Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Bölgələrdə fəaliyyət göstərən gənclər və idman idarələri bu işdə daha fəallıq göstərirlər. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi gənclərin çoxluq təşkil etdiyi bu şəhərdə vətənpərvərlik mövzusuna geniş yer ayırır. Şəhərin yeniyetmə və gənclərinin milli ruhda yetişdirilməsi bu idarənin fəaliyyət proqramının əsasını təşkil edir. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla birgə həyata keçilir. "Şahinlər” hərbi-idman və "Cəsurlar” hərbi-idman və turizm oyunları, "Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü məktəbli yeniyetmələr tərəfindən həvəslə qarşılanır. Sumqayıtlı gənclərin N saylı hərbi hissələrlə əməkdaşlığı da ildən-ilə gücləndirilir. Bütün bunlar isə, şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.
Həyata keçirilən tədbirlər barədə daha ətraflı məlumat almaq üçün Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mussa Həsənovla görüşdük.
- Musa müəllim, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi bu gün dövlətimizin prioritet məsələsidir. Bu yöndə lazımı işlər aparılmaqdadır. "Gənclik şəhəri” adlanan Sumqayıtda gənclərlə bağlı hansı işlər görülür?
- Şübhəsiz ki, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi işi ön plandadır. Çünki torpaqlarımızın 20 faizdən çoxu erməni qəsbkarlarının işğalı altındadır. 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz var. Belə bir vəziyyətdə qarşıda duran əsas vəzifələrimizdən biri gənclərimizi düzgün istiqamətləndirmək və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi önəm verməkdir. Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bu işə xüsusi diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, digər sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də çoxsaylı dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət proqramlarında hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi yer ayrılıb. Bu baxımdan, bizim üzərimizə də, çox böyük məsuliyyət düşür. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin əsas məqsədi böyüməkdə olan gənc nəsli bu işə cəlb etməkdir. Yəni gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi bizim işimizin əsasını təşkil edir. Gənclərin orduya hazırlığı istiqamətində müəyyən işlər aparılır. Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyi ilə son illərdə şəhərimizdə bir sıra mütərəqqi ənənələrin təməli qoyulub. Bu tədbirlər ictimaiyyət tərəfindən çox böyük razılıqla qarşılanır. Bu ənənələrdən biri də məktəblilərin hərbi paradıdır ki, bu paradı artıq üçüncü dəfədir ki, Sumqayıt şəhər Təhsil Şöbəsi ilə birgə yüksək səviyyədə hazırlayıb həyata keçiririk. May ayının 7-də təşkil etdiyimiz hərbi paradda 50 məktəbdən 3 min məktəbli iştirak etdi. Balaca uşaqların kiçik hərbi-texnikalarla keçidi ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılandı. Sumqayıt şəhər Təhsil Şöbəsi və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən hərbi keçidi Sumqayıtın 20 minə yaxın sakini seyr etdi.
- Sizcə, bu cür paradların təşkili uşaq, yeniyetmə və gənclərin həyatında nə kimi rol oynayır?
- Sözsüz ki, paradlar gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb edir. Gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, qeyd etdiyim kimi, ən vacib məsələdir. Orduya hazırlaşan gənclərin hərbi paradlarda iştirakı, onların arasında vətənpərvərlik mövzusunda geniş söhbətlərin aparılması gənclərimizin vətənin müdafiəçiləri kimi formalaşmasında xüsusi rol oynayır. Sumqayıt məktəblərində də bu iş ön plandadır. Məktəblərdə milli qəhrəmanlarımızın foto-stendi yaradılıb, Qarabağda igidlik göstərən oğullarımız barədə şagirdlərlə söhbətlər aparılır, diskussiyalar təşkil olunur. Sumqayıtlı şagirdlər "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnirlər. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Bu baxımdan şagirdlərimizin hərbi-idman oyunlarında, eləcə də hərbi paradlarda iştirakı onların vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir. Hesab edirəm ki, məhz bu cür tədbirlər gənc nəslin vətən sevgisini, torpağa bağlılığını artırır, onlarda milli mənlik şüuru formalaşır.
- Sumqayıtlı gənclərin respublikamızın müxtəlif bölgələrdə ekskursiayları da ənənəvi xarakter alıb. İstərdik ki, bu barədə məlumat verəsiniz.
- Gənclərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi hissələrə ekskursiyaların təşkil olunması kimi məsələlərə şəhərimizdə çox böyük önəm verilir. Bundan başqa, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən hərbi idman oyunlarının və "Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü ilə bağlı idman tədbirlərində Sumqayıt gəncləri yaxından iştirak edirlər. Şəhərimizin komandaları zona yarışlarında uğurla yarışırlar. "Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə keçirilən yarışlarda şəhərimizin təmsilçiləri dəfələrlə yüksək nailiyyətlər ədə ediblər. Biz bu tədbirləri təkcə Sumqayıtda deyil, şəhərin ətraf qəsəbələrində də həyata keçiririk. Düşünürük ki, bu tədbirləri gələcəkdə daha sistemli şəkildə, yeni metodlar əlavə olumaqla davam etdirək. Qeyd edim ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə son illər gənclərin müxtəlif rayonlara ekskursiyaları təşkil olunur. Bu tədbir "Vətənimizi gəzək, öyrənək” devizi altında keçirilir. Yeri gəlmişkən deyim ki, bu ilə qədər 7 minə yaxın yeniyetmə və gəncin Quba rayonundakı soyqrım məzarlığına ziyarətini təşkil etmişik. Bu il isə biz Qusar rayonuna səyahət həyata keçiririk. Səyahətimiz iyulun 14-dən başlayıb və 2 ay davam edəcək. Bu il 500 nəfərə yaxın gəncin Qusar rayonuna ekskursiyası təşkil olunacaq. Ekskursiyanın açılış mərasimi Sumqayıtda ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdən oldu. Sonra gənclərin bir qrupu Qusara yola düşdü. Rayonda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra "Qanlı dərə”də qəhrəman igidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Hesab edirəm ki, bütün bunlar gənclərimizin tariximizi öyrənmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Sonra gənclərimizi Şahdağ Dağ-Xizək kompleksinə apardıq. Gənclərimiz qüdrətli dövlətimizin iqtisadi gücünün, qüdrətinin nəticəsinin əyani şahidi oldular. Fikrimcə, Şahdağ kompleksi nəinki MDB məkanında, hətta bir çox inkişaf etmiş ölkələrdəki idman komplekslərindən biridir. Gənclərimiz həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə apardığı islahatların nəticəsini gördülər. Onlar ölkəmizin həm iqtisadi, həm də hərbi gücünün inkişafının bir daha şahidi oldular. Sevindiricidir ki, bu inkişaf təkcə mərkəzdə deyil, ölkəmizin sərhəd rayonlarında da gedir. Qusar rayonuna səfərimiz gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların dostluq əlaqələrinin qurulmasında çox böyük rol oynayır. Bunlar da vətənpərvərlik üçün çox vacib məsələlərdən biridir. Gələcəkdədə biz bu işləri davam etdirəcəyik.
- Musa müəllim, mümkünsə "Qanlı dərə” barədə ətraflı məlumat verərdiniz.
- Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan və üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsil qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımlar da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasına, tarixi torpaqlarımızın bölünməsinə səbəb olub. Qısa bir müddətdə aparılan siyasət nəticəsində ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmiş, soyqırımlar törədilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında bizim əzəli torpaqlarımızın işğalını həyata keçirdilər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdıldı, respublikamızın bir çox yaşayış məskənləri xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə erməni faşistləri 50 min dinc azərbaycanlını qətlə yetirdi, 10 minlərlə insanı öz torpaqlarından qovdu. Ermənilərin Quba qəzasının müsəlman əhalisinə qarşı törətdikləri qırğın tarixin yaddaşından heç vaxt silinməyəcək. O vaxt işğalçı erməni qoşunları qəzanın 162 kəndini dağıtmış, bunlardan 27-ni əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Qəzada bir neçə dəfə qırğın törətmiş erməni daşnakları təkcə 1918-ci ilin mart-aprel aylarında ağlasığmaz vəhşiliklər törədiblər. Daşnak Muradyanın 2 minlik, Gelovaninin və Sturuanın min nəfərlik dəstələri, Amazaspın 2 minlik dəstəsi və yerli ermənilərin hərəsi 200-300 nəfərlik iki dəstəsi yerli əhaliyə qarşı əsl soyqırım həyata keçiriblər. Şübhəsiz ki, xalqımızın igid oğulları ermənilərin bu vəhşiliyinə qarşı çıxıblar. Hatəm ağa Cağarvinin, Möhübəli əfəndi Kuzunvinin, Əli bəy Ziziskinin və başqalarının yaratdıqları ləzgilərdən, azərbaycanlılardan, həmçinin digər xalqların nümayəndələrindən ibarət dəstələr düşmənlə amansız döyüşə girib. 1918-ci ilin mayın 18-də Quba qəzasının Digah kəndinin indi "Qanlı dərə” adlanan ərazisində Amazaspın quldur dəstələri igidlərimiz tərəfindən darmadağın edilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycanlıların soyqrımı haqqında” 690 nömrəli 26 mart 1998-ci il tarixli Fərmanı ilə ilk dəfə bu soyqrımına siyasi-hüquqi qiymət verilib, 31 Mart Azərbaycanlılarının Soyqrımı Günü elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2009-cu il sentiyabrın 18-də 1918-ci ildə Qusardakı "Qanlı dərə”də erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə abidə ucaldılıb. Tarixin şanlı mərhələsinin gənc nəsillərə ötürülməsi məqsədi ilə ucaldılan abidə Azərbaycan gəncliyinin ata-babalarımızın qəhrəmanlıq səlnaməsini daha yaxşı öyrənməsi və yadda saxlaması üçün əsl mənbədir. Əminəm ki, gənclərimizin bu cür tarixi yerlərə ekskursiyaları onların milli şüurunun formalaşmasında xüsusi rol oynayacaq.
