Azərbaycan inamı qazanıb, etimadı da doğruldacaq

Azərbaycan inamı qazanıb, etimadı da doğruldacaq

Olimpiya Hərəkatı deyildikdə, təkcə idman yarışları və idmançılar nəzərdə tutlumur. Bu, geniş, bir sosial sferanı əhatə edən siyasətdir. Olimpiya Hərəkatı idman yarışlarının keçirilməsi ilə bərabər, həm də idmanın təbliğini, tədrisini, həyatımızın başqa sahələri ilə əlaqəsini əhatə edən hərəkatdır.
Azərbaycanda Olimpiya Hərəkatının tarixi 1952-ci ildə keçirilmiş Helsinki Olimpiya oyunları ilə başlayır. Həmin il idmançılarımız ilk dəfə olaraq SSRİ yığma komandasının tərkibində Olimpiya oyunlarında iştirak ediblər. O dövrdən bu günə qədər arxada qalan 61 il ərzində Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının iştirakçısı və ən layiqli təbliğatçısı kimi çıxış edir. Dövlətlər içərisində öz imzası olan müstəqil Azərbaycan son 16 il ərzində idman sahəsində də əldə olunmuş nailiyyətlərlə aparıcı idman ölkəsi kimi dünyada tanınıb. Azərbaycan nüfuzlu yarışların keçirildiyi ölkələr sırasında yer alıb. Ölkəmiz beynəlxalq idman qurumlarının idman tədbirlərinin keçirilməsi üçün etibar etdiyi layiqli məkandır.

Azərbaycanda idman sevilən və geniş auditoriyaya sahib olan bir sahədir. İdmana olan dövlət qayğısı yüksək səviyyədədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün sahələrə oladuğu kimi idmana da böyük diqqət və qayğı yetirirdi. Gələcək nəslin sağlam böyüməsinin vacibliyini nəzərə alan dahi rəhbər idmana və bədən tərbiyəsinə böyük yer ayırmışdı. Azərbaycan ümummilli liderin rəhbərlik etdiyi illərdə bu sahədə böyük uğurlara yiyələnib. Tarixə nəzər salsaq görərik ki, Milli Olimpiya Komitəsi 1992-ci ildə yaranmasına baxmayaraq, bu qurumun uğurlu fəaliyyət dövrü 1997-ci ildən başlayır. Əgər bu dövrə qədər baş verənləri nəzərdən keçirsək görərik ki, müstəqilliyin ilk illərində idmandada diqqətçəkən nəticələr tək-tük idi. İstedadlı idmançılarımızın məşqçi və mütəxəssislərimizin bir qismi ölkəni tərk etmişdi. İdman zalları, qurğular bərbad hala düşmüşdü. İdmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı halda idi. Beynəlxalq idman qurumları ilə əlaqələr demək olar ki, çox aşağı səviyyədə idi.

