Millimizin Antverpendəki sınağı uğursuz alındı

Millimizin Antverpendəki sınağı uğursuz alındı

Ötən həftə futzal üzrə Avropa çempionatının (AÇ) final mərhələsi start götürüb. Belçikada keçirilən qitə birinciliyində Avropanın 12 ən güclü komandası mübarizə aparır. Artıq turnirin qrup mərhələsi geridə qalıb. Növbəti mərhələyə vəsiqə qazanan komandalar arasında Azərbaycan millisinin adı yoxdur. Halbuki komandamız 1/4 final mərhələsinə çıxmağa çox yaxın olub. Lakin italyanlar təmsilçimizin qarşısında keçilməz səddə çevrilib.
Avropa çempionatının final mərhələsi

C qrupu
31 yanvar
Azərbaycan - Sloveniya - 7:6
Qollar: Amadeu, 00:24, Rafael, 24:26, 38:32, Borisov, 29:20, Auqusto, 31:30, Felipe, 35:37, Edu, 39:33 - Vrhoveç, 01:14, 19:45, 29:05, Çuyets, 17:35, Krofliç, 25:39, Fetiç, 36:32.

Azərbaycan: Buranello, Felipe, Edu, Fərzəliyev, Amadeu.
Ehtiyat oyunçular: Zamanov, Qəmbərov, Rafael, Auqusto. Məmmədov, Fərəczadə, Biro Jade, Borisov (K), Atayev.

Sloveniya: Puşkar, Osredkar (K), R. Mordey, Çuyets, Vrhoveç.
Ehtiyat oyunçular: A. Mordey, Krofliç, Melink, Rosiç, Ştendler. Bizjak, Drobne, Fetiç, Vrabel.



Sloveniyalılar üzərində əzmkar qələbə qazansaq da...

2010-cu ildə yarımfinaladək irəliləyən, 2 il əvvəl isə qrupda qalan millimiz bu dəfə də, ən azı, 1/4 final mərhələsinə vəsiqə qazanmaq niyyətində idi. Ardıcıl 3-cü dəfə mükafatlar uğrunda mübarizəyə qoşulan Azərbaycan millisi C qrupunda yer almışdı. Təmsilçimiz qrupun ilk oyununda istirahət edib. Həmin turda İtaliya və Sloveniya komandaları ilə münasibətlərini aydınlıq gətiriblər. Matç sloveniyalıların sürpriz qələbəsi ilə başa çatıb - 2:3.
2-ci turda komandamız Antverpen şəhərindəki "Lotto Arena” İdman Kompleksində Sloveniya yığması ilə qarşılaşıb. Oyuna təmsilçimiz qolla başlayıb. Komandamızın heyətində Amadeu fərqlənib. Qoldan sonra özlərini itirməyən rəqib komanda fasiləyə 2:5 hesablı üstünlüklə yollanıb. Hamı komandamızın fasilədən sonra heç nə edə bilməyəcəyini düşünürdü. Amma təmsilçilərimiz ikinci hissəyə iddialı başlayıblar. Heç kimin gözləmədiyi halda, millimiz 3 qol vuraraq hesabı bərabərləşdirib. Oyunun gedişində azarkeşlər daha 3 qolun şahidi olublar. Rəqib növbəti dəfə hesabda irəli çıxsa da, futzalçılarımız özlərini itirməyiblər. Özlərində güc tapan həmyerlilərimiz daha 2 qol vuraraq hesabda önə keçiblər. Nəticədə, Joze Alesio da Silvanın yetirmələri güclü İtaliya millisini 3:2 hesabı ilə məğlub edən sloveniyalılar üzərində 7:6 hesabı ilə qələbə qazanıblar.

Oyundan sonra
Andrey Doboviçnik (Sloveniya millisinin baş məşqçisi): "Komandam yorğun idi. Azərbaycan millisinin isə heyəti genişdir. Bu baxımdan rəqib üçün belə gərgin qarşılaşmada oynamaq çətin olmadı. Bundan əlavə, Azərbaycan millisinin əksər üzvləri eyni klubda çıxış edirlər. Hesabda 5:2 irəlidə olduğumuz halda uduzmağımız üzücüdür. Bugünkü məğlubiyyət ağır oldu”.

