1968-ci il avqustun 11-də Şuşada anadan olmuş İlham Kərimlinin maraqlı ömür kitabının səhifələrində ötən illərin, ayların xüsusi mənası, marağı var. İlham müəllim səmimi, zarafatcıl insandır, idmançılara məxsus zəhmi ilə yanaşı, kövrək qəlbə malikdir. Onu əhatəsindəki insanlardan fərqləndirən bir çox xüsusiyyətlər var. Onun dünyaya, həyata, insanlara baxışı fərqlidir. Uşaqlıq, yeniyetməlik, gənclik illərinin xoş xatirələri ilə yanaşı, müharibə illərində yaşadığı ağrılı-acılı günlər də onun yaddaşında özünəməxsus izlər buraxıb. Kiçik yaşlarından idmana, xüsusilə də döyüş növlərinə maraq göstərib. Kunq-fu idman növü ilə təsadüfi tanışlığı isə onun peşəkar döyüşçü kimi formalaşması ilə nəticələnib. O, ömrünün ən gözəl çağlarını peşəkar idmana həsr edib. İdmanla məşğul olmaq İlham müəllimə çox şey - təmkinli, iradəli, nizam-intizamlı olmağı öyrədib.
Nə az, nə çox, düz 33 ildir ki, idmanla məşğul olan İlham Kərimli bu gün bu sahə ilə bağlı biliklərini yetirmələri ilə bölüşür.
Tanınmış ustadla onun evində görüşdük. Məhəlləyə daxil olduğum an həyətdə məşq etmək üçün yaradılmış guşə diqqətimi çox çəkdi. Burada İlham müəllimin kunq-fu hərəkətlərini yerinə yetirmək üçün düzəltdiyi xüsusi məşq aləti, turnik, müxtəlif zərbələr üzərində işləmək üçün qurğular yer alıb. Buranı tərəddüd etmədən "döyüşçü məhəlləsi” də adlandırmaq mümkündür. İlham müəllimin bəzən axşam saatlarınadək davam edən məşq prosesinə qonşuları da böyük maraq və həvəs göstərirlər. "Mənim məşq prosesim zamanı qonşular sanki film seyr edirlər və bu, onların marağına səbəb olur. Hətta onlar etiraf edirlər ki, bu məhəllənin sakini olduğuma görə özlərini tam təhlükəsiz hiss edirlər”, - deyə İlham müəllim bildirir.
"İstedadlı insan hər bir sahədə istedadlıdır” prinsipini əsas tutan İlham müəllimin daha bir fitri istedadı var. O, bütün musiqi alətlərində ifa etmək bacarığına malikdir. Əlbəttə ki, müəllimin istedadlı, bacarıqlı olması gənclər üçün nümunə, yetirmələri üçün isə əsl məktəbdir.
Bu cür istedadlı insanı tanımaq oxucularımız üçün də maraqlı olar. İlham müəllimin həyatı ilə bağlı maraqlı müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.
"O mənə başa saldı ki, kunq-fu dərin fəlsəfəyə malik çətin və amansız idman növüdür”
- İlham müəllim, Sizin haqqınızda peşəkar döyüşçü kimi çox eşitmişik. Maraqlıdır, idmanla ilk tanışlığınız necə olub? - İdmana, döyüş növlərinə uşaq yaşlarından marağım olub. Bacım ailəsi ilə Ukraynada yaşayırdı. 15 yaşım olanda bacımgilə kömək məqsədilə mən də Ukraynaya getdim. Onların qonşuluğunda idmanla məşğul olan bir gənc oğlan yaşayırdı. O, hər səhər məhəllədə qəribə əl hərəkətləri edirdi. Bu, mənim marağıma səbəb olmuşdu. Sonradan öyrəndim ki, həmin oğlanın yerinə yetirdiyi hərəkətlər fəlsəfi döyüş növü olan kunq-fu hərəkətləridir. O vaxtlar Azərbaycanda kunq-fu idman növü ümumiyyətlə, yox idi. Həmin dövrdə boks, sərbəst-güləş, sambo populyar idman növləri sırasında idi. Boksçu Məhəmməd Əli o dövrün populyar idmançılarından biri idi. Bir gün bacımın həyat yoldaşından xahiş etdim ki, məni qonşuluqda yaşayan idmançı oğlanla tanış etsin. Həmin döyüşçü ilə tanış olduqdan sonra o, mənə başa saldı ki, qədim idman növü olan kunq-fu dərin fəlsəfəyə malik çətin və amansız idman növüdür. Müxtəlif üslublara malik kunq-fuda heyvanları xatırladan bir sıra döyüş hərəkətləri mövcuddur. Bu növ, əsasən, zərbələrinin zənginliyi və gözəlliyinə görə fərqlənir. Müqayisə üçün bildirim ki, bir əl zərbəsində 70-dən çox texnika mövcuddur. Kunq-funun qadağan olunmuş döyüş üslubu var. Burada heç bir qayda yoxdur. Sındırıcı, hətta öldürücü fəndlər var. Buna görə də kunq-funun qadağan olunmuş döyüş üslubu üzrə yarışlar keçirilmir.