Milli Olimpiya Komitəsinin ölkənin idman təşkilatları ilə əlaqələrindən söz belə, getmirdi. Ölkədə idman federasiyalarının əksəriyyətinin yalnız adı var idi. Əksəriyyəti yalnız kağız üzərində göstərirdi. 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi mövcud problemləri həll etməyə çalışsa da, bu özünü əməli işdə göstərə bilmirdi. Bir sözlə, Milli Olimpiya Komitəsi ilə nazirlik arasında əməkdaşlıq, fəaliyyət birliyi olmadığından irəliləyiş hiss olunmurdu. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bununla da Azərbaycanın idman salnaməsinin yeni bir dövrü başladı. 1997-ci ildə Milli Olimpiya Komitəsinin fəaliyyətinin əsas istiqaməti təyin edildi. Bu istiqamətdə Azərbaycanın Olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və Azərbaycan Milli Olimpiya Komitəsini Beynəlxalq Olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək və onların beynəlxalq yarışlarda iştirakını təmin etmək, idmançılara diqqət və qayğını artırmaq, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, Milli Olimpiya Komitəsinin maddi-texniki bazasını yaratmaq, beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə nail olmaq, belə yarışların təşkilini təmin etmək, beynəlxalq və qitə Olimpiya Komitəsinin digər idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idman cəlb etmək öz əksini tapmışdı. Lakin qısa zaman ərzində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi o qədər də asan görünmürdü. Lakin İlham Əliyevin bu sahəyə rəhbərliyi sayəsində həmin işlər sürətlə görülməyə başladı. Bu sahədə fəaliyyət sürətləndi. Nəticədə, qeyd olunanların həyata keçirilməsinə nail olundu. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda nüfuzu ölçüyəgəlməz qədər böyükdür. Azərbaycan Milli Olimpiya Komitəsinin adı beynəlxalq Olimpiya ailəsində hörmətlə çəkilir, onun işi nümunə göstərilir. Bu bir tərəfdən Olimpiya Komitəsinin ardıcıl məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən, dövlətimizin Olimpiya Hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir.
Planetin ən nüfuzlu idman tədbirlərində Azərbaycanın üçrəngli bayrağı yüksəkdə dalğalandırılır, himnimiz ürəkləri riqqətə gətirir. İdmançılarımız Azərbaycan bayrağı altında 5 dəfə yay (Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012) 4 dəfə də qış (Naqano-1998, Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010) Olimpiya oyunlarında iştirak ediblər. Olimpiya oyunlarında Azərbaycan idmançılarının qazandığı medalların sayına nəzər salsaq görərik, atletlərimiz planetin ən böyük idman yarışında 6 qızıl, 5 gümüş və 15 bürünc medala yiyələniblər. Bu uğurlar, gənc və müstəqil Azərbaycanın idman tarixinin şanlı səhifələrinə qızıl hərflərlə həkk olunub. Fəaliyyət istiqamətində yer alan məsələlərdən biri də beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə nail olmaq, belə yarışların təşkilini təmin etmək idi ki, buna da dəfələrlə nail olunub.
Cənab İlham Əliyev Azərbaycanda Milli Olimpiya Komitəsinə rəhbər seçiləndən sonra ölkəmiz bir sıra nüfuzlu yarışlara ev sahibliyi etməyə başladı. Belə ki, 1997-ci ildən 2000-ci ilə qədər ölkəmiz bir sıra beynəxalq idman tədbirlərinə ev sahibliyi edib. Boks üzrə yeniyetmələrin Avropa (1999-cu il) və dünya çempionatını (2001-ci il) xüsusi qeyd etmək lazımdır. Statistik rəqəmlərə nəzər salarkən görərik ki, 2001-ci ildən etibarən Azərbaycanda keçirilən beynəlxalq yarışların sayı sürətlə artıb. 2001-2004-cü illər ərzində Azərbaycan 30 nüfuzlu idman yarışına ev sahibiliyi edib. Həmin yarışlar içərisində 3-ü Olimpiya təsnifat yarışları (voleybol, boks, taekvondo), 3-ü Dünya çempionatı, 3-ü dünya kubokunun mərhələ yarışları, 4-ü isə Avropa çempionatı olub. 2004-2008-ci ildə bu say 44-ə çatıb. Belə ki, bu ərəfədə ölkəmiz 3 Olimpiya təsnifat turnirinin, ayrı-ayrı növlər üzrə 6 dünya çempionatının, 4 dünya kuboku yarışının və elə həmin sayda Avropa çempionatının iştirakçılarını qəbul edib. 2009-2011-ci illərdə Azərbaycan 147 beynəlxalq yarışın təşkilatçısı olub. Onların arasında 3 Olimpiya təsnifatı yarışı, bundan başqa, müxtəlif növlər üzrə dünya və Avropa miyqaslı yarışları qeyd etmək olar. 2012-ci il Azərbaycan "İdman ili” elan edildi. Bundan başqa, ötən il bütün dünyada olduğu kimi, ölkəmizdə də diqqətlər Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarına yönəlmişdi. Lakin buna baxamayaraq, 2012-ci ildə də Azərbaycanda beynəlaxlaq yarışların ardı-arası kəsilmədi. 2012-ci ildə ölkəmizdə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olundu. Güləş, boks, avarçəkmə, cüdo və digər ənənəvi idman növləri üzrə çoxsaylı beynəlxalq turnirlərlə yanaşı Respublika Velosiped İdmanı Federasiyası Azərbaycan idmanı tarixində ilk dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə beynəlxalq velotur keçirilməsi təşəbbüsünü irəli sürdü. Azərbaycanın ən gözəl guşələrində 17 ölkənin idmançılarının iştirakı ilə ilk veloyürüş keçirildi. Bundan başqa, ölkəmizdə Formula-3 yarışı təşkil edildi.

