Azərbaycan gəncləri vətənə, dövlətimizə sədaqət ruhunda böyüyür

Azərbaycan gəncləri vətənə, dövlətimizə sədaqət ruhunda böyüyür


Hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində mühüm yerlərdən birini tutur. Dahi şəxsiyyət Heydər Əliyev gənc nəslin milli- mənəvi tərbiyəsinə hər zaman diqqətlə yanaşmış, gənclərin vətənpərəvər ruhda böyüməsini ən vacib amil hesab etmişdir. Ümummilli lider nitqlərinin birində demişdirU "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Onlar bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Xatırladaq ki, 1996-cı il yanvarın 26-da ulu öndər tərəfindən imzalanan sərəncama əsasən 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artdı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata kecirilməsində ölkə gənclərinin fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümü münasibətilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi barədə sərəncam imzalanıb. Qeyd edək ki, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda Gənclər Günü ilə bağlı sərəncam imzalandı. Həmin vaxtdan etibarən bu tarixi gün ölkəmizdə təntənəli şəkildə qeyd olunur.

Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın bütün sahələrində canlanma başladı. Bu diqqət nəticəsində gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə Olimpiya Hərəkatı geniş vüsət aldı. 2001-ci ildən başlayaraq mütəmadi şəkildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə xaricdə təhsil alan və təhsilini başa vurmuş azərbaycanlı gənclərin beynəlxalq forumunun keçirilməsi ənənə şəklini aldı. Dəfələrlə keçirilən bu forum azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyəti və informasiya mübadiləsini təşkil etmək baxımından mühüm işlər gördü.
Ulu öndər Heydər Əliyevin gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Gənclər və İdman Nazirliyinin yenidən təşkil edilməsi haqqında fərman da mühüm hadisə oldu. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu fərmanın cox böyük rolu var. Gənclərin sağlam böyüməsi yolunda atılan bu addımla bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük irəliləyişlər əldə olundu.
Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir.
Əlbəttə, təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman, "Gənclər siyasəti haqqında” qanunlar, habelə "Gənc ailə” proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu Dövlət Proqramı” da bu qəbildəndir. Gənclərə göstərilən dövlət qayğısı , onların problemlərinin həllinə yönələn dövlət proqramları gənc nəslin milli-mənlik şüuruna, vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir.

Gənclərimiz dövlətimizin tərəqqisi üçün əllərindən gələni əsirgəmirlər

Şübhəsiz ki, yeniyetmələrə və gənclərə göstərilən qayğı hədər getmir. Bu qayğıdan bəhrələnən Azərbaycan gəncliyi doğma vətənimizi bütün sahələrdə layiqincə təmsil edir. Harada fəaliyyət göstərməsindən asılı olmayaraq, gənclərimiz dövlətimizin tərəqqisi üçün əllərindən gələni əsirgəmirlər. Bu, idman sahəsində, təhsildə, mədəniyyətdə, iqtisadiyyatda özünü göstərir. Gənclərin fəaliyyəti onların vətənpərvərliyi , vətənə , dövlətimizə sədaqəti üzərində köklənib.
Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası orta məktəblərdə, xüsusilə ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada, böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan azyaşlı uşaqların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağı bacarmalı, onlarda güclü vətənpərvərlik hissi yaratmalıdırlar. Şagirdlərin vətənpərvərlik və vətənə məhəbbət tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olması və doğma yurdu daha yaxından tanımasıdır. Belə ki, ölkəmizin təbiəti, təbii sərvətləri, tarixi, mədəniyyəti haqqında əldə etdikləri biliklər şagirdlərdə dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik hissini daha da gücləndirir.
Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirakı və uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi həmişə diqqət mərkəzində olub. Orta məktəblərdə ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər uşaqlarla aparılan tərbiyəvi söhbətlər, istərsə də keçirilən tədbirlər şagirdlərə müəyyən biliklər verir. Ölkəmizin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq, azadlıq və müstəqillik uğrunda aparıldığı mübarizə haqqında edilən söhbətlər gənc nəslin vətənə bağlılığını daha da möhkəmləndirir.

Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur

Vətənpərvərlik doğulduğun torpağa, yaşadığın ölkəyə sədaqətli vətəndaş olmaqla yanaşı, cəmiyyətin sağlamlığına çalışmaq, bu ölkənin rifahı naminə bütün qüvvəni səfərbər etmək kimi başa düşülməlidir. Bu da təbiidir. Axı vətən anadır. Onun qədrini bilməliyik, çətinliklərinə dözməliyik. Vətən sevgisi, vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə adamların qüvvələrini vahid məqsəd - vətənin azadlığı, xilası naminə səfərbər edir. Mütəxəssislər qeyd edirlər ki, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.
Azərbaycan bu gün müstəqil dövlətdir. Onun güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan milləti və ən əsası, bütün dünyada böyük nüfuzu var. Müstəqilliyimiz heç də asan başa gəlməyib. Bunun üçün xalqımız minlərlə övladını qurban verib. Tarixə nəzər salsaq, bunun bir daha şahidi olarıq. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakının küçələrində, meydanlarında ən müasir silahlarla xalq atəşə tutuldu, tanklar, toplar dinc əhalini amansızcasına, vəhşicəsinə məhv etməyə başladı. Yanvar qırğını zamanı 744 nəfər yaralandı, 131 nəfər şəhid oldu, 400 nəfər həbs olundu. Bu faciədən sonra xalqımız öz müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda daha böyük qüvvə, iradə ilə mübarizəyə başladı. Bu müqəddəs mübarizədə həyatını qurban verənlər arasında idmançılar da var idi. Vətənin müdafiəsi yolunda fədakarlıqla mübarizə aparan soydaşlarımız arasında igidlik, qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərdiklərinə görə iki idmançımız - Əliyar Əliyev (yunan-Roma güləşi) və İlqar İsmayılov (cüdo) Milli Qəhrəman adına layiq görülüblər. Torpaqlarımızın azadlığı, müstəqilliyimiz uğrunda Azərbaycan idmançılarından Cavanşir Rəhimov (sərbəst güləş), Zaur Allahverdiyev (idman akrobatikası), Arif Məmmədov (cüdo), Yaşar Məmmədzadə (avarçəkmə), Namiq Məlikov (sərbəst güləş), Afaq Həsənov (futbol), Müşfiq İsayev (karate və güləş) şəhid olublar. Vətən uğrunda canlarını qurban verən şəhidlərin ruhu daim əziz tutulur, xatirəsi yad edilir. Belə ki, şəhid olmuş bir neçə idmançımızın xatirəsinə turnirlər həsr edilir. Hər il ölkəmizdə keçirilən idman yarışlarının təqvimində Müşfiq İsayev, Mübariz İbrahimov, İlqar İsmayılov, Əliyar Əliyev, Fəxrəddin Şahbazov və başqalarının xatirəsinə həsr edilmiş turnirlər yer alır. Bu turnirlərdə yüzlərlə gənc öz qüvvəsini sınayır. Vətənin bütövlüyü uğrunda canlarını fəda edən idmançılarımızın xatirəsinə həsr olunmuş belə turnirlər xalqımızın yeniyetmə və gənclərində milli qüruru, milli mənlik şüurunun inkişafını, vətənpərvərlik hisslərinin tərbiyəsini daha da gücləndirir. Gənc nəslin nümayəndələri olan idmançılarımız şəhidlərimizin xatirəsinə keçirilən turnirlərdə qələbə əzmi ilə yarışırlar. Bundan başqa, beynəlxalq turnirlərdə üçrəngli bayrağımızın yüksəklərdə dalğalandırılması, himnimizin səsləndirilməsi hər bir Azərbaycan vətəndaşının milli mənlik şüurunun və vətənpərvərlik hisslərini yeni mərhələyə qaldırır.
Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış insanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyırlar. Bu isə onların formalaşmasına , vətənpərvər olmasına zəmin yaradır. Onu da deyək ki, ölkəmizdə qeyd olunan milli bayramlar, tarixi günlər də vətənpərvərlik tərbiyəsində əvəzsiz vasitədir. Milli bayramlar və tarixi günlər haqqında dərsliklərdə verilmiş mətnlərdə geniş söhbət açılır. Bu mətnlər şagirdlərin bayram və tarixi günlər haqqında məlumatlarını xeyli genişləndirməyə imkan verir.
Bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olan insan vətənpərvərdir. Bu, təkzibedilməz faktdir. Bəzi mütəxəssislər hesab edirlər ki, vətənpərvərlik hissi uşağa, ilk növbədə, atadan, anadan keçməlidir. Bu fikirlə razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, məhəbbətlə , düşmənə isə nifrətlə böyüyər. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Bizim xalqımız üçün ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri bütün dövrlərdə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu yerə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunlar daxilində milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması olduqca vacib məsələdir. Təəssüf ki, Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlük həyatı, informasiya məkanında yer alan bəzi ideoloji fikirlər, fərqli dünyagörüşün və fərqli mədəniyyətlərin təbliği ailə dəyərlərinin aşınmasına, gənclərin, uşaqların psixologiyasına mənfi təsir göstərən amillərdir. Cəmiyyətimizdə, ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə qurulmursa, bu, ciddi narahatlıq yaradır. Əgər sabahımız olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu bilmirsə, torpaqlarımız uğrunda müharibədə iştirak edə bilməyəcək. Uşaqlar Qarabağ müharibəsində neçə Azərbaycan övladının şəhid olduğunu, onlardan neçəsinin Milli Qəhrəman adına layiq görüldüyünü mütləq bilməlidirlər. Sevindirici haldır ki, bu gün orta məktəblərin ibtidai siniflərindən başlayaraq , uşaqlara yuxarıda qeyd etdiyimiz məsələlər haqqında ətraflı məlumat verilir. Əgər təhsil ocaqlarında sorğu keçirilsə, yəqin ki, şagirdlər bu barədə biliyə sahib olduqlarını nümayiş etdirərlər. Müasir dövrümüzdə, ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğu bir vaxtda biz hamımız - uşaqlar, yeniyetmələr və gənclər vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri, o cümlədən milli qəhrəmanlarımızı tanımağa borcluyuq.
Şübhəsiz ki, bu məsələlərdə kütləvi təbliğatın da böyük əhəmiyyəti var. Yəni müntəzəm təbliğat aparılmasa, əksəriyyət insan, əsasən də, gənclər yurdumuzun üzləşdiyi faciələri unuda bilərlər. Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəfə çevrilir. Doğrudur, cəmiyyətin vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət və iş düşür.
Amma bu məsələdə, yuxarıda qeyd edtdiyimiz kimi, təhsil ocaqlarının xüsusi rolu var.

