Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur hər bir millətin tarixi inkişaf mərhələsində meydana gəlib. Hər bir insan mənsub olduğu milli gerçəkliyin ayrı-ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın milli şüurunun formalaşmasına görkəmli şəxsiyyətlərin böyük təsiri vardır. Milli mənlik vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək deməkdir. Fiziki və mənəvi cəhətdən sağlam olan gənc nəsildə milli şüur və vətənpərvərlik hissləri böyük sürətlə inkişaf edirlər. Belə ki, vətənə layiq bir vətəndaş kimi yetişmək üçün gənc nəsil millətimizin tarixi keçmişindən, adət-ənənəsindən, milli xüsusiyyətlərindən bəhrələnir. Tarixən bütün millətlər bəşəriyyətə bəxş etdiyi dühaları, yaratdığı maddi və mənəvi nemətləri ilə fəxr edir. Müasir dünyamızda yaşayan bütün millətlər həmin tarixi şərait içərisində inkişaf və tərəqqiyə nail olublar. İnsan uşaqlıq, gənclik və kamillik dövrü keçirdiyi kimi, millətlər də tarixin inkişaf mərhələlərində həmin yolu keçir. Hər bir millət uzun illər boyu öz adət və ənənəsini formalaşdırır, öz inkişafını yüksək mərhələyə qaldıraraq özünü təsdiq edir. Araşdırmalar göstərir ki, milli şüuru inkişaf etmiş hər bir xalq millətin ümumi mənafeyini dəyərləndirərək onun rifahı üçün fədakarlıqla çalışır. Tarix qarşısında öz missiyasını aydın dərk edən hər bir millət öz gələcəyini daha da xoşbəxt etmək üçün inamla və ardıcıllıqla məqsədə doğru irəliləyir.
Azərbaycan dövlətinin ən başlıca ideologiyasından biri uşaq və gənclərin milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasıdır. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyərək, bu və ya digər hadisələrə öz münasibətini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Belə ki, mütəxəssislərin qeyd etdiyi kimi, mənlik hissi insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Sosial şəraitdən asılı olaraq mənlik şüuru dəyişə bilir.
Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoydu. Bunlardan biri də gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə etməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət həm də gənc oğlan və qızların sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürür. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması dövlətimizi ciddi düşündürür. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqəti çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur. Doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsl insan, vətənpərvər kimi yetişmək mümkün deyil. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir.
Qeyd etdiyimiz kimi, insan tərbiyəsi, tərbiyə prosesinin aktuallığı vacib məsələ kimi qarşıya qoyulub və bu, cəmiyyəti düşündürən bir işdir. Bəzi mütəxəssislər tərbiyə məsələsində ailənin rolunu daha yüksək qiymətləndirirlər. Bəziləri isə vətənpərvərlik, vətəndaşlıq hisslərinin uşaq anadan olan gündən aşılanması məsələsini önə çəkirlər. Şübhəsiz ki, bu, belədir. Yəni, hər bir uşaq kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə almalıdır.
Vətənpərvərlik sosial reallıqlar
prosesində uşağın inkişaf tərbiyəsi üsullarından birinə çevrilir
Vətəndaşlıq insanın cəmiyyətlə sosial-psixoloji, əxlaqi-etik, o cümlədən pedoqoji əlaqəsidir. Doğma yurda, doğma dilə məhəbbət insan üçün kiçik dəyərlərə - öz ailəsinə, evinə məhəbbətdən başlayır. Bünövrəsi möhkəm qoyulan bu məhəbbətin dayaqları da möhkəm olur və get-gedə daha böyük məfhumlara - vətənə, xalqa, onun tarixinə, mədəniyyətinə sevgiyə aparıb çıxarır.
