Cüdonun yaranma və inkişaf tarixi

Cüdonun yaranma və inkişaf tarixi

Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Onun təməlini Ciqaro Kano qoyub. Kano Yaponiya Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, əksər dünya xalqları arasında geniş yayılmışdı. Lakin bu idman növündə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də, ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kano belə qərara gəlib ki, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan yeni bir idman növü yaratsın. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri çıxararaq, yeni idman növünü yaratdı və ona cüdo adını verdi. Yaponca "cü” "elastik”, "yumşaq”, "do” isə "yol”, "prinsip” deməkdir. Yeni güləş növünün sirləri isə Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan”da öyrədilirdi.
Yaponiyada artıq "Kodokan”ın filialları fəaliyyət göstərməyə başlamışdı. Hərbi xidmətçilər üçün də belə məktəblər təşkil olunurdu. C.Kanonun ən istedadlı şagirdlərindən biri 1903-cü ildə Amerikaya göndərilib və burada qısa müddətdə məşhurlaşan bir məktəb açıb. Deyilənlərə görə, ABŞ-ın Prezindenti T.Ruzvelt də bu məktəbə məşqlərə gedirmiş. Cüdoya tez bir zamanda geniş kütləni cəlb etmək üçün Kano müxtəlif üsullardan istifadə edib. O, söyləyirdi ki, ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama asanlıqla qalib gələ bilər. İnsanlar cüdo barədə deyilənlərə inanırdılar və nəticədə, tez bir vaxt ərzində "Kodokan”da cüdonun sirlərini öyrənmək arzusunda olanların sayı durmadan artmağa başladı. Kanonun istedadlı tələbələri ciu-citsu və digər məktəblərin yetirmələri ilə təşkil olunan yarışlarda qələbələr qazanmaqla cüdonun daha üstün olduğunu sübut etmişlər. Sonra isə Kano cüdonu dünyada yaymaq haqqında fikirləşməyə başlayıb. Bu məqsədlə o, öz tələbələri ilə Avropa və Amerikaya səyahətə çıxıb. Onlar ayrı-ayrı ölkələrdə cüdonun "Kodokan” məktəbinin filiallarını açırdılar. Cüdo ilə məşğul olanlara hətta təqaüd də verilirdi.
XX əsrin ilk illərində cüdo Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində yayılmağa başlayıb. Bu növün banisi Ciqaro Kano Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü seçilib. Məşhur yaponiyalı 1938-ci ildə 79 yaşında əbədiyyətə qovuşarkən vəsiyyət edib ki, onun işini oğlu Risei Kano davam etdirsin. Beləliklə, Risei "Kodokan”ın rəhbəri, sonralar isə Beynəlxalq Cüdo Federasiyasının ilk prezidenti olub.
İndi "Kodokan”ı tanımaq çətindir. O, ümumdünya cüdo institutu deyil, həm də yapon milli güləşini bütün dünyada təbliğ edən və yayan bütöv bir təşkilatdır. Hazırda cüdo üzrə yaponiyalı məşqçilər və müəllimlər 100-dən çox ölkədə işləyirlər.
XX əsrin əvvəllərində cüdo Fransa, İngiltərə, Braziliya, Belçika, Hollandiya, İspaniya və s. bu kimi iri inkişaf etmiş ölkələrdə geniş yayılmağa başlayıb və tez bir zamanda geniş şöhrət qazanıb.
