Futbol salnaməsinin vaxtsız sönən ulduzu

Futbol salnaməsinin vaxtsız sönən ulduzu

1981-ci ildə respublikamızda Azərbaycan futbolunun yaranmasının 70 illiyi qeyd olundu. Həmin vaxt Futbol Federasiyası idman jurnalistləri, veteran futbolçular və mütəxəssislər arasında 33 ən güclü futbolçumuzu seçmək üçün sorğu keçirmişdi. Sorğuda "Temp” komandasının hücumçusu Mirmehdi Ağayev sol kənar hücumçular arasında ən çox xal toplayaraq birinci yeri tutmuşdu.
Məlumat üçün bildirək ki, Mirmehdi Ağayev 1913-cü il sentyabrın 1-də Bakıda anadan olub. Əgər yaşasaydı sentyabrın 1-də 100 yaşını qeyd edəcəkdi.
1898-ci ildə Hacı Zeynalabdın Tağıyev Bakıda toxuculuq fabriki açdıqdan sonra başqa ölkədən şəhərimizə işçi qüvvəsi axını başlamışdı. Gələnlər arasında qonşu ölkələrin, xüsusilə İran vətəndaşları da var idi. Mirmövsüm və Xeyransa xanım da İrandan gələnlər arasında idilər. Gənc ailə toxuculuq fabrikində işə düzəlir və fabrikin yaxınlığında evlə təmin olunurlar. Məhəllə camaatı onu hörmət əlaməti olaraq "ağa” deyə çağırırdı. 1913-cü il sentyabr ayının 1-də Mirmövsümün sevincinin həddi-hüdudu yox idi. Onun Mirmehdi adında oğlu dünyaya gəlmişdi. Məhəllə camaatı "ağa”nı təbrik edirdi. Mirmövsümün soyadı yox idi. Uşağa isə yaş kağızı yazmaq lazım idi. Körpəyə soyad vermək söz-söhbət yaratdı. Nəhayət, məhəllə camaatının Mirmövsümə xitabən dedikləri "ağa” sözünün sonuna "yev” əlavə edib Ağayev soyadını yazmağaı qərara aldılar. Mirmehdi 15 yaşında olarkən atası onu öz işlədiyi fabrikə aparmışdı. Onu burada mexaniki sexdə çilingər vəzifəsinə işə düzəltmişdi. Mirmehdi kombinatda Şirəli Şirəliyevlə tanış olmuşdu. Tez bir zamanda onlar dostluq etməyə başlamışdılar. Şirəli müəllim kombinatdakı futbol komandasının məşqçisi idi. O heç fikirləşmədən məhəllə futbol komandasında ad-san qazanmış Mirmehdini öz komandasına götürmüşdü. Bu komanda o zamanlar Bakı çempionatında kombinatın idman şərəfini qoruyurdu. Kombinatın işçiləri nəinki "Toxucu” komandasının oyunlarına, hətta komandanın məşqlərinə də tamaşa etmək üçün stadiona gedərdilər. Onlar Mirmehdinin oyunundan xüsusi həzz alırdılar. Bu futbolçunun gözəl oyunu hər kəsi heyran edirdi. Top onda olanda rəqibin həm müdafiəçiləri, həm də qapıçısı diqqətli olmağa çalışırdılar. Mirmehdi hər iki ayağı ilə güclü zərbələrə malik idi. 30-cu illərdə Bakı inşaatçılarının Həmkarlar İttifaqı tərəfindən "Temp” komndası yaranmışdı. 1937-ci ildə komandanı yarışlara moskvalı mütəxəssis Vladimir Blinkov hazırlayırdı. Həmin ildə o, Mirmehdini komandaya götürmüşdü. Az bir müddətdə Mirmehdi komandanın liderinə çevrilmişdi. Burada da o, öz gözəl görkəmi ilə azarkeşləri sevindirməyə başlamışdı. "Temp” respublikamızın ilk komandası idi ki, SSRİ çempionatının güclülər dəstəsində Azərbaycnı təmsil etmişdi. Həmin ildə (1938-ci il) 26 komanda SSRİ çempionu adı uğrunda mübarizə aparırdı. Bunlardan 10-u Moskvanı, 4-ü Leninqradı (indiki Sankt-Peterburq), 2-i Kiyevi, Tbilisini və Xarkovu təmsil edirdilər. Sözsüz ki, güclü komandalarla mübarizə aparmaq "Temp” üçün çox çətin idi. Lakin buna baxmayaraq, Bakı futbolçuları altı oyunda qələbə qazanmış, 8 oyunda isə heç-heçə qeydə alınmışdı. "Temp” 20 xal toplayaraq 26 komanda arasında 19-cu nəticə göstərmişdi. Mirmehdi Ağayev SSRİ çempionatının güclülər dəstəsində top vuran ilk azərbaycanlı futbolçudur. Həmin ildə "Temp” SSRİ kuboku uğrunda yarışda da qüvvəsini sınamışdı. Kubok yarışlarına daha yaxşı hazırlaşmaq məqsədi ilə Bakının 4 ən güclü komandası, "Neftyanik”, "Dinamo”, "Lokomotiv” və "Temp” arasında turnir keçirilmişdi. "Temp” "Neftyanik”lə iki oyun keçirmiş və hər iki görüşdə qalib gəlmişdi - 2:1, 5:1. İkinci görüşdə Mirmehdi rəqiblərini 4 dəfə oyuna mərkəzdən başlamağı məcbur etmişdi.
