20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir qəhrəmanlıq səhifəsidir. Bu, təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun əsaslı mərhələsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən bir imtahan idi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Regionda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi xalqımızın ədalətsizliyə qarşı apardığı mübarizənin tərkib hissəsi idi. Sovet rəhbərliyi Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq xalqımız aldadılırdı. Çünki bu vaxt əlavə sovet hərbi birləşmələrinin Bakıya yeridilməsi başa çatmaqda idi.
Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu, ona görə edildi ki, Azərbaycan xalqı Bakıda nə baş verdiyini bilməsin. Sonradan 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlaşdırılaraq həyata keçirilib.
Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet əsgərləri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla, bu hücum nəticəində 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi. Həlak olanların arasında 4 polis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi. Bu insanların heç birinin günahı yox idi. Onlar doğma vətənimizin azadlığına və müstəqilliyinə qənim kəsilən sovet rəhbərliyinə etiraz etmək üçün küçələrə çıxmışdılar. Bu insanların heç biri çilahlı deyildi. Xalqımız əliyalın halda öz etirazını bildirirdi.
Bakı şəhərində 20 yanvar tarixindən etibarən fövqəladə vəziyyət tətbiq olunması haqqında 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi. Yəni dinc insanlar vəhşicəsinə qətlə yetirildikdən sonra fövqaladə vəziyyət barədə məlumatlar yayılırdı. Bununla belə, fövqəladə vəziyyətin elan olunduğu gün - yanvarın 20-də daha 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi. O zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, heç nədən çəkinməyərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Burada mətbuat konfransı keçirən Heydər Əliyev, başda Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Xalqımızın böyük oğlu bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.
Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar faciəsində xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. O, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda sovet rəhbərlərini cinayətkar adlandırmaq, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl vətən, xalq qarşısında borcunun vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Unutmayaq ki, bu bəyanat imperiyanın mərkəzində, Moskvada verilmişdi. Həmin dövrdə belə bir bəyanatın verilməsi Heydər Əliyevin doğma vətəninə, doğma xalqına sevgisinin təzahürü idi. Dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
"20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. 1994-cü il martın 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bu qərar 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verdi.
Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu.
Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən insanların sosial müdafiəsi, pensiya təminatı hər zaman ulu öndərin diqqət mərkəzində idi. 1993-ci ildən indiyədək 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də bu işlər davam etdirilir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi” fəxri adı verilib. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətin artırılması bir daha sübut edir ki, vətənimizin üstəqilliyi uğrunda canından keçənlər heç vaxt unudulmur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi səviyyəsinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha aydın göstərir.
Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb.
2006-cı il yanvarın 19-da "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman 20 yanvar şəhidlərinin ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasına zəmin yaratdı. Ölkə başçısının fərmanı ilə "20 Yanvar şəhidi” fəxri adı almış 140 nəfər şəxsin 180 nəfər ailə üzvünə Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa, əlavə ödəniş verilir.
Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Bu mənzillər 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə də verilir. Əlillərin sağlamlığının bərpası da dövlətimizin diqqət mərkəzindədir. Vətənimizin müstəqilliyi uğrunda mübarizədə əlil olan insanların bərpası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar” stansiyasının yaxınlığında xatirə kompleksinin yaradılması oldu.
Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında inşasına başlanılan memorial abidə kompleksinin açılış mərasimi 2010-cu il yanvarın 20-də həyata keçirildi. Ümumi sahəsi 1500 kvadratmetr olan xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı kompleksin üzərində qızılı hərflərlə həkk olunub.
Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu da müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görür.
Heydər Əliyev Fondunun xalqımızın tarixinə, tarixi hadisələrinə həssas münasibəti də xüsusi qeyd olunmalıdır. Belə ki, Fondun təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət” kompaniyası çərçivəsində həyata keçirilən tədbirlər hər yerdə böyük əks-səda doğurub. Bundan başqa, Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib. Bu layihələr xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması istiqamətində böyük əhəmiyyət kəsb edir.
Bir neçə gündən sonra xalqımız 20 Yanvar hadisələrinin 24-cü ildönümünü qeyd edəcək. İgid övladların fədakarlığı məhəbbətlə xatırlanacaq, onların əziz xatirəsi böyük ehtiramla yad olunacaq.
Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı törədilən ən ağır cinayət
Qeyd etdiyimiz kimi, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir. Təkcə bir faktı qeyd edək ki, bu vəhşiliyə etiraz əlaməti olaraq, xalqımız 40 gün ərzində matəm saxladı. Respublikamızda heç bir sənaye müəssisəsi 40 gün işləmədi.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı törədilən ən ağır cinayət idi. Sovet rəhbərliyi bu vəhşiliyi həyata keçirməklə Azərbaycan xalqının iradəsini, azadlıq istəyini qırmaq istəyirdi. Lakin xalqımız öz qürurunu itirmədi, onun iradəsini qırmaq mümkün olmadı. Vətənpərvər insanlar öz canlarını azadlıq uğrunda fəda etməkdən çəkinmədilər. Tariximizin qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın bir qəhrəmanlıq səhifəsidir. Düzdür, biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, lakin o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
20 Yanvar faciəsində canlarını qurban verərək müstəqilliyin əldə olunmasına zəmin yaradan vətənpərvər insanlar artıq 24 ildir ki, ehtiramla anılır. Bu müddət ərzində müstəqil Azərbaycan Respublikası dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirmiş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.
Xalqımızın üzləşdiyi faciələr qəhrəmanlıq səlnaməsi kimi xatırlanmalıdır
Hər il 20 Yanvar faciəsinin anım günündə hər yerdə matəm musiqisi səslənir, televiziyalarda 1990-cı il hadisələri haqqında sənədli filmlər nümayiş olunur. Şəhidlər Xiyabanından canlı reportajlar hazırlanır. Faciə ilə bağlı uşaq bağçalarında, məktəblərdə, universitetlərdə tərbiyəvi söhbətlər ararılır və faciəyə həsr olunmuş dərslər keçirilir.
Şübhəsiz ki, təkcə 20 yanvar hadisələri deyil, həmçinin Xocalı faciəsi, 31 Mart Soyqırım Günü də müxtəlif tədbirlər keçirilir. Məktəblərdə bu mövzulara aid filmlər nümayiş etdirilir, rəsm sərgiləri, şeir müsabiqələri təşkil olunur. Müəllimlər uşaqlara günahsız insanların qətlə yetirilməsi barədə danışırlar. Qətlə yetirilmiş uşaqların və böyüklərin fotoşəkilləri məktəblərdə xüsusi lövhələrə vurulur. Mütəxəssislərin fikrincə uşaqların hamısı, hətta balacalar belə bu faciə haqqında məlumat almalı, qəhrəmanlarımızı tanımalıdırlar. Lakin xalqımızın üzləşdiyi faciələr təkcə matəm günü kimi qeyd edilməməli, həmin hadisələr həm də qəhrəmanlıq səlnaməsi kimi xatırlanmalıdır.
"Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”
Bakıda axıdılan günahsız qanlar müstəqilliyimizin əsasını qoydu. Lakin müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı ədalətsiz ərazi iddiası nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu. Bu gün vətənimizin 20 faiz ərazisi düşmən tapdağı altındadır. Bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Qarabağ uğrunda aparılan döyüşlərdə minlərlə igid oğullarımız şəhid olub. 20 Yanvar faciəsinin ildönümü ərəfəsində Qarabağda şəhidlik zirvəsinə ucalanlar da ehtiramla yad olunur. Minlərlə Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanına gedərək onların məzarlarını ziyarət edirlər. Heç kim unutmur ki, burada uyuyanlar öz canlarını vətənimizin azadlığı uğrunda fəda ediblər. Hər birimizi sevindirən isə odur ki, qüdrətli ordumuzun hər bir əsgəri, giziri və zabiti şəhidlərimizin qanı bahasına müstəqil olmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır. Ordumuz ən müasir silahlarla təchiz olunub, əsgərlərimiz vətənpərvər ruhda yetişdirilirlər. Ən əsası isə odur ki, bu gün orduya hazırlaşan gənclərimiz də vətənpərvərlik ideallarına sadiqdirlər. Azərbaycan xalqı əmindir ki, bu cür gənclərin əzmkarlığı, fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Azərbaycan ordusunun hərbi təlimlərdə əldə etdiyi yüksək nəticələr, hər bir nailiyyət, hər bir uğur bizi vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs müharibədə qələbəyə daha da yaxınlaşdırır. Şübhəsiz ki, müasir dövrdə aparılan döyüşlərdə ancaq yüksək döyüş hazırlıqlı, hərbi texnikanın və silahların sirlərinə mükəmməl yiyələnmiş, intizamlı, mənəvi-psixoloji və fiziki cəhətdən dözümlü olan əsgər qalib gələ bilər. Hər bir Azərbaycan əsgəri bu keyfiyyətləri əldə etmək üçün təlimlərdə keçirilən tədris proqramlarını, hərbi vərdişləri daha yaxşı mənimsəyir. Bu isə ordumuzun gücünün göstəricisidir.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və erməni qəsbkarlarının təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu müqqəddəs məkan ziyarət edir. Nəsillər dəyişsə də, Azərbaycan durduqca Vətən oğullarının, qızlarının bu müqəddəs məkanı ziyarətgaha çevriləcək.
Azər Əlizadə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.