Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı ilə yanaşılır

Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına xüsusi qayğı ilə yanaşılır

Ölkəmiz müstəqillik əldə etdikdən sonra idmana və Olimpiya Hərəkatının inkişafına və kütləviliyinə xüsusi qayğı göstərilməyə başlanıldı. Məhz bunun sayəsində idmançılarımız Olimpiya oyunlarında müstəqil Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyub, ölkəmizin şan-şöhrətini artırıblar. Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanıb. Əlbəttə, bunun əsasında təsadüf yox, zərurət dayanır. Bu, Azərbaycanda gedən proseslərin məntiqi nəticəsidir. Qeyd edək ki, müasir dünyada idmançıların Olimpiya oyunlarındakı nəticələri, Olimpiya Hərəkatındakı fəal iştirakı hər bir ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında əsaslı rol oynayır. Ona görə də, hər bir dövlət öz idmançılarının Olimpiya oyunlarındakı çıxışlarına böyük əhəmiyyət verir. Eyni zamanda, olimpizm daşıdığı mənəvi dəyərlərlə, saf hisslərlə dostluğu, qardaşlığı, qarşılıqlı anlaşmanı möhkəmləndirən ədalətli idman mübarizəsi ilə ümumbəşəri mahiyyət kəsb edir. Olimpiya idealları bütün bəşəriyyəti bürüyüb, milyonlarla insanın qəlbinə yol tapıb. Bir əsrdən çox tarixi olan müasir Olimpiya oyunları dövrümüzün ən böyük, ən mötəbər idman tədbiri sayılır. Yalnız Olimpiya oyunları dünyanın bütün dövlətlərini, milliyətindən, irqindən, siyasi əqidəsindən asılı olmayaraq milyonlarla insanı bir araya toplayır. Müqayisə üçün qeyd edək ki, əgər I Olimpiya Oyunlarında (1896-cı il) 14 ölkə iştirak etmişdisə, XXX Yay Olimpiya Oyunlarında (2012-ci il) 205 ölkə idmançıları mübarizə aparırdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra idmana göstərilən qayğı, yaradılan şərait atletlərimizin istər Avropa, istərsə də dünya çempiontlarında uğurla çıxış etməsinə zəmin yaradıb. Azərbaycan idmançıları beynəlxalq turnirlərdə əldə etdikləri medallarla ölkəmizin nüfuzunu, beynəlxalq imicini artırıblar. Dünyanın ən mötəbər idman tədbiri olan Olimpiya oyunlarında qazandığımız medallar ölkəmizdə idmana göstərilən qayğının bariz nümunəsidir.
1993-cü ilin iyunun 15-də xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində, başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yarandı. 1992-ci ilin ortalarından etibarən respublikada gənclərin taleyinə laqeyd münasibət göstərilməsi nəticəsində gənc nəsil çox kəskin problemlərlə üz-üzə qalmışdı. Ölkənin idman infrastrukturu tamamilə dağılmışdı. Heydər Əliyevin 179 saylı fərmanına əsasən 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması mühüm hadisə kimi qiymətləndirildi. Ümumiyyətlə, 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu bəyan etdi.

1995-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə İdman Fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrıldı. 14 avqust 1996-cı ildə Milli Olimpiya Komitəsinin üzvləri ilə görüşdə Heydər Əliyev demişdir: "Şəxsən mən söz vermişəm və indi də təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”.
1997-ci il iyulun 31-də İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın inkişafı və Olimpiya Hərəkatı daha böyük vüsət aldı. Müasir idman infrastrukturlarına və komplesklərinin tikilişinə çoxlu sərmayələr yatırıldı. Son 15 ildə bütün ölkə üzrə 40 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib və bu proses davam etdirilir. 2012-ci ilin ölkəmizdə "İdman ili” elan edilməsi təsadüfi deyildi. Bu, Azərbaycanda idmanın inkişafına və Olimpiya Hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirdi.
Azərbaycan idmançıları 1992-ci ildə Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında iştirak etdilər. Barselona-1992-də 169 ölkəni təmsil edən 9367 idmançı mübarizə apardı. Həmin Olimpiya oyunlarında 5 idmançımız - Nazim Hüseynov (cüdo), Valeri Belenki (gimnastika), İlqar Məmmədov (qılıncoynatma), Valeri Timoxin (stend atıcılığı), Valentina Popova (tennis) çıxış etdi. İdmançılarımızın arasında ilk qızıl medalı Nazim Hüseynov qazandı. İlk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırıldı, dövlətimizin himni səsləndirildi. Gimnastımız Valeri Belenki isə komanda yarışında qızıl, şəxsi birincilikdə bürünc medal əldə etdi. Məlumat üçün bildirək ki, ilk Olimpiya çempionu Nazim Hüseynov haqqında "İlk qızıl” adlı sənədli film çəkilib.

