Ələsgər Novruzov 1949-cu il avqustun 1-də Laçın rayonunun Kürdhacı kəndinldə anadan olub. 1966-cı ildə kənd orta məktəbini (indi həmin məktəb Milli Qəhrəmanın adını daşıyır-S.H.) bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini (1968-1970) başa vurduqdan sonra 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna qəbul olub. 1973-cü ildə oranı bitirdikdən sonra Kürdhacı kəndinə bədən tərbiyəsi müəllimi kimi qayıdıb. Doğma kənddə işlədiyi müddət ərzində müəllim və şagird kollektivinin böyük hörmətini qazanıb. Müəllim kimi əmək fəaliyyətinə başladığı ilk günlərdən etibarən məktəbin futbol və voleybol meydançalarında yenidənqurma, abadlıq işləri aparıb, uşaqların, gənclərin idmana marağını artırıb. Millət vəkili Q.Paşayeva və H.Məmmədovanın "Xocalı soyqırımı şahidlərin dilindən”, V.Əsgərovun "Azərbaycanın milli qəhrəmanları”, M.Şükürovun "Xocalı -daş yaddaşım, qan yaddaşım”, B.Laçınsızın "Biganəlik və unutqanlığımızın acı həqiqətləri” və s. kitablarda Milli Qəhrəman Ələsgər Novruzovun, eləcə də digər igidlərimizin döyüş şücaətindən bəhs olunub.
Təqvimə qara hərflərlə yazıldı bu tarix. Bu, o tarixdir ki, həmişə bizimlə yaşayacaq. Bu, o tarixdir ki, heç vaxt yaddaşlardan silinməyəcək! Bu, elə bir ağrıdır ki, ürəyində vətən qeyrəti, vətən sevgisi olan hər bir azərbaycanlını göynədəcək, qəlbini yandıracaq!
Zaman-zaman torpaqlarından zorla çıxarılan, başına min bir müsibət gətirilən Azərbaycan xalqı XX əsrin sonlarında tarixin daha bir qanlı və qara səhifəsini yaşamağa məhkum edildi. Əsrlərdən bəri dəfələrlə yadelli işğalçıların təzyiqinə məruz qalan xalqımız mənfur qonşuların və rus imperiyasının bəlasına tuş gəldi.
Xocalı soyqırımı xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı törədilən bir təcavüz aktı idi. Bu, dünya tarixində və təcrübəsində görünməmiş vəhşiliyin, qəddarlığın son həddi idi. Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bu hadisə bizim üçün milli matəm və hüzn günündən başqa, həm də Azərbaycan xalqının tarixində bir qəhrəmanlıq səhifəsidir.
Bu gün üstündə gəzib dolaşdığımız, firəvan həyat sürdüyümz bu müqəddəs vətən torpağının azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda neçə-neçə qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb. Bu zirvəni fəth etmək isə hər kəsə nəsib olmur. Həmin məqama yalnız və yalnız vətənpərvər insanlar, torpağını və millətini sevənlər yüksəlirlər. Azərbaycan xalqının azadlığı və bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlar arasında bir oğul da var - Milli Qəhrəman Ələsgər Novruzov. Onun keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı gənc üçün məktəb sayıla bilər. Ə.Novruzov Xocalı şəhəri uğrunda gedən qeyri-bərabər döyüşlərdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına həlak olub.
Milli Qəhrəmanın həyat yoldaşı Şəkibə xanımla "Olimpiya dünyası” qəzetinin redaksiyasında görüşdük. Doğrusu, ona əziyyət vermək, keçmişə qaytarmaq istəmirdim. Amma Şəkibə xanım təklifimizi məmnuniyyətlə qəbul etdi və həyat yoldaşı haqqında qürur hissi ilə danışdı.
- Şəkibə xanım, milli qəhrəmanların həyatı bugünkü gənc nəsil üçün əsl örnək məktəbidir. Gənc nəsil vətənə sevgini, onun uğrunda mübarizə aparmağı, döyüş əzmini bu cür qəhrəmanlardan öyrənir. Onları tanımaq isə hər birimizin borcudur.