İdmanın hər hansı digər növündə olduğu kimi, cüdoda da ustalığın pillələri müəyyənləşdirilib. Ustalığından asılı olaraq cüdoçular 16 dərəcəyə bölünürlər. 1-6-cı dərəcələr şagirdlər ("kyu” - ən aşağı dərəcə), yerdə qalan 10 dərəcə isə ustadlar üçün ("dan” - ən yüksək dərəcə) müəyyən edilib. Cəmi on "dan” var. Şagirdin qabiliyyətindən, məşğələlərə davamiyyətindən və təcrübəsindən asılı olaraq ona dərəcələr verilir. Cüdoçular yarış zamanı müxtəlif rəngli ağ (yeni məşğul olanlar üçün), sarı, çəhrayı, yaşıl, mavi, qəhvəyi və nəhayət, qara kəmərlər taxırlar. Qara kəmər taxmaq hüququnu qazanmış cüdoçuların sayı çox deyildir. Qara kəmər, adətən, bütün "dan”ları keçənlərə verilir. Bu adı federasiya və idman təşkilatının nümayəndələrindən ibarət xüsusi komissiya çətin bir imtahandan sonra təqdim edir. Yaponiyada güləşçinin təsnifatına son dərəcə ciddi yanaşılmasına belə bir fakt sübutdur: dünya çempionu və dəfələrlə Avropa çempionu, mütləq çəki dərəcəsində ilk Olimpiya çempionu hollandiyalı Qecsenik yeganə avropalıdır ki, altıncı "dan” alıb.
Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradılıb. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirilib. Növbəti dünya çempionatı 1958-ci ildə Parisdə təşkil olunub. Əvvəllər cüdoda çəki dərəcələrinə bölünmə yox idi və hər iki dünya çempionatında yaponlar qalib gəliblər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında hollandiyalı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə vurub və bu, yaponları məcbur edib ki, çəki dərəcələri sistemini yarışlırda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olub: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq, bütün cüdoçular güləşə bilərlər.

Azərbaycanda cüdonun yaranma və inkişaf tarixi
Azərbaycan Cüdo Federasiyası 1996-cı il dekabrın 29-da yaradılıb.
1964-cü ildə Tokioda keçirilən Olimpiya oyunlarının proqramına daxil edilən cüdonu, hələ o vaxtlar, Azərbaycanın da daxil olduğu SSRİ məkanında tanımırdılar. 1972-ci ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar verib. Respublikamızın Bədən Tərbiyəsi və İdman Komitəsində bu növə məsul şəxs kimi Ağarza Əhmədov təyin olunub. Ağarza müəllim az sonra həm də milli komandanın baş məşqçisi seçilib.

Azərbaycan cüdo məktəbinin ilk məşqçiləri olan Ağarza Əhmədov və Viktor Kuznetsov 1972-ci ilin dekabrında Tallində təşkil olunmuş məşqçilərin ilk ümumittifaq seminarında iştirak ediblər. Daha sonra Azərbaycandan iki nəfər - Əhməd Rəcəbli və Viktor Kuznetsov ümumittifaq cüdo hakimləri seminarına göndəriliblər. 1973-cü ildə Ukraynanın Feodosiya şəhərində keçirilmiş məşqçilərin ikinci ümumittifaq seminarında respublikamızdan - Zair Məmmədov, Tərlan Həsənov, Rauf Şəfiyev iştirak ediblər. Seminardan sonra Moskva ətrafında cüdo üzrə I ümumittifaq yarışları keçirilib. Bu yarışa əvvəlki ümumittifaq seminarını bitirən hakimlər də dəvət olunmuşdular. Həmin turnirdə həmyerlimiz Sahib İsmayılov üçüncü yeri tutub. 1972-ci ilin 21-22 dekabrında Respublika stadionunda Azərbaycan məşqçiləri və hakimlərinin cüdo üzrə ilk seminarı keçirilib. Bu seminardan sonra Bakı, Sumqayıt, Əli Bayramlı (indiki Şirvan) və Gəncədə ilk cüdo bölmələri fəaliyyətə başlayıb.
