Ləyaqətlə yaşanan ömür

Ləyaqətlə yaşanan ömür

Çox nadir hallarda könüldən qələmə sarılıb dost haqqında öz düşüncələrimi yazmaq çətinliyi ilə üzləşirəm. Necə başlayım? Sözümün dəyəri, çəkisi, tutumu necə olmalıdır ki, səmimiliyi gözləyə bilim? Dostumu nümunəvi alim, müəllim, şəxsiyyət və vətəndaş kimi tanıyanların qəlbinə necə yol tapım? Bəzən belə suallar məngənəsində sıxılıram...
Respublikamızın körkəmli pedaqoq-alimi, ölkəmizdə müasir bədən tərbiyə elminin və onun tədrisinin inkişafında böyük xidmətləri olan pedaqogika üzrə fəlsəfə doktoru, professor, hamımızın hörmət və ehtiramla sadəcə Dilqəm müəllim” deyə çağırdığımız Dilqəm Quliyevin bu günlərdə 63 yaşı tamam oldu.
Sokrata sual verirlər ki, siz insanlara nə üçün başqa cür, digərlərindən fərqli baxırsınız? Sokrat belə cavab verir: "Mən sadə, adi, olduqca sadəlövh insanam. Mənə insanları hissələrə parçalamaq yox, birləşdirmək, düzüb qoşmaq xoşdur. Heykəltaraşlar onlarca kişini və qadını seçir və onlardan heykəllərində istifadə edirlər. Mən də canlı insanla, onun fikirləri, hissləri ilə belə davranmağı, hər bir insandan ən cuzi yaxşını, müsbəti sezməyi arzu edirəm. Dünyanı, onun ən qüdrətli canlısı olan insanı qara rəngdə görmək lazım deyil”. Dilqəm müəllimi yaxından tanıyanlar, onun daxili dünyasına baş vurmaq cəhdi edənlər, bu fikir və düşüncə adamının, nə əldə edibsə, zəhmətinin və səbrinin hesabına etdiyini görəcəklər. Dilqəm müəllim müəllimlikdən prorektor vəzifəsinə qədər yüksəldi, elmlər namizədi, professor kimi şərəfli adlara sahib oldu.
Dilqəm müəllim 1950-ci ildə doğma Azərbaycanımızın ən gözəl güşələrindən olan, axarlı-baxarlığı ilə göz oxşayan, məşhur Şahtaxtı kəndində (Naxçıvan) dünyaya göz açıb. Uşaqlıqda yaşıdlarından heç nə ilə seçilməyən, lakin çox keçmədən öz ağlı, zəkası, güc və bacarığı, nəhayət ki, elmə olan istəyi ilə ətrafındakılardan fərqlənən bu gənc, xalqının alim oğluna çevrildi. Dilqəm müəllim qeyd edilən fikirlərin təsdiqində öz ailəsinin bağrından qoparaq elinin, obasının övladı oldu...
Yaddaşımızı vərəqlədikcə görürük ki, Şaxtaxtı kəndinin havasını udan, Şaxtaxtı mühitinin təsiri ilə şəxsiyyət zirvəsinə yüksələnlər bu kəndin ən qüdrətli təəssübkeşləri olmuşlar. İnsan doğulub boya-başa çatdığı, ərsəyə yetişdiyi obasının həsrətini, təəsşübünü heç vaxt unutmur. Elə bu unutmazlıq da insanı şəxsiyyət zirvəsinə ucaldır. Bəşəri ideyalarla ömür yaşayan Şaxtaxt ziyalıları bir-birindən düşüncədə, zəkada fərqli olsalar da, amalda, diləkdə, istəkdə vahid məqsəd uğrunda - Şaxtaxtı kəndinin nüfuzunu qorumaq uğrunda ağıl, kamal mübarizəsi ilə ömür sürüblər. Elə buna görə də Şaxtaxtı kəndinin adı eşidiləndə xüsusi düşüncə qüdrətinə malik ziyalılar yurdu göz önündə dayanır. Bu ziya sahibləri sırasında professor Dilqəm Quliyevin özünəməxsus xidmət formulu vardır ki, bu da xüsusi hörmətə layiqdir. Aristotel insanı qiymətləndirməyin və tanımağın dörd amilini göstərir: xarici əlamətlərinə görə tanıma, qondarma tanıma, xatırlama vasitəsilə tanıma və əqli nəticələrə görə tanıma. Bəşər tarixində bütün düşüncə sahibləri əqli tanımaya üstünlük vermişlər. Professor Kamran Rəhimov qeyd edir ki, insanın arzuları, istəkləri, hərəkətləri nə qədər təmiz, saf, nə qədər pak və sağlam olarsa, insan öz əməyinin bəhrəsi, öz ağlı və zəkası, iradəsi və idrakı ilə yaşayarsa, o, həyatdan daha çox ləzzət alar, daha çox xöşbəxt, yenilməz və qətiyyətli olar. Qeyd edilən bu müdrik kəlamlar sanki Dilqəm müəllim haqqındadır, onun ömür səlnaməsinin cığır və qaynağıdır. Dilqəm müəllimin qismətinə rahat, firavan ömür yaşamaq deyil, əzab-əziyyətlə, çətinliklə, zəhmətlə üz-üzə qalmaq düşüb. Hər kəs yaradandan var-dövlət diləyəndə, o elm, bilik və bu istəyi borc kimi qəbul edərək onu gələcək nəsillərə ötürmək üçün gecəni-gündüzə qatdı. Dilqəm müəllimin əldə etdiyi uğurların sirri də elə bundadır.
