Reqbi ilə məşğul olan universal döyüşçü

Reqbi ilə məşğul olan universal döyüşçü

Uşaqlıqda Olimpiya çempionu Nazim Hüseynov kimi tanınmış idmançı olmağı arzulayan Muradxan Fərzəliyev idmana kiçik yaşlarından böyük maraq göstərib. O, bir sıra idman növləri ilə məşğul olub. Cüdo və sambo üzrə millinin heyətində bir sıra ölkədaxili və beynəlxalq yarışlarda iştirak edib. Həmyerlimiz həm də reqbi ilə məşğul olub. Muradxan səhhətində yaranan problemlər üzündən idmandan bir müddət uzaqlaşsa da, sonradan karyerasını universal döyüş nöündə davam etdirib. O, bu növdə bir sıra uğurlara imza atıb. Həmyerlimiz Ukraynanın Odessa şəhərində universal döyüş üzrə keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb. 85 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Odessada inamlı çıxışı ilə diqqəti cəlb edib. «Olimpə doğru» jurnalına verdiyi müsahibədə Muradxan idmana gəlişi, əldə etdiyi uğurlar və qarşıdakı planları barədə danışdı.

- Muradxan, səni Avropa çempionu olmağın münasibətilə təbrik edirik. İdmanda çempionluğa gedən yol uşaqlıq illərindən başlayır. Yəqin ki, bu səviyyəyə çatana qədər uzun və çətin yol keçmisən. İdmanda atdığın ilk addımları necə xatırlayırsan?

- 1985-ci ildə Ağdərə şəhərində anadan olmuşam. Döyüş bölgəsində yaşadığıma görə hər gün güllə, qumbara səsləri mənim üçün adi hala çevrilmişdi. Buna baxmayaraq, bu səslər məni qorxutmur, əksinə, daha da güclü olmağa sövq edirdi. Tez bir zamanda böyüyüb doğma torpaqlarımızı qorumaq, vətənin keşiyində durmaq istəyirdim. Elə bu məqsədlə idmanla məşğul olmaq qərarına gəldim. Tale elə gətirdi ki, doğma yurdumuzdan uzaq düşdük. Ailəmlə birgə Qaradağ rayonunun Ələt qəsəbəsinə köçdük. Orta məktəbə də orada getdim. Amma sizə deyim ki, idmana olan həvəsim məni bir an belə rahat buraxmırdı. 1994-cü ildə "Dinamo” İdman Cəmiyyətinin cüdo bölməsinə yazıldım. Eyni zamanda samboya da böyük marağım var idi. "Dinamo” İdman Cəmiyyətində bir müddət məşq etdikdən sonra birincilik və turnirlərdə çıxış etməyə başladım.


- Bəs məktəbdə necə oxumusan?

- Aşağı siniflərdə oxuyanda hər şey öz qaydasında idi. İdmana başlayandan sonra isə, düzünü deyim ki, dərslərdən geri qalırdım. Daha çox idmana üstünlük verirdim. Bunların ikisini birdən çatdırmaq qeyri-mümkün idi.


- İdmanda qazandığın ilk uğurları necə xatırlayırsan?

- Bütün diqqətimi idmana yönəltmişdim. İştirak etdiyim yarışlarda qələbə qazandıqca özümə olan inamım artır, idmana daha çox bağlanırdım. Ölkədaxili yarışlarda qazandığım qələbələr beynləlxalq turnirlərdə çıxış etmək üçün mənə imkan yaratdı. 1999-2000-ci illərdə cüdo və sambo üzrə keçirilən respublika çempionatlarında gümüş və bürünc medal qazanmışam. 2001ci ildə yeniyetmələr arasında cüdo və sambo üzrə Azərbaycan çempionu olmuşam. Sambo üzrə keçirilən dünya çempionatının bürünc mükafatçısıyam. 2001-2005-ci illərdə yeniyetmə, gənclər və kişilər arasında sambo üzrə təşkil olunan respublika çempionatında qızıl medal qazanmışam. Yarışların birində onurğamdan zədə aldım. Buna görə idmana 5 il fasilə verməli oldum. Ancaq həyatımı idmansız təsəvvür edə bilmirdim. Yenidən idmana qayıtdım. Amma bu dəfə özümü universal döyüşdə sınamağa qərar verdim. 2010-cu ildən bu idman növü ilə məşğul oluram. Universal döyüş hərbi idman növlərindən sayılır. Hərbiçi zabitəm. Vətənə xidmət etmək hər birimizin borcumuzdur. Onun qulluğunda durmaq, sərhədlərini qourmaq hər bir Azərbaycan vətəndaşının şərəf işidir. 2011-ci ildə ölkə birinciliyində iştirak etdim. Çıxışım uğurlu alında və mən respublika çempionu oldum. Həmin il universal döyüş üzrə dünya çempionatı keçirilirdi. Bu yarışda da uğurla nəticə göstərdim və universal döyüşün iki növü üzrə vətənə bürünc medalla qayıtdım.


- Avropa çempionu adını qazanmaq çətin olmadı ki?

