“Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”

“Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”


Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını səmərəli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.  Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

* Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
* İstedadlı gənclərə dövlət qayğısı;
* Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
* Gənclərin məşğulluğunun təmin edilməsi;
* Gənc ailələrə dövlət yardımı;
* Gənclər təşkilatlarına dövlət yardımı.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və bölgələrdə yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 
1997-ci il fevralın 1-də 2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən, ənənəvi olaraq, hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə, indiyədək Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir. 
Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının artırılmasına xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq, gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə qəbu olunmuş Dövlət Proqramının 100-dən çox bəndi həyata keçirilmişdir. 
"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir.  Bu proqramlar yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə çalışır və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdən ibarətdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. 
2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul ediliblər.
 "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur: Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə təhsil almaq üçün dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir. 
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi və s. 
Dövlətimizin qayğısı sayəsində Bakıda Gənclər Mərkəzinin, bölgələrdə isə "Gənclər evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda "Gənclər evi” tikilməsi üçün layihələr təsdiq olunub. 
Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün "Azərbaycan Gəncliyi Dövlət Proqramı”na büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.  

Müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaradılıb

Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Ulu öndər Heydər Əliyev  gənclərə həmişə xüsusi diqqət göstərmiş və qayğı ilə yanaşmışdır. Onun 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında” fərmanı bunun əyani təzahürüdür. Bununla da böyük öndərimiz müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.