Vətənpərvərlik sosial reallıqlar prosesində uşağın tərbiyəsi üsullarından birinə çevrilir. Vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etməkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə və məktəbəqədər tərbiyə müəssisələrində qoyulur. Şübhəsiz milli mənlik şüuru da elə-belə yaranmır. Bu hisslər insanda uşaqlıq illərindən formalaşır və möhkəmlənir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Burada vicdan, milli mənlik önəmli rol oynayır. Vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilməli, onun təbii sərvətlərini qorumalı və mühafizə etməlidir. Milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri o cümlədən digər milli atributlar güclü təsirə malikdir.
Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz
Əxlaq məfhumu yüksək şüurlu, mənəvi dəyərlərlə zəngin insanların yaratdığı nisbi ölçüdür. O, cəmiyyətin inkişafına müsbət təsir göstərsə də, qeyri-müəyyən mahiyyət daşıyır. Yüksək mənəvi dəyərlərlə zənginləşmək istəyən cəmiyyət yüksək əxlaqlı milli-mənəvi dəyərlərlə tərbiyələnmiş, ağıllı, bilikli və bacarıqlı insanların tərəqqisinə- təbii təkamülünə nail olmağına çalışmalıdır. Bu mənada, millətin əxlaqlı insanlarını qorumaq vasitələrindən biri də incəsənət adamları, mütərəqqi fikirli insanların formalaşdırdıqları "ideal” anlayışa söykənir.
Millətin mənəvi həyatının təmin edilməsi üçün onun fərdlərinin özünüdərk, milli mənlik, milli birlik duyğuları güclü olmalıdır. Fərddə özünüdərk, milli mənlik, milli birlik və milli ideyaya sədaqət duyğusu formalaşdırılmasa, o, millətə çevrilə bilməz. Özünüdərk, milli mənlik, milli ideyaya sədaqət duyğusu kimi, millətin müdafiə instinktlərini işə salır. Bu amil dövlət idarəetməsi, təhsil, təlim-tərbiyə işlərində ciddi nəzərə alınmalıdır.
Milləti xarakterizə edən bir sıra bioloji və sosial-psixoloji amillər var. Bir sıra elm adamları və araşdırmaçılar milləti mahiyyətini göstərmək üçün biopsixoloji, dil tarixi, sosial, siyasi, mədəni, dini, əxlaqi amillər üstünlük verirlər. Yüksək biogenetik, mənəvi-psixoloji duyğusuz toplumların təşkilolma qabiliyyəti aşağı olduğundan onlar millətlərarası mübarizənin gərginliyinə tab gətirməyib, tədricən yer üzündən silinirlər. Qarşılıqlı proseslərdə millətin həyatının təmin edən çoxlu biososial məsələlər tənzimlənir. Buna görə də millətin ziyalılarının vəzifələrindən biri də əhalidə milli mənlik, özünüdərk və millətsevərlik duyğuları oyatmaqdır.
Milli mənlik kimi dəyişkən xarakterli mürəkkəb elmi, sosial-siyası məsələləri həll edərkən fərd və milləti təşkil edən biososial amillərdən birinin əhəmiyyətini azaldıb-artırmaq yanlış nəticələrə gətirib çıxarır. Hər hansı bir uşaq cəmiyyətdən ayrı böyüdüləndə bioloji instinktlər üstün olur və onda heç bir milli duyğu və hiss yaranmır. Onun üçün zaman və məkan anlayışları da ancaq bioloji ehtiyacların ödənilməsi, varlığın maddi təminatı baxımından müəyyən fizioloji əhəmiyyət kəsb edir. Cəmiyyətdə biogenetik əlamətlərin, insanaların daxilindən gələn duyğuların əhəmiyyətinin azaldılması, ya inkarı da çox vaxt yanlış nəticələrə gətirib çıxarır. Bəzi insanların varlığındakı ictimai instinktlər "tükənməz” bir qüvvə kimi çeşidli şəkillərdə ortaya çıxır. Onların mahiyyətindəki igidlik və rəşadət duyğusu ömrün sonuna kimi qalır. Bu duyğunu sosial amillərin təsiri ilə ancaq müəyyən qədər artırıb-azaltmaq olur.