- Mən fəxr edirəm ki, belə bir qəhrəmanın həyat yoldaşıyam. Ələsgər digər şəhidlərimiz kimi Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçib. O, vətənini hamıdan - ailəsindən və uşaqlarından çox istəyirdi. Ələsgər müəllimin kənd caamatı arasında böyük nüfuz və hörməti var idi. O, yaxşı müəllim olmaqla bərabər, həm də kiçiklərə qayğı, böyüklərə hörmət göstərən nəcib bir insan kimi tanınmışdı. 1977-ci ildə biz ailə həyatı qurduq və 1979-cu ildə ailəmiz Laçından Xocalıya köçdü. Ələsgər müəllim burada 1 saylı orta məktəbdə ixtisası üzrə fəaliyyətini davam etdirdi. Eyni zamanda 1990-cı ildən şəhid olana qədər Xocalı Rayon Təchizat Şöbəsinin təəssərüfat müdiri işlədi.
Ələsgər müəllim peşəsini həddindən çox sevirdi. O, gözəl ailə başçısı, dostluqda əvəzedilməz bir insan idi. Döyüş taktikasını çox gözəl bilirdi və sərras atıcılıq qabiliyyətinə malik idi. Ələsgər vətənin azadlığı uğrunda vuruşaraq qəhrəmancasına həlak oldu. Çox sevinirəm ki, Ələsgər kimi şəhidlərimizin xatirəsi hər zaman yad edilir, gənclərimiz onları daha yaxından tanıyırlar.
- Onsuz yaşamaq çətindirmi?
- Ələsgərdə əsl azərbaycanlı kişilərə məxsus mərdlik, qeyrət var idi. Ehtiyacı olan insanların qayğısına qalır, onların təəssübünü çəkirdi. Nahaq işlərə, ədalətsizliyə yaman əsəbiləşirdi. Mənfur qonşularımızın torpaqlarımızda at oynatmağına dözə bilmirdi Ələsgər. Məlum hadisələr baş verən gündən onu evdə tapmaq mümkün deyildi. Kəndin qolu zorlu, igid oğlanları ilə birlikdə ermənilərin qarşısını almaq üçün həmişə keşikdə idi. Bir qadın, bir həyat yoldaşı kimi onu itirmək mənim üçün çox ağırdır. Amma o, mənim xəyallarımda həmişə sağdır. Çünki şəhidlik zirvəsinə ucalanlar heç vaxt ölmürlər, həmişə xalqın yaddaşında qalırlar. Ələsgər həmişə mənimlədir, ailəsinin, doğmalarının yanındadır. Ailədir də, çətin günlərim çox olub. Atasız üç uşaq böyüdüb tərbiyə etmək asan məsələ deyil. Belə məqamlarda Ələsgəri həmişə yanımda hiss etmişəm. Çətin günlərimdə dayağım olub. Bəzən yuxularıma gəlib, mənə məsləhət verib, istiqamət göstərib. Elə sağlığındakı kimi...
- Şəkibə xanım, həyat yoldaşınızla necə tanış olmusunuz?
- Uzaqdan-uzağa qohumluğumuz çatırdı. O, Laçında doğulmuşdu, mən Xocalıda. Ələsgərin iki qardaşı da Xocalıda yaşayırdı, anamgillə qonşu idilər. Onunla bir toyda tanış olmuşuq. Nə bir kəlmə kəsmişik, nə danışmışıq. Toyda görüb, xoşu gəlib və elçilərini göndərib. 1977-ci ildə toyumuz olub. 16 il bir yerdə yaşamışıq. Etiraf edim ki, bu illər ərzində ondan zərrə qədər inciməmişəm. Çox qayğıkeş və ailəcanlı insan idi. Ələsgərdən mənə yadigar iki qız və bir oğlan övladı qaldı: Vüsalə, Piyalə və Ülvi. Onlar atalarını itirəndə körpə idilər. Qızlarımın ikisi də mən oxuduğum məktəbi - o vaxtkı N.Krupskaya adına Mədəni-Maarif Texnukumunu (indiki Bakı Humanitar Kolleci) bitiriblər. Ailəlidirlər. Oğlum isə Türkiyədə Ankara Polis Akademiyasını bitirib və hazırda Sabunçu Rayon Polis İdarəsinin Tədqiqat-axtarış şöbəsində kapitandır.