Cüdo üzrə ilk respublika birinciliyi 1973-cü ildə Sumqayıtda təşkil edilib. Bu növ üzrə birinci ölkə çempionat isə 1973-cü ildə Respublika stadionunun idman sarayında keçirilib. 1978-ci ildə Fərhad Rəcəbli Qrodnoda keçirilən SSRİ birinciliyinin qalibi olub. Macarıstanın Mişkols şəhərində keçirilən Avropa birinciliyində (gənclər) isə o, üçüncü yeri tutub. 1981-ci ildə ilk dəfə Minskdə təşkil olunan yaşlılar arasında SSRİ çempionatında Fərhad Rəcəbli üçüncü yerə çıxıb. 1979-cu ildə - Əhməd Rəcəbli Moskvada keçirilən Olimpiya hakimləri müsabiqəsinin iştirakçısı olub. 1981-ci ildən 1991-ci ilə kimi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Fikrət Zeynalov cüdo üzrə SSRİ yığma komandalarının Azərbaycan üzrə baş məşqçisi vəzifəsində çalışıb. Təcrübəli mütəxəssis Meksika (1991-1996) və Misir milli yığma komandasının (2001-2003) baş məşqçisi vəzifəsində çalışıb. 1981-ci ildə Azərbaycan cüdo məşqçiləri arasında ilk Əməkdar məşqçi adını Əhməd Rəcəbli alıb. Əhməd Rəcəbli həm də cüdo mütəxəssisləri arasında ilk Əməkdar bədən tərbiyəsi və idman işçisidir. Sonralar bu ada Ağayar Axundzadə layiq görülüb. Azərbaycanlı cüdo mütəxəssisləri arasında SSRİ-nin Əməkdar məşqçisi adını da məhz Ağayar Axundzadə alıb. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası isə Gülşən Şirinova olub. İlk ümumittifaq dərəcəli hakim Rauf Şəfiyev, ilk beynəlxalq dərəcəli hakimlər isə Zair Məmmədov və Valeh Məhərrəmovdur.
Azərbaycanın ilk cüdo məşqçilərindən Rauf Şəfiyev, Ağarza Əhmədov, Tərlan Həsənov, Viktor Kuznetsov, Cərulla Sinqarov, Səməd Şəhriyarov, Əhməddin Rəcəbli, Ənvər İsgəndərov, Givi Cəmlilaşvili, Sergey Seleznyov, Abbas Şahverdiyev, Arkadi Koretski, Fikrət Zeynalov, Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Əli Dərvişov, Musa İsmayılov, Tərlan Poladov və başqalarını göstərmək olar.
Cüdoçularımız arasında ilk dəfə beynəlxalq dərəcəli idman ustası adına Qüdrət Pəncəliyev, SSRİ Əməkdar idman ustası adına isə Nazim Hüseynov layiq görülüb.
Azərbaycan cüdosunda ən böyük nailiyyəti Nazim Hüseynov və Elnur Məmmədli qazanıblar. Nazim Hüseynov 1992-ci ildə XXV Barselona Yay Olimpiya Oyunlarının, Elnur Məmmədli isə 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarının çempionu olub. Azərbaycanda cüdo bölmələri ilk dəfə "Dinamo”, "Burevestnik”, "Lokomotiv”, "Vodnik”, "Məhsul” idman cəmiyyətlərində, həmçinin Gəncə və Sumqayıt şəhərlərində yaradılıb. Hazırda cüdo üzrə "Attila” İK, AHİTA, "Dinamo” İC, MOİK, "Təhsil”, "Neftçi”, "Məhsul”, "Zenit”, "Lokomotiv”, "Spartak”, "Gənclik” TİC, "Pəhləvan” İK, "Kimyaçı”, "Gömrük”, "Sərhədçi” klubları fəaliyyət göstərir. Respublikamızın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Yevlax, Xanlar, Şəmkir, Samux, Naftalan, Şəki, Zaqatala, Qəbələ, Şamaxı, İsmayıllı, Şirvan, Saatlı, Quba, Xaçmaz, Dəvəçi, Qusar, Siyəzən, Xızı, Masallı, Yardımlı, Ağdam və başqa rayon və şəhərlərində cüdo idman növü inkişaf etdirilir.
Qeyd edəki ki, müstəqillik dövründə cüdo növündə ən böyük uğura Pekin-2008 Olimpiadasının qalibi Elnur Məmmədli (73 kq) nail olub.
