Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər

Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər

Hər şəxsin həyatında mühüm rol oynayan idman insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən güclü edir. Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra ötən 20 ildə respublikamızda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanda idmanın inkişafı dövlətdə siyasətinin əsasını təşkil edir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.

Avropa və dünya çempionatları, Olimpiya Oyunları kimi mötəbər yarışda Azərbaycanın milli bayrağının dalğalanması, himnimizin səslənməsi hər bir Azərbaycan vətəndaşında böyük sevinc, fərəh hissi yaradır.
Bu gün Azərbaycanda idmanla yanaşı, Olimpiya Hərəkatı da yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycanda Olimpiya Hərəkatı sovet dövründə yaransa da, bu Hərəkat müstəqillik dövrünə yüksək səviyyədə inkişaf edib. 1952-ci ildə Olimpiadaya qatılan SSRİ yığmasının heyətində Azərbaycan idmançıları da olub. SSRİ yığmasını təmsil edən azərbaycanlı idmançılar arasında Olimpiya oyunlarının mükafatçıları da var. 1992-cı ildə ölkəmizdə Milli Olimpiya Komitəsi (MOK) yaradılıb. 1992-ci ildə Barselona Olimpiadasında cüdoçumuz Nazim Hüseynov MDB-nin birləşmiş komandasının tərkibində üçrəngli bayrağımız altında çıxış edərək qızıl medal qazınıb. Təəssüf ki, o dövrdə MOK-un fəaliyyəti çox bəsit olub. 1997-ci ilin iyul ayında cənab İlham Əliyev MOK-a rəhbərlik etməyə razılıq verdi. Onun quruma rəhbər seçilməsi bütün idmançıların və idmansevərlərin böyük sevincinə səbəb oldu. Belə ki, İlham Əliyevin MOK rəhbərliyinə gəlişi ilə ölkənin idman və Olimpiya Hərəkatında çiçəklənmə dövrü başlandı, respublikamız dünyanın idman ailəsinə daxil oldu.