- Sumqayıtlı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində daha hansı tədbirlər həyata keçirilir?
- Vətənpərvərlik mövzusunda rəsm müsabiqələri, şeir müsabiqələri təşkil edirik. Məlumat üçün deyim ki, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin "Qanadlandıq uçmağa” adlı almanaxı var. Bu almanaxda 14 ilə yaxındır ki, sistemli şəkildə vətənpərvərlik mövzusunda şeir və rəsm mövzuları toplanılır. Sonra isə bu mövzular toplum şəkildə çap edilir və təqdimatı keçirilir. Yeri gəlmişkən deyim ki, "Qanadlandıq uçmağa” almanaxının 10-cu buraxlışında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Fikrət Qoca iştirak etmişdilər. Bunun özü də gənclərdə böyük ruh yaradır. Ölkəmizin tanınmış simaları ilə keçirilən belə görüşlər gənclərdə vətənpərvərlik hissləri baxımından fikir formalaşdırır. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün də bir sıra tədbirlər görür. Hər il şəhərimizdə bizim tərəfimizdən mini futbol yarışları təşkil olunur. Bu yarışlar iki aya yaxın davam edir. Həvəskar velosipedçilərin yarışları da şəhərimizdə böyük təntənə ilə keçirildi. Bu yarışda ümumilikdə 400-ə yaxın gənc mübarizə apardı. Məhəllə və mikrorayonlar arasında şahmat və dama yarışları keçiririk. Bu da gənclərin bir-birlərini yaxından tanımaq və şəhərin ən güclüsünü müəyyən etmək baxımından çox gözəl əhəmiyyət daşıyır. Düşünürəm ki, bütün bunlar vətənpərvərlik hisslərinin müəyyən tərkib hissəsidir. Bütün idman növləri üzrə, gənclərlə iş sahəsi üzrə keçirdiyimiz tədbirlərdə qalibləri mükafatlandırırıq. Yeri gəlmişkən deyim ki, Sumqayıt şəhərində son 10 il ərzində 76 nəfər gənc qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülüb. Min nəfərdən çox şagird 600-dən çox bal toplayaraq tələbə adını qazanıb. Bütün bunlar göstərir ki, şəhərimizdə gənclərin hərtərəfli inkişafı üçün mühüm tədbirlər həyata keçirilir.
- Sumqayıt gəncləri ilə Qarabağ müharibəsi veteranları arasında görüşlər təşkil olunurmu?
- Bəli. Bu görüşlər mütəmadi olaraq təşkil olunur. Sumqayıt şəhərində Ağsaqqallar Şurası adlı qurum fəaliyyət göstərir. Ağsaqqallar Şurası ilə Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təsdiq etdiyi bir proqram var. Proqram əsasında nəzərdə tutulan tədbirlər mütəmadi olaraq həyata keçirilir. Sumqayıtlı ağsaqqallar ilə gənclərin tez-tez görüşləri təşkil olunur. Ağsaqqallar gənclərə məsləhət və tövsiyələr verirlər. Müharibə veteranları ilə gənclərimizin görüşü məktəblərdə, hərbi hissələrdə təşkil olunur. Qarabağ müharibəsində iştirak edən igidlərimizlə keçirilən görüşlər gənclərin vətənpərvərlik tərbiyyəsində xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin himayəyə götürdüyü hərbi hissədə əskərlərin asudə vaxtlarını təşkil etmək üçün müəyyən tədbirlər və konsert proqramları təşkil edirik. Bünlar hamısı bizim iş proqramımızda olan məsələlərdir. Bundan əlavə, narkomaniyanın zərərli tərəflərini göstərmək və gənclərin pis vərdişlərdən uzaqlaşdırılması üçün müəyyən video-çarxlar hazırlayıb nümayiş etdiririk. Bütün bunlar vətənpərvəlik hisslərinin aşılanmasında, gənclərin sağlamlığında mühüm rol oynayır. Təcrübə də göstərir ki, birgə fəaliyyət və iş bu məsələlər də çox vacibdir. Şəhərimizdə həm mədəniyyət, həm də hərbi sahədə çoxlu tədbirlər keçirilir. Bu tədbirlər gələcəkdə də davam etdililəcək.
