“Promotey” əməliyyatı

“Promotey” əməliyyatı
1974-cü il oktyabrın 23-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Vyanada keçirilən sessiyasında 1980-ci il Olimpiadasına ev sahibliyi hüququ SSRİ-nin paytaxtı Moskvada verildi. 1980-ci ildə Təşkilat Komitəsinin yanında Olimpiya məşəlinin estafetini nizamlayacaq idarə yaradıldı. Yeni qurum dövlət rəhbərliyi ilə əlaqəli şəkildə işləyirdi. Məşəlin estafeti ilə bağlı aparılan işlər "Promotey” adı altında həyata keçirilirdi. SSRİ-nin ən yaxşı mütəxəssisləri məşəlin necə olacağı barəsində uzun müddət düşünürdülər. Sovet rəhbərliyi isə məşəlin hazırlanmasını yaponlara həvalə etmək qərarını verdi. Hətta bunun üçün 30 min dollar ayrılmışdı. Lakin uzun müzakirələrdən sonra üstünlük sovet mütəxəssislərinə verildi. Nəticədə, 1978-ci ildə Leninqradın (Sankt-Peterburq) Maşınqayırma zavodu Olimpiya məşəlinin hazırlığına başladı. Maraqlıdır ki, bu iş üçün zavodun rəhbərliyinə cəmi 1 ay vaxt verilmişdi. Gecə-gündüz çalışan mütəxəssislər 30 gündən sonra məşəlin hazır olduğunu bildirdilər.
Rəhbərliyin tapşırığına görə, məşəl, ən azı, 10 dəqiqə yanmalı, bu zaman alovun hündürlüyü 300-500 millimetr olmalı idi. Əks halda, məşəl vaxtından əvvəl sönə və ya onu daşıyan idmançını yandıra bilərdi. Rəhbərliyin digər göstərişinə uyğun olaraq, məşəlin ümumi çəkisi 1 kq, uzunluğu isə 650 sm təşkil edirdi. Məşəlin alovlandırılmasında adi məişət qazından istifadə olundu. Qazın içərisinə qarışdırılmış xüsusi maddə alovun xoş ətir yaymasına səbəb olurdu. Məşəlin dizaynı rusiyalı rəssam Boris Roqaçev tərəfindən hazırlanmışdı.
Nəzərdə tutlmuşdu ki, məşəlin bir hissəsi 1979-cu ildə Yaponiyada hazırlansın. Amma Yaponiya hökuməti Moskva Olimpiadasını boykot edən ölkələrə qoşulduğu üçün məşəlin istehsalına razılıq vermədi. Nəticədə, 6200 ədəd məşəlin hazırlanması yenə də sovet mütəxəssislərinə tapşırıldı. Moskva Olimpiadasının məşəli o dövr üçün nadir əşya sayılırdı.