Azərbaycan hərb tarixinin araşdırılması və öyrənilməsi ordu quruculuğunun tərkib hissəsidir

Azərbaycan hərb tarixinin araşdırılması və öyrənilməsi ordu quruculuğunun tərkib hissəsidir

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi günümüzün vacib məsələlərindəndir. Bugünkü gənclərimiz yüksək mənəviyyata, müqəddəs amallara malik olmalı, vətənpərvər ruhda böyüməli, millətinə, vətəninə sadiqlik nümayiş etdirməlidirlər. Hər bir gənc vətənini sevməli, onun ucalması uğrunda canından belə keçməyə hazır olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etməsində, onların vətənpərvər ruhda tərbiyə almasında bir çox amillər mühüm rol oynayır.
Bu gün inkişaf edən müasir ordumuzun, Silahlı Qüvvələrimizin şanlı tarixinin təbliğ edilməsi, araşdırılması və öyrənilməsi ordumuzun inkişafına, möhkəmləndirilməsinə xidmət edən amillərdəndir. Hər bir gənc öz ölkəsinin hərb tarixinə, azadlıq uğrunda aparılan mübarizədə hərbçilərimizin keçdiyi yola yaxından bələd olmalıdır. Bu baxımdan ölkəmizdə fəaliyyəti göstərən Azərbaycan Hərb Tarixi Muzeyi Silahlı Qüvvələrimizin tarixinin öyrənilməsində böyük rol oynayır. Təkcə onu demək kifayətdir ki, muzeyin fondunda 11304 ədəd eksponat qorunub saxlanılır.
Muzeyin həyətinə daxil olarkən açıq səma altındakı ekspozisiya diqqətimizi cəlb etdi. Ekspozisiyada nümayiş olunan, İkinci Dünya müharibəsi, Qarabağ uğrunda döyüşlərdə istifadə olunan 130-dan çox hərbi texnika daha böyük maraq doğurur.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Rüfət Əmirovla görüşərək, gənclərin vətənpərvər ruhda tərbiyəsində muzeyin rolu və fəaliyyəti, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülməsi vacib olan məsələlər və s. barədə söhbət etdik. Qeyd edək ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Rüfət müəllim futbolun inkişafında da xüsusi xidmətlər göstərib. O, hazırda Azərbaycan Sahə Futbol Federasiyasının vitse-prezidentidir.

- Rüfət müəllim, bildiyimizə görə, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmisiniz. Bununla belə, futbola da biganə qalmamasınız. Özünüz haqqında oxucularımıza daha ətraflı məlumat verməyinizi xahiş edirik.

- 1956-cı il dekabrın 10-da Dərbənd şəhərində anadan olmuşam. 5 yaşım olanda ailəmizlə birgə Bakıya köçdük. 150 saylı orta məktəbdə oxuyurdum. Bütün uşaqlar kimi, mən də orta məktəbdə oxuyarkən futbola böyük maraq göstərirdim. Məhəllədə, məktəbin həyətində hər gün futbol oynayardıq. Yaxşı yadımdadır, 1966-cı ildə "Neftçi” komandası bürünc medal əldə etdikdən, SSRİ yığması dünya çempionatında dördüncü yeri tutduqdan sonra futbola həvəs göstərənlərin sayı daha da artdı. Elə bir uşaq tapmaq olmazdı ki, futbola maraq göstərməsin. 1968-ci ildə mən Ordu İdman Klubunun (OİK) futbol komandasında oynamağa başladım. Komandada ilk məşqçim Yuri Dmitryev idi. Biz şəhərlərarası yarışlarda iştirak edirdik. Sonra mən dostlarımla birgə mərhum məşqçi Ənvər Quliyevin rəhbərliyi altında "Spartak” komandasında çıxış etməyə başladım. 1972-ci ilə qədər peşəkar futbolla məşğul oldum.



- Bəs sonra....