1996-cı ildə Atlantada, ilk dəfə olaraq, müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış edən milli Olimpiya komandamızın göstərdiyi nəticə uğurlu sayıla bilər. Güləşçimiz Namiq Abdullayev Atlantada gümüş medal qazandı. Gənc Azərbaycan Respublikası 197 ölkənin iştirak etdiyi bu oyunlarda 61-ci yeri tutdu.
İdmançılarımız 2000-ci ildə Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında daha yüksək nəticələrə nail oldular. Cüdo, boks, güləş, atıcılıq yarışlarında çıxış edən olimpiyaçılarımız uğurlu nəticə ilə fərqləndilər. Ölkəmizə ilk medalı qadınlar arasında stend atıcılığı yarışında iştirak edən Zemfira Meftəhətdinova qazandırdı. İdmançımız Sidneydə Olimpiya çempionu titulunu qazandı. Komandamıza ikinci qızıl medalı Atlanta Olimpiadasının gümüş mükafatçısı Namiq Abdullayev qazandırdı. Bütün görüşlərində rəqiblərinə heç bir şans verməyən idmançımız həlledici mərhələdə ABŞ təmsilçisi Samuel Hensonla qarşılaşdı. Finalda da rəqibinə şans verməyən Namiq Abdullayev qızıl medala layiq görüldü. Ölkəmizin boks salnaməsinə də ilk Olimpiya medalı Sidneydə yazıldı. Bu medalı 19 yaşlı boksçumuz Vüqar Ələkbərov əldə etdi. İki qızıl və bir bürünc medal qazanan komandamız medal qazanan 80 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 22-ci yeri tutdu.
Olimpiya yığmamız 2004-cü ildə Yunanıstanın paytaxtı Afinanın ev sahibliyi etdiyi XXVIII Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışdı. Respublikamız Afinada 12 idman növündə 38 idmançı ilə təmsil olundu. Qeyd edək ki, XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə, bu dəfə ölkəmiz 3 yeni idman növü - bədii gimnastika, taekvando və qılıncoynatma, eləcə də 7 nəfər çox idmançı ilə Olimpiya oyunlarına qatılmışdı. Afinada uğurlu çıxışı ilə fərqlənən pəhləvanımız Fərid Mansurov qızıl medal əldə etdi. Fuad Aslanov, Ağası Məmmədov (hər ikisi boks), İradə Aşumova və Zemfira Meftahətdinova (hər ikisi güllə atıcılığı) bürünc medal qazandılar. Azərbaycan Olimpiya komandası Afina Olimpiadasında 202 iştirakçı dövlət arasında medalların sayına görə 37-ci, keyfiyyətinə görə isə 50-ci yeri tutdu.
Bundan 4 il sonra bütün diqqətlər Çinin paytaxtı Pekin şəhərinə yönəlmişdi. Burada keçirilən XXIX Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları 41 lisenziya əldə etmişdi. Bundan başqa, daha üç idmançımız isə olimpiadada güzəştli kartla mübarizəyə qoşulmuşdu. Olimpiya komandamız Pekində 12 idman növü üzrə yarışırdı. Məlumat üçün bildirək ki, ölkəmiz ilk dəfə Pekində bədii gimnastika üzrə qrup yarışlarında, atçılıqda və uşu üzrə nümunəvi çıxışlarda təmsil olundu. 4 illiyin möhtəşəm yarışında iştirak edən cüdoçularımızdan Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev bürünc medal qazandı. Sevindirici haldır ki, Elnur Məmmədli bütün görüşlərdə rəqiblərinə tam üstünlüklə qalib gəldi. Cüdoçumuza qızıl medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etmişdi. Yunan-Roma güləşçilərimiz - Vitali Rəhimovla Rövşən Bayramov gümüş, Xetaq Qazyumov (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi) və Şahin İmranov (boks) bürünc medallar əldə etdilər. Nəticədə, idmançılarımız Pekini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) tərk etdilər. Azərbaycan idmançıları medalların sayına görə 27-ci, keyfiyyətinə görə 39-cu, Avropa ölkələri arasında 20-ci, İslam ölkələri arasında isə 3-cü yeri tutdular.