Millətsevərlik duyğusunu genetik, bioloji əlamətlər yaradır, yoxsa sosial amillər onların formalaşmasında əsas şərtdir?
Keçmiş sovetlər dövründə ictimai-siyasi elmləri insanın fərdi, milli-psixoloji bioloji xüsusiyyətlərinə ciddi əhəmiyyət verməyib, onu istehsal üzərində ictimai mülkiyyətin mütləq hakim olacağı "ideal” cəmiyyət yaratmaq ideyasına tabe etdirmişdilər. O dövrlərdə "İnsanların iradəsindən asılı olmayan fasiləli, sıçrayışlı, yüksələn xəttlə inkişaf edən, vahid ümumdünya tarixinin dərk edilməsi” sovet fəlsəfəsinin elmi əsasını təşkil edirdi.
İnsanlığın tarixi müəyyən mənada millətlərin yaşamaq uğrunda mübarizə tarixidir. Tarix boyu şərq və qərb cəmiyyətlərində mədəni quruculuqla yanaşı əbədi, elmi-fəlsəfi qaynaqların bizə çatdırdığı "xeyirlə şərin mübarizəsi” kimi görünən proseslərin əsas hərəkətverici qüvvəsi şəxsiyyətlər, onların yaratdığı ideya və fikirlər olmuşdur. Mənəvi və milli ehtiyacları ödəmək istəyi insanlar bu amillər uğrunda mübarizə aparmalı olublar. Bəzən də heç bir maddi ehtiyacla bağlı olmayan, ancaq insanların içindəki vətənpərvərlik duyğusu onları vətən uğrunda savaşlara həvəsləndirib.
Maddi və mənəvi ehtiyacları ödəmək üçün başqa millətləri iqtisadi-siyasi, hərbi və başqa yollarla sıxışdırmaq istəyi bir sıra millətlərə xas olan mənfi amildir. Dövlət bu məsələdə əsas qüvvədir. O, müəyyən ərazidə yaşayan əhalini-millətləri, etnik qrup və tayfaları əhatə edir. Millət isə biogenetik qohumluğu olan insan cəmiyyətidir. Millətin formalaşması uzun sürən mürəkkəb biososial, tarixi prosesdir. Hər hansı kiçik millət, ilk növbədə, qan qohumu olan müxtəlif tayfalardan təşkil olunub. Biososial demoqrafik proseslər nəticəsində böyüyən tayfalar milli-mənəvi, siyasi bağlarla da birləşib millətə çevrilir. Azərbaycanın müstəqilliyi elan ediləndən sonra bəzi alimlər cəmiyyətdə idealogiya axtarışına başladılar. Ancaq ilk baxışdan cəlbedici görünən bu ideologiyalar dövrün demokratik ideyaları ilə nə qədər çox doldurulsalar da, millətin bütün iqtisadi, siyasi tələblərini ödəmək səviyyəsinə qalxa bilmədilər. Milli dövlətçiliyin inkişafında milli ideologiyanın rolu əvəzsizdir, buna görə də vətənsevərliyin, dövlətçiliyin kökündə millətçilik, millətsevərlik duyğusu dayanır. Milli ideya millətlə birlikdə meydana gəlir və millətin mənafeyinə xidmət edir. Bir sözlə, millətin mənəvi tərəqqisi onun başlıca vəzifəsidir. Əgər milli ideyanı milli ideologiya kimi qələmə versək, onda milli ideologiya həm millətə, həm də dövlətə xidmət edən ideologiyadır. Milli ideologiya bir dövlət ərazisində yaşayan çoxsaylı bir millətə deyil, bütün millət, xalq, etnik qrup və milli azlıqlara da xidmət edir. Milli ideyanın əsas məqsədi milli mənafenin müdafiəsi üçün kütlələrin səfərbərliyə alınmasıdır. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin formasından asılı olmayaraq milli mənafeyin müdafiə edilməsi, ümumbəşəri tələblər səviyyəsində, millətindən asılı olmayaraq, hər bir vətəndaşın, milli azlıqların, etnik qrupların mədəniyyətlərinin inkişafına şərait yaradılması, dövlətin icra orqanlarında düzgün təmsilolunması və s. mühüm yer tutmalıdır. Azərbaycanda dövlət ideologiyasının əsasında milli-mənəvi dəyərlər, dövlətçilik ideyaları durur. Ölkə millətlərinin əbədiliyini, dövlətin mövcudluğunu təmin etmək əhalinin təşkilolunma qabiliyyətini yüksəltmək üçün gərəkli ideya dövlətçilik-azərbaycançılıqdır. Azərbaycanın dövlət strategiyasının əsasında milli-mənəvi dəyərlər, milli dövlətçilik, azərbaycançılıq ideyları dayanır.
