azarkeşlər dəstəkləyir. Amma dağçılıqda vəziyyət tamamilə fərqlidir. Burada rəqib təbiətdir, iqlimdir, marşrutun çətinliyidir. Burada səni dəstəkləyən, çıxışını müzakirə edən azarkeş yoxdur. Dağçılıqda sən özünə qalib gəlməlisən. Bu növdə iki saat məşq etdikdən sonra məşqi bitirib evə getmək mümkün deyil. İdmançı ya marşruta başlamamalı, ya da mübarizəni sonadək davam etdirməlidir. Məsələn, bir həftəlik marşrutu iki gündən sonra başa çatdırılıb geri qayıtmaq olmaz. Dağçılıqda idmançı özünə güvənməli, fiziki hazırlıqla yanaşı, geniş biliyə malik olmalıdır. Dağlarda düşünülməmiş atılan addım insan həyatı bahasına başa gələ bilər. Dağa qalxan idmançı coğrafiya, tarix, pedaqoqika, psixologiya, fiziologiya və anatomiyanı yaxşı bilməlidir. İdmançı iradəli, eyni zamanda yüksək psixoloji hazırlığa malik olmalıdır. Səyahət nə qədər mürəkkəb olursa, insanın psixologiyasına da bir o qədər çox təsir edir. Marşrutun çətinliyi, yüksəklik, oksigenin çatışmamazlığı qan dövranına, beynin fəaliyyətinə öz mənfi təsirlərini göstərə bilər. Belə vəziyyətlərdə insan özünü adekvat aparmır, gözlənilməyən hərəkətlərə yol verir. İdmançıda hədsiz yorğunluğu başgicəllənmə, hətta, huşunu itirmə halları ilə müşahidə oluna bilər. Buna görə də dağa qalxmazdan əvvəl mütləq nəzəri və təcrübi hazırlıq aparılmalıdır”.
Vətənpərvərlik mübarizlik, igidlik, məğlubedilməzlik, qəhrəmanlıq deməkdir. Azərbaycan xalqı zaman-zaman mübariz insanlar, qəhrəmanlar yetişdirib. Fəxrlə deyə bilərik ki, doğma yurdumuz məhz belə insanların vətənpərvərliyi sayəsində müstəqillik qazanıb, bütün dünyada tanınıb. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına, elinə, obasına, ənənələrinə sədaqət ruhunda tərbiyəsi əhəmiyyətli məsələdir. Vətənpərvərlik hisslərinin kiçik yaşlarından formalaşdırılması isə qələbəyə aparan yolun başlanğıcıdır.
Aysel Sultanova
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.