Məktəblər arasında hərbi idman oyunlarının 
keçirilməsi vətənpərvərlik hisslərinin 
aşılanmasında mühüm əhəmiyyət kəsb edir

Məktəblərdə keçirilən hərbi yönümlü idman yarışları, oyunlar və hərb sənətindən bəhs edən dərsliklərin keçirilməsi şagirdlərin vətənpərvərlik hisslərini artırır. Belə yarışlarda şagirdlər özünümüdafiə üsullarını, orduda vacib olan müəyyən hərəkətləri - sürünməyi, maneələri keçməyi, yaralını ərazidən uzaqlaşdırmağı, silahdan istifadə etməyi, düşməndən gizlənməyi, kəşfiyyat aparmağı dərindən öyrənirlər. Məlum məsələdir ki, nəzəri olaraq ancaq şəkillər üzərində müəyyən məlumatların gənclərin diqqətinə çatdırılması yetərli deyil. Nəzəri-psixoloji hazırlıqla yanaşı, fiziki hazırlıq da olmalıdır ki, gənclərin bu yöndə fəaliyyəti məzmun və forma baxımından bir-birini tamamlasın. Bu səpkili yarışların keçirilməsi gənclərin hərbidə xidmət zamanı təlimi daha tez qavramasına və onun öhdəsindən gəlməsinə zəmin yaradır. Belə ki, onlar silahdan istifadə zamanı, əlbəyaxa döyüş növlərini öyrənərkən təcrübəsizliklə üzləşmirlər. Mütəxəssislər hesab edirlər ki, bu işdə təkcə müəyyən təsəvvürlərin olması kifayət deyil. Bunun üçün praktiki hazırlığın olması vacib şərtlərdən biridir. Danılmaz reallıqdır ki, məktəblər arasında hərbi idman oyunlarının keçirilməsi yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Orta məktəb şagirdlərinin müntəzəm iştirak etdikləri "Cəsurlar”, "Şahinlər” kimi hərbi oyunlar bu baxımdan çox böyük əhəmiyyət daşıyır. Qeyd etdiyimiz bu oyunlarda əsas məqsəd şagirdlərdə cəsarətlilik, cəldlik, mübarizlik, qələbə uğrunda iradə möhkəmliyinin təmin olunmasıdır. Təbii ki, oyunda bir-biri ilə rəqabətdə olan 3-5 komanda iştirak edirsə, bu, şagirdlərdə qələbə qazanmaq əzmini formalaşdırır. Sevindirici haldır ki, məktəblilərin həvəslə iştirak etdiyi "Cəsurlar”, "Şahinlər” kimi hərbi oyunlar respublikamızda vaxtaşırı keçirilir. Bu işdə Təhsil Nazirliyi, Orduya Könüllü Yardım Cəmiyyəti, Gənclər və İdman Nazirliyi xüsusi fəallıq göstərir. Bu qurumların sözügedən prosesə fəal şəkildə qoşulması görülən işlərin səmərəliliyini artırır. Təsadüfü deyil ki, hərbi idman oyunları artıq kütləvi xarakter daşıyır. Bu səpkili oyunlarda təkcə oğlanlar deyil, qızlar da geniş miqyasda iştirak edirlər.
Jalə Rzabəyli

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.