Şüur və onun ayrı-ayrı ünsürləri fəlsəfənin əsas mövzularından biridir
Şüur qədim dövrlərdən filosofların əsas tədqiqat obyektlərindən biridir. O, XX yüzillikdə mürəkkəb təcrübələr qoymaqla dərindən öyrənilsə də, problemin mahiyyət məsələləri bu gün də "başlanğıc” səviyyədədir. İnsan şüuru bu məsələlərdə müəyyən məntiqi həddən irəli gedə bilmir. Mütəxəssislər hesab edirlər ki, biz materiyanın təbiətini sonacan dərk edə bilmərik. Şüur və onun ayrı-ayrı ünsürləri fəlsəfənin əsas mövzularından biridir. Onlardan biri "insan beyninin fəal, məqsədyönlü inikasından ibarət funksiyası” sayır. Bu fəlsəfəyə görə "şüur hər cür materiyanın yox, ancaq yüksək təşəkküllü materiyanın xassəsi, obyektiv aləmin subyektiv obrazıdır”. Bunlar təbiətşünaslıq elmlərindən alınmış bilgilərdir.
Şüur və davranış məsələlərini öyrənərkən hər hansı davranış aktını təşkil edən və təmin edən bütün amillər nəzərə alınmalıdır. Təkcə müxtəlif davranış aktlarına səbəb olan sinir reflekslərini öyrənib şərti reflekslərə üstünlük verməklə canlıların psixi fəaliyyətinin bütün elmi problemlərinin çözüləcəyini düşünmək düzgün deyil. Canlıların, xüsusilə insanların davranışı qaranlıq, sirli bir dünyadır. Burada hər an alışılmış, öyrədilmiş vərdişə çevrilmiş haldan qırağa çıxan gözlənilməzliklər, qeyri adiliklər ola bilər.
Mütəxəssislərin fikrincə, şüur və davranış aktlarını öyrənərkən təkcə xarici mühitin təsirlərinə yox, həm də psixikaya diqqət edilməlidir. Çünki obyektiv həyəcan reallıqdır. Hər bir davranış aktında hərəkətlə psixika adlı iki tərəf iştirak edir və bunların ikisi də insan orqanizminə mənfi təsir göstərə biləcək reaksiya verir. İnsanlarda isə uyğunlaşma şüurla tənzimlənib idarə olunduğundan sosial mahiyyət kəsb edir. İnsan aşağı sinif canlılardan fərqli olaraq hadisələrin genetik yaddaşda bioloji qanunlara uyğun şəkildə əks olunmasını gözləməyib şüuru ilə mühitə təsir etməyə uyğunlaşmağa çalışır. Bu, cəmiyyətin ictimai-siyasi hadisələrinə biogenetik, tipoloji xüsusiyyətlərə uyğun sosial-psixoloji uyğunlaşmadır. O, iki əsas qüvvənin təsiri ilə gedir: Daxildən gələn inam, iradə qüvvəsi və ictimai mühitin təsir gücü. Bu qüvvələr müxtəlif vaxtlarda bir-birini üstələyirlər. İnsan iradəsi ilə çox şeyə qalib gələ bilir.