- Deməli, bu növün sirlərini ukraynalı idmançıdan öyrəndiniz.
- 6 il Ukraynada qaldım. Bu müddət ərzində həmin müəllimin tələbəsi oldum. O, bu növü hamıya öyrətmirdi. Onun əsas işi məşqçilik yox, vəşhi atları yemləmək idi. Müəllimin özü bu növün sirlərini vyetnamlı ustaddan öyrənmişdi. O, kunq-funun sirlərinə dərindən bələd idi və bu döyüş növünü çox yaxşı bilirdi.
"Yetirmələrimə, əsasən, özünü müdafiə etməyi öyrədirəm”
- Bu gün, yəqin ki, siz də bu idman növünün sirlərini yetirmələrinizlə paylaşırsınız. Sizin məşq üslubunuz nə ilə fərqlənir?
- Mən yetirmələrimə əsasən özünü müdafiə etməyi öyrədirəm. Hər bir valideyn öz övladını döyüş bölməsinə yazdırarkən istəyir ki, o, güclü, cəsarətli, özünəinamlı və ən əsası da, vətənpərvər ruhda böyüsün. Əlbəttə ki, məşqlərə sağlamlıq üçün gələnlər də var. Bununla yanaşı, məşqlərdə idmançılar müxtəlif nümunəvi çıxışlara daxil olan kataları da dərindən mənimsəyirlər. Öyrətdiyim əsas stillərdən biri də vin-çundur. Bu kunq-funun bir qolu hesab olunur. Bu, elə idman növüdür ki, hər adam tab gətirib uzun müddət məşğul ola bilmir. Bu növü dərindən dərk edən insanlar onu özlərinə bir həyat tərzi kimi seçir və müntəzəm məşğul olurlar. Mən yetirmələrimlə dost kimi davranıram. Yetirmələrimə öz biliklərimi maksimum səviyyədə çatdırmaq istəyirəm. Nəyi isə paylaşmaq gözəl hissdir. Məhz bu zaman hər hansı bir sahə daha da yaxşı inkişaf edir. Nə vaxtsa mən kunq-funun sirlərini bir ustaddan öyrənmişəm. İndi də öz bildiklərimi tələbələrimə öyrədirəm. Umumiyyətlə, qeyd edim ki, mən növlər arasında fərq qoymuram. İdman sağlamlıqdır və insanın hərtərəfli inkişafına səbəb olur. Yeri gəlmişkən deyim ki, stolüstü tennisi, damanı da yaxşı oynayıram.
- Qeyd etdiyiniz vin-çunun mənası nə deməkdir?
- Vin-çun "yapışqan əllər” deməkdir. Onun ikinci adı isə "payız nəğməsi”dir. Vin-çun çinlilərdə qadın adıdır və qədim dövrlərdə qadınların döyüşü olub. Sonradan kişilər bu döyüşü daha da yaxşı öyrənərək təkmilləşdirməyə başlayıblar. Qadınların döyüşündə başa ayaqla zərbə vurmağa icazə verilmirdi. Zərbələr, əsasən, ayağın aşağı hissəsinə vuruluru. Təkmilləşdirildikdən sonra bu döyüşə ayaqla başa zərbələr əlavə olundu. Vin-çunun əsas mahiyyəti özünü müdafiə etməkdir.