- Eşitdiyimizə görə, Ələsgər müəllim Azərbaycan xalqının igid oğullarından biri, erməni zülmünə qarşı igidliklə mübarizə aparmış xalq qəhrəmanı Sultan bəy Sultanovun nəslindəndir.
- Sultan bəy 1871-ci ildə Zəngəzur mahalının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndi) anadan olub. Kürdhacı kəndinin bünövrəsini Sultan bəy qoyub. Ələsgərin atası, babası da o nəsildəndirlər.
Danışırlar ki, 1905-1906-cı illərdə Andranik Abdallardan Şuşaya keçmək üçün Sultan bəydən yol istəyir. "Qarabağ yürüşümün təhlükəsizliyini təmin edə bilsən, sənə istədiyin qədər qızıl verərəm”, - deyə Sultan bəyə sifariş göndərir. Sultan bəy isə cavabında bildirir ki, hələ bu elin igidləri qeyrətlərini pula satmayıblar. Andranikin ordusu geri dönüb Zabıx kəndinin yaxınlığındakı dərin dərədən Dığ kəndinə keçmək istəyərkən Sultan bəyin dəstələri daşnakları mühasirəyə alıblar. Tarixdə daşnaklara ibrət dərsi olsun deyə, Sultan bəy erməni quldur ordusunun 30 min əsgərini quzğunlara yedizdirib, 61 nəfər sərkərdəsinin başını kəsdirib Hacışamlı meşəsində saxlatdırdığı şirlərə atdırıb. Qeyd edim ki, Ələsgərin doğulduğu Laçın rayonunun Kürdhacı kəndi çox müasir və inkişaf etmiş bir kənd idi. Sultan bəy burada gözəl həkimxana, məktəb tikdirmişdi, kənd caamatı üçün yaxşı şərait yaratmışdı.
- Necə oldu ki, Laçından Xocalıya köçdünüz?
- Biz Ələsgərlə ailə həyatı qurduqdan sonra 2 il Laçında yaşadıq. Sonra Ələsgər nə fikirləşdisə, mənə dedi ki, Xocalıya getmək istəyirəm. Mən də dedim, atanla-ananla məsləhətləş, gör nə deyirlər. Onlar da etiraz etmədilər və biz 1980-ci ildə Xocalıya köçdük. Məlum hadisələrə qədər 8 il burada yaşadıq. Gözəl, səfalı yer idi, axarlı-baxarlı. Özümüzə ev tikdik, gün-güzaran düzəltdik. Allah lənət eləsin mərdimazara, bir çoxları kimi bizim də dinc həyatımız pozuldu. Burada yaşadığımız son 4 ildə olmazın zülm çəkdik, rahatlıq nə olduğunu bilmədik.
- Şəkibə xanım, Xocalı faciəsinin canlı şahidlərindən birisiniz. Bilirik, o günləri xatırlamaq sizin üçün çox çətindir. Amma nə qədər kədərli və ağır olsa da, gəlin o günlərə qayıdaq.
- 1992-ci ilin noyabr ayında qayınatam rəhmətə getdi. Biz qızları da götürüb vertolyotla getdik Laçına. Oğlum qaldı bacımgildə. Xocalıda vəziyyət pis idi, ermənilər kəndi tez-tez atəşə tuturdular. Qayınatamın yasını verdikdən sonra Xocalıya qayıtdıq. Qayınanam qızları buraxmadı, bizi də buraxmaq istəmədi. Amma Ələsgər razılaşmadı: "Ana, Xocalının bu çətin günündə sənin yanında gizlənə bilmərəm”, - dedi.