Dil fərdin özünütəsdiq mexanizmi, millətin mənəviyyatının göstəricisidir
Millətsevərlik dövlət ideologiyası, "siyasi millətçilik” səviyyəsində qaldırılarkən insanların varlığındakı instinktlər güclənir, onların səfərbərlik, vətənpərvərlik qabiliyyəti artır və millətçilik dövlətin mövcudluğuna xidmət mexanizminə çevrilir. Etnik birlik, milli mənlik, milli özünütəsdiq fəlsəfəsi üzərində qurulmayan dövlət gec-tez məhv olur. Avropa dövlətlərinin Konstitusiya və siyasətlərində millətçilik ilk baxışdan nəzərə çarpmasa da, bütün siyasət, dövlət millətçiliyi-siyasi millətçilik əsasında qurulmuşdur. Bəs millətçilik nədir? Millətçilik insanın müdafiə instinkti əsasında formalaşan fəaliyyət forması, milli özünütəsdiq mexanizmi, dünyagörüşüdür.
Millətsevərlik millətin yüksəliş qığılcımı təşkilatlanma bacarığının yüksəldicisidir. Millətçilik duyğusu bəzi insanlarda güclü olduğundan onları millət fədaisinə çevirir. Ancaq millətçilik təkcə güclü millətçi fərdlərinin olması ilə qurtarmır. Əsas məsələ bu duyğunu ictimailəşdirmək, millətin bütün təbəqələrində tərbiyə edib gücləndirməkdir. Millətlərin kainatdakı mövcudluq qanunları bizə milli birliyə çatmaq ideyasını bu böyük istəyə çatana, sonra da əbədiyyətə kimi yaşatmağın gərəkliyini göstərir. Dilin millətin milli duyğularının oyadılması, milli ideologiyasını formalaşdırıb təşkilolma qabiliyyətinin artırılmasında böyük əhəmiyyəti var. Dil fərdin özünütəsdiq mexanizmi, millətin mənəviyyatının göstəricisidir. Dilə əsaslanaraq millətin milli mənsubluğunu təyin etmək də mümkündür. Dil millətin ən böyük mənəvi dəyəridir. Milli-mənəvi dəyərlər əks olunan ana dil ideoloji qüvvəyə çevrilib insanların millətsevərlik, vətənsevərlik duyğularını gücləndirir. Dövlət millətin daha yaxşı yaşamaq üçün yaratdığı, özündə bütün idarəetmə vasitələrini birləşdirən siyasi hakimiyyət, milli müdafiə insitutudur. O, millətin özünütəsdiq mexanizminin göstəricisi olduğundan özündə böyük enerji, müdafiə qüvvəsi saxlayır.
Azərbaycan gəncliyi milli şüurunu daim inkişaf etdirir, vətənpərvərlik ruhunda tərbiyə alır. Bu, Azərbaycan dövlətinin ölkəmizin gənc nəslinə göstərdiyi yüksək qayğının bariz nümunəsidir. Azərbaycanın gənc övladları vətənimizin keşiyində sadiq dayanmağa, topaqlarımızın hər qarışı uğrunda canını fəda etməyə hazırdır. Vətənpərvərlik hisslərinin önə çəkildiyi müasir dövrümüzdə bu, ən vacib amildir. Bu gün Azərbaycan topaqlarının işğal altında olması ölkəmizin hər bir vətənpərvər övladını mübarizəyə səsləyir. Azərbaycan gəncliyi dərindən dərk edir ki, vətənimizin hər bir qarışı qorunmalı, topaqlarımız işğaldan azad edilməlidir. Sevindirici haldır ki, ölkəmizdə yetişən hər bir gənc bu ideya uğrunda qüvvəsini səfərbər etməyə hazırdır.
Anar Əhmədov
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.