Millimizin 3-cü cəhdi uğurlu olacaqmı?
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsi start götürür. Belçikada keçiriləcək qitə birinciliyində Avropanın 12 ən güclü komandası mübarizə aparacaq.
Ardıcıl 3-cü dəfə mükafatlar uğrunda mübarizəyə qoşulan Azərbaycan millisi C qrupunda yer alıb və 1/4 finala vəsiqə uğrunda İtaliya, Sloveniya komandaları ilə münasibətlərini aydınlıq gətirəcək. 2010-cu ildə yarımfinaladək irəliləyən, 2 il əvvəl isə qrupda qalan millimiz bu dəfə də, ən azı, 1/4 final mərhələsinə vəsiqə qazanmaq niyyətindədir.
Final mərhələlərində qələbəyə həsrət qalan Sloveniya millisini geridə qoymaq çətin olsa da, mümkünsüz deyil. İspaniya və Portuqaliya milliləri kimi "nəhənglər”lə yoxlama oyunlarında xoş təsir bağışlayan balkanlılardan fərqli olaraq, İtaliya komandası daha adlı-sanlı rəqibdir. İspaniyanın "hegemonluğ”una qədər Avropa çempionu olan son komanda məhz apeninlilərdir.
Millimizin işini çətinləşdirən daha bir məqam isə İspaniyanın D qrupunda yer almasıdır. Bu isə o deməkdir ki, millimiz 2-ci yerdə 1/4 finala çıxsa, öu mərhələdə qrup qalibi olacağı şübhə doğurmayan pireneylilərlə üz-üzə gələcək. İlk turdan azad olan millimiz mübarizəyə yanvarın 31-də Sloveniya millisi ilə matçla başlayacaq. Fevralın 2-də İtaliya komandası ilə keçiriləcək qarşılaşma isə həlledici xarakter daşıyacaq.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatlarının final mərhələlərində 7 oyun keçirib. 4 il əvvəl Macarıstanda qrup mərhələsində meydan sahiblərini 3:1, Çexiyanı 6:1 hesabı ilə məğlub edən komandamız 1/4 finala 1-ci yerlə yüksəlmişdi. 1/4 finalda Ukrayna, 1/2 finalda Portuqaliya ilə 3:3 hesablı heç-heçə edən komandamız penaltilər seriyasında əvvəl qalib gəlib, sonra uduzmuşdu - müvafiq olaraq, 4:2 və 3:5. III yer uğrunda görüşdə isə Çexiya komandası qrupdakı məğlubiyyətin əvəzini çıxmışdı - 5:3. Millimiz Xorvatiyadakı son qitə birinciliyində isə Portuqaliyaya 1:4, Serbiyaya 8:9 hesabı ilə uduzaraq qrupda sonuncu olmuşdu.
Məlumat üçün bildirək ki, millimiz qrup mərhələsinin oyunlarını "Lotto Arena”da keçiriləcək. Həlledici mərhələnin oyunları isə Antverpenin İdman Sarayında təşkil olunacaq.
Avro-2014, final mərhələsinin təqvimi
A qrupu: Belçika, Ukrayna, Rumıniya;
B qrupu: Rusiya, Portuqaliya, Hollandiya;
C qrupu: İtaliya, AZƏRBAYCAN, Sloveniya;
D qrupu: İspaniya, Çexiya, Xorvatiya.
I tur
28 yanvar
A qrupu
00:00. Belçika - Rumıniya
B qrupu
21:30. Rusiya - Hollandiya
29 yanvar
C qrupu
23:45. İtaliya - Sloveniya
D qrupu
21:30. İspaniya - Xorvatiya
II tur
30 yanvar
A qrupu
21:30. Rumıniya - Ukrayna
B qrupu
23:45. Hollandiya - Portuqaliya
31 yanvar
C qrupu
23:45. Sloveniya - AZƏRBAYCAN
D qrupu
21:30. Xorvatiya - Çexiya
III tur
1 fevral
A qrupu
23:45. Ukrayna - Belçika
B qrupu
21:30. Portuqaliya - Rusiya
2 fevral
C qrupu
21:30. AZƏRBAYCAN - İtaliya
D qrupu
23:45. Çexiya - İspaniya
1/4 final mərhələsi
3 fevral
1. A1 - B2
2. B1 - A2
4 fevral
3. C1 - D2
4. D1 -C2
1/2 final mərhələsi
6 fevral
1-ci cütün qalibi - 3-cü cütün qalibi
2-ci cütün qalibi - 4-cü cütün qalibi
3-cü yer uğrunda oyun
8 fevral
Yarımfinalda məğlub olanlar
Final
8 fevral
Yarımfinalda qalib gələnlər