- Mən riski, çətinliyi sevirəm. Bu da mənə həmişə kömək olur. Sizə deyim ki, idmançını döyüşdə qarşılaşdığı rəqibinin ad-sanı, titulları qorxutmamalıdır. Meydançaya, rəqib qarşısına ürəksiz çıxan idmançıdan qələbə gözləmək olmaz. Odessada qarşılaşdığım rəqiblərin heç birindən çəkinmirdim. Əslində hər yarışın özünə görə çətinlikləri var. Odur ki, hər yarış əslində, gördüyüm işin sınağı, imtahanıdır. Bütün qazanılan nailiyyətlər gərgin əmək nəticəsində əldə olunur. Qitə çempionatında dörd görüş keçirdim. İlk rəqibim ermənistanlı idi. Elə ilk cəhddə əzmkarlıq nümayiş etdirərək, ona qalib gəldim. Sonra Belarus, Moldova təmsilçilərini tam üstünlüklə məğlub etdim. Həlledici qarşılaşmada rusiyalı ilə görüşdüm. Bu dəfə də cəhdim uğurlu alındı. Belə ki, iki raundda ardıcıl qələbə qazandığıma görə hakim döyüşü saxladı və tam üstünlüklə Avropa çempionu oldum.


- Bu qələbəni kimə həsr etdin?

- Zəhra adlı bir qızım var. O, beşaylıqdır. Zəhranın ayağı mənə düşərli oldu. Qələbəmi də elə qızıma həsr etdim.


- İdmanda sənin üçün örnək olan idmançı varmı?

- Uşaqlıqda Olimpiya çempionu Nazim Hüseynovu özümə kumir seçmişdim. Onun işlətdiyi fəndlər çox xoşuma gəlirdi. Ondan, məşqçilərimdən çox şey öyrənirdim. Ümumiyyətlə, yüksək peşəkarlığa malik idmançıların döyüş metodlarından istifadə etməyə çalışıram.


- Gələcəkdə karyeranı məşqçi kimi davam etdirmək istərdinmi?

- Məşqçilərin zəhmətini xüsusi qeyd etmək lazımdır. Məşqçi olmaq heç də asan məsələ deyil. Bu peşə insandan böyük səbir, dözüm, iradə və müdriklik tələb edir. Məşqçilər bizi qarşıdakı yarışlara texniki, taktiki və psixoloji cəhətdən hazırlayırlar. Təcrübəli məşqçinin rəhbərliyi altında uzun illər ərzində aparılan gərgin, üzücü məşqlər nəticəsində nailiyyətlər qazanılır. İdmançının uğura gedən yolda əsas yardımçısı məhz məşqçidir. İmkan yaranarsa, gələcəkdə mən də özümü bu sahədə sınayaram.


- Asudə vaxtlarını necə keçirirsən?

- Təmiz havada gəzməyi xoşlayıram. Bu, adamın əsəblərinə də yaxşı təsir edir.


- Daha hansı idman növlərinə maraq göstərirsən?

- Reqbi ilə də məşğul oluram. Bu idman növü üzrə Norveç, İspaniya Dubay və Bosniyada keçirilən yarışlarda iştirak etmişəm. Reqbi universal döyüş kimi aqresssiv idman növüdür. Bu növə böyük marağım var.


- Səncə döyüşçü əsasən hansı taktikaya üstünlüük verməlidir? Qələbə əldə etmək üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- İdmançı rinqə çıxanda özünü sərbəst hiss etməlidir. Rəqiblə döyüşdə əzm və mübarizlik də əsas şərtdir. Mən həmişə qələbə qazanmaq arzusu ilə döyüşə çıxıram. Məncə, idmanda iradə, cəsarət, özünəinam, sona qədər mübarizə aparmaq, qətiyyət nümayiş etdirmək ən vacib amildir. Bütün idman növlərində olduğu kimi, universal döyüşdə də bu prinsip gözlənilməlidir.


- Yarışlarda səni kimlər dəstəkləyirlər?

- Bu dəstəyi daha çox ailə üzvlərindən alıram. Ailəm və yaxın dostlarım həmişə mənə dayaq olurlar.


- Adətən, insan məşhurlaşandan sonra ətrafındakıların sayı çoxalır. Çoxlu titulların sahibi Muradxan Fərzəliyevin dostları yenə də əvvəlkilərdir, yoxsa onların sırası genişlənib?

- Məncə, insanın böyüklüyü onun sadəliyindədir. Hər yarışdan uğurla dönəndən sonra ətrafımda mənə hörmətlə yanaşan insanların sayı bir azda çoxalıb. Amma əsl dostlarımın sırasında dəyişiklik yoxdur. Əvvəlki kimi, aramızda mehriban, xoş münasibətlər var.

- Dostların arasında idmançılar varmı?

- Dostlarımın əksəriyyəti idmançılardır. Olimpiya çempionu Elnur Məmmədli, Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyev, cüdoçu Elçin İsmayilov ən yaxın dostlarımdır.


- Ən böyük arzun nədir?

- Ən böyük arzum düşmən tapdağı altında olan torpaqlarımızın azad olduğu günü görməkdir. Bir də, dünya çempionu olmaq istəyirəm.


Aysel