- Necə düşünürsünüz, sizcə əsl döyüşçü necə olmalıdır?
- Əsl döyüşçü cəsarətli, güclü, nizam-intizamlı, eyni zamanda, mehriban və səmimi olmalıdır. Döyüş ustası təkəbbürlü olmamalıdır. Bəzi idmançılar trenajorda məşq edərək bədən əzələlərini şişirdir və bununla fəxr edirlər. Mən istəmirəm ki, yetirmələrim, kobud dildə desək, üzdən şişib, daxilən zəif olsunlar. Məncə, süni əzələləri ilə qürrələnmək idmançıya yaraşan hərəkət deyil. Məsələn, xüsusi əl hərəkətləri, turnikdə çəkinmək, qaçmaq, bədənin öz yükündən istifadə edərək əzələlərini gücləndirməklə, formada qalmaq lazımdır. Məhz daxili gücə malik idmançı əsl döyüşçü ola bilər.
"Düşmənlə təkbətək mübarizədə bu döyüş növü vacib əhəmiyyətə malikdir”
- Vətənpərvərlik Sizin üçün nə deməkdir?
- Vətənpərpər vətənini, torpağını, dilini sevən insandır. Vətənpərvərlik tərbiyəsinin təməli ailədə qoyulur. Sonra əsas məsuliyyət müəllimlərin üzərinə düşür. Gənclərimizin sağlam, vətənpərvər ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə, biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafına diqqət yetirmək əsas şərtlərdən biridir. Orta məktəbi bitirən şagirdlər artıq silaha sarılıb vətəni müdafiə etməyə hazır olmalıdırlar. Ümumiyyətlə, vətənpərvərlik hissi hər bir şəxsin daxilində olmalıdır. Vətənpərvəlik mənəvi tərbiyə məsələsidir. Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Müasir gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, xalqımızın mill-mənəvi dəyərlərindən bəhrələnməlidirlər.
- İlham müəllim, necə düşünürsünüz, kunq-fu gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında hansı rola malikdir?
- Qeyd etdiyim kimi kunq-funun əsas qollarından olan vin-çun özünü müdafiə hərəkətlərindən ibarətdir. Düşmənlə təkbətək mübarizədə bu döyüş növü vacib əhəmiyyətə malikdir. Məsələn, silahın, bıçağın düşmənin əlindən alınması, düşmənə ölümcül zərbə endirmək kimi və s. texnikaların öyrənilməsi gənclərimiz üçün çox vacibdir. Əlbəttə ki, bu cür döyüş vərdişlərinə yəyələnmək gənclərimiz üçün vacibdir. Bu gün müharibə şəraitində yaşayan ölkənin gəncləri özünü müdafiə etməyi bacarmalı, fiziki cəhətdən hazırlıqlı, cəsarətli olmalı, döyüşməyi, mübarizə aparmağa, vətəninin keşiyində dayanmağa hər an hazır olmalıdır. Kunq-fu idman növü gənclərin nəinki fiziki, həm də mənəvi cəhətdən güclü olmasına kömək edir. Bu növ insana həm nəzakətli, həm də güclü olmağı öyrədir. Onun xüsusi salamlama qaydası var. Burada yerinə yetirilən hərəkətlər "həm mərhəmətliyəm, həm də güclüyəm” mənasını verir. Amma döyüş zamanı döyüşçü bütün gücündən istifadə edərək rəqibinə qarşı amansız olur. Sirr deyil ki, yüksək psixoloji hazırlıq bəzən döyüşün, mübarizənin taleyini həll edir. Bu döyüş növü idmançılara iradəli, səbirli olmağı, məşğul olduğu idman növünə, vətənə, milli- mənəvi dəyərlərimizə sadiq olmağı öyrədir. Sözsüz ki, yüksək psixoloji hazırlıq, ilk növbədə, özünə qalib gəlməkdir. İnsan öz mənfi xüsusiyyətlərinə qalib gəlsə, özündəki çatışmazlıqları aradan qaldırsa, digərlərinə qalib gəlmək daha asan olur. Bugünkü gənclərimiz yüksək mənəviyyata, müqəddəs