1988-cı il sentyabrın 18-də Xankəndində yaşayan ermənilər Xocalıya hücum etdilər. Bu, məkrli qonşuların ilk hücumu idi. Kəndin 30-40 nəfər əli silah tutan kişiləri quş tüfəngi, yaba, dəyənəklə erməniləri birtəhər geri otuzdurdular. Onların gözü qırılsa da, yenə də öz mənfur, xəyanətkar hərəkətlərindən əl çəkmirdilər. Caamatı döyüb-söyür, təhqir edirdilər. Kərkicahan kəndindən olan iki qardaşın başına gətirilənlər daha dəhşətli idi. Ermənilərin vəhşiliyi azərbaycanlıların hiddətinə səbəb oldu. Münaqişə artıq başlamışdı və qaçılmaz idi. Ermənilər azərbaycanlıları ələ keçirdikdə onlara olmazın işgəncələr verir, incidirdilər. Amma bizimkilər onları yalnız tutub saxlamaqla kifayətlənirdilər. Bir sözlə, mənfur qonşularımızın azğınlıqları bitib-tükənmək bilmirdi. İşi belə görən Xocalı sakinləri şəhərdə (Əsgəran rayonunun tərkibindən çıxarılaraq Xocalya ayrıca şəhər statusu verilmişdi) gizli özünümüdafiə batalyonu yaratdılar. Batalyonun təşkilatçıları Azərbaycanın milli qəhrəmanları Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Elman Məmmədov, Yavər Əzimov, Eldəniz Quliyev və başqaları idi. Azərbaycanın igid və mərd oğlullarından ibarət bu batalyona rəhbərlik rəhmətlik yoldaşıma həvalə olundu. Ələsgər alay komandiri kimi böyük şücaətlər göstərdi. Ermənilər özünümüdafiə batalyonundan ehtiyat edir və hər vəchlə onu məhv etməyə çalışırdılar. Bu batalyonun fəaliyyəti sayəsində 1992-ci ilə qədər Xocalıda və onun ətrafında baş verən bütün hadisələrin qarşısı alınırdı. Lakin ermənilər daha yaxşı silahlanmışdılar və arxaları möhkəm idi. Bir gün onlar Malıbəyli kəndinə hücum etdilər. Kənd caamatının başına olmazın oyun açdılar, kəndə od vurub yandırdılar. Sakinlərin bir qismi meşə ilə qaçdı, qaça bilməyəni, ermənilərin əlinə keçənləri isə min bir əzab-əziyyətlə öldürdülər.
- O müdhiş hadisəni necə xatırlayırsınız?
- Xocalılar səksəkə və həyəcan içində bütün bu hadisələrin nə ilə qurtaracağını gözləyirdilər. 1992-ci il fevralın 24-də Ələsgər yenə də həmişəki kimi keşikdə idi. Səhərisi gün, fevralın 25-də paltarını geyinib çıxanda ondan soruşdum ki, bu gün, yəqin ki, heç yerə getməyəcəksən. Qayıtdı ki, sən nə danışırsan, belə gündə mən evdə otura bilərəm? Sonra mənə digər keşik çəkənlər üçün çay-çörək hazırlatdı və getdi. O, növbəsi oldu, olmadı, hər gün keşikdə duranlara baş çəkirdi, vəziyyətə nəzarət edirdi. Ölən günə qədər də öz postundan aralanmadı (Şəkibə xanımın gözləri yaşla dolur-S.H.).