Ulu öndərimiz Heydər Əliyev həmişə elmin, təhsilin inkişafına dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşmış, xüsusilə gənc nəslin intellektual səviyyəsinin artmasını ən vacib məsələlərdən biri kimi daim önə çəkmişdir. Ümummilli lider Azərbaycandan kənarda oxumağa gedən gənclərə hər zaman xüsusi diqqətlə yanaşır, onlarla görüşür və tövsiyələrini bildirirdi. Uzaqgörənliklə əsası qoyulan bu ənənə milli elmi potensialımızın inkişafında böyük rol oynadı. Müstəqillik dövründə ümummilli lider vaxtilə əsasını qoyduğu ənənələri davam etdirirdi. Vətəndaşların hərtərəfli təhsil ala bilmələri üçün yaradılan inkişaf həm də demokratik cəmiyyət quruculuğunun əsas elementlərindən biridir.
"Təhsil millətin gələcəyidir”, - deyən ulu öndərin respublikamızda milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri olan təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin müxtəlif ölkələrin qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi bu gün də davam etdirilir. Bu məqsədlə Prezident İlham Əliyev 2007-ci ilin aprelində təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı” Heydər Əliyev tərəfindən 70-80-ci illərdə təməli qoyulmuş mütərəqqi ənənənin bu gün də yaşamasının əyani sübutudur. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Azərbaycanın hərtərəfli inkişafında böyük rol oynayacaq mütəxəssislər çoxalmaqdadır.
Həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin səsi eşidilməsin, fədakar zəhməti, hərarətli nəfəsi hiss olunmasın. Ölkəmizin 70 illik imperiya əsarətindən qurtulub, azadlığa qovuşmasında, müstəqil dövlətimizin və dövlətçilyimizin sarsılmazlığının, əbədiyaşarlığının təminatında, respublikamızın müdafiə qüdrətinin və iqtisadi potensialının artırılmasında bu günümüzün və daha xoşbəxt gələcəyimizin qarantı olan Azərbaycan gəncliyinin misilsiz zəhməti, hünər və rəşadəti ölçüyəgəlməzdir.
Ümummilli lider Heydər Əliyevin hələ 1997-ci ildə hər il fevral ayının 2-nin Azərbaycan Gəncləri Günü kimi elan olunması barədə imzaladığı tarixi sərəncam və ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı”  respublikamızın gələcək qurucuları olan Azərbaycan gənclərinə dövlət qayğısının əyani sübutudur.
Yaşadığımız dövr elmin, texnikanın və yeni texnologiyaların misli görünməmiş inkişafı ilə fərqlənir. Bu gün informasiya cəmiyyəti, informasiya idarəçiliyi xalqın əksəriyyətini təşkil edən və daim yeni informasiya cəmiyyəti yaratmaq eşqi ilə yaşayan gənc nəsil üçün çox önəmlidir. Bu məqsədlə Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış "Elektron gənclik” layihəsi və Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği istiqamətində həyata keçirilən digər layihələr gözəl bəhrələr verməkdədir. Erməni faşizminin 1905-1907, 1918-1920  və 1988-1993-cü illərdə məmləkətimizin müxtəlif bölgələrində törətdikləri ağlasığmaz vəhşiliklər və soyqırımlarının, 7 rayonumuzun və Dağlıq Qarabağın erməni işğalına məruz qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkün barədə məlumatların dünya dövlətlərinin parlamentlərinə, kütləvi informasiya vasitələrinə çatdırılmasında "Elektron gəncliy”in zəhməti əvəzsizdir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlətimiz bədən tərbiyəsi və idman hərəkatına  başlıca prioritetlərdən biri statusu vermiş, onun maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi sahəsində uğurlu addımlar atılmışdır. Hazırda respublika  Prezidenti İlham Əliyevin rəhbərliyi  altında bu işlər davam etdirilməkdədir. 2000-ci ildən bu günədək respublikamızın müxtəlif bölgələrində Olimpiya kompleksləri inşa olunub. Azərbaycan gənclərinin dünya, Olimpiya və Avropa yarışlarında ölkəmizi ləyaqətlə təmsil edib, hər il çoxlu sayda medallar qazanması qəlbimizi qürur hissi ilə doldurur. Azərbaycanda idmanın dinamik inkişafının nəticəsidir ki, 2015-ci ildə I Avropa Oyunları Bakıda keçirələcək. 
Öz mədəni-məişət şəraitlərini yaxşılaşdırmaq üçün gənc ailələlərə güzəştli ipoteka kreditlərinin verilməsi barədə respublika Prezidentinin fərmanı yeni ailə qurmuş gənc mütəxəssislərin - hərbi qulluqçuların, idmançıların, alimlərin və qeyripeşə sahiblərinin sosial problemlərinin həllinə dövlət qayğısının əyani sübutu kimi dəyərləndirilməlidir. Ədəbiyyat və incəsənət sahəsində fəaliyyət göstərən gənc istedadların aşkar edilməsi üçün müvafiq dövlət orqanları və yaradıcılıq ittifaqları ilə  birgə mütəmadi olaraq gənclər arasında olimpiadaların, müsabiqələrin, bilik yarışlarının, elmi-əyləncəli oyunların və festivalların keçirilməsi ənənə şəklini alıb. Yaradıcı gənclərin əsərlərindən ibarət sərgilərin təşkili, onların kitablarının dövlət hesabına nəşri, müsabiqə və yarışlarda fərqlənənlərin diplom və mükafatlarla  təltif olunması ölkəmizin gələcək qurucularına dövlət qayğısının bariz nümunəsidir. Hər il respublikamızın orta təhsil müəssisələrində şagirdlər arasında keçirilən "Şahin” və "Cəsurlar” hərbi idman oyunları böyüməkdə olan nəslin fiziki hazırlığının yüksəlməsində, hərb sənətinə maraq və meyillərinin yüksəlməsində mühüm rol oynayır. Bölgələrimizdə bu sahədə görülən işlər olduqca ürəkaçandır. Regionlarda fəaliyyət göstərən orta məktəblərin şagirdlərinin çağırışa qədər hazırlıq dərsləri müəllimlərin böyük əməyi sayəsində həyata keçirilir. Məktəblərin gənc idmançıları zona birinciliklərində, "Mahir nişançı” respublika atıcılıq turnirində uğurla çıxış edirlər. Bölgələrdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində digər  təqdirəlayiq hal isə ondan ibarətdir ki, hərbi sahəyə böyük marağı və sevgisi olan yeniyetmələrin aşkar edilməsi, onların hərbi liseylərə və ali hərbi məktəblərə hazırlanması işinə xüsusi diqqət yetirilir. Elə bunun nəticəsidir ki, hər il C.Naxçıvanski adına hərbi liseyə, respublikanın ali hərbi məktəblərinə üz tutan bölgə gənclərinin sayı artır. Bu gənclərlə söhbət insanda iftixar hissi yaradır. Fəxr edirsən ki, qəhrəmanlıq estafeti ümidverici gəncliyin əlindədir. Nəzərə alsaq ki, bu gənclər torpaqlarının 20 faizdən artığının işğal altında olduğu bir ölkənin vətəndaşlarıdır və nəticə verməyən sülh danışıqları müharibənin labüdlüyünü hər an aktuallaşdırır, bax, onda Azərbaycanın böyük gələcəyinə inamın artır. Ölkəmizdə gələcəyimiz olan gənclərə,onların hərtərəfli inkişafına qayğı ürəkaçandır. Bu il aprelin 21-də ölkə başçısı İlham Əliyev cənablarının müxtəlif sahələrdə uğur qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, daha çox onları dinləməyə üstünlük verməsi də bunun bariz nümunəsidir. Həmin qəbulda Prezident İlham Əliyevin söylədiyi nitqdə Azərbaycan gəncliyinin qarşısında duran həlli vacib məsələlərlə yanaşı, onların gücünə, potensialına, intellektinə olan inam da əks olunurdu.
"Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, vətəni sevsinlər. Haqlı olaraq fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Biz çalışırıq öz işimizlə ölkəmizi elə inkişaf etdirək ki, hər bir vətəndaş haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın vətəndaşıdır”. Bu sözlərdə gənclik qarşısında öhdəliklə yanaşı gənclərin öhdəliyi, qarşısında duran vəzifələr də ifadəsini tapır. Bu vəzifə isə ulularımızın bizə əmanəti olan Azərbaycanı daha xoşbəxt gələcəyə qovuşdurmaq, onun ən böyük sərvəti olan müstəqilliyini göz bəbəyi kimi qorumaq, əbədiliyini təmin etməkdir.
İnanırıq ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi diqqət və qayğını vətənə, xalqa tükənməz məhəbbətləri, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə bəxş edəcəkləri layiqli töhfələrlə doğruldacaqlar.