- Sonra hərbçi kimi fəaliyyətə başladım. 1972-ci ildən 1974-cü ilədək Cəmşid Naxçıvanski adına hərbi məktəbdə, 1974-1978-ci illərdə Ali Hərbi Komandanlıq Məktəbində təhsil aldım. 1978-1983-cü illərdə Almaniyada, 1983-1988-ci illərdə Uzaq Şərqdə qulluq etdim. 1988-1991-ci illərdə Moskvada Hərbi Akademiyada təhsil aldım. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra 1991-ci ildə baş verən məlum hadisələrlə bağlı Azərbaycana qayıtdım. Bilirsiniz, həmin dövrdə Rusiyada qalıb, namizədliyimi müdafiə edə, işləyə və təhsilimi davam edirə bilərdim. Amma doğmalarımı, vətənimi çətin vəziyyətdə qoyub qürbətdə rahat yaşaya bilməzdim. 1994-cü ildə ölkəmizdə atəşkəs elan olundu. Ordu quruculuğuna başlanıldı. Onu da deyim ki, hələ Qarabağ müharibəsindən əvvəl hərbçi kimi işlədiyim dövrlərdə də futbola vaxt ayırırdım. Hərbi məktəbdə, Almaniyada, Uzaq Şərqdə, Moskvada, Azərbaycan ordusunda qulluq etdiyim dövrlərdə də oyunlarda iştirak edir, yarışlar təşkil edirdim.

Bir gün təsadüfən OİK-in stadionunun yaxınlığından keçərkən gördüm ki, futbolçular orada məşq edirlər. Onlara dedim ki, futbola bağlı nə probleminiz olsa, mənə xəbər edərsiniz. 1 ay keçməmiş oyunçular mənə müraciət etdilər, mən də onları idman forması, toplarla təmin etdim. Bir gün AFFA-nın rəsmi qəzeti yazmışdı ki, OİK-ə təcili kömək lazımdır. Elə həmin vaxtdan mən bu işi üzərimə götürərək klubu inkişaf etdirməyə başladım. Əvvəlcə stadionu, meydançanı yararlı vəziyyətə saldıq, müxtəlif klublarda oynayan futbolçu əsgərləri bir yerə toplayaraq komandanı formalaşdırdıq. 1997-1998-ci illər mövsümündə OİK çempionatda uğurla çıxış etdi. Birinci dövrədən sonra komanda ikinci pillədə yer almışdı. Komanda güclü idi və yekunda 7-ci oldu. Amma əvəzedicilərimiz 81 qolla 1-ci yeri tutdular. Onlar oyunlarda öz qapılarından cəmi 7 top buraxmışdılar. Futbolçuların öz bacarıq və təcrübələrini itirməmələri üçün təşəbbüsümlə Silahlı Qüvvələrin nəzdində Beyləqan, Pirəküşkül, Hərbi Hava Qüvvələri və s. hərbi hissələrdə komandalar yaradıldı. Həmin dövrdə mən Baş Qərərgah rəisinin birinci müavini idim. Sonra Bakı qarnizonunun rəisi və Silahlı Qüvvələrin İdman Komitəsinin sədri oldum.

- Siz həm də AFFA Sahə Futbol Federasiyasının vitse-prezidentisiniz.