Qeyd etdiyimiz kimi, Pekin Olimpiadasında Azərbaycan 12 idman növündə 44 idmançı ilə təmsil olundu. Lakin 2012-ci ildə Londonda təşkil edilən XXX Yay Olimpiya Oyunlarında komandamız 16 idman növündə mübarizə aparırdı. Böyük Britaniyanın paytaxtına dünyanın 205 ölkəsindən on mindən artıq idmançı toplamışdı. Atletlər 15 gün ərzində 36 idman növündə 302 dəst medal uğrunda mübarizə apardılar. Ölkəmizi mötəbər turnirdə 53 idmançı təmsil etdi. Atletlərimiz London Olimpiadasında əvvəlki Olimpiya oyunları ilə müqayisədə daha çox - 2 qızıl, 2 gümüş və 6 bürünc medala layiq görüldülər. London Olimpiadasında Azərbaycan komandasının heyətində sərbəst güləşçilər Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu titulunu qazandılar. Rövşən Bayramovla (yunan-Roma güləşi) Mariya Stadnik (qadın güləşi) gümüş, Valentin Xristov (ağırlıqqaldırma), Emin Əhmədov, Xetaq Qazyumov (hər ikisi sərbəst güləş), Yuliya Ratkeviç (qadın güləşi), Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov (hər ikisi boks) bürünc medallar qazandılar. Ümumilikdə, 85 ölkənin medal qazandığı XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması kəmiyyətə görə 25-ci, keyfiyyətə görə 30-cu yeri tutdu.
Qeyd edək ki, London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olundu. Əgər 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında Azərbaycanı bir hakim (Hicran Şərifov, güləş) təmsil edirdisə, Londonda 6 hakimimiz (Əjdər Cəfərov, Hicran Şərifov - güləş, Vahid Nəzərov - ağırlıqqaldırma, Rövşən Hüseynov - boks, Natalya Bulanova - bədii gimnastika, Ox Kvanq Ceol - taekvondo) ədaləti qorudu.
Qazanılan nailiyyətlər ölkəmizdə idman səhəsinə göstərilən dövlət qayğısından xəbər verir. Şübhəsiz ki, əldə olunan bu qələbələr ölkəmizdə idmanın inkişafına və kütləviliyinə şərait yaradır. İdmançılarımızın əldə etdikləri nəticələrdən ruhlanan uşaq və gənclər idman ocaqlarına kütləvi şəkildə axın edirlər. Əminik ki, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında ölkəmizə uğur qazandıracaq idmançılar məhz həmin gənclərin arasından çıxanlar olacaq.
Hazırda Azərbaycan təkcə idmançılarının beynəlxalq yarışlarda hamını heyrətə gətirən çıxışları ilə deyil, həm də dünya miqyaslı mötəbər yarışların təşkilatçısı kimi tanınır. Bunun bariz nümunəsi olaraq, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəliyi Oyunlarının Bakıda keçirilməsini göstərmək olar.

Rahib Səmədov

Yazı Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının 
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.