"Temp” SSRİ kuboku uğrunda yarışlara uğurla başlamışdı. 1/32 finalda həmyerlilərimizin rəqibi Stalinqradın "Traktor”, 1/16 final görüşündə SSRİ çempionları və SSRİ kubokunun sahibi Moskva "Spartakı” olmuşdu. Hamı moskvalıların asanlıqla qalib gələcəklərini söyləyirdi. Elə 11-ci dəqiqədə hakim bakılıların müdafiəçisi Fyodr Nifontovu meydandan çıxarmışdı. Lakin futbolçularımız güclü rəqiblə sonadək mübarizə aparmışdı. 90 dəqiqəlik oyunda hesab açılmamışdı. Qalibi müəyyən etməkdən ötrü əlavə vaxt verilmişdi. Əlavə vaxtın ikinci yarısında "spartakçılar” 1:0 hesabı ilə çətin qələbə qazanmışdı. Mirmehdi Ağayevin gözəl oyun göstərməsi artıq hər tərəfə yayılmışdı. 1940-cı ildə Tbilisinin "Dinamo” komandasının üzvü, yaxın dostu Şota Şavqulidze Mirmehdini Tbilisiyə aparmaq üçün Bakıya gəlmişdi. Bir çox söz-söhbətdən sonra Şota onun razılığını ala bilmişdi. Bu vaxt Mirmehdi artıq evli idi. Onun Yuri adında üç yaşlı oğlu var idi. Bütün bunlara görə, Mirmehdi Tbilisidə çox qala bilməmişdi. Ailəsi və ata-anası üçün çox darıxdığına görə vətənə, öz doğma komandasına qayıtmalı olmuşdu.
1941-ci ildə "Temp” Moskvanın "Torpedo” komandası ilə görüşməli idi. Gözlənilmədən Böyük Vətən müharibəsinin başlanması hamının işini yarımçıq qoydu. Futbol çempionatı da müharibəyə görə dayandırıldı. Gənclər vətənin müdafiəsinə qalxdı. "Temp” komandasının bir çox oyunçusu, o cümlədən Mirmehdinin dostu Əlihüseyn müharibəyə yola düşmüşdü. Mirmehdi onlardan geri qalmamaq üçün müharibəyə getmişdi. O, müharibəyə getməyə də bilərdi. O vaxt onun dayısı Mirbəşir Qasımov Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri idi. Lakin Mirmehdi nə dayısının, nə də ata-anasının dediklərinə baxmayaraq öz bildiyini etmişdi. Cəbhəyə yollanmazdan əvvəl Mirmehdi dostu Əlihüseynlə birlikdə təxminən 80 gün Bakının "Salyan kazarması” deyilən yerdə olmuş, bir müddətdən sonra Kerç şəhərinə yola düşmüşdülər. Burada onlar 105-ci atıcı alayına düşmüşdülər. 1941-ci il sentyabrın 1-də - anadan olduğu gün Mirmehdi ailəsinə məktub göndərmişdi. Mirmehdi 199 gün faşistlərə qarşı vurumuşdu. 6 aydan sonra Ağayevlər ailəsi cəbhədən növbəti məktub almışdılar. Amma bu məktub Mirmehdidən yox, onun dostu Əlihüseyndən idi. O, məktubu Mirmehdinin atası Mirmövsüm kişiyə yazmışdı. Bu məktubda Mirmehdinin müharibədə həlak olması xəbəri yazılmışdı.
Belə bir futbolçu haqqında təəssüf ki, bu qədər məlumatımız var. Lakin buyaxınlarda mən Mirmehdinin anadan olmasının yüz illiyi münasibəti ilə oğlu Yuri ilə görüşdüm. Yuri atası barədə bunları dedi: "Atam həlak olanda gedəndə mənim beş, bacım Leylanın isə iki yaşı var idi. İndi hər ikimiz təqaüdçüyük. Sizə ailəmiz adından təşəkkür edirəm. Heç vaxt atamızı unutmursunuz. Mən də vaxtı ilə atamın işlədiyi kombinatda işləmişəm. Atamın dostu Şirəli Şirəliyev də məni öz futbol komandasına götürmüşdü. Azərbaycan və Bakı çempionatlarında "Toxucu” komandasının heyətində kombinatın şərəfini qorumuşam. Lakin atam kimi tanınmış futbolçu olmamışam. Deyilənə görə, atam Azərbaycanda tanınmış futbolçulardan biri olub. Onunla birlikdə döyüşən Əlihüseynlə tez-tez görüşürdüm. O, mənə atam barəsində danışırdı. Mən ondan atamın həlak olduğu yeri öyrəndim. Əlihüseynin dediyinə görə, həmin kəndin adı Ak Manay idi. Mən ora getdim. Kimdən soruşdumsa, heç kəs belə bir kəndin harada olduğunu deyə bilmədi. Sonradan öyrəndim ki, kəndin adı dəyişdirilərək Lenin olub. Çox güman ki, o kəndin adı yenidən dəyişilib. Mən həmin kəndi tapmağı və atamın qəbrini aşkar etməyi özümə borc bilirəm. Çox yaxşı olardı ki, onun xatirəsinə bir turnir keçirilərdi”.
Abas Əzimov,
Azərbaycanın əməkdar jurnalisti