"İnter” klubu qış fasiləsində son transferini reallaşdırıb. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan aldığımız məlumata görə, çexiyalı hücumçu İvo Taborski ilə müqavilə imzalanıb. Rəsmi anlaşmaya imza atan hücumçu 6 ay "İnter”in şərəfini qoruyacaq.
O, ümidləri doğrultmadığı üçün geri qaytarılan makedoniyalı İlço Naumoskinin yerinə transfer olunub. Sol və sağ cinahda oynaya bilən legioner bakılılara sırf hücumçu kimi fayda verməyə çalışacaq.
Azərbaycana azad agent statusu ilə gələn çexiyalının son klubu vətənindəki "Teplitse” olub. Qış fasiləsində bu klubla Kiprdə təlim-məşq toplanışında olan Taborski sonda ölkəmizə üz tutub. 29 yaşlı futbolçu karyerası ərzində Çexiyada yetirməsi olduğu "Slaviya”da, həmçinin "Bohemians”, "Çeşke Budeyovitse”, "Pribram”, "Mlada Boleslav”da, Slovakiyada isə "Slovan”da çıxış edib.
Qeyd edək ki, bunadək "İnter” Dieqo Madriqal və Yoan Bokonyanonu transfer edib.