- 1997-ci ildə AFFA İcraiyyə Komitəsinə üzv seçildim. 1999-cu ilin əvvəllərində AFFA rəhbərliyi Həvəskar Futbol Federasiyasını yaratmağı tövsiyə etdi. Mən lazımi sənədləri toplamağa başladım. May ayında iclas oldu və mən yeni federasiyanın prezidenti seçildim. Avqust ayında həvəskarlar yığması Gürcüstanda UEFA-nın I Regional Kubokunda iştirak etdi. Yerli komandaya 0:1 hesabı ilə uduzduq, Türkiyə millisinə 3:1 hesabı ilə qalib gəldik. Rusiya komandası ilə heç-heçə oynayaraq 2-ci yeri tutduq. 2003-cü ilədək Həvəskar Futbol Federasiyasının prezidenti kimi fəaliyyət göstərdim. 2005-ci ildə AFFA-nın Hakim-İnspektor Komitəsinin sədri təyin olundum. Hakim-inspektorlar üçün təlimatlar hazırlayırdım. 2008-ci ildə AFFA-da struktur dəyişiklikləri baş verdi. Qurumun nəzdində Regional Futbol Federasiyası, Sahə Futbol Federasiyası və Peşəkar Futbol Liqası yaradıldı. Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Sahə Futbol Federasiyasının prezidenti Mahir Məmmədov seçildi. Mən isə Sahə Futbol Federasiyasının vitse-prezidenti oldum. Yeri gəlmişkən deyim ki, Sahə Futbol Federasiyasına futzal, həvəskarlar, çimərlik futbolu, tələbələr, uşaq-gənclər və əlillər futbolu daxildir. Təmsilçilərimiz bu növlərdə bir sıra uğurlu nailiyyətlər əldə ediblər.

- Siz hazırda Azərbaycan Hərb Tarixi Muzeyinin rəisisiniz. Muzeyin rəhbərliyinə gəlişiniz necə oldu?

- 2002-cü ildə Azərbaycan ordusundan təxris olundum. 2004-cü ildə Müdafiə Naziriliyi tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi təyin edildim. Qeyd edim ki, həmin vaxt muzeydə cəmi 4 nəfər işləyirdi.

- Rüfət müəllim, bəs Hərb Tarixi Muzeyi nə vaxt yaradılıb?

- Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə keçmiş "Salyan Kazarması” deyilən, indiki "Qızıl Şərq” hərbi şəhərciyi adlanan ərazidə Müstəqil Dövlətlər Birliyinin 295-ci motoatıcı diviziyasının "Döyüş şöhrəti” muzeyinin bazasında təşkil olunub. Yararsız vəziyyətdə olan muzey eksponatları bütünlüklə sovet ordusunun tarixinə aid idi. Qısa müddət ərzində muzeyin əməkdaşları Azərbaycan hərb tarixinə dair bir sıra fotoşəkillər, sənədlər, vəsiqə və geyim əşyaları toplayaraq, eksponatların sayını 200-ə çatdırdılar. Bu işdə muzeyə Müdafiə Nazirliyi, Heydər Əliyev Fondu, Respublika və Bakı şəhər Veteranlar Şurası, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, "Azərbaycan ordusu” qəzeti redaksiyası, Mərkəzi Zabitlər Evi, Respublika Aviasiya Muzeyi, Azərbaycan Tarix Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Səməd Vurğunun ev muzeyi, Lənkəran şəhərində yerləşən iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun ev muzeyi və digər muzeylər yaxından köməklik göstəriblər. Muzey 1993-cü ildən 2003-cü ilədək yerləşdiyi ilk binada fəaliyyət göstərib. Muzeydə təmir-tikinti işləri ilə eyni vaxtda zallarda bədii tərtibat işləri də aparılıb. 2003-cü ildə isə muzeyin hal-hazırda yerləşdiyi bina istifadəyə verilib. Muzeylər haqqında qanuna, Müdafiə Nazirliyinin əmrlərinə, Baş Qərərgah rəisinin sərəncamlarına və Mədəniyyət Nazirliyinin təlimatlarına uyğun olaraq, bütün sənədlər bərpa olunmağa başladı. Müdafiə Nazirliyinin 12 iyul 2004-cü il tarixli 324 nömrəli əmrinə əsasən 3 gün ərzində açıq səma altında ekspozisiya yaradıldı. Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələrinə aid müxtəlif növ hərbi texnika nümayiş etdirilmək üçün burada yerləşdirildi. Açıq səma altında ekspozisiyada 130 ədəddən çox hərbi texnika nümayiş olunur. Bu ekspozisiyada 5 ədəd tank yer alıb. Oradakı T-34 adlı tank böyük Vətən Müharibəsi illərində ən müasir tank olub və bu tank 2 dəfə Sofet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məşhur 17 nömrəli tankıdır. Digər tanklar isə Qarabağ döyüşlərində iştirak edənlərdir. Açıq səma altında ekspozisiyada zirehli texnika, Böyük Vətən müharibəsində iştirak edən BTR-40, müasir dövrün desant qoşunlarının idarəolunma maşını BTR-D nümayiş olunur. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarına daxil edilən S-125 və S-75 raketləri və raket stansiyaları da açıq ekspozisiyada yerləşdirilib. Qeyd edim ki, hazırda bütün bu hərbi texnikalar Silahlı Qüvvələrdə istifadə olunur. Ekspozisiyada mühafizə olunan ZSU-23-4 "Şılka”, 9K-35 "STRELA-10”, 9P-35 "STRELA-1”, KS-19 100 mm-lik top, AZP-37, AZP-57 HHM Qoşunlarına daxil olan hərbi texnika sayılır. Mİ-24 qırıcı vertolyotu və Mİ-8 vertolyotu da ekspozisiyada yer alır. Muzeyin açıq ekspozisiyasında artilleriya topları və Hərbi Dəniz Qüvvələrinə aid edilən hərbi texnika da önəmli yer alır.