Joze Alesio da Silva (Azərbaycan millisinin baş məşqçisi): "İlk 10 dəqiqədə əsəbi idik. Oyunumuzu tapa bilmirdik. İkinci hissədə özümüzə gəldik. Sloveniya yığması çox yaxşı komandadır. Bir neçə oyunlarına baxmışdıq. Bu gün biz daha çox səhvlər buraxdıq və rəqib bundan yararlandı. İtaliya yığması ilə oyun bizim üçün çətin olacaq. Sloveniyalılar ikinci hissədə eyni heyətlə oynadıqları üçün çox yorulmuşdular. Bu baxımdan biz də İtaliya millisi ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz, ən azı, yarımfinala çıxmaqdır”.


İtaliya - Azərbaycan - 7:0
Qollar: Romano, 01:33; Fortino, 03:22; Onorio, 15:14; Vampetta, 24:45, Qabriel Lima, 26:57; Mamarella, 30:58; Miarelli, 39:30.
İtaliya: Mamarella, Leqqiero, Merlim, Saad, Qiasson, Miarelli, Erkolessi, Qabriel Lima (k), Romano, Onorio, de Luka, Vampeta, Fortino, Murilo.
Azərbaycan: Buranello, Elnur Zamanov, Felipe, Edu, Rizvan Fərzəliyev, Elnur Qəmbərov, Rafael, Auqusto, Seymur Məmmədov, Rəcəb Fərəczadə, Amadeu, Maşado Nilson, Vitali Borisov (k), İsa Atayev.
.
..apeninlərin qarşısında aciz qaldıq

Azərbaycan yığması qrup mərhələsi çərçivəsində ikinci oyunda yarışın favoriti İtaliya millisi ilə qarşılaşıb. İlk turda Sloveniya komandası üzərində fantastik qələbə (7:6) qazanan millimiz bu dəfə biabırçılıqla üzləşib. Növbəti mərhələyə adlamaq üçün italiyalılarla görüşdə komandamıza heç-heçə kifayət etsə də, millimiz bunu bacarmayıb. Əvəzində 0:7 hesabı ilə uduzan yığmamız Avropa çempionatında mübarizəni dayandırıb. İlk oyunda Sloveniya millisinə uduzan İtaliya komandası topların daha yaxşı fərqinə görə qrup lideri kimi növbəti mərhələyə çıxıb. Millimizin böyük hesabla məğlub olması isə sloveniyalıların işinə yarayıb. Komandamıza uduzmasına baxmayaraq, topların daha yaxşı fərqinə görə, Sloveniya millisi qrup ikincisi olub.
Nəticədə, futzalçılarımız Avropanın 9-cu komandası olub. Joze Alesionun yetirmələri yalnız 1/4 finala yüksələn 8 yığmadan geri qalıb. Belə ki, millimiz mübarizəni qrup mərhələsində dayandıran 4 komanda arasında ən yaxşı göstəricilərə malikdir. Bu isə millimizi qeyri-rəsmi 9-cu yerə sahib olması deməkdir. Yığmamız Belçikadakı yarışı erkən başa vuranlar arasında qələbə sevinci yaşayan yeganə iştirakçısıdır. Digər 3 komanda turnirlə qələbəsiz vidalaşıb. Hətta 1/4 final yüksələn Xorvatiya millisi də qələbə qazana bilməyib.
Son matçında İtaliyaya 0:7 hesabı ilə uduzan Azərbaycan yığması Antverpendə antirekorda da imza atıb. Belə ki, millimiz qrup mərhələsində ən çox qol buraxan komanda adına yiyələnib.
Sloveniyadan 6, İtaliyadan 7 top buraxan yığmamız ümumilikdə qapısında 13 qol görüb. Hollandiya 12, Çexiya 11 qol buraxmaqla, yığmamız kimi ən bərbad müdafiə xəttinə malik "üçlük” olub. Ukrayna millisi isə qapısında qol görməyən yeganə komandadır.



