Tur mərkəzi görüşlə başlayıb, “böyük oyun”la başa çatacaq

Tur mərkəzi görüşlə başlayıb, “böyük oyun”la başa çatacaq

Fevralın 8-i Topaz Premyer Liqasında XX turun oyunlarına start veriləcək. 2 gün ərzində keçiriləcək 5 oyundan 3-ü paytaxtdan kənarda təşkil olunacaq.


Tura Qəbələdə start veriləcək. Çempionatın lideri "Qəbələ” doğma azarkeşlər önündə "Qarabağ” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç liderin dəyişib-dəyişməməsi baxımından əhəmiyyətlidir. Belə ki, meydan sahibləri qazanacağı qələbə sayəsində liderliyini qoruyacaq. Əks halda, "Qəbələ” klubu 3-cü pilləyə qədər enə bilər. Ötən tur gözlənilmədən evdə "Xəzər Lənkəran”a uduzan Qurban Qurbanovun yetirmələri isə Qəbələdə əldə olunacaq 3 xal sayəsində yenidən liderliyə qayıda bilərlər.
Günün digər oyunları Bakıda olacaq. Ötən tur "Bakı”ya 1:5 hesabı ilə məğlub olan "Rəvan” evdə "İnter” klubunu qəbul edəcək. Futbol mütəxəssisləri qonaqları matçın favoriti sayırlar. Digər autsayder "Sumqayıt” rəqibi ilə səfərdə qarşılaşacaq. AZAL-la matçda sumqayıtlıların şansları o qədər də yüksək qiymətləndirilmir.
Turun son oyun günündə daha 2 matç keçiriləcək. "Simurq” evdə "Bakı” klubunu qonaq edəcək. Son turda böyük hesabla məğlub olan Zaqatala təmsilçisi bu oyunda əvvəlki məğlubiyyəti unutdurmağa çalışacaq. "Zolaqlılar” isə, növbəti dəfə qələbə qazanmaqla, liderlərə yaxınlaşmağa çalışacaq.
Turun son oyunu Lənkəranda olacaq. "Böyük oyun” çərçivəsində "Xəzər Lənkəran” doğma azarkeşlər önündə "Neftçi” komandasını sınağa çəkəcək. Son turda hər iki klubun qələbə qazanması bu oyuna marağı daha da artırır.

Topaz Premyer Liqası
XX tur
8 fevral (şənbə)
"Qəbələ” - "Qarabağ”
Qəbələ. Şəhər stadionu. Saat 14:30.

"Rəvan” - "İnter”
Bakı. "Bayıl Arena” stadionu. Saat 15:00.

AZAL - "Sumqayıt”
Bakı. "AZAL Arena” stadionu. Saat 15:00.

9 fevral (bazar)
"Simurq” - "Bakı”
Zaqatala. Şəhər stadionu. Saat 15:00.

"Xəzər Lənkəran” - "Neftçi”
Lənkəran. Mərkəzi şəhər stadionu. Saat 16:00.