Azərbaycan gəncliyi mətindir, mübarizdir, dözümlüdür

Gələcəyimiz sahib olduğumuz gəncliyin ruhundakı sevdaya bağlıdır. Gənclik, insanın könlünün coşduğu, ruhunun yüksəkliklərdə qanad çaldığı dəmdir. Ən şirin günlərin, ən dəli sevdaların yaşandığı andır.
Onda neçə bitməyən nəğmələrin usanmayan həsrəti vardır. Həsrət, göz yaşı və ümid belə dəmlərdə insan oğlunun ruhunun dərinliklərində özünə yer tapır. Gənclik çağı kimi ifadə edilən 15-30 yaş arası ömrün ən əhəmiyyətli çağı, dinamizmin və ümidin bahar mövsümüdür. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrüdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, idealarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, toprağını, millətini, vətənini sevən bir gəncliyə sahib olan ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. İnkişaf etmiş ölkələrlə inkişaf etməmiş ölkələr arasında çox az fərq vardır. O da yetişmiş bir gənclikdir. Gələcəyinə qiymət verən millət gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizmlə dolu, qayğısız, təmiz qəlbli, səbirli, özü ilə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aradan qaldırmağa qadirdir. Təbii ki, ölkələr gənclərindən bəhrələnmək üçün onların sosial rifahının yaxşılaşdırılması yolunda addımlar atırlar. Eləcə də Azərbaycanımızda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir.
Amma təbii ki, bunların qarşılığında gənclik də öz potensialından istifadə edib doğulduğu torpaq, yaşadığı ölkə, vətəni üçün əlindən gələni əsirgəməməlidir. Gənclərdə vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olması isə xüsusilə vacibdir.Çünki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizə vətənpərvərlik ruhu aşılanmalıdır. Çünki bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. 

Hürrü Abdullayev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.