“10-lar” premyer liqanın əsas dayağıdır

“10-lar” premyer liqanın əsas dayağıdır

Fasilədən sonra legionerlər mövqelərini qoruya biləcəklərmi?

Topaz Premyer Liqasında iştirak edən klublarımız yayda heyətlərini legioner futbolçularla gücləndirdilər. Ölkəmizə gələn legionerlər arasında özünü yaxşı tərəfdən göstərən də oldu, göstərməyən də. Maraqlıdır, görəsən, adları siyahıya düşənlər mövsümün sonunadək mövqelərini qoruya biləcəklərmi? Yəqin ki, bu sualın cavabına mövsümünün yekununda aydınlıq gələcək. Amma onu deyək ki, 6 ayın yekunlarına görə, siyahıda braziliyalı (3 nəfər), serbiyalı, litvalı, surinamlı, kamerunlu, hollandiyalı, polşalı və gürcüstanlı (1 nəfər) futbolçuların adlarına rast gəlmək olar. Bu sayımızda transfer edilən ən yaxşı əcnəbilərin "Top-10”unu təqdim edirik.


         futbolçu         klub        mövqe       oyun     dəqiqə      qol (penalti)
1. Daniel Subotiç   Qəbələ    hücumçu     13         1360           7 (0)


Təşkil etdiyimiz siyahının birinci sırasında "Qəbələ” klubunun hücumçusu Daniel Subotiçin adını qeyd etmişik. Sözsüz ki, yay "transfer pəncərəsi”nin ən yaxşı oyunçusu adına serbiyalı futbolçu layiqdir. Baxmayaraq ki, 24 yaşlı futbolçu bombardirlər cədvəlində qərarlaşanlardan az oyun keçirib. Ancaq hazırda bombardirlər siyahısında Vaqif Cavadovdan sonra onun adını görmək olar. İlk 5 turu Ukrayna Futbol Federasiyasından oynamaq üçün lisenziya gəlmədiyi üçün buraxmalı olan Subotiç debüt etdiyi AZAL-la oyunda səviyyəsini ortaya qoymağı bacardı. Həmin matçda qələbə topunu vuran Xorvatiya doğumlu futbolçu bundan sonra da bir sıra qolun müəllifi oldu. Daniel Subotiç bir daha komandada olduğu ilk 6 ay ərzində uyğunlaşmada probleminin olmadığını göstərdi. Hazırda "Qəbələ” klubunun turnir cədvəlinin 2-ci pilləsində olmasında bu futbolçunun əməyi danılmazdır. Yəqin ki, serbiyalı futbolçu fasilədən sonra da komandasının ən yaxşısı olmaq üçün çalışacaq. Bu gedişlə o, çemionatın sonunda bombardirlər siyahısına da liderlik edə bilər.

               futbolçu            klub    mövqe      oyun    dəqiqə      qol (penalti)
2. Mindauqas Kalonas     Bakı   hücumçu      17    1325             7 (0)

Siyahıda 2-ci pilləyə "Bakı”nın futbolçusu Mindauqas Kalonasu namizəd hesab etmişik. Hələ "Rəvan” klubunda oynayarkən o, qısa müddətdə adından söz etdirməyi bacardı. Ancaq Kalonasın "Bakı” karyerasının da belə uğurlu olacağına az adam inanırdı. Lakin Litva millisinin futbolçusu yarımmüdafiəçi olsa da, "zolaqlılar”ın heyətində də komandasının vacib qollarına imza atdı. Ölkəsində ilin futbolçusu seçilən Kalonas Azərbaycan çempionatında Reynaldo və Subotiçlə birgə 7 top vurub. Topaz Premyer Liqasında cəmi 1 matçda meydana çıxmayan 29 yaşlı futbolçu 1325 dəqiqə meydanda olub. Bakılıların "Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə onun meydana çıxmamağının səbəbi isə millimizin üzvləri Rauf Əliyev və Əfran İsmayılovla məşqdə əlbəyaxa olması idi. Qış fasiləsi zamanı Mindauqas Kalonasın transferə çıxarılması isə ölkə mətbuatında birmənalı qarşılanmadı. Yəqin ki, bu futbolçu yaxın vaxtlarda komandanı tərk edəcək.

      futbolçu           klub       mövqe           oyun     dəqiqə   qol (penalti)
3. Çumbinyo     Qarabağ    y/müdafiəçi     17          1483      5 (1)

