III dövrə lider dəyişikliyi ilə başladı

III dövrə lider dəyişikliyi ilə başladı



Liderlərdən yalnız ağdamlılar "büdrədi”

Ötən həftənin sonunda Topaz Premyer Liqasında III dövrənin ilk turu keçirilib. Təşkil olunan 5 oyunun hamısı paytaxtda təşkil olunub. Tur lider dəyişikliyi ilə yadda qalıb.
İlk oyun günü yalnız bir matç olub və əyalət təmsilçiləri paytaxtda üz-üzə gəliblər. Turnir cədvəlinin zirvəsində qərarlaşan "Qarabağ” 8-ci yerdə olan "Xəzər Lənkəran” klubunu sınağa çəkib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Yeganə qolu qonaqlar vurublar. "Ağ-yaşıllar” Manuel Skarlatakenin vurduğu yeganə qolla 3 xal qazanıblar. Bu qələbə sayəsində xalını 25-ə çatdıran "Xəzər Lənkəran” 6-cı pilləyə yüksəlib.

Turun digər 4 matçı son oyun günündə təşkil olunub. "Qarabağ”ın bir gün əvvəl uduzmasından onu izləyən komandalar maksimum yararlanıblar. "Qəbələ” səfərdə "Sumqayıt” klubunun qonağı olub. Matça hücumlarla başlayan qəbələlilər oyunun 3-cü dəqiqəsində hesabı açmağa müvəffəq olublar. Komandanın heyətində Viktor Mendi fərqlənib. Hücumlarını davam etdirən Yuri Syominin yetirmələri fasilədən sonra da fərqləniblər. Qonaqlar 6 dəqiqə ərzində 2 qol vuraraq matçın taleyini həll ediblər. Meydan sahiblərinin qapısından qolları Lorenzo Ebesilio ilə Leonardo da Silva vurublar. Böyükhesablı qələbə sayəsində "Qəbələ” klubu turnir cədvəlinin vahid lideri olub.
"Neftçi” doğma azarkeşlər önündə "Simurq” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Bu dəfə "ağ-qaralar” rəqibini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edib. İlk hissə azarkeşlər maraqsız oyunun şahidi olublar. Lakin fasilədən sonra dəyişikliklər matçın taleyini həll edib. Belə ki, Böyükağa Hacıyev ikinci hissədə Ernest Nfor və Cavid İmamverdiyevi meydana buraxıb. Bu futbolçuların vurduğu qollar komandasına xal qazandırıb. Nəticədə, "neftçilər” rəqibi 3 cavabsız qolla məğlub ediblər. Böyükağa Hacıyevin qayıdışını böyükhesablı qələbə ilə qeyd edən bakılılar öz meydanında əldə etdikləri 3 xalla 2-ci pilləyə yüksəliblər.
"Bakı” klubu evdə digər autsayder "Rəvan” komadasını qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Birinci hissədə 2 qola sevinən "zolaqlılar” fasilədən sonra qol vurmağa davam ediblər. İkinci hissədə daha 3 qol vuran "Bakı” mövsümdə ikinci dəfə həmşəhərlilərinin qapısından 5 top keçirib.
Tura "İnter” və AZAL arasında paytaxt derbisi ilə yekun vurulub. Matça hücumlarla başlayan meydan sahibləri hesabı açan tərəf olublar. Abdulla Abatsiyev meydan sahiblərini hesabda önə keçirib. Qoldan sonra ruhdan düşməyən "təyyarəçilər” ikinci hissədə hesabı bərabərləşdiriblər. Buna baxmayaraq, "bankçılar” meydanı qələbə ilə tərk ediblər. Matçın başa çatmasına 6 dəqiqə qalmış Ruslan Əmircanov "İnter”ə qələbə gətirən qola imza atıb. Beləliklə, "bankçılar” çətin qələbə sayəsində 4-cü pillədəki mövqelərini qoruyublar.
Topaz Premyer Liqası
XIX tur
1 fevral (şənbə)
"Qarabağ” - "Xəzər Lənkəran” - 0:1
Qol: Manuel Skarlatake, 49.
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk 2 dövrədəki oyunlar: 2:0, 3:0

2 fevral (bazar)
"İnter” - AZAL - 2:1
Qollar: Abdulla Abatsiyev, 6; Ruslan Əmircanov, 84 - Nedo Turkoviç, 49.
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev.
Bakı. "Şəfa” stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:2, 2:0

"Sumqayıt” - "Qəbələ” - 0:3
Qollar: Viktor Mendi, 3; Lorenzo Ebesilio, 51; Leonardo da Silva, 57.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:2.
Bakı. "Bayıl Arena” stadionu.

"Bakı” - "Rəvan” - 5:1
Qollar: Cavid Hüseynov, 10 (pen.); Risto Ristoviç, 20; Xavyer Junior, 49; Rauf Əliyev, 67; Aleksandr Soliç, 80 - Tyaqo de Souza Berezza, 90.
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov.
İlk 2 dövrədəki oyunlar: 5:0, 0:0
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança.

"Neftçi” - "Simurq” - 3:0
Qollar: Ernest Nfor, 60; 85; Cavid İmamverdiyev, 70.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
İlk 2 dövrədəki oyunlar: 1:0, 0:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.