Xocalı faciəsi bəşər tarixinin ən qanlı hadisələrindən biridir

Xocalı faciəsi bəşər tarixinin ən qanlı hadisələrindən biridir

Xalqımız insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etməyə hazırlaşır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qətillərin miqyasca ən dəhşətlisidir.

Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törədiblər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarət yetirilib. 1275 sakin -köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulub. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə ediblər. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda gizlənən ermənilər tərəfindən güllələniblər. Onların heç birinə aman verilməyib. Xocalıdan çıxan dinc əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və digər silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 21 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz genosid soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətini məqsədli şəkildə, bilərəkdən həyata keçirərək, misli görünməmiş qətillər törədiblər. Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tanınması üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, Nürnberq Hərbi Tribunalının Nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilib. Orada soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilib. BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyasında isə soyqırım cinayətinin mahiyyəti tam əksini tapıb. Beynəlxalq hüquqa görə soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla müharibə cinayəti sayılır. Soyqırım hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: həmin qrupun üzvlərinin öldürülməsi; onların şikəst edilməsi, onlara bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan şəraitin yaradılması; azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bu hallardan hər hansı birinin mövcudluğu hadisənin soyqırım hesab olunması üçün kifayət edir. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırım cinayəti kimi qiymətləndirilməlidir.
Soyqırım beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə, yaşam tərzi olan milli, etnik, irqi və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 9 dekabr 1948-ci il tarixli konvensiyasında və "Azərbaycan Respublikası Cinayət Məcəlləsi”nin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırım cinayətinin tərkibi var. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına riayət etməyiblər. Xocalı faciəsi zamanı mülki əhalinin qorunması haqqında Cenevrə konvensiyalarında nəzərdə tutulan tələblər kobud şəkildə pozulub. Bəli, Xocalı hadisəsi soyqırımdır, burada törədilən vəhşiliklər belə deməyə əsas verir.