Oyundan sonra

Joze Alesio da Silva (Azərbaycan millisinin baş məşqçisi):
"Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmağa imkanı var idi. Bütün komanda günahkardır. İlk növbədə də mən. Belə məğlub olmaq çox üzücüdür. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda 3 qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər də çoxalmağa başladı. Biz Avropa çempionatının belə tez tərk etməməli idik”.

Roberto Menikelli (İtaliya millisinin baş məşqçisi):
 "Sloveniyalılara uduzmaqla, işimizi çətinləşdirdik. Qrup mərhələsinin ilk oyununda, hansı ki, orada cəmi 3 komanda oynayır, məğlubiyyət həlledici ola bilərdi. Bu oyuna köklənmişdik. Çətin idi, xüsusilə də psixoloji cəhətdən. Ancaq öhdəsindən gəldik. Qələbə oyunçularımızın əməyinin nəticəsidir. Bunu xüsusi qeyd etmək istərdim. Oyunun əvvəlindən hər şey istədiyimiz kimi alındı. İkinci hissədə yaxşı müdafiə olunduq. Stefano Mammarella müstəsna insandır. Üstəlik, yaxşı qapıçıdır, bunu bu gün bir daha sübut etdi. Biz 1/4 finaldayıq, artıq rahat nəfəs almaq olar. Dəfələrlə söyləmişəm: futzalın keyfiyyəti o qədər yüksəlib ki, bir çox komandalar böyük hədəflər uğrunda mübarizə aparırlar. 1/4 finalda istənilən komada digərini məğlub edə bilər”.

Vitali Borisov (Azərbaycan millisinin kapitanı): 
"Bu məğlubiyyət heç yerinə düşmədi. Növbəti mərhələ haqda düşünürdük. Belə böyük hesabla uduzmalı deyildik. Səhvləri özümüzdə axtarmalıyıq”.

Serxio Romano (İtaliya millisinin futzalçısı):
"Azərbaycan yığmasını məğlub etdiyimiz üçün çox sevinirik. Özümüz də bilirdik ki, Sloveniyaya uduzan komanda İtaliya millisi demək deyildi. Bunu Azərbaycan yığması ilə oyunda da sübut etdik. İkinci şansın olmadığını dərk edəndə səhvsiz oynamağa çalışırsan. Vurduğum qol bizi çox ruhlandırdı. Bilirdik ki, erkən qol çox vacibdir. Qazandığımız qələbə böyük uğurdur. Biz bu nəticəni bayram edəcəyik. Sonra isə növbəti matç haqda düşünməliyik”.

Biro Jade (Azərbaycan millisinin futzalçısı): 
"İtaliya millisi dünyanın ən güclü komandalarından biridir. Ona görə də bilirdik ki, güclü rəqiblə oynayacağıq. İlk hissədə 3 qol buraxdıqdan sonra ikinci hissədə risk etməyə məcbur idik. Ancaq 5 futzalçı ilə oynasaq da, istəyimiz reallaşmadı. Əksinə, qapımızda daha 4 qol gördük. Ola bilər ki, bu mənim üçün sonuncu Avropa çempionatı idi. Çünki yaşımla əlaqədar millidən gedə bilərəm. Bununla belə, bu haqda qərarımı mövsümün sonunda verəcəyəm”.

Vampeta (İtaliya millisinin futzalçısı): 
"Meydana qələbə qazanmaq üçün çıxmışdıq. İstədiyimiz nəticəni də qazandıq. Əgər növbəti mərhələyə çıxmasa idik, bizim üçün fiasko olacaqdı. Bütün oyunçularımıza və məşqçilər heyətinə Azərbaycan millisi ilə görüşə məsuliyyətlə yanaşdıqlarına görə təşəkkür düşür. Qalib gələcəyimizə inanırdım. Ancaq belə böyük hesabla qələbə qazanacağımızı gözləmirdim. Bu ondan irəli gəlir ki, biz çox gözəl oynadıq və matç ərzində düzgün anda doğru qərarlar qəbul etməyi bacardıq. Təbii ki, həmişəki kimi məqsəd turnirin qalibi olmaqdır. 2003-cü ildən bəri İtaliya çempion olmayıb. Çalışacağıq ki, 2-ci dəfə bu ölkəyə Avropa çempionluğu qazandıraq”.

Rahib Səmədov