“Məqsədimiz qolbol idman növünün bölgələrdə də inkişafına nail olmaqdır”

“Məqsədimiz qolbol idman növünün bölgələrdə də inkişafına nail olmaqdır”

Idman sağlam həyatın ayrılmaz hissəsidir. İdmanla məşğul olanlar bunun nə demək olduğunu daha yaxşı bilirlər. İdman insanı xəstəliklərdən qorumaqla yanaşı, həyata bağlılıq hissini çoxaldır, neqativ fikir və düşüncələrdən uzaqlasdırır. Ən əsası idman insanda nikbin ruh, gözəl əhval və yeni arzular yaradır. İdmanın ruhumuza, sağlamlığımıza bəxş etdiyi müsbət cəhətlər saymaqla bitməz. Bu gün idmançılarımızın sorağı beynəlxalq yarışlardan , möhtəşəm Olimpiya oyunlarından gəlir. Hər bir azərbaycanlı ölkəmizi təmsil edən belə idmançılarla fəxr edir, onlarla qürur duyur.
Lakin elə insanlar var ki, onlar dünyaya müəyyən fiziki çatışmamazlıqla gəlirlər. Bəziləri isə əsağlamlığını sonradan itirirlər. Belə insanlar üzləşdikləri hadisədən sonra ciddi psixoloji böhran yaşayır, depressiyaya düşürlər. Lakin unutmamalıyıq ki, idmanla məşğul olmaq bizi depressiyadan çıxardan ən yaxşı və təsirli vasitələrdən biridir. Fiziki cəhətdən qüsurlu olanlar idmanla məşğul olduqları halda özlərini daha yaxşı hiss edir, depressiyadan uzaq olurlar.
İllərdir ölkəmizdə fəaliyyət göstərən Milli Paralimpiya Komitəsi fiziki cəhətdən qüsurlu insanları idmana cəlb etməklə onlara sağlam ruh, gələcəkdə qələbələr qazanmaq imkanı yaradır. Burada fəaliyyət göstərən müxtəlif idman növləri perspektivli paralimpiyaçıların yetişməsinə xidmət edir. Paralimpiyaçılarımız arasında tanınmış idmançılar az deyil. Onlar Paralimpiya oyunlarında, yerli və beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil edirlər.
Burada çalışan təcrübəli məşqçilər idmançılara idmanın sirlərini həvəslə örgədirlər. Belə məşqçilərdən biri də qolbol idman növünün sirlərini idmançılara həvəslə öyrədən məşqçi Fəxrəddin Əliyevdir. Fəxrəddin müəllim artıq dörd ildir ki, qolbol üzrə paralimpiya yığmamızın baş məşqçisi işləyir. Bu idman növü ölkəmizdə yeni yaranıb. Buna baxmayaraq Fəxrəddin müəllimin yetirmələri bir sıra yarışlarda iştirak edir və mükafatalayiq yerlər tuturlar. Təcrübəli məşqçi bugünlərdə redaksiyamızın qonağı oldu. Onunla qolbol idman növünün ölkəmizdə fəaliyyəti ilə bağlı söhbət etdik.