Dünya mətbuatı Xocalı faciəsinə biganə qalmayıb

Xocalıda baş verən qanlı faciə haqqında dünyaya ilk məlumat görkəmli Azərbaycan teleoperatoru Çingiz Mustafayevin çəkdiyi film sayəsində yayıldı. Kamera qulaqları kəsilən uşaqları, başları soyulan kişiləri lentə ala bilmişdi. Erməni saqqallıları qoca qadının sifətinin sağ tərəfinin dərisini kəsib çıxartmışdılar. Bütün cəsədlərin üzərində zorakılıq əlamətləri var idi. Təsadüfi deyil ki, Erməni terrorçuları tərəfindən Azərbaycan şəhəri Xocalının yer üzündən silinməsi ABŞ-da ilin ən dəhşətli faciəsi kimi tanınmışdı. Faciənin icraçılarından biri olan 366-cı motoatıcı alay Rusiyaya çağırılaraq ləğv edildi. Lakin onun insanlığa sıgmayan vəhşiliklər törədən zabitlərindən bir nəfər də cinayət məsuliyyətinə cəlb olunmadı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı faciəsinin 10 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyilir: "... bu qəddar və amansız soyqırım aktı insanlıq tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil oldu... Azərbaycan xalqı və hakimiyyəti qarşısında dünya dövlətlərinə, parlamentlərinə və ictimaiyyətinə Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında bütün həqiqəti çatdırmaq vəzifəsi durur. Bu, bizim Xocalı soyqırımının qurbanları qarşısında vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılması ümumilikdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların bir daha təkrar olunmamasının vacib şərtidir".
Xocalıda baş verən qətllər xarici kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayıb. Dünyanın ən nüfuzlu KİV-lərində Xocalı şəhərində erməni terrorçuları və quldur birləşmələri tərəfindən törədilən soyqırım faktını təsdiq edən faktlar yer alıb
"Vashington Post" qəzeti: "Dağlıq Qarabağ qurbanları Azərbaycan şəhərində torpağa tapşırıldılar. Qaçqınlar deyirlər ki, ermənilərin hücumu nəticəsində yüzlərlə insan qətlə yetirilib. Həlak olan 7 nəfərin cəsədi bu gün göstərildi, onlardan üçü qadın, ikisi isə uşaq idi. 120 qaçqın Ağdam hospitalında yerləşdirilib, onlardan bir çoxunun bədənində deşilmiş yara izləri var".
"Times" qəzeti: "Erməni əsgərləri yüzlərlə qaçqın ailəsini qırdılar. Sağ qalanlar məlumat verirlər ki, erməni əsgərləri çoxu uşaq və qadın olan 450-dən çox azərbaycanlını qətlə yetiriblər. Yüzlərlə, bəlkə də mindən çox insan itkin düşüb. "Onlar güllələyirdilər, güllələyirdilər, güllələyirdilər" - bu sözləri Xocalıdan qaçan digər qadın və uşaqlarla birgə, Ağdama gələn Raziyə Aslanova da söyləyirdi. O deyirdi ki, əri Kənan və oğlu qətlə yetiriliblər, qızı isə itkin düşüb."
"Times" qəzeti: "Qırğının üstü açıldı. Həlak olmuş 60-dan çox insanın, o cümlədən qadın və uşaqların cəsədi Dağlıq Qarabağın təpəliklərindəki yamaclarda aşkar olundu. Bu, azərbaycanlıların erməni hərbçiləri tərəfindən qırğına məruz qalması faktını təsdiqlədi. Yüzlərlə qaçqın bu günə kimi axtarışdadır".
"Times" qəzeti: "Çoxları şikəst edilmişdi, bir qız uşağının isə yalnız başı qalmışdı."
"İzvestiya" qəzeti: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının isə sifətinin bir hissəsi kəsilib götürülmüşdü. Kişilərin başının dərisi soyulmuşdu."
"Sunday Times" qəzeti: "Tomas Qolts ermə
ni əsgərləri tərəfindən törədilmiş qırğın barədə məlumat verən ilk reportyor idi. Onun hazırladığı repotajda deyilir: "Xocalı Azərbaycanın münbit şəhərlərindən biri idi. Bura torpağı becərən və ev quşları saxlayan azı min azərbaycanlının yaşadığı bir yurd idi. Keçən həftə bu şəhər yer üzündən silindi".
"Financial Times" qəzeti: "Ermənilər Ağdam tərəfə istiqamətlənən qaçqınlar dəstəsini güllələdilər. Azərbaycanlılar 1200-ə yaxın cəsəd saydılar. Livandan olan kinooperator onun ölkəsinin varlı daşnak ictimaiyyəti tərəfindən Qarabağa muzdlu döyüşçülər və silah göndərildiyini təsdiqlədi.
"İzvestiya" qəzeti: "Mayor Leonid Kravets: "Mən öz gözlərimlə təpəlikdə yüzə yaxın cəsəd gördüm. Bir oğlan uşağının başı yox idi. Hər yerdə xüsusi amansızlıqla qətlə yetirilən qadın, uşaq, qoca meyidləri var idi".
- "Financial Times" qəzeti: "General Polyakov bildirdi ki, 366-cı alayın erməni milliyyətindən olan 103 qulluqçusu Dağlıq Qarabağda qaldı."
"La Mond" qəzeti: "Ağdamda olan əcnəbi jurnalistlər qətlə yetirilən qadın və uşaqların içində başının dərisi soyulmuş 3 nəfər gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır"
"Valer actual" jurnalı: "Bu muxtar regionda erməni hərbi birləşmələri Yaxın Şərqdən olanlarla birlikdə ən müasir hərbi texnikaya, eyni zamanda, vertolyotlara malikdirlər. ASALA Suriya və Livanda yerləşən hərbi düşərgələr və silah anbarları ilə təchiz edilib. Ermənilər 100-dən çox müsəlman yaşayış məntəqəsində qırğın törədərək Qarabağ Azərbaycanlılarını məhv etdilər."
"Krua l'Eveneman" jurnalı: "Ermənilər Xocalıya hücuma keçdilər. Bütün dünya eybəcərləşdirilmiş insan cəsədlərini gördü. Xocalıda mindən çox azərbaycanlının qətlə yetirildiyi deyilir"
Bəli, dünya mediası Xocalıda törədilən vəhşiliklərə biganə qala bilmədi.


"Xocalıya ədalət!"

