Böyük qələbələrə gedən yol

Böyük qələbələrə gedən yol

2012-ci il Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar illərdən biri kimi yadda qaldı. "İdman ili”ndə bir sıra aidiyyatı olan qurumlarla birlikdə, Təhsil Nazirliyi sistemində də uşaq, yeniyetmə və gənclər arasında fiziki tərbiyə və idman sahəsində xeyli işlər görüldü. Bu işlər əsasən nazirliyin tabeliyində olan "Təhsil” Respublika İdman Mərkəzi, şəhər və rayonlarda fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəbləri tərəfindən həyata keçirildi.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində 159 idman məktəbi fəaliyyət göstərir ki, onlardan 93-ü uşaq-gənclər idman, 66-ı isə uşaq-gənclər şahmat məktəbləridir. Bu məktəblərdə 27 idman növü inkişaf etdirilir və 85295 nəfər uşaq, yeniyetmə və gənc hər gün burada olaraq idmanla məşğul olur. Onların təlim-məşq prosesi ilə 4575 nəfər məşqçi-müəllim məşğul olur. Öləkəmizdə 2009-2014-cü illərdə şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramının yerinə yetirilməsi məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq bu istiqamətdə müntəzəm iş aparılır.
Şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir inventar, avadanlıq, kompüter və kompüter avadanlıqları ilə tam təmin olunması istiqamətində tədbirlər həyata keçirilib.
Ötən ilin yanvar ayında Goranboy, aprel ayında Qazax, oktyabr ayında İmişli və Saatlı, dekabrda isə Fizuli rayon şahmat məktəbləri üçün müasir avadanlıqlarla təchiz edilmiş və müasir tələblərə cavab verən yeni binalar tikilib istifadəyə verilib.
Sevindirici haldır ki, bu məktəblərin yeni binalarının açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib, məşqçi-müəllim heyətinə və şahmatçılara öz tövsiyələrini verib.
Bununla yanaşı, Bakı şəhərində Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, Masallı və Ağstafa uşaq-gənclər şahmat məktəbləri Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub, digər idman və şahmat məktəblərində isə yerli təhsil şöbələri tərəfindən əsaslı və cari təmir işləri aparılıb.
Beynəlxalq təcrübəyə əsaslanaraq, 2011-ci ildə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının iştirakı ilə ümumtəhsil məktəblərində şahmatın fənn kimi tədris olunması haqqında memorandum imzalanıb. Bu memoranduma əsasən 2011-ci ildən respublikanın bütün şəhər və rayonlarında pilot məktəblər seçilib və həmin məktəblərin 2-ci siniflərində şahmatın tədrisi həyata keçirilib. 2012-ci ildən isə artıq bütün şəhər və rayonlarda pilot məktəblərin sayı xeyli artıb və bu şahmat artıq 3-cü siniflərdə də tədris olunmağa başlanılıb.
Eyni zamanda, həmin məktəblərdə şahmatın tədrisi ilə məşğul olan müəllimlər üçün seminarlar da keçirilib.
Bütün bunlarla yanaşı, əlamətdar günlərə və görkəmli şəxsiyyətlərin xatirəsinə həsr edilmiş bir sıra respublika səviyyəli kütləvi turnirlər də keçirilib. Bakıda və ölkənin bütün şəhər və rayonlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə turnirlər təşkil edilib. Respublika turnirləri fevral ayında Ağcabədidə Xocalı şəhidlərinin xatirəsinə, may ayında Balakən rayonunda Respublika Gününə, iyul ayında Gədəbəy Şahmat Məktəbinin 20 illiyinə, oktyabr ayında Ucarda Müstəqillik Gününə, noyabr ayında Zərdabda Həsən bəy Zərdabinin 120 illiyinə həsr olunub. Dekabr ayında Astarada və Mingəçevirdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş respublika şahmat turnirləri, Goranboy, İsmayıllı, Şabran, Astara və Beyləqan rayonlarında isə şahmat məktəbləri komandalarının respublika çempionatının seçmə (zona) yarışları keçirilib. Qeyd etmək lazımdır ki, keçirilən bütün birincilik və çempionatlarda, demək olar ki, bütün şəhər və rayonların nümayəndələri təmsil olunublar. Hər bir respublika turnirində isə 100-dən artıq məktəbli iştirak edib. Bütün bu yarışların qalibləri və mükafatçıları kuboklar, diplomlar, həmçinin hədiyyələrlə mükafatlandırılıblar.
