Millimizin futbolçuları “Fortuna”ya qələbə qazandırdı

Millimizin futbolçuları “Fortuna”ya qələbə qazandırdı

21 yaşınadək futbolçulardan ibarət millimizin futbolçuları Tuğrul Eratla Ərən Taşkının çıxış etdiyi "Fortuna” yanvarın 20-dən etibarən İspaniyanın La-Manqa bölgəsində hazırlıqlarını davam etdirir. Almaniyanın 2-ci Bundesliqa təmsilçisi burada ilk yoxlama oyununu keçirib.
Rəqib Perunun paytaxtı Limanı təmsil edən "Alyansa” klubu olub. Futbolçularımız meydana ikinci hissədə daxil olub. Məhz hər 2 milliləşdirilmiş oyunçumuzun meydana daxil olmasından sonra Düsseldorf təmsilçisi qələbə qazana bilib. Tuğrul fasilədən sonra yunan Yannis Yanniotası, Ərən isə oyunun 69-cu dəqiqəsində Qollini əvəzləyib. Matçın 54-cü dəqiqəsində hesabda geri düşməsinə baxmayaraq, Taşkın oyunun 76-cı dəqiqəsində künc zərbəsindən sonra hesabı bərabərləşdirib. Bundan 2 dəqiqə sonra isə digər futbolçumuz Erat gözəl zərbə ilə komandasına qələbə qazandırıb - 2:1.
Bununla da, hazırlıq xarakterli 6 oyunda meydana çıxmış Erat 4-cü qolunu vurub. "Bayer”lə matç istisna olmaqla digər 5 matçda meydanda olmuş Taşkın isə 2-ci dəfə fərqlənib. Tuğrul bu qarşılaşmalarda 401, Ərən isə 258 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Fortuna” Hollandiyanın "Meerssen” (3:0), Xorvatiyanın "Dinamo” (0:1), Almaniyanın "Ştrümp” (7:0), "Bayer” (0:4) və "Ayntraxt” (1:1, pen: 5:6) klubları ilə qarşılaşıb. Zaqreb "Dinamo”su və Braunşvayq "Ayntraxt”ı ilə oyunlar Düsseldorfda keçirilən "Qış Kuboku” turniri çərçivəsində baş tutub və "Fortuna” burada 4 komanda arasında sonuncu olub.