Şübhəsiz ki, ilin ən böyük uğuru "Dumanlı Albion”da əldə olundu. London Olimpiya Oyunlarında idmançı sayına görə Azərbaycan ilkə imza atdı. 53 idmançı ilə təsmil olan Azərbaycan rekord sayda - 10 medala layiq görüldü. 204 ölkə arasında 30-cu yeri tutan ölkəmiz medalların ümumi sayına görə 24-cü sırada yer aldı. İki qızıl, iki gümüş və altı bürünc medal əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci pillədə qərarlaşdı. Maraqlıdır ki, Azərbaycan idmançıları əldə etdikləri uğur sayəsində Türkiyə, Belçika, Argentina, Portuqaliya, Kanada, Yunanıstan, Tailand, Bolqarıstan, İsveç, Norveç, Hindistan, İndoneziya, Serbiya kimi güclü dövlətləri qabaqladı. Ölkəmiz medalların növündə də göstərici rekorda layiq oldu. Qeyd edək ki, idmançılarımız 12 il əvvəl - Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medalla ilk rekorda yiyələnmişdilər. Avstraliya paytaxtında sərbəst güləşçimiz Namiq Abdullayev və stend atıcımız Zemfira Meftahəddinova qızıl, bokçumuz Vüqar Ələkbərov bürünc medal qazanmışdılar. Londonda isə 2 qızıl və 2 gümüş medalla yeni rekord vuruldu. Bu dəfə Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibi oldular.
Başqa bir rekord medal sıralamasında qeydə alındı. Olimpiya millimiz əgər Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda isə yığmamız 204 ölkə arasında 30-cu yerə layiq görülmüşdü.
Azərbaycan idmanında uğurlar və qazanılan nailiyyətlər artmaqda davam edir. Onu qeyd edək ki, ölkədə uşaq, gənc və yeniyetmə idmanında da uğurlar yetərincədir. 1998-ci ildən başlayaraq MOK Olimpiya Hərəkatı ilə bağlı beynəlxalq miyqaslı müxtəlif tədbirlərdə yeniyetmələrin iştirakı təşkil edib. Azərbaycanın yeniyetmə idmançıları 1998-ci ildə Moskvada keçirilmiş Yeniyetmələrin Ümumdünya Oyunlarında, 2002-ci ildə Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında (Eysborq-1999, Mursiya-2001, Paris-2003, Liqnano-2005, Belqrad-2007, Tamperre-2009, Trabzon-2011, Utrext-2013) iştirak ediblər. 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında millimiz 205 ölkə arasında 8 medalla (5 qızıl, 3 gümüş) 11-ci yeri tutub.

Ölkəmiz bundan başqa, bu ilin iyun ayında Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında təşkil olunan futbol üzrə I Dünya Kuboku yarışlarına da yüksək səviyyədə ev sahibliyi etdi. Bu da Azərbaycan idmanının yeni bir uğuru hesab olunur.
Universiada yarışlarında da ölkəmiz uğurla təmsil olunur. Bu il Kazanda keçirilən Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında tələbə-atletlərimiz 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanaraq 162 ölkə arasında 15 pillədə qərarlaşdılar. Qeyd edək ki, universiada yarışları Olimpiya oyunlarından sonra planetin ikinci ən böyük idman tədbiri sayılır. Uğurlar durmadan artır. 2001-ci ildən etibarən Azərbaycanda Olimpiya İdman kompleksləri tikilir, idmançıların ixtiyarına verilir. Artıq bu idman qurğularının sayı 39-a çatıb. Azərbaycan hazırda böyük idman tədbirlərinin keçirilməsinə hazırlaşır. Dünyanın diqqəti 2015-ci ildə ölkəmizə yönələcək. Tarixdə ilk dəfə I Avropa oyunları məhz "Odlar Yurdu”nda təşkil ediləcək. Həmin il şahmat üzrə dünya kuboku, bir il sonra Ümumdünya Şahmat Olimpiadası vətənimizdə keçiriləcək. 2017-ci ildə isə VI İslam Həmrəylik Oyunlarının iştirakçıları vətənimizə gələcəklər. Bu, son deyil. Bu böyük və şərəfli yolun davamıdır. Biz, Azərbaycanın bu uğurlarının sayının daha da artacağına inanırıq. Var olsun, Müstəqil Azərbaycan, var olsun, onun layiqli övladları!
Anar Əhmədov

Yazı Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının 
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.