Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasının birinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Fərid Mansurov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana, millət vəkili Elman Nəsirov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı və Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov təqdim edib.
Qeyd edək ki, Azərbaycan idmançıları ilk yarış gününü üç bürünc medalla başa vurublar.
Komandamızın heyətində Amil Ramazanov 2007-2008-ci illər təvəllüdlü idmançıların birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Əlimurad Hacızadə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə üçüncü yerə sahib çıxıb.
Millimizin digər üzvü Mustafa Vəlizadə isə 2011-2012-ci illər təvəllüdlü idmançıların yarışında birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
"Prezident Kuboku-2025"də ilk yarış gününün qalibləri mükafatlandırılıb