- Muzeyin fondunu zənginləşdirmək, eksponatların sayını artırmaq üçün, əsasən, nəyə üstünlük vermisiniz?

- Muzeyin əməkdaşları, əsasən, elmi-tədqiqat, elmi-kütləvi sahədə səmərəli iş apardılar. Muzeyin işinə alimlər cəlb olunublar. AMEA-nın Tarix İnstitutundan tarix elmləri doktoru, professor, Mirheydər Mirzəyev, tarix elmləri üzrə fəlsəfə doktorları Hacı Həsənov, Nərminə Əmirbəyova, Zəfər Kərimov, Arxeologiya və Etnoqrafiya İnstitutundan tarix elmləri üzrə fəlsəfə doktoru Əsgər Əliyev, BDU-nun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nuru Məmmədov, Hərbi Elmi Mərkəzdən Səbuhi Əhmədov və başqalarının adlarını çəkmək olar. Muzeyin Mərkəzi Dövlət Arxivi və İctimai Siyasi Partiyalar Arxivi ilə də əlaqələri genişdir. Muzeyin elmi işçilərindən və alimlərdən təşkil olunmuş elmi-metodiki şura yaradılıb. Muzeydə və muzeydən kənar görkəmli alimlərlə görüşlər və elmi məsləhətləşmələr aparılır və əlaqələr qurulur. Rusiyalı tədqiqatçı alim professor Rudolf İvanov, tarix elmləri doktorları Pərvin Dərəbadi, Qasım Hacıyev, Oqtay Əfəndiyev və başqa görkəmli alimlərlə əlaqələrimiz var. Muzeyimiz hərb tarixinə aid əşya və sənəd toplamaq, respublika muzeylərinin təcrübəsi ilə tanış olmaq məqsədilə daim onlarla əlaqə saxlayır və əməkdaşlıq edir.
2006-cı ildə hərb tarixini, hərbi muzey məsələləri üzrə elmi-əməkdaşlıq fəaliyyətində iştirak etmək məqsədilə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə ezamiyyətdə oldum. Türkiyənin Əsgəri Muzeyi haqqında müxtəlif müzeyşünaslıq kitabçaları, sənədləri, bukletlər, elmi-metodiki materiallar əldə edərək bizim muzeyin fonduna təqdim etdim.
Muzeyin fondunu zənginləşdirmək və ekspozisiyada yeni eksponatların nümayişi məqsədilə əməkdaşlarımız müxtəlif vaxtlarda Mingəçevir, Gəncə, İsmayıllı, Lənkəran, Biləsuvar, Quba, Qusar, Qazax və s. şəhərlərdə, Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə olublar. Əməkdaşlarımız adıçəkilən şəhər və rayonların, Muxtar Respublikanın II Dünya müharibəsi, Qarabağ müharibəsi iştirakçıları ilə görüşlər keçirərək, onlardan bu müharibələrlə bağlı müxtəlif əşyalar toplayıblar.