Məlumdur ki, beynəlxalq yarışlarda müvəffəqiyyət qazanan şahmatçıların əksəriyyəti ilkin hazırlıqların məhz şahmat məktəblərində başlayır, daha sonra həmin haızırlıq müxtəlif cəmiyyət və klublarda davam etdirilir. Bu baxımdan ölkə üzrə beynəlxalq yarışlarda müvəffəqiyyət qazanan idmançıların demək olar ki, böyük bir hissəsi şahmat məktəblərinin yetirmələridir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən "Təhsil” Respublika İdman Mərkəzi və Şahmat məktəblərinin yetirmələri Avropa və dünya birincilik və çempionatlarında müvəffəqiyyətlə çıxış ediblər.
Ümumiyyətlə, uşaq-gənclər şahmat məktəblərinin əsası ötən əsrin 70-80-cı illərində qoyulub. Bu məktəblərin idmanın təbliğində xüsusi yeri var. Şahmata dövlət tərəfindən göstərilən yüksək qayğı nəticəsində uğurlar ürəkaçandır. Statistikaya görə, 1992-ci ildən başlayaraq, təkcə rəsmi dünya və Avropa birinciliklərində 105 medal qazanılıb. Onlardan da 44 -ü qızıl, 32-i gümüş, 29-u isə bürünc medaldır.
Artıq səkkizinci ildir ki, Beynəlxaq Şahmat Federasiyasının (FİDE) qərarı ilə məktəblilər arasında dünya və Avropa çempionatları keçirilir. Bu yarış uşaq və yeniyetmələr arasında ən kütləvi və əhəmiyyətli yarışlardan biridir. Respublikamızın məktəblilərdən ibarət komandası hər il bu turnirlərdə uğurla iştirak edir. 
2012-ci ildə də bu sahədə yüksək nəticələr əldə edilib. Belə ki, ötən ilin aprel-may aylarında Rumınıyanın Yası şəhərində keçirilən məktəblilərin 8-ci dünya çempionatında Bakı şəhər 6 saylı məktəb-liseyin şagirdi Günay Məmmədzadə (12-13 yaş qrupunda) qızıl, 212 saylı məktəbin şagirdi Nərmin Məmmədova, 7 saylı məktəbin şagirdi İsmayıl Şahəliyev (12-13 yaş qrupunda) və Ucar rayon 4 saylı məktəbinin şagirdi Xatın Bağırova gümüş medal, 136 saylı məktəbin şagirdi Aytən Əmrayeva (14-15 yaş qrupunda), Bakı şəhər 13 saylı məktəbin şagirdi Nərmin Söyünlü (16-17 yaş qrupunda) öz yaşıdları arasında bürünc medal qazanıblar.
İyunun 12-dən 21-nə kimi Yunanıstanın Halkidiki-Kalitea şəhərində məktəblilərin Avropa çempionatı da təmsilçilərimiz üçün uğurlu olub. Qitə birinciliyində Bakı şəhər 136 saylı məktəbin şagirdi Aytən Əmrayeva 15 yaşadək qızlar arasında bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adına layiq görülüb. Gənc Istedadlar liseyinin şagirdi Aqil Pirverdiyev isə 17 yaşadək oğlanlar arasında II-ci yeri tutaraq gümüş medala yiyələnib.
Avqust və sentyabr aylarında təmsilçilərimiz daha bir mötəbər turnirdə - Türkiyədə keçirilən Yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında iştirak ediblər. Azərbaycan milli komandasının heyətində Kənan İzzət, Aqil Pirverdiyev, Ülvi Sadıxov (hər üçü RİOEUGŞM), Murad Nuri (Sumqayıt Uşaq- Gənclər Şahmat Məktəbi) və Elvin Bayramov (Quba Uşaq-Gənclər Şahmat Məktəbi) təmsil ediblər. Komandamız ümumi hesabda 40 komanda arasında 5-ci yeri tutub. Təmsilçimiz Aqil Pirverdiyev isə şəxsi hesabda 2-ci yerə çıxıb.
Noyabr ayında Sloveniyanın Maribor şəhərində keçirilən uşaq və yeniyetmələrin dünya çempionatında Sumqayıt şahmatçısı Mələk İsmayıl 8-yaşadək qızlar arasında gümüş medal qazanıb.
Şahmatçılarımızı bu il daha böyük sınaqlar gözləyir. 2013-cü ildə məktəbli şahmatçılarımız Məktəblilərin Avropa (Serbiya), dünya çempionatlarında (Yunanıstan), eləcə də, Çernoqoriyada keçiriləcək uşaq və yeniyetmələr arasında Avropa və dünya çempionatlarında (BƏƏ) çıxış edəcəklər. Digər tərəfdən Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə 2015-ci ildə şahmat üzrə Dünya kuboku yarışları, 2016-cı ildə isə Ümumdünya Şahmat Olimpiadası Bakı şəhərində təşkil olunacaq. Yeniyetmə və gənc şahmatçılarımız bu yarışlara indidən ciddi hazırlaşırlar. İnanırıq ki, onlar öz qələbələri ilə bizi bu il də sevindirəcəklər.