Azərbaycan dövləti Xocalı faciəsini bütün dünyaya tanıtdırmaq üçün müntəzəm iş aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən ümumxalq yürüşünün önündə getməsi bir daha ölkə başçısının xalqla birliyini, onun milli ideallar ətrafında insanları səfərbər edərək ali məqsədlər uğrunda irəli aparmaq bacarığını nümayiş etdirdi. 85 mindən çox insanın iştirakı ilə keçirilən ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olub. Bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliymiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".
Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini təsdiqlədi. Minlərlə yürüş iştirakçıları əllərində "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Xocalını unutmayın!", "Xocalı soyqrımı - 20 il!", "Rədd olsun erməni faşizmi!" yazılmış plakatlar tutmuşdular. Bu izdihamlı yürüş bir daha sübut etdi ki, xalqımız tarixinə yazılmış bu faciəni heç vaxt unutmayacaq.
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ötən il İstanbulun Taksim meydanında da izdihamlı yürüş-mitinq keçirilib. Yürüş-mitinqdə 175 mindən çox insan erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq işinə dəstək vermək üçün İstanbulun mərkəzindəki meydana toplaşıb. Xocalı soyqrımının ildönümü ərəfəsində Fransa Senatında da faciə ilə bağlı müzakirələr aparılıb. Dünyanın bir sıra ölkələrində - Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Belarus, Rumıniya, Almaniya və digər dövlətlərdə keçirilən tədbirlərdə Xocalı faciəsi ilə bağlı əsl həqiqətlər diqqətə çatdırılıb. Ötən il dünyanın bir sıra ölkələrində keçirilən tədbirlərdə Xocalı faciəsi ilə bağlı nümayiş etdirilən fotolar, videoçarxlar erməni şovinistlərinin törətdikləri vəhşilikləri bir daha yada salıb. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan, Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olub. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilib. Zəngin faktlar və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırıb. Heydər Əliyev Fondunun bu istiqamətdə apardığı ən böyük işlərdən biri "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyasını təşkil etməsidir. Bu kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. 2012-ci ilin yanvarında İKGF-nin təşəbbüsü ilə 51 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Oxşar qərarlar Meksika və Pakistan parlamentlərində də qəbul edilib. Tədbirin iştirakçılarına Leyla Əliyevanın ideya müəllifi olduğu ingilis və rus dillərində hazırlanmış "Xocalı. 20 il, 10 hekayət. Bunlar həqiqət ola bilərdi..." kitabı təqdim edilib.
Əlbəttə, Xocalı soyqırımının dünyada tanıdılması bir neçə ilin işi deyil. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin məqsədyönlü diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik. Xalqımız bu faciəni heç vaxt unutmayıb və unutmayacaq. Erməni cəlladlarının vəhşiliyi nəticəsində qətlə yetirilən insanlar yaddan çıxmayacaq. Azərbaycan Milli Məclisi hər ilin 26 fevral tarixini "Xocalı soyqırımı günü" elan edib. Azərbaycan xalqı hər il 26 fevral tarixində saat 17:00-da Xocalı qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad edir. Qaçqın düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurtaracağı anı və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirlər. Onlar dünya xalqlarına, dövlətlərə və beynəlxalq təşkilatlara haqqın və ədalətin müdafiəsi, Xocalıda törədilən etnik təmizləmənin, terror faktlarının mühakimə edilməsi çağırışı ilə müraciət edirlər. Xocalı faciəsinin təqsirkarları, onun təşkilatçıları və icraçıları layiqli cəzalarını almalıdırlar. XX əsrdə soyqırımın və etnik təmizləmənin tarixini əks etdirən bir çox qanlı səhifələr mövcud olub. Onların sırasında Xocalı ən dəhşətli səhifələrdəndir. Bu və ya digər formada bu cinayətə aidiyyatı olanlar hələlik yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Lakin gün gələcək onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər.
Azərbaycan dövlətinin apardığı gənclər siyasəti, ölkəmizin gənc nəslinin vətənpərvər ruhda tərbiyələndirilməsi sübut edir ki, ölkəmizin gənc vətəndaşları xalqımızın üzləşdiyi bu cür faciələri yaddan çıxarmır. Məktəblilər arasında aparılan söhbətlər, üzləşdiyimiz faciələrlə bağlı keçirilən tədbirlər, uşaqların Şəhidlər xiyabanını ziyarət etməsi onlarda milli mənlik şüurunun oyanmasına, tariximizin acı həqiqətlərinin yaddaşlarına həkk olunmasına zəmin yaradır. Bu gün mətbuat orqanlarında, televiziya kanallarında aparılan təbliğatlar da müsbət rol oynayır. Erməni vəhşilikləri barədə məlumat alan hər bir yeniyetmə və gənc vətənini, xalqını daha cəsarətlə, qeyrətlə qorumağa cəhd edir, belə faciələrdən sarsılmır, əksinə, bir daha bu cür halların baş verməməsi üçün vətənə sədaqət andı içir. Azərbaycan gəncliyi vətənə sədaqət andı içərkən yalnız öz dədə-baba torpaqlarını azad etmək, vətənimizin sərhədlərini bərpa etmək barədə düşünür. Bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximizi dərindən öyrənirlər. Gənclərə vətənə, xalqa, doğma torpağına məhəbbət hissləri aşılanır. Bu həm də gənc nəslin mənəviyyatına müsbət təsir göstərir. Mənəviyyat olmayan yerdə isə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Məhz milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi Azərbaycan gəncliyini mərdlik, cəsurluq məktəbində sınaqdan çıxarır. Onlar bu sınaqdan üzüağ çıxır, torpaqlarımızı fədakarlıqla qoruyurlar. Vətənpərvərlik hissi, xalqımızın üzləşdiyi tarixi faciələr gənc nəsli mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir göstərir. İnanırıq ki, milli mənlik şüuruna malik olan, doğma torpaqlarını ürəkdən sevən, düşmənin hər bir məkrli planına qarşı öz sinəsini irəli verən Azərbaycan gəncliyi vətən üçün keçilməz sipər olacaq.



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya 
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.