- İndiyədək Hərb Tarixi Muzeyində hansı tədbirlər təşkil olunub?

- Muzeydə mütəmadi olaraq ümumrespublika səviyyəli elmi-praktiki konfranslar, tədbirlər keçirilir. 2008-ci ildən bu günə kimi muzeydə 203 ekskursiya həyata keçirilib ki, bu ekskursiyalarda da 4170 nəfər iştirak edib. Muzeyə ekskursiyaya gələn qonaqlar muzeyimiz haqqında öz ürək sözlərini rəy kitabına böyük həvəslə qeyd edirlər. Orta məktəb şagirdləri, tələbələri hərbi məktəb kursantları, Hərbi Akademiyanın dinləyiciləri, II Dünya müharibəsinin və Qarabağ müharibəsinin veteranları, milli qəhrəmanların ailələri, Türkiyə Respublikasının ölkəmizdə yerləşən Hərbi Attaşesinin, ictimai qurum və təşkilatların nümayəndələrinin muzeyə ekskursiyaları təşkil olunur. 2009-cu ildə Rusiya Federasiyasından qələbənin 65 illiyi ilə əlaqədar "Biz qələbənin varisləriyik” devizi altında ordu generallarından və müharibə veteranlarından ibarət nümayəndə heyəti muzeyin qonağı olub.
Azərbaycan Hərb Tarixi Muzeyində 2007-ci ildə muzeyin 15 illiyinə həsr olunmuş tədbir keçirilib. Bundan başqa, hər il 31 Mart - Soyqırımı Günü, Respublika Günü, Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, 9 May - Qələbə Günü münasibətilə tədbirlər təşkil olunur. Burada Türkmənçay sülh müqaviləsinin 180 illiyi, Heydər Əliyevin anadan olmasının 90 illiyi, Qarabağ general qubernatorluğunun yaradılmasının 90 illiyi, "Azərbaycanlılar Avropa müqavimət hərəkatında” adlı, Əliağa Şıxlinskinin anadan olmasının 145 illiyi, Böyük Vətən Müharibəsində qələbənin qazanılmasının 65 illiyi, "Qaraqoyunlu-600” adlı elmi-praktiki konfranslar keçirilib. Bu cür elmi-praktiki konfranslar və anım günləri ilə bağlı tədbirlər muzeyimizdə müntəzəm təşkil olunur.

- Hərb tarixi muzeyi hansı dövrləri əhatə edir?