Dilqəm Quliyev öz ağlı, iradəsi və düşüncəsi ilə yaşamağı bacarır. Ona görə də, onun həyatı parlaq, qayğısız və xoşdur. Əgər belə demək mümkünsə, bu alicənab insanın qismət payında dostluğun saflığı, paklığı və duruluğu ilə yanaşı, onun böyüklüyü durur.
Vətəndaş vətənini müqəddəsliklə sevərsə, vətəni uğrunda canını şəhid etməyə hazır olarsa, o zaman ən ulu diləklərlə ömür yaşamağı hər şeydən üstün tutar və nəticədə, bu sevgini hər bir işində, əməlində həqiqətə çevirməyə cəhd edər. Bu amal vətəndaş üçün ən şərəfli, ən ləyaqətli ömür yolu ilə müşayiət olunur. Bu şərəfli, ləyaqətli ömür yolları isə, onu kamillik kimi dərrakə, kamal zirvəsinə qovuşdurur. Qeyd edək ki, nailiyyətdən başını gicəllənməyə qoymayan kamil insanlar kamalın insana dayaq olduğunu zərgər dəqiqliyi ilə dərk edirlər və nəticədə, kamala üstünlük verərək həmin zirvəsinin fatehi olurlar. Bacarığı, istedadı, sədaqəti ilə hər kəsə örnək olmağa layiq olan Dilqəm müəllim, zirvəni pillə-pillə fəth edərək kamillik yolunun yolçusu oldu. Vətən, millət, Azərbaycan eşqilə yaşayan Dilqəm müəllim milli azadlıq hərəkatına qoşularaq özünün ömür səlnaməsini şərəfli məqamlarla zənginləşdirdi. Bu gün isə xalqımız, millətimiz və dövlətimizin müqəddəsliyi naminə yenə də şərəfli bir işin qulpundan yapışaraq müəllimlik adını ləyaqətlə qoruyur. Dilqəm müəllim həyat yolunda əldə etdiyi nəaliyyətlərin, bilik və bacarığın sirlərini öyrədə-öyrədə kamillik zirvəsinə yüksəldi. Ömrünün müdrüklik mərhələsində əqli mübarizəyə üstünlük verərək onlarla dərsliyin, dərs vəsaitinin, elmi, bədii, publisist əsərlərin müəllifi kimi bəlli zirvənin fatehi oldu.
Dilqəm Quliyev ulu öndərimiz Heydər Əliyevin idmana göstərdiyi qayğıdan ruhlanaraq "Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitabını yazmışdır. Ulu öndərlə görüşünü Dilqəm müəllim belə xatırlayır: "29 dekabr 2001-ci ildə Maştağa qəsəbəsində Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə "Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı” kitabımı təqdim edəndə möhtərəm Prezidentimiz mənə təşəkkürünü bildirdi və dedi ki, gözəl kitabdır, bu işi davam etdir. Həmin görüş, mənə elmi sahədə işləməyə inam yaratdı”.
Dilqəm Quliyev Qarabağda yaralanmış və şəhid olan məzunların ailələrinə qayğı göstərmiş, onların adlarını əbədiləşdirmək məqsədi ilə bir sıra kitablar yazmışdır. "Şəhid idmançılar”, "XX əsrin qan yaddaşı”, "Milli Qəhrəman İlqar Əliyev - 50” kimi əsərlər bu qəbildən olan kitablardır. Dilqəm Quliyevin Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafına, o cümlədən gənclərin vətənpərvərlik tərbiyəsinə həsr etdiyi kitablar oxucular tərəfindən sevilə-sevilə oxunur. Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10 dəfə "İlin ən yaxşı tədqiqatçı jurnalisti və idman tarixi yazarı” adına layiq görülüb. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə 2008-ci ildə "İlin idman laureatı” adını alıb. Ümumilikdə Dilqəm Quliyevin indiyədək 300-ə yaxın əsəri və 200-ə yaxın qəzet məqaləsi çap olunub.