- Məlumdur ki, vətənimizin keşiyində yalnız fiziki cəhətdən sağlam gənclər dayanır. Sumqayıt şəhəri özünün idmançıları ilə də tanınır. Burada fəaliyyət göstərən idman ocaqları ilə əlaqələriniz hansı səviyyədədir?
- Məncə, vətənpərvərlik tərbiyəsi və fiziki tərbiyə vəhdət təşkil edəndə daha səmərəli olur. Bu gün gənclərlə iş dövlətimizin siyasətinin əsas məsələlərindən biridir. Gənclərimizin sağlam və vətənpərvər ruhda böyüməsi üçün müxtəlif bölgələrdə Olimpiya idman kompleksləri tikilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sahədə yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda artıq 40-a yaxın müasir tipli Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. Son iki ildə təkcə Sumqayıt şəhərində iki böyük kompleks inşa olunub. Hazırda Mehdi Hüseynzadə adına şəhər stadionunda yenidənqurma işləri aparılır. İdarəmiz şəhərimizdə olan idman ocaqları ilə müntəzəm əlaqə saxlayır, qarşıya çıxan problemləri həll etməyə çalışırıq. Qürur hissi ilə deyə bilərəm ki, son 10 ildə Sumqayıt şəhərinin 76 idmançısı dünya və Avropa kubokunda, habelə digər beynəlxalq yarışlarda 1-ci yeri tutub. Halbuki, SSRİ dövründə bu rəqəm 6 idi. Çox sevinirəm ki, dünya, Avropa və Olimpiya oyunlarında mükafatçılar sırasında sumqayıtlı gənclər də yer alır. Son illərdə 17 nəfər idmançımız "Tərəqqi” medalına layiq görülüb. Düşünürəm ki, dövlət tərəfindən göstərilən bu qayğı gənclərimizə xüsusi bir stimul verir. Onlar çalışırlar ki, bu etimadı layiqincə doğrultsunlar. Fiziki sağlamlıq vətənpərvərlik tərbiyəsinin əsasını təşkil edən amillərdən biridir. Bu baxımdan, sumqayıtlı gənclərin vətənpərvər ruhda böyüməsi üçün hər cür imkan var.
- Eşitdiyimizə görə, Sumqayıtda Gənclər evi tikilir.
- İlin sonuna kimi bu ev gənclərin ixtiyarına veriləcək. Bura gənclərin öz intellektual bacarıqlarının nümayiş etdirmək üçün mühüm mərkəzə çevriləcək. Hesab edirəm ki, belə olan halda Sumqayıt gənclərinin ictimai fəallığı daha da artacaq. Bütün bunlar gənclərimizin sağlam böyüməsi üçün atılan addımlardır. Əgər gənclərimiz sağlam, vətənpərvər ruhda böyüyərsə, ölkəmizin müstəqilliyi daha da qüdrətli olar, vətənimizin sərhədləri daha inamla qorunar.
Əminliklə deyə bilərəm ki, sumqayıtlı gənclər vətənimizin müdafiəsinə hazırdırlar. Bu isə ən önəmli bir işdir. Məktəblilərin vətən sevgisi, torpaqlarımızın hər qarışı uğrunda mübarizəyə hazır olması qəlbimizi ruhlandırır. Vətənimizin bütövlüyünün qorunması, işğalçıların tapdağı altında qalan torpaqlarımızın azad edilməsi gənc nəslin vətənpərvər ruhda yetişməsini önə çəkir. Gənclərimiz Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanları, vətən üçün canını fəda edənləri unutmamalıdırlar. Sevinirəm ki, yeniyetmələr və gənclər Qarabağı unutmur, xalqımızın üzləşdiyi faciələrin tarixini dərindən öyrənirlər. Bütün bunlar isə, vətənimizin sabahı olan gənclərimizin milli mənlik şüurunun inkişaf etdiyinin göstəricisidir.
- Müsahibəyə görə çox sağ olun.
- Siz də sağ olun.
Hürrü Abdullayev
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.