Fəxrəddin müəllim 1947-ci aprelin 30-da Ağdaş rayonunda anadan olub. Yeddinci sinfə qədər Ağdaş orta məktəbində oxuyub, sonradan təhsilini Bakıda davam etdirib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) qəbul olunub. İnstitutun idman oyunları kafedrasında 5 il müəllim kimi fəaliyyət göstərən Fəxrəddin müəllim sonra Xarici Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) işini davam etdirib, bir müddət burada kafedra müdiri kimi fəaliyyət göstərib. İdmana uşaq yaşlarımdan həvəs göstərən məşqçi tələbəlik illərində voleybolla məşğul olub. Həmin dövrlərdə "Burevestnik” komandasının heyətində bir sıra yarışlarda iştirak edib, mükafatalayiq yerlər tutub. Dördüncü kursda oxuyarkən badmintonla maraqlanmağa başlayan Fəxrəddin müəllim bu idman növü üzrə də bir sıra nəticələr əldə edib. İdmanın həyatında əvəzsiz rol aynadığını deyən Fəxrəddin müəllim oğlu Teymurun da cüdo və sambo ilə məşğul olduğunu bildirdi. O bildirdi ki, Teymurun bu idman növləri üzrə bir sıra nəticələri var, idman ustasıdır. İdmana olan məhəbbətini həm ailə üzvlərinə, həm də yetişdirdiyi idmançılarla bölüşən Fəxrəddin müəllim bildirdi ki, qolbol yığmamız bir-neçə il bundan qabaq yaransa da bu idman növünün inkişaf edəcəyinə böyük ümidi var. "Bugünlərdə İtaliyada keçirilən Avropa birinciliyinə yola düşəcəyik. Komandamız bu yarışa böyük həvəslə hazırlaşıb. Ümid edirəm ki, bu yarışda idmançılarımız uğurlu çıxış edəcəklər. Hazırda gərgin məşqlər gedir. Komandanın fiziki hazırlığı qənaətbəxşdir”, - deyə baş məşqçi bildirdi. Qeyd edək ki, qolbolçularımız 3-9 sentyabr tarixində İtaliyada rəqib komandalarla yarışacaqlar. "Ölkəmizdə Paralimpiya Hərəkatı inkişaf dövrünü yaşayır. İdmançılarımız beynəlxalq yarışlarda və Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. Qolboy idman növü Paralimpiya idman növlərindəndir. Bu baxımdan ümid edirik ki, bizim komandamız da Olimpiya Oyunlarında çıxış etsin, ölkəmizə medallarla qayıdaq”, - deyə Fəxrəddin müəllim bildirdi.
Qeyd edək ki, qolbol idman növü ölkəmizdə bir neçə ildir fəaliyyətə başlayıb. Etiraf etmək lazımdır ki, əksəriyyət insan qolbol barədə geniş məlumata malik deyil. Məhz buna görə də istərdik ki, bu idman növü barədə bir qədər məlumat verek. Qolbol 1947-ci ildə avstriyalı Hans Loentsen və almaniyalı Zepp Rayndle tərəfindən yaradılıb. Bu idman növünün yaradılmasında əsas məqsəd ikinci dünya müharibəsində gözdən əlil olanların reabilitasiyası üçün olub. Qolbol tezliklə populyarlaşıb. Hazırda dünyanın hər yerində bu idman növü ilə məşğul olurlar. 1978-ci ildə isə Avstriyada qolbol üzrə birinci dünya çempionatı keçirilib. Bu idman növü paralimpiya oyunlarının proqramına da salınıb. Məlumat üçün deyək ki, qolbolla Qafqazda ilk dəfə bizim komandamız məşğul olmağa başlayıb. "Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da qolbolun inkişaf etməsinə xüsusi diqqət göstərir. O, dəfələrlə məşq prosesini izləyib və öz tövsiyələrini verib. Etiraf edim ki, ilk vaxtlar komandamızı yaradarkən çətinliklərlə üzləşdim. Çünki bu idman növü barədə məlumatım, demək olar ki, yox idi. Müxtəlif mənbələrdən bu idman növü barəsində ətraflı məlumatlar əldə etdim. Rusiya, İran, Türkiyə komandasının oyunlarını izlədim. Nəhayət, Azərbaycanda qolbol üzrə komanda yaratdıq”, -deyə Fəxrəddin müəllim bildirdi. O, əlavə etdi ki, ölkəmizdə qolbolun inkişafı üçün təcrübəli məşqçilərə ehtiyac var.
Qeyd edək ki, qolbol idman növü görmə qabiliyyətini itirmiş insanların məşğul olduqları idman növüdür. Bu idman növündə topun içərisində yerləşdirilmiş xüsusi əşyaların yaratdığı səsin vasitəsi ilə top idarə olunur. Bu oyun növündə iki komanda mübarizə aparır. Hər komandanın tərkibində üç idmançı və üç ehtiyat oyunçu olmalıdır. Qolbolun keçirildiyi meydança (eni 9, uzunluğu 18 m) mərkəz xətti ilə ayrılır. Hər iki tərəfdə qapı olur. Oyunçular topu rəqib qapısından əllə keçirməyə çalışırlar. Qolbol topunun çəkisi isə 1kq 200 qramdır. Topun içərisində yerləşdirilmiş xüsusi əşyalar səs yaradır, oyunçular bu səsin vasitəsi ilə topu idarə edə bilirlər. Oyunçular gözlərinə qara rəngli xüsusi eynək taxırlar. Qarşılaşmanı 12 hakim idarə edir. Qolbolun qaydaları da müxtəlifdir. Məsələn, oyun zamanı əli eynəyə vurmaq, səs salmaq olmaz. Oyunçular öz aralarında danışmamalıdırlar. Əgər belə olarsa, söhbət edən komanda cərimə zərbəsi ilə cəzalandırılır. Qeyd edək ki, bu idman növündə yaş məhdudiyyəti yoxdur. "Bizim komandamız gənclərdən təşkil olunub. İndiyəqədər bir sıra yarışlarda iştirak etmişik. Onu da deyim ki, xarici ölkələrdə keçirilən yarışlarda digər komandalar bizim oyunçularla maraqlanır, onların qısa müddətdə gözəl oyun nümayiş etdirdiklərini deyirlər. Biz məşqlərdə nizam-intizama ciddi fikir veririk. Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov hər zaman bizə dəstək olur, yarışlarda iştirakımızı təmin edir. Komandamız isə çalışır ki, göstərilən etimadı doğrulda bilsin”, - deyə Fəxrəddin müəllim bildirdi. Məlumat üçün bildirək ki, yığmamızın üzvləri əsas məşqlərini Nərimanov rayonunda yerləşən 45 saylı məktəbdə keçir. Komanda Sumqayıt Paralimpiya Kompleksində də mütəmadi məşq keçir. Əsas məqsədimiz qolbol idman növünün bölgələrdə də inkişafına nail olmaqdır. Baş məşqçi bildirdi ki, komandaların sayı çox olarsa, təcrübəli oyunçuların da sayı çox olar.
Fəxrəddin müəllim əlavə etdi ki, Milli Paralimpiya Komitəsinin diqqət mərkəzində olan qolbol komandası artıq Naxçıvanda da fəaliyyətə başlayıb. Qolbol üzrə komandalarımızın İranda, Türkiyədə və s. ölkələrdə təlim-məşqlər keçirməyi planlaşdırılır.
"Digər ölkələrin komandaları ilə birlikdə keçirdiyimiz təlim-məşqlərdə təcrübə qazanırıq. Yığmamız Avropa çempionatında C yarımqrupunda yer alıb. Daha yaxşı nəticələr göstərməliyik ki, A qrupuna düşə bilək. Əsas məqsədimiz 2016-cı ildə Braziliyada təşkil olunacaq Paralimpiya oyunlarında iştirak etməkdir. Bunun üçün əlimizdən gələni edirik. İdmançılarımız Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun göstərdiyi qayğı və diqqətdən də böyük stimul alırlar. Onlar çalışırlar ki, beynəlxalq yarışlardan vətənə medallarla qayıtsınlar. Bizim amalımız budur ki, ölkəmizdə qolbol komandalarının sayı çoxalsın və paralimpiyaçılarımız beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etsinlər”.
Jalə Rzabəyli