- Muzey bərpa olunduqdan və yeni binaya köçdükdən sonra 13 zalda yaradılan ekspozisiyalar, ən qədim dövrdən tutmuş müasir dövrədək Azərbaycan hərb tarixini, sənətini, işini təqdim və təbliğ edir. Muzeydə eksponatlar dövrlərə görə nümayiş olunur. Onu da qeyd edim ki, 2007-ci ildə muzeyin 15 illik yubileyi keçirilən ərəfədə 13 zalı əhatə edən eksponatların hər biri 1 stenddə ümumi şəkildə yerləşdirilmişdi. 2010-cu ildə alman faşizmi üzərində qələbənin 65 illiyinə həsr olunmuş tədbirlə əlaqədar 11 zal üzrə tərtibat işləri aparıldı. Muzeyin qədim dövr və orta əsrlər, xanlıqlar, 1801-1918-ci illər, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, 1920-39-cu illər Azərbaycan SSR-də hərb işinin təşkili, 1939-1945-ci illər II Dünya müharibəsi, "Heydər Əliyev və ordu quruculuğu”, Silahlı Qüvvələrin qoşun növləri, Quru Qoşunlarının Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələrinin ekspozisiya zalları mövcuddur. Onu da qeyd edim ki, muzeyimizdə emalatxana da fəaliyyət göstərir. Emalatxanada ekspozisiya zallarında nümayişi nəzərdə tutulan bir çox eksponatlar hazırlanır. Bərpaya ehtiyacı olan eksponatlar isə burada yenilənir. Hazırda emalatxanada müasir dövrədək olan ekspozisiya zalları üçün nəzərdə tutulan stendlərin, şkafların qurulması, hazırlanması üzərində iş aparılır. Muzeyimizin ekspozisiyasında yerləşən daş baltalar, çapacaqlar, ox ucluqları, döyüş arabaları, ilk ordu tüfəngi, müxtəlif silah növləri, hərbi geyimlər, bayraqlar, medallar, hərbi texnikanın maketləri, Naxçıvan xanlığı stendində nümayiş olunan Naxçıvan xanlarının şəcərəsi, XX əsrin əvvələrində azərbaycanlıların soyqırımı stendi, cümhuriyyət ordusunun piyada və süvari qoşun növü üçün nəzərdə tutulan geyim nümunələri diqqəti cəlb edir. Muzeydə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru H. Aslanovun şəxsi əşyaları, generallar Akim Abbasov və Mahmud Əbilovun hərbi geyimləri, "Döyüş şöhrəti” ordeninin hər üç dərəcəsini almış Rəhim Rəhimovun şəxsi əşyaları, ulu öndərimiz Heydər Əliyevin general formasının dublikatı da var. Burada həmçinin Azərbaycanın 211 Milli Qəhrəmanının şəkli əks olunan lövhə, Milli Qəhrəman Şikar Şikarovun ayrıca guşəsi, "Azərbaycan generalları” stendi, 21 Azəri Hərəkatını, Əfqanıstan müharibəsini əks etdirən materiallar və bir çox eksponatlar ekskursiyaya gələnlərin diqqətini daha çox cəlb edir.
Muzeyin fonduna daxil olan əşyaların bir qismini şəxsi kolleksiyalar təşkil edir. Muzey fondunun qeydiyyatında 11304 ədəd eksponat qorunub mühafizə olunur.

- İdman, sağlamlaqla yanaşı, gənclərin sağlam ruhda tərbiyəsinə xidmət edir. Necə düşünürsünüz, bəs idmanın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində hansı rolu var?

- Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi dünyanı düşündürən ən əhəmiyyətli məsələlərdən biridir. Yaxşı bir deyim var: "Sağlam bədəndə sağlam ruh olar”. Bu baxımdan, gənclərin vətənrərvər ruhda tərbiyəsində idmanın rolu əvəzsizdir. Gənclərimizin sağlam ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə, biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafına diqqət yetirmək əsas şərtlərdən biridir. Gənclərimiz hərbi vərdişlərə yiyələnməli, fiziki hazırlığa malik olmalıdırlar. Hesab edirəm ki, fiziki hazırlıqlı idmançı istənilən fövqəlada halda çıxış yolu tapa bilər.

- Necə düşünürsünüz, vətənpərvərlik nədən başlayır?

- Vətənpərpər xalqını, vətənini, torpağını, dilini, tarixini sevən insandır. Vətənpərvərlik tərbiyəsinin təməli ilk növbədə ailədə qoyulmalı, orta və ali məktəblərdə daha da gücləndirilməlidir. Orta məktəbi başa vuran şagird silaha sarılıb vətənin müdafiəsinə hazır olmalıdır. Sözsüz ki, vətənpərvərlik yalnız bununla məhdudlaşmır. Bu hiss hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Vətənpərvər insan həmçinin məsuliyyətli insandır. Hər bir insan çalışdığı sahədən asılı olmayaraq, öz işinə məsuliyyətlə yanaşmalıdır.

- Rüfət müəllim, bəs əsl hərbçi necə olmalıdır?

- Əsl hərbçi prinsipial, düzgünlüyü sevən və tələbkar insan olmalıdır. Yaxşı hərbçi, ilk növbədə, özünə qarşı tələbkarlığı ilə seçilməlidir. Öz işində intizamsızlıq nümayiş etdirən insan, o cümlədən hərbçi heç bir uğura nail ola bilməz, çalışdığı sahədə irəli gedə bilməz.

Aysel Sultanova

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.