Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə dekabrın 28-da Yevlax şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün "İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət” mövzusunda regional konfrans keçirilib.
Konfransda qərb bölgəsinin yerli KİV-lərinin təmsilçiləri, respublika yayımlı KİV-lərin qərb bölgəsi üzrə yerli təmsilçiləri, bölgənin sosial media fəalları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, KİVDF və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı və digər rəhbər şəxslər iştirak ediblər. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri də qatılıblar.
KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov tədbirin əhəmiyyəti barədə fikirlərini bildiriblər.
Daha sonra "Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanda azad internet məkanının inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarından danışıblar.
Çıxış edənlər internetin inkişafının KİV-lərə göstərdiyi təsir, ənənəvi media ilə "yeni media”nın fərqli və oxşar cəhətləri, internet medianın yaratdığı tendensiyalar barədə fikirlərini bölüşüblər. Konfrans müddətində 2013-cü ilin may ayında Azərbaycan Respublikasının Milli Məclisinin Cinayət Məcəlləsinin "Böhtan” (147-ci maddə) və "Təhqir” (148-ci maddə) maddələrinə etdiyi dəyişikliklər, həmçinin, internet üzərindən yayılan informasiyalar barədə hüquqi məsuliyyəti tənzimləyən digər qanunvericilik aktları barədə geniş müzakirələr aparılıb. Qeyd edilib ki, internet üzərindən yayılan məlumatlarda hüquqi məsuliyyət təkcə "Böhtan” (147-ci maddə) və "Təhqir” (148-ci maddə) maddələrinə görə yaranmır. Şəxsi həyatın toxunulmazlığı prinsipi, ailə məsələləri, uşaq hüquqları, dövlət sirri, terrora və iğtişaşlara çağırış kimi bir sıra məsələlər var ki, internet üzərindən informasiya yayanlar bunları mütləq nəzərə almalıdırlar. Bu sahədə qeyri-dəqiq, əsaslandırılmamış informasiyaların yayılması internet üzərindən məlumat yayanlar üçün də hüquqi məsuliyyət yaradır.
Konfrans zamanı region jurnalistlərinin və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib, təklifləri qeydə alınıb.
Konfrasın gedişində Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədova "Media və icra orqaları arasında əməkdaşlığın inkişafında fəal roluna görə” Fondun xüsusi diplomu təqdim edilib.