amallara malik olmalı, vətənpərvər ruhda böyüməli, millətinə, vətəninə sadiqlik nümayiş etdirməlidirlər. Hər bir gənc vətənini sevməli onun ucalması uğrunda canından belə keçməyə hazır olmalıdır. Hesab edirəm ki, mübariz döyüş növləri gənclərin hərbi-vətənpərvər ruhda böyüməsində böyük rola malikdir. Məhz döyüş növləri ilə məşğul olan yeniyetmə və gənclərdə vənpərvərlik, vətəni qorumaq, vətənin adını ucaltmaq kimi hisslər daha güclü olur. Yetirmələrim arasında kiçikyaşlı idmançılar da var. Dəfələrlə müşahidə etmişəm ki, bu növlə mütəmadi məşğul olan yeniyetmə və gənclərdə kiçik yaşlarından vətənpərvərlik hissləri formalaşır, onlar fiziki və mənəvi cəhətdən sağlam böyüyür, milli ordumuza güclü əsgər kimi yetişirlər. Bütün bunlarla yanaşı, məhz bu cür idman növləri ilə məşğul olan gənclər pis əməllərdən çəkinir, onlarda valideynə, müəllimə hörmət kimi hisslər daha güclü olur. Bir məşqçi kimi mənim də əsas məqsədim cəmiyyətimiz üçün sağlam insan yetişdirməkdir. İdman mübarizə deməkdir. Sağlam mübarizənin əsasını bədənin tərbiyəsi, əxlaqi tərbiyə təşkil edir. Hər bir insan məşğul olduğu peşədən asılı olmayaraq, bədənin fiziki tərbiyəsinə xüsusi diqqət yetirməlidir.
"İdmançı və təbiətən dalaşqan olduğuma görə həmişə ön cəbhədə döyüşürdüm”
- Siz əsl döyüşçüsünüz. Çünki Qarabağ uğrunda gedən döyüşlərdə silaha sarılıb vətəni müdafiə etmisiniz. Müharibə illərini necə xatırlayırsınız?
- O günləri xatırlamaq mənim üçün çox ağırdır. Çətin günlər yaşadıq. Qardaşım Sarvan, Bəxtiyar, Mehman da mənimlə birgə vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edirdilər. Bəxtiyar döyüşlərin birində yaralandı. İdmançı və təbiətən dalaşqan olduğuma görə həmişə ön cəbhədə döyüşürdüm. Sıx meşəliklərdə, çətin bölgələrdə döyüşmüşəm. Bəzən güllə-boran səsləri o qədər şiddətli olurdu ki, baş qaldırmaq mümkün deyildi. Günlərlə ac qaldığımız vaxtlar olurdu. Bilirsiniz, həmin vaxt insana pis təsir edən o idi ki, bizim rəhbərimiz, komandanımız yox idi. Necə deyərlər, yiyəsiz bir dövlət döyüşürdü. Bizə deyən yox idi ki, kim hansı mövqeni qorusun. Bir də görürdün, düşmən yuxarıdan hücuma keçirdi, qaçırdıq yuxarı, bir də görürdün, əks istiqamətdən hücum başladı, qaçırdıq əks istiqamətə. Qayda-qanun yox idi, hərc-mərclik hökm sürürdü. Elə bu cür halların nəticəsidir ki, vətənimizin 20 faizi işğal olundu. Nə qədər ana-bacılarımızı itirdik, nə qədər insan əlil oldu. Bu faciəni unutmaq çətindir. Bakıya gələndən sonra köçkünlük həyatı mənə çox ağır gəlirdi. Torpaqlarımızın işğal olunması ilə barışa bilmirdim. Matəm içərisində idik. İnanın ki, sağ qaldığıma görə utanırdım. Yaxın yoldaşlarla bir yerdə oturanda bəzən: "Haralısan?” - deyə soruşurdular. Onda mən göz yaşlarımı saxlaya bilmirdim. Öz-özümə deyirdim ki, Şuşa yoxdur axı, necə deyim ki, şuşalıyam. Amma mən vətənimi canla, başla qorumaq üçün qızğın döyüşlərə atılmışdım. Tale elə gətirdi ki, qismətimizə köçkün həyatı yaşamaq düşdü. Biz sonadək mübarizə aparmalıyıq. Vətənimizi qorumaq hər birimizin borcumuzdur. İnanıram ki, tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq.