2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkəmizin idman statusunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. 1997-ci ildən etibarən başlanan Olimpiya Hərəkatının inkişafı təkcə idman yarışlarının təşkili ilə məhdudlaşmırdı. Ölkə başçısının təşəbbüsü və tapşırığı ilə "Azərbaycanda idman və Olimpiya Hərəkatının maddi-texniki bazasının yaradılması haqqında” qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrdə kütləviliyin təmin edilməsi məqsədilə geniş tikinti-quruculuq işləri aparılmağa başladı. Azərbaycanda idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün Bakıda, o cümlədən bir çox rayon və şəhərlərdə Olimpiya idman komplekslərinin inşasına start verildi. Bu gün məqsədyönlü fəaliyyət, görülən işlər öz bəhrəsini verir. Hazırda 39 Olimpiya İdman Kompleksi idmançıların ixtiyarındadır.
Müstəqil ölkə kimi Azərbaycan atletlərinin Olimpiya Oyunlarındakı zəfər yolu 1996-cı ildə keçirilən XXVI Atlanta Yay Olimpiya Oyunlarından başlayır. Azərbaycan Olimpiya yığması ilk dəfə Atlanta Olimpiadasında 23 nəfərdən ibarət heyətlə Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış edib. Həmin olimpiadada sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medala layiq görülüb. 197 ölkənin iştirak etdiyi oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması uğurlu nəticə idi.
Qeyd edək ki, 1996-cı ildə keçirilən Olimpiya Oyunlarında idmançımız Namiq Abdullayev ədalətsizliklə üzləşmiş, onun qələbəsi əlindən alınaraq bolqar idmançı Valentin Yordanova verilmişdi. Bu hadisə barədə məlumatlı olan ümummilli liderimiz Heydər Əliyev olimpiyaçıları qəbul edərkən Namiq Abdullayevin gümüş medalını qızıl medal kimi dəyərləndirmişdi. Məhz bu amil Namiq Abdullayevin idman həyatında yeni parlaq səhifə açmış, dövlət başçısı tərəfindən ona göstərilən diqqət güləşçimizdə böyük ruh yüksəkliyi yaratmışdı. Bu qayğının nəticəsidir ki, güləşçimiz dörd il sonra, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında ölkə rəhbərliyinin və xalqın etimadını doğruldaraq Olimpiadanın qızıl medalına sahib çıxıb. Digər qızıl medalı komandamıza stend atıcımız Zemfira Meftəhətdinova qazandırıb. Boksçumuz Vüqar Ələkbərov isə bürünc medala yiyələnib. Sidney Olimpiadasında Azərbaycanı 10 idman növü üzrə 31 idmançımız təmsil edib. 199 ölkənin iştirak etdiyi Olimpiadada Azərbaycanın dünyada 34-cü, Avrora ölkələri arasında isə 23-cü yeri tutması ölkəmizin böyük qələbəsi idi.
Azərbaycan idmançıları Afinada keçirilən XXVIII Üay Olimriya Oyunlarında daha böyük heyətlə çıxış edib. Bu Olimpiadada 12 idman növündə 38 idmançımız qüvvəsini sınayıb. Sidney Olimpiadası ilə müqayisədə bu oyunlarda idmançılarımız 3 yeni idman növü-bədii gimnastika, taekvondo, qılıncoynatma ilə də təmsil olunub. Afina Olimpiadasında komandamız 1 qızıl və 4 bürünc medal qazanaraq, 202 dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tutub. Yunan-Roma güləşçimiz Fərid Mansurov qızıl, atıcılarımız İradə Aşumova, Zemfira Meftəhətdinova və boksçularımız Ağası Məmmədov və Fuad Aslanov bürünc medallar qazanıblar.
2008-ci ildə keçirilən XXIX Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan 10 idman növündə 44 idmançı ilə təmsil olunub. İdmançılarımız bu olimpiadada 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb. Komandamıza bu olimpiadada yeganə qızıl medal qazandıran cüdoçumuz Elnur Məmmədli 16 illik fasilədən sonra Azərbaycanın cüdo tarixində yeni səhifə açıb. Olimpiadadakı bütün görüşlərini 13 saniyəyə başa vuran cüdoçumuz parlaq çıxışı ilə öz adını dünya idmanı tarixinə qızıl hərflərlə yazdırıb. Pekin-2008-də təmsilçilərimiz Rövşən Bayramov və Vitali Rəhimov (yunan-Roma güləşi) gümüş, Mövlud Mirəliyev (cüdo), Xetaq Qazyumov (sərbəst güləş), Şahin imranov (boks), Mariya Stadnik (sərbəst güləş) bürünc medallar qazanıblar.
2012-ci il Azərbaycanı idmanı üçün bir sıra mühüm hadisələrlə yadda qalıb. Bu il ölkəmizdə "İdman ili” elan olunmuşdu. Növbəti Yay Olimpiya Oyunlarının təşkili də məhz həmin ilə təsadüf edirdi. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında mütəxəssislər olimpiadalarda əldə olunan uğurların məntiqi davamı kimi komandamızın, ən azı, 9 medal qazanacağını proqnozlaşdırırdı. Qeyd edək ki, Azərbaycan olimpiyaçıları Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanmışdılar. London-2012-də tarixdə ilk dəfə Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edirdi. 204 ölkənin iştirakı ilə keçirilən Olimpiadada 53 idmançımız 16 idman növündə gücünü sınayıb. Olimpiya oyunlarında 50-dən çox idmançı ilə çıxış edən ölkə böyük idman ölkəsi kimi tanınır. Bu, doğrudan da Azərbaycanın idman potensialını bir daha nümayiş etdirirdi. Olimpiadada Azərbaycan ilk dəfə beş yeni idman növü-kanoe, akademik avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qadın boksu üzrə təmsil olunub. Olimpiya yığmamız Londonda 10 medalla (2 qızıl, 2 gümüş, 6 bürünc) 30-cu pillədə qərarlaşıb. Komandamız medalların sayına görə dünyada 24-cü, Avropada 15-ci, müsəlman ölkələri arasında isə 3-cü pillədə qərarlaşıb.
Azərbaycan idmançıları müstəqillik dövründə iştirak etdikləri olimpiadalarda ümumilikdə 26 medal əldə ediblər ki, bunlardan 6-sı qızıl, 5-i gümüş, 15-i bürüncdür. Qazanılan medalların 14-ü güləş, 3-ü atıcılıq, 2-si cüdo, 6-sı boks, 1-i ağır atletika idman növünün payına düşür. Olimpiya oyunlarında əldə olunan medalların əksəriyyəti güləş idman növündə qazanılıb. Bu heç də təsadüfi deyil. Ölkəmizdə qədim ənənələri olan güləş Azərbaycanda yüksək səviyyədə inkişaf etdirilir.
2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında təmsilçilərimizin qazandıqları uğurlar da xüsusi qeyd olunmalıdır. Belə ki, bu olimpiadada 6 idman növü üzrə 12 idmançı ilə təmsil olunan yığmamızın üzvləri vətənə 5 qızıl, 3 gümüş medalla dönüb. Komandamız 202 dövlət arasında 11-ci pillədə qərarlaşıb.
Əldə olunan uğurlar bir daha nümayiş etdirir ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edir. Fərəhli haldır ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı qeyri-Olimpiya idman növlərinə də yüksək səviyyəli diqqət və qayğı göstərilir. Təmsilçilərimiz qeyri-olimpiya idman növləri üzrə hər il müxtəlif yarışlarda yüzlərlə medallar qazanırlar.
Bu gün Azərbaycanın beynəlxalq idman qurumları ilə əlaqələri yüksək səviyyədədir. Bunun nəticəsidir ki, respublikamızda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Azərbaycandakı mövcud idman infrastrukturu, idmançılara olan diqqət və qayğı, xalqımızın qonaqpərvərliyi, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz respublikamızın ən mötəbər yarışlara ev sahibliyi etməsinə şərait yaradır.
Ötən il ölkəmizin idman həyatı üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. İtaliyada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ilk oyunların Bakıda keçirilməsini tarixi hadisə və ökəmizin böyük uğuru kimi səciyyələndirib: "Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur”.
Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, Azərbaycanın dünya miqyasında özünü dinamik inkişaf edən müasir, güclü ölkə kimi təqdim etməsi xüsusi əhəmiyyət daşıyır. Avropa Oyunlarının ev sahibliyinin Azərbaycana həvalə olunması regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitliklə yanaşı, ölkəmizin yürütdüyü idman siyasətinə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən ən yüksək qiymətdir.
Avropa Oyunları ilə yanaşı, ölkəmiz 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə Şahmat Olimpiadası, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Şübhəsiz ki, ölkəmiz bu sınaqlardan da uğurla çıxacaq və idman dövləti kimi statusunu daha da möhkəmləndirəcək.

Aysel Sultanova

Yazı Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.