Fevral ayının 25-də gecə saat 11-də kəndə çaxnaşma düşdü. Güllələrin, topların səsindən qulaq tutulurdu. Elə bil yer-göy lərzəyə gəlmişdi. Dəhşətli mənzərə idi. Xocalı od tutub yanırdı. Qonşular, qohumlar bizim evin zirzəmisində bir-birinə qısılıb oturmuş, bunun nə ilə qurtaracağını gözləyirdilər. Xəstə atam da bizdə idi. Şəhərin müdafiəçiləri nə qədər ratsiya ilə çağırıb kömək istəsələr də, onların çağırışına hay verən olmadı. Gecə saat 3-ə kimi gözlədik. Ələsgər o gecə evə qayıtmadı. Zirzəmidə o qədər adam var idi ki, sayı-hesabı yox idi - qoca, qadın, kişi, uşaq. Postdan gələn iki nəfərin verdiyi məlumata görə, ermənilər artıq kəndin içinə girmişdilər. Gələnlər danışırdılar ki, onlar evlərə girir, sağ olanları öldürür, min bir işgəncə verir, girov götürürdülər. Biz vəziyyəti belə görəndə zirzəmini tərk etməyi və meşəyə tərəf üz tutmağı qərara aldıq. Başqa çıxış yolu yox idi. Mən postdan gələnlərə: "Mən getmirəm, Ələsgəri gözləyirəm”, - dedim. Onlar: "Siz nə danışırsınız, Ələsgər sona qədər öz postunu tərk etməyəcək. Heç bilirsiniz, ermənilər hansı vəhşilikləri törədirlər? Onların əlinə düşməmək üçün mütləq getmək lazımdır”, - dedilər. Bu sözlər elə bil məni ayıltdı. Hiss etdim ki, zirzəmiyə toplanan insanlar mənim - batalyon komandirinin həyat yoldaşının qərarını gözləyirlər. Onlar məlul-məlul mənim üzümə baxırdılar. Fikirləşdim ki, yox, caamatı qırğına vermək olmaz. Zirzəmidən çıxıb, yarımçıq bir inşaat binasına üz tutduq. Sürünə-sürünə gəlib ora çatdıq. 1 saat burada gözlədik. Səhərə yaxın idi. Atışma daha da şiddətlənmişdi. Biz, ermənilər eşitməsinlər deyə, səsimizi çıxarmırdıq. Qocalar, ayağı yer tutmayanların çoxu həmin o yarımçıq binada qaldılar. Qalanları üz tutdu meşəyə sarı. Meşəyə girmək üçün Qarlar çayından keçmək lazım idi. Biz ermənilərin əlindən qurtarmaq, onların vəhşiliklərinin qurbanı olmamaq üçün özümüzü çaya vurduq. Şaxta qılınc kimi kəsirdi. Qurşağa qədər islanmışdıq. Qaynımın 9-cu sinifdə oxuyan Nazim adlı oğlu da bizimlə idi. Mən xəstə atamın və həmin uşağın əlindən bərk-bərk tutmuşdum ki, onları itirməyim. Meşənin içi ilə bir az getmişdik ki, əynimizdəki paltarların qaxac olduğunu hiss etdik. Ermənilər Əsgəran tərəfdən bizi güclü güllə-borana tutdular. Aramsız yağan güllə yağışı altında pərən-pərən düşüb, bir-birimizi itirdik. Qaynımın oğlu nə vaxt əlimdən çıxıb, bilməmişəm. Hərə öz hayında idi. Həmin gecə yaman şaxta düşmüşdü. Elə bil təbiət də xocalılara qənim kəsilmişdi. Yarpaqlarını tökmüş ağaclar sırsıra bağlamışdı. Gizlənməyə yer yox idi. Ermənilər bizi görən kimi atəşə tuturdular. Qorunmaq üçün özümüzü dərəyə atmalı olduq. Dərədən çıxmaq üçün kol-kosdan tutur, əlimiz sürüşür, yenidən dərənin dibinə yuvarlanırdıq. Allah o günləri bir də göstərməsin. Min bir zülmlə meşənin içi ilə gəldik çıxdıq Ağdamın Şelli kəndinə. Sonra öyrəndim ki, Nazim 3 gün həmin meşədə qalıb. Yazıq uşağın ayağını don vurmuşdu. İndiyədək onun əziyyətini çəkir.
- Ələsgər müəllimin sonrakı taleyi necə oldu?
- Onun yanından gələnlər danışırdılar ki, Ələsgər son nəfəsinə qədər ermənilərə qarşı mərdliklə vuruşub. Həyatından, ailəsindən çox sevdiyi vətəni uğrunda komandir postunu bir dəqiq belə sahibsiz qoymayıb. Dostlarının danışdığına görə, ermənilərlə əlbəyaxa döyüşdə 10 nəfəri məhv edib. Yaralandıqdan sonra onu girov götürüblər. İki gün verilən amansız işgəncədən sonra Ələsgər dünyasını dəyişib. Xocalı batalyonu, başda Ələsgər Novruzov olmaqla, erməni quldurlarına, 366-cı polka qarşı son nəfəsinə qədər vuruşdu. Məhz bu batalyonun sayəsində dinc əhalinin bir hissəsi meşə yolu ilə Ağdama gedə bildi. Biz Ələsgərin meyidini yalnız ölümündən iki ay sonra ala bildik. Onu doğulduğu Kürdhacı kəndində dəfn etdik.