Olimpiya oyunlarının 3-cü günündə Azərbaycan idman ictimaiyyəti arasında, habelə dünyanın müxtəlif yerlərində aparılmış sorğuların nəticəsinə görə, öz çəkisində olimpiadanın favoritlərindən sayılan cüdoçumuz Elnur Məmmədli I yerə çıxıb. İlk görüşdə belçikalı rəqibi Dirk Van Tiçelt üzərində inamla qələbə qazanan cüdoçu növbəti görüşdə Belarus idmançısı Konstantin Semyonovu da çətinlik çəkmədən məğlub etdi. 3-cü görüşdə isə o, Koreya Xalq Demokratik Respublikasını təmsil edən Çol Su Kimə qalib gələrək, yarımfinala yüksəldi. Elnur artıq 54-cü saniyədə rəqibinin kürəyini yerə vursa da, hakimlər cüdoçumuza xal vermədilər. Bununla belə, o, hücumlarını davam etdirərək, saxlama fəndi ilə qələbə qazandı. Bu mərhələdə onun rəqibi favoritlərdən sayılan güclü yapon cüdoçusu Yusuke Kanamarunu erkən məğlub etmiş iranlı Əli Malomat oldu. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu görüşdə də rəqibi məğlub etmək üçün Elnura çox vaxt lazım olmadı. Beləliklə, 20 yaşlı gənc idmançımız finala vəsiqə qazandı. Final mərhələsində Elnur Məmmədli "köhnə tanışı”, koreyalı Ki Çun Vanqla üz-üzə gəldi. 2007-ci ildə gənclər arasında dünya birinciliyinin yarımfinalında və Olimpiya lisenziyalı dünya çempionatının finalında Elnurdan üstün olmuş koreyalıdan əvəz çıxmaq üçün yaranmış bu əlverişli şansı həmyerlimiz əldən vermədi. Elnur təcrübəli koreyalı cüdoçunu 13 saniyə ərzində təmiz qələbə - "ippon” fəndi ilə məğlub etdi.
Beləliklə, Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə ilk, həm də qızıl medalı qazandırdı.
Qeyd edək ki, cüdoçumuz keçirdiyi 5 görüşün 5-ni də təmiz qələbə ilə başa vuraraq Olimpiya oyunlarının qalibi olmaqla yanaşı, həm də ən qısa vaxt ərzində rəqiblərini məğlub etməklə yeni rekorda imza atdı. Yarışları izləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 73 kiloqram çəki dərəcəsində cüdoçulara medalların təqdim olunması mərasimində iştirak etmiş və Olimpiya oyunlarının qızıl medalıqı Elnur məmmədlinin boynundan asmışdır.
XXIX Pekin Yay Olimpiya Oyunlarında axırıncı çıxış edən cüdoçumuz Mövlud Mirəliyev uğurlu start götürdü. 100 kq çəki dərəcəsində yarışan idmançımız ardıcıl üç qələbə qazandı. O, əvvəlcə əlcəzairli Hasen Azzounu ippon fəndinə saldı. Növbəti görüşdə isə cüdoçumuz Levan Zorzolianini (Gürcüstan) məğlub etdi.
Mövlud bu görüşdə də "ippon” sayəsində qələbə qazandı. Püşkə əsasən, həmyerlimiz 1/4 finalda rumıniyalı Daniel Brata ilə qüvvəsini sınamalı oldu. Təmsilçimiz bu rəqibini də açıq-aşkar üstələdi. "Vazari” və "yuka” fəndləri işlədən cüdoçumuz bununla da yarımfinala vəsiqə qazandı.Yarımfinalda təmsilçimizin rəqibi Monqolustan cüdoçusu Tuvşinbayar Naydan oldu. Finalın bir addımlığında rəqibinə məğlub olan Mövlud Mirəliyev 3-cü yer uğrunda görüşdə polşalı Prjemislav Matyaseklə qarşılaşdı. Bürünc mükafat uğrunda rəqibinə "yuka” və "vazari” fəndləri ilə qalib gələn idmançımız ölkəmizə 4-cü medalı qazandırdı.
Bir daha xatırladaq ki, Pekin Olimpiadasında tatami üzərinə çıxan 5 cüdoçumuzdan yalnız biri - Elnur Məmmədli (73 kq) qızıl medal əldə edib. Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), eləcə də Kifayət Qasımova (57 kq) fəxri kürsüyə yüksələ bilməyib.