Siyahıda ilk "üçlüyü” "Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçi tamamlayır. Əsl adı Marinaldo Sisero da Silva olan braziliyalı futbolçu "Qarabağ”ın yay "transfer pəncərəsi” üçün ən yaxşısıdır. Yunanıstanın "Olimpiakos” klubundan Ağdam təmsilçisinə qoşulan bu futbolçu mərkəz yarımmüdafiəçisi olsa da, bəzi hallarda hücumçu funksiyasını da icra etməli oldu. Avrokuboklarda olduğu kimi, çempionatda da özünü göstərməyi bacaran "sambaçı” 5 qol vurub və cəmi 1 oyunda meydana çıxmayıb. Bu da onun zədə alması ilə bağlı idi. Fasilə zamanı braziliyalı futbolçunu digər klublar transfer etmək istəsələr də, ağdamlılar onu komandada saxladılar. Şübhəsiz ki, ölkəmizdə çıxış edən legioner yarımmüdafiəçilər arasında Çumbinyo öz texnikası ilə seçilir. Fasilədən sonra da braziliyalı futbolçunun komandasına xeyir verəcəyi proqnozlaşdırılır.



       futbolçu                    klub       mövqe         oyun  dəqiqə      qol (penalti)
4. Leonardo da Silva   Qəbələ      hücumçu        16     1257         6 (3)

Yuri Syominin gəlişindən sonra "Qəbələ” klubunun heyətində istedadlı legioner futbolçuların sayı artdı. Təsadüfi deyil ki, bölgə klubu son illərdə ən yaxşı oyununu göstərir. Qəbələ təmsilçisinin hazırda 2-ci pillədə olmasında Leonardo da Silva Souzanın gördüyü iş danılmazdır. Donetsk "Metallurq”undan gəlmiş bu futbolçu texnikası və cəldliyi ilə seçilir. 21 yaşlı oyunçu imza atdığı 6 qolun 3-nü penaltidən vursa da, sol cinah yarımmüdafiəçisinin meydanda gördüyü iş böyükdür. Təsadüfi deyil ki, vaxtilə bu cinahda Dodo adından söz etdirirdisə, indi onun adını çəkən yoxdur. Çünki Leonardo həmin mövqenin əvəzolunmazına çevrilib. O, cəmi 2 oyunda komandasına kömək edə bilməyib. Bu da cəza ilə bağlıdır. Yuri Syomin çempionatın növbəti oyunlarında da bu futbolçuya güvənəcəyi şübhəsizdir.


        futbolçu            klub       mövqe        oyun     dəqiqə    qol (penalti)
5. Karlos Kardoso    Neftçi     müdafiəçi      13         1027      4 (0)

Növbəti ən yaxşı futbolçu adına namizəd oyunçu da Braziliyadandır. "Alaniya”nın keçmiş mərkəz müdafiəçisi əvvəllər dayaq yarımmüdafiəçisi kimi oynasa da, sonradan İqor Mitreskini "sıxışdıraraq” müdafiənin mərkəzinə keçməyi bacardı. Tərlan Əhmədovun makedoniyalını əsas "11-lik”dən uzaqlaşdırması isə ən çox Karlosun işinə yaradı. 13 oyuna 4 qol vuran "sambaçı” başla yaxşı oynadığını sübut etdi. Baxmayaraq ki, bu mövsüm zədə və cəza aldığı vaxtlar oldu. Ancaq hazırda Kardoso "Neftçi”nin ən aparıcı üzvlərindən biridir. O, "neftçilər”in fasilədə keçirdiyi yoldaşlıq oyunlarında da yaxşı təsir bağışlayıb. Yəqin ki, fasilədən sonra da braziliyalı müdafiəçisi Böyükağa Hacıyevin ilk "11-liy”ində mütəmadi yer alacaq.



          futbolçu          klub               mövqe         oyun     dəqiqə    qol (penalti)
6. Mbilla Etame     Xəzər Lənk.     hücumçu        15         1145         6 (1)

Siyahıda yeganə "Xəzər Lənkəran” klubunun kamerunlu futbolçusu Mbilla Etamedir. O, Türkiyənin "Adanaspor” klubundan qalmaqalla ayrıldı. Ancaq ölkəmizdə 2-ci mövsümünü keçirən Junior Nildodan fərqli olaraq, bu futbolçu qısa müddətə "Xəzər Lənkəran”a uyğunlaşdı. Kamerunlu futbolçu baş məşqçi Con Toşak tərəfindən hücumçu kimi yox, cinah yarımmüdafiəçisi kimi oynadıldı. Buna baxmayaraq, afrikalı bu mövqedə də özünü göstərməyi bacardı. 15 oyuna 6 qol vuran Etame Əfran İsmayılov və Leonardo ilə bombardirlər cədvəlində eyni sıradadır. Mustafa Dənizli bu futbolçunun xidmətindən daha səmərəli yararlansa, onun cənublulara xeyri daha çox olacaq.


        futbolçu         klub           mövqe        oyun    dəqiqə     qol (penalti)
7. Leroy Corc    Qarabağ    y/müdafiəçi    16         862            2 (0)

Siyahıda daha bir "Qarabağ”ın yarımmüdafiəçisinin adına rast gəlmək olar. Bu, avrokuboklarda Ağdam təmsilçisinin ən yaxşılarından olan Leroy Corcdur. Hollandiyalı ölkəmizə uyğunlaşmaqda çətinlik çəkmədi. Bəlkə də bu, onun Surinam mənşəli futbolçu olmasından irəli gəlir. Corc "Qarabağ”da 2 qol vurub. O, çempionatda 16 oyun keçirsə də, meydanda orta hesabla çox az oynamaq şansı qazanıb - 862 dəqiqə. Ancaq bu, onun heç də zəif oyunu ilə əlaqədar deyil. Belə ki, L. Corc Qurban Qurbanovun "gizli silahı”dır. O, meydana lazımi anlarda çıxıb aparıcı funksiyanı yerinə yetirir. Sürətli oyunu ilə fərqlənən futbolçunun fasilədən sonra da bu missiyanı yerinə yetirəcəyi gözlənilir.


          futbolçu              klub        mövqe          oyun   dəqiqə    qol (penalti)
8. Lorentso Ebesilio   Qəbələ     y/müdafiəçi     17      1470        4 (1)

Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qəbələ” klubunun növbəti futbolçusunun siyahıda yer alması sizi təəccübləndirməməlidir. Bayaq dediyimiz kimi, qəbələlilərin bu mövsümdəki çıxışları azarkeşlərin bu komandaya rəğbətini artırıb. Tale elə gətirib ki, Ukraynada olduğu kimi, Ebesilio yenə də Leonardo ilə eyni komandada olmaq imkanı qazanıb. Bəlkə də "Qəbələ”nin uğurunda bu kiçik amil "gizlənir”. Sol cinah yarımmüdafiəçisi olsa da, Yuri Syomin onun xidmətindən mərkəz yarımmüdafiəçisi kimi yararlanır. Nəticədə, "Ayaks”ın yetirməsinin üzərinə, Leonardo və Subotiçin topla təchiz olunması baxımından, böyük iş düşür. 17 oyuna 4 qol vuran hollandiyalı çempionatımızda cərimə zərbəsinin mahir ifaçılarından sayılır. Onun yeganə mənfi cəhəti vərəqəyə meyilli olmasıdır.

      futbolçu          klub       mövqe    oyun    dəqiqə    qol (penalti)
9. Pavel Kapsa    Simurq     qapıçı      18       1620      -14 (3)

Siyahıda yeganə qapıçı "Simurq”un futbolçusu Pavel Kapsadır. David Petrzkeviç "Qəbələ”yə transfer olduqdan sonra Zaqatala təmsilçisinin yaxşı qapıçı tapacağı az inandırıcı görünürdü. Ancaq "Simurq” Davidin həmyerlisini tapdı və qapı xəttini yenidən etibarlı "əllərə” həvalə etdi. Cari mövsümün əvəzedilməz oyunçularından olan 31 yaşlı qapıçı təcrübəsi və əla qurtarmaları ilə çox oyunlarda "Simurq”un müdafiə xəttinin yardımçısına çevrilib. Polşanın aşağı yaş qrupları üzrə bütün komandalarında çıxış etmiş Kapsa 1 oyunda zaqatalalıları penalti zərbəsindən xilas edib. Böyük ehtimalla, Pavel Kapsa fasilədən sonra da komandasının əsas qapıçısı olacaq.

       futbolçu                 klub           mövqe       oyun     dəqiqə   qol (penalti)
10. Nikolas Gelaşvili   Qarabağ     hücumçu     17         1028       5 (0)

"Top-10”un sonuncu pilləsində "Qarabağ” hücumçusu Nikolas Gelaşvili qərarlaşıb. İlk vaxtlarda gürcüstanlı futbolçunun oyununa görə Qurban Qurbanov tənqid olunurdu. Ancaq sonradan Gürcüstan yığmasının hücumçusu özünə gəldi. Hazırda onun aktivində 5 qol var. Bu qollardan 2-nin çempionluq uğrunda mübarizədə "Qarabağ”ın əsas rəqiblərindən olan "Qəbələ”nin qapısına vurulması "Bohum”un keçmiş hücumçunun itmiş nüfuzunu bir qədər yüksəltmiş oldu. İstisna deyil ki, qış fasiləsindən sonra Gelaşvili özünü daha yaxşı tərəfdən göstərəcək və komandasına uğur qazandıracaq.
Rahib Səmədov