- Vətənin azadlığı və bütövlüyü uğrunda qəhrəmanlıq göstərən igidlərimiz dövlətimizin və xalqımızın diqqətindən kənarda qalmır...
- Bir çoxları kimi, Ələsgərin də şücaəti və igidliyi dövlət tərəfindən yüksək qymətləndirildi. Ümummilli liderimiz Heydər Əliyev 25 fevral 1997-ci ildə Novruzov Ələsgər Xanlar oğluna Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında sərəncam imzaladı. Xocalı faciəsinin 7-ci ildönümündə, 1999-cu il fevralın 26-da Heydər Əliyev Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə "Qızıl ulduz” medalı, "Azərbaycan bayrağı” ordeni təqdim etdi. Ümummilli lider həyat yoldaşımın "Qızıl ulduz” medalını şəxsən mənə təqdim etdi. Həmin görüşdə şəhid ailələri adından ilk çıxış edən mən oldum.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə milli qəhrəmanların ailələrinə təqaüd verilir. Bunun üçün şəhid ailələri adından bizə göstərdikləri diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığımızı bildiririk. Xocalı şəhər rəhbərliyi də şəhid ailələrini yaddan çıxarmır.
- Siz Ələsgəri dəfn etdiniz və sonra...
- Biz Ələsgəri dəfn etdikdən sonra Naftalanda məskunlaşdıq və 9 il burada yaşadıq. Sonra qızımın ailə həyatı qurması və oğlumun Türkiyədə ali məktəbə qəbul olunması səbəbindən köçüb gəldik Bakıya. Hazırda oğlumla birgə "Qızıl qum” pansionatında məskunlaşmışıq.
- Uşaqlar və gənclər şəhidlərimizi, milli qəhrəmanlarımızı daha yaxından tanımalı və onları unutmamalıdırlar.
- Şəhidlər heç vaxt yaddan çıxmamalı, unudulmamalıdırlar! Çünki onlar Azərbaycan xalqının tarixinə öz qanları ilə şanlı səhifə yazanlardır. Qeyd edim ki, buyaxınlarda Binəqədi Rayon İcra Hakimiyyəti və "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə 248 saylı orta məktəbdə Xocalı şəhidi, Milli Qəhrəman Ələsgər Novruzovun anım günü keçirildi. Tədbirdə Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı, Ələsgərin döyüş yoldaşı Elman Məmmədov, "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Xocalı ziyalıları iştirak edirdilər. Həmin tədbirdə mən də iştirak edirdim. Belə tədbirlərin təşkili uşaq və gənclərdə milli mənlik şüurunun və vətənpərvərlik tərbiyəsinin aşılanması üçün çox vacibdir.
- Üç övlad böyüdüb tərbiyə etmisiniz. Onları atalarına layiq övlad kimi böyüdə bilmisinizmi?
- Hər bir ana üçün tərbiyəli, savadlı, vətənpərvər övlad tərbiyə etmək böyük şərəfdir. Düzdür, övladlarımı böyütmək üçün çox əziyyət çəkmişəm, amma həmişə çalışmışam ki, balalarım Ələsgər Novruzova, onun soyadını daşımağa layiq övladlar olsunlar. Bir ana kimi balalarımı korluq çəkməyə qoymasam da, onların gözündə həmişə bir nisgil görmüşəm - ata nisgili. Mən sevinirəm ki, övladlarım ataları ilə həmişə fəxr edirlər.
- Doğma yurd həsrəti də çətin olur...
- Doğma yerlər üçün burnumuzun ucu göynəyir. Deyirlər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Doğma yurdu, isti ocağı heç nə əvəz eləmir. Doğma, isti oğacın başında yeyilən acı soğan da bal dadır. Arzu edirəm ki, düşmən tapdağı altında qalan torpaqlarımız tezliklə azad edilsin. Onda şəhidlərimizin də ruhu şad olar. Biz, şəhid ailələri inanırıq ki, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində torpaqlarımız azad ediləcək. Öz yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz evlərinə qayıdacaqlar.
Səadət Hakıyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.