Siyahıda Hamit Altıntop və ilk dəfə 5 qadın futbolçu da var
Ötən il Droqbanın qazandığı mükafatın münsiflər heyətində azərbaycanlı Rasim Mövsümzadə də var
2014-cü ilin "Golden Foot” ("Qızıl ayaq”) mükafatına namizəd 30 futbolçunun siyahısı açıqlanıb. Onların arasında ötən il "Qızıl top” uğrunda mübarizə aparmış "Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo və "Bavariya”nın fransalı yarımmüdafiəçisi Frank Riberi də var. Siyahıda həmçinin "Qalatasaray” və Türkiyə milli komandasının yarımmüdafiəçisi Hamit Altıntopun da yer alması diqqəti çəkir. Maraqlıdır ki, ilk dəfə "Golden Foot”a namizədlər arasında qadın futbolçular da var: 2013-cü iin ən yaxşı qadın futbolçusu alman Nadine Angerer, həmçinin braziliyalı Marta, isveçli Lotta Şelin, kanadalı Kristin Sinkleyr və amerikalı Abbi Vambak.Qeyd edək ki, "Golden Foot”un təşkilatçıları bu dəfə mükafatın qaydalarında dəyişiklik ediblər. Əvvəlcə münsiflər heyəti dekabr-yanvar aylarında 30 namizədi müəyyənləşdirib. Yanvarın 15-dən aprelin 14-ə kimi isə Goldenfoot.com saytında azarkeşlərin onlayn səsverməsi nəticəsində bu siyahıdan 10 futbolçu seçiləcək. Sorğunun ikinci mərhələsi aprelin 16-dan sentyabrın 10-a kimi yenə azarkeşlər arasında keçiriləcək. Nəhayət, 10 nəfərdən ən çox səs toplayan qalib olaraq, ənənəyə uyğun, oktyabrda "Golden Foot”la mükafatlandırılacaq.
Əvvəllər isə "Golden Foot”un münsiflər heyətini təşkil edən beynəlxalq jurnalistlər və mükafatın təsisçisi "World Champions Club” şirkəti tərəfindən 10 namizəd futbolçu seçilir və sonra azarkeşlərin İnternet vasitəsilə səsverməsi nəticəsində qalib müəyyənləşirdi.
Xatırladaq ki, 2013-cü ildə "Golden Foot”u "Qalatasaray”ın 35 yaşlı hücumçusu Didye Droqba qazanıb. Oktyabrın 16-da Monakoda keçirilən qala-gecədə kot d’ivuarlı oyunçudan başqa, kolumbiyalı Karlos Valderrama, argentinalı Osvaldo Ardiles və fransalı Jan-Pyerr Papen də "futbol əfsanələri” kimi mükafatlandırılıblar. Mərasiminin baş sponsoru isə "Land of Fire Azerbaijan” olub.
Monako şahzadəsi II Albertin himayəsiylə təsis edilən "Golden Foot” idmandakı nailiyyətlərinə və şəxsiyyətinə görə digərlərindən fərqlənən futbolçulara verilir. Mükafatın tərkibində 140 qram qızılın olduğu bildirilir.
Əvvəllər "Golden Foot”a yaşı 29-u keçən və karyerasını davam etdirən oyunçular layiq görülürdüsə, ötən ildən yaş həddi 28-ə endirilib (təşkilatçıların da etiraf etdikləri kimi, Kriştianu Ronaldo kimi futbolçuların namizədlər arasına düşməsi üçün) və onu yalnız bir dəfə qazanmaq olar. Həmçinin "Golden Foot”un sahibi Monako Knyazlığındakı dəniz sahilində yerləşən "Çempionlar sahili”ndə öz ayaq izini qoyur.
Yeri gəlmişkən, deyək ki, "Golden Foot”un münsiflər heyətində Azərbaycanı Rasim Mövsümzadə təmsil edir. O, həmçinin "FIFA Ballon d’Or” ("Qızıl top”) və "UEFA Best Player in Europe” ("Avropanın ən yaxşı oyunçusu”) kimi nüfuzlu beynəlxalq mükafatların da jüri üzvüdür.
Ümumiyyətlə, 2003-cü ildə təsis edilən "Golden Foot” uğrunda mübarizədə İtaliya və Braziliya təmsilçilərinin üstünlüyü var. İndiyə kimi bu mükafata 3 italiyalı (Roberto Bacco, Alessandro Del Pyero, Françesko Totti) və 3 braziliyalı (Ronaldo, Roberto Karlos, Ronaldinyo), həmçinin hərəyə bir dəfə çexiyalı (Pavel Nedved), ukraynalı (Andrey Şevçenko), uelsli (Rayan Giqqs), isveçli (Zlatan İbrahimoviç) və kot d’ivuarlı (Didye Droqba) sahib çıxıb. Klublara gəlincə, "Golden Foot”u hərəyə 2 dəfə "Yuventus” və "Milan”ın, 1 dəfə isə "Real”, "Breşiya”, "Fənərbağça”, "Roma”, "Mançester Yunayted”, PSJ və "Qalatasaray”ın oyunçuları qazanıblar. Didye Droqbadan əvvəl Roberto Karlosun 2008-ci ildə sözügedən mükafata sahib çıxarkən Türkiyə çempionatını təmsil etdiyini də xatırladaq.