- İdmana olan marağınız sizi gənclik illərində olduğu kimi, indi də tərk etməyib.
- Məlum Qarabağ hadisələrindən sonra idmana uzun müddət fasilə verdim. Bir müddət İstanbulda işlədim. Orada işlədiyim müddətdə də kunq-funu təbliğ edirdim. Çoxları mənim bu cür döyüş fəndlərini bilməyimə, təəccüblənirdilər. Əlbəttə ki, Azərbaycanı ölkə hüdudlarından kənarda layiqincə təmsil etmək bizim borcumuzdur. Baxmayaraq ki, Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır, bizim mərd oğullarımız, qeyrətli qızlarımız, istedadlı insanlarımız var. Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız ən mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Bir ölkə vətəndaşı kimi idmançılarımızın uğurları ilə fəxr edirəm.
"Məncə, hər bir insanın daxilində gizli istedad mövcuddur”
- Bildiyimizə görə, sizin daha bir istedadınız var.
- Əlbəttə ki, əslən Qarabağdan olasan və musiqiyə biganə qalsan bu, mümkün deyil. Mən bütün musiqi alətlərində ifa etməyi bacarıram. Bu, Allahın vergisidir. Ümumiyyətlə, incəsənətə böyük marağım var. Düşünürəm ki, istedadlı insan bütün sahələrdə uğur qazana bilər. Məncə, hər bir insanın daxilində gizli istedad mövcuddur. Sadəcə, bunu üzə çıxarmaq üçün öz üzərində işləməlisən. Uzun müddətli döyüş təcrübəm bu gün kunq-fu idman növünün texnikalarını müxtəlif cür işlətməyə imkan verir. Vaxtilə öz müəllimimdən bu növün sirlərini öyrənmmişəm. Amma vaxt keçdikcə özüm bir zərbədən bir sıra müdafiə texnikalarını aşkar etməyə başladım. Bu da insandan istedad və mütəmadi məşqlər tələb edir. Qeyd edim ki, mənim aktyorluq bacarığım da var. Buyaxınlarda "İqlimlər” və "Sonuncu gün” filmlərində döyüşçü rollarını ifa etmişəm. "Sonuncu gün” sənədli filmdir. Kunq-fu ustasının keçdiyi ömür yolundan bəhs edir. Orada baş rolu ifa edirəm. "İqlimlər” filmi Cəfər Cabbarlının "Afət” pyesi əsasında çəkilib. Bu filmdə uşağın müdafiəçisi rolunu ifa etmişəm. Qeyd edim ki, bu filmlərdə övladlarım da çəkiliblər.
- Yeri gəlmişkən, övladlarınız necə, idmana maraq göstərirlər?
- Övladlarım İlkin, İslam və Aminə də idmançıdırlar. Onlara da kunq-funun sirlərini öyrədirəm.
"
Nə vaxtsa dünya şöhrətli döyüş ustası Ceki Çanla görüşmək istərdim”
- İdmanda reallaşdıra bilmədiyiniz arzularınız varmı?
- Ən böyük arzularımdan biri Çindəki şaolin məbədində olmaq və orada şaolinlərin məşq üslubu ilə tanış olmaqdır. Bir arzum da var. Nə vaxtsa dünya şöhrətli döyüş ustası Ceki Çanla görüşmək istərdim. Ceki Çan, Brüs Li, Ayama, Baqaşira, Okara, Baydal kimi dahi ustaların döyüş sənətinin inkişafında və tanınmasında böyük xidmətləri var. Məhz bu aktyorun sayəsində karate, kunq-fu, uşu kimi döyüş sənətləri dünya miqyasında tanınıb. Tarixi filmlərdə çəkilən bu aktyorlar filmlərdəki uğurlu rolları ilə döyüş növlərinin inkişafına öz töhfələrini veriblər. Belə filmlər yeniyetmə və gənclərin döyüş sənətinə olan arzu və istəklərinə böyük təkan verib. Uşaqlıqda mən də Brüs Linin iştirakı ilə çəkilən filmləri seyr etməkdən doymurdum. Brüs Li kimi peşəkar döyüşçünün vaxtsız ölümünə çox heyifsilənmişəm. Brüs Li bütün dünyada döyüşçülərin sevimlisi olaraq qalacaq. Bu döyüşçü o qədər güclü idi ki, rəqiblərinə bir zərbə ilə qalib gəlirdi.
- Bildiyimizə görə, tanınmış müğənni Çingiz Mustafayev də Sizin yanınızda kunq-funun sirlərinə yiyələnir.
- Çingiz Mustafayev Azərbaycanı bütün dünyada tanıdır. O, qardaşı Seymurla birgə kunq-fu ilə məşğul olur. Çingiz çox zarafatcıl, gözəl qəlbə sahib insandır. O, artıq 3-4 aydır ki, kunq-fu ilə məşğul olur. Çingiz artıq bir sıra kompleks hərəkətləri yüksək səviyyədə yerinə yetirir. Onda bir sıra irəliləyişlər var.
"Tanrı hər kəsə özünə uyğun sənət bəxş edir”
- Həyatda heyifisləndiyniz məqamlar olubmu?
- Torpaqlarımızın işğal olunması bu həyatda məni ən çox heyifisləndirən məsələdir. Köçkünlük həyatı məni və ailəmi bir sıra çətinliklərlə üz-üzə qoydu. Heyifislənirəm ki, maddi sıxıntılara görə atama vaxtında kömək edə bilməmişəm. Atam dağ adamı idi. Öz yurd-yuvasından ayrı düşmək ona əzab verirdi. O, doğma yurdunun həsrətinə tab gətirə bilmədi.
- Bu gün həyatınızdan razısınızmı?
- Əlbəttə ki, insan hər bir günə görə Tanrıya şükür etməlidir. Həyatda ağrılı-acılı günlərim çox olub. Amma neyləmək olar, bu da bir qismətdir. Sevinirəm ki, bu dünyaya öyrədənlərdən biri kimi gəlmişəm. Tanrı hər kəsə özünə uyğun sənət bəxş edir, hər kəsi özünə uyğun insanın yanına göndərir. Mənim də yanıma idmanla məşğul olmaq istəyənlər gəlirlər. İdman sağlamlıqdır. Belə bir deyim var: "Sağlam bədəndə sağlam ruh olar”. Sağlam ruhlu insan isə yaxşı əməllər etməyə qadirdir. Qeyd edim ki, bir jurnalist kimi sizin də üzərinizdə böyük məsuliyyət var. Bu həm çətin, həm də şərəfli peşədir. Siz öz qələminizlə yaxşını və pisi ələkdən keçirirsiniz. Yaddan çıxmış insanları, xalqımızın qeyrətli oğul və qızlarını üzə çıxarırsınız. Məncə, belə insanların xeyir-duası daim sizin kimi jurnalistlərin üzərindədir. Biz hamımız yer kürəsində müvəqqətiyik. Obrazlı dildə desək, bu həyat bir filmdir və biz isə hərəmiz bir rolun ifaçısıyıq. Nə vaxtsa biz bu filmi Tanrının hüzurunda təhvil verəcəyik. Buna görə də xeyir işlər görmək üçün çalışmalıyıq. Nə qədər çətin olsa da, həyatda düzgün yolla